20 May 2024

Bazar ertəsi, 04:31

SABAH NƏ VAXT GƏLƏCƏK?

Murad MUSAYEV: “Söz verə bilmərəm, amma indi bütün fikirlərim yalnız “Sabah”ladır”

Müəllif:

01.09.2023

Son günlər futbol üzrə Azərbaycan çempionatında yeni oyun tərzi olan “Sabah” klubundan çox danışılır. Mayda ilk dəfə gümüş medal qazanan Murad Musayevin komandası avrokuboklarda uğurlu debüt etdi. UEFA Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulan “Sabah” Latviyanın “RFS” klubunu üstələdi. Ardınca Serbiyanın “Partizan” klubunu Bakıda 2-0 hesabı ilə məğlub etdi. Səfərdə eyni hesabla uduzan Murad Musayevin komandası penaltilərdə uğursuzluğa düçar oldu. Beləliklə, komanda debüt ilində Konfrans Liqasında üçüncü təsnifat mərhələsində çıxışını başa vurdu.

Ekspertlər qeyd edirlər ki, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Partizan”da hər nə qədər maliyyə problemi yaransa da, büdcəsi “Sabah”dan azı 4 dəfə çoxdur. “Sabah”ın xeyrinə olan digər məqam isə odur ki, heç bir Azərbaycan klubu “Partizan”a qalib gəlməyib.

“Sabah”ın avrokuboklarda təcrübəsizliyi cavab oyununda özünü hiss etdirsə də, 40 yaşlı özbəkistanlı baş məşqçi - Murad Musayev Azərbaycan çempionatına intriqa əlavə edərək, azarkeşlərin rəğbətini qazana bildi.

Murad Musayevlə böyük ümidlərin bəslənildiyi “Sabah” klubunun perspektivləri və ümumilikdə futbol haqqında söhbətləşdik.

- Futbolda uğur qazanmaq üçün ilk olaraq nə lazımdır?

- Yalnız bir şeyə inanıram – iş və nizam-intizam. Azərbaycana gələn kimi bildirdim ki, xırda məsələlərə belə, tələbkar olacağam.

- Azərbaycana öyrəşmək üçün çox vaxt tələb olundu?

- Hər bir ölkənin, xalqın özünəməxsus xüsusiyyətləri var. Azərbaycanlılarla bir az incə davranmaq lazımdır. Onlar tənqidə görə​ üzülə, inciyə bilərlər. Təriflə tənqid arasında orta nöqtəni tapmaq lazımdır.

- Xarakterinizdəki çılğınlıq Rusiyada da özünü göstərirdi, Azərbaycanda da bunun şahidi oluruq. Oyundan sonra özünüzü aqressiv davranmağınıza görə qınayırsınız?

- ​Bəzi matçlarda hakimlik xoşuma gəlmir. Futbolda artıq çox şeyi görmüşəm, bu incəlikləri yaxşı başa düşürəm. Rusiyada belədir ki, sənin komandanın udmağını istəmirlərsə, bunu daha səliqəli edirlər. Başa düşürəm ki, hərəkətlərim doğru deyil. Axı, hakimlər də “Sabah”a hörmət bəsləməlidir. Kimsə “Sabah”a kömək etsin – belə epizod göstərə bilməzsiniz. Bir sıra həlledici matçlarda qərarlar əleyhimizə olub. Başa düşürəm ki, hərəkətlərimlə özümə pis edirəm – qırmızı vərəqə alıram, cərimələnirik, əsəbiləşirəm, gecə yata bilmirəm. Amma sakit də dura bilmirəm gördüklərimə. Hakimliyi yaxşılaşdırmaq lazımdır.

- “Sabah”ın Akademiyasında vəziyyət necədir?

- Akademiyada Xorvatiyadan koordinator var. Xorvatiya futbolunun səviyyəsinə bələdik, yaxşı biliyə malikdir. Təsadüfən bu postda qərarlaşmayıb. Keçən mövsüm gənclər komandası ilə yaxşı əlaqələrim var idi. Məşqçiləri ilə görüşürdük, fikir mübadiləsi aparırdıq. Lazım gələrsə, akademiyaya dəstək verməyə hazıram - məsələn, hazırda seminar keçirirəm. Amma hələ ki daha çox ünsiyyətim gənclər komandası ilə məhdudlaşır.

- Sabah”ın cari avrokubok mövsümündə debütünü necə qiymətləndirirsiniz?

- Daha yaxşı çıxış edə bilərdik.

- “Partizan”a səfərdə uduzmağı nə ilə əlaqələndirirsiniz?

- Matç istədiymiz kimi alınmadı. Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlara çıxmaq üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik.

Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. Penaltilərdə uduzmaq adama təsir edir. Ancaq səhvlərimiz üzərində işləmək və irəliləmək lazımdır.

- Bu mövsüm göstərdi ki, “Sabah” “Qarabağ”la görüşlərdə ağdamlılardan heç də geri qalmır. Mövsüm ərzində futbolçularınız hansı cəhətləri ilə çempionlardan geri qaldılar?

- Birinci oyun keyfiyyətinə söykənməliyik. Bunu etsək, müvafiq olaraq futbolçularımızın keyfiyyətini artıracağıq. Bununla da inkişaf edə bilərik. Cari mövsümdə gördük ki, oyun keyfiyyətində irəliyə addım atdıq. “Beşiktaş”la oyun yoldaşlıq görüşü xarakteri daşısa da, gördük ki, müasir, aqressiv, sürətli futbol oynayırdıq. Bunu inkişaf etdirə bilsək və komandamızı gücləndirəcək bir neçə transferə imza atsaq, fikrimcə, daha çoxuna nail olarıq.

- Müqavilə başa çatdıqdan sonra “Sabah”ı tərk edəcəksiniz, yoxsa daha bir müddət qalmağı düşünürsünüz?

- Birincisi, onu deyim ki, Bakı çox xoşuma gəlir. Bunu işlədiyim futbolçulara, klub rəhbərliyinə, işçilərə də aid edə bilərəm. Burada çox yaxşı insanlarla tanış oldum. Qazandığımız uğur futbolçular, rəhbərlik mənə inanmasaydı, mümkün olmazdı. Rəhbərlik klub üçün çox şey edir. Elə bir gün belə olmayıb ki, Azərbaycana gəldiyimə görə peşman olum. Burada hər şey xoşuma gəlir, ailəmə rahatdır. Hazırlıq və transferlərlə bağlı planlarımız var. Sonra necə olacağını bilmirəm. Birdən mənə elə bir təklif gələ bilər ki, ondan imtina edə bilmərəm. Söz verə bilmərəm, amma indi bütün fikirlərim yalnız “Sabah”ladır.



MƏSLƏHƏT GÖR:

58