18 May 2024

Şənbə, 13:54

QORXUNUN MƏNGƏNƏSİNDƏ

«Taliban»ın dünya birliyinin gözündə legitimləşmək cəhdləri nəticə vermir

Müəllif:

01.09.2023

«Avropalılara ölüm! Amerikalılara ölüm! Qərb insanlarına ölüm! Yaşasın Əfqanıstan İslam Əmirliyi!» Bu şüarlar taliblərin avqustun 15-də Əfqanıstanın Amerika işğalından azad olunması günü münasibətilə ölkə şəhərlərinin küçələrində keçirdikləri yürüşlər zamanı səsləndirilib. İndi Əfqanıstanda bu gün rəsmi bayramdır.

ABŞ və müttəfiqlərinin Kabili tərk edərək, ölkəni «Taliban»ın ümidinə qoymasından iki il keçir. Halbuki güya onlar 2001-ci ildə taliblərə qalib gəlmişdilər. Məlum olub ki, son 20 ildə bu hərəkata qarşı aparılmış mübarizə heç bir nəticə verməyib.

 

Aclıq

Taliblər 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirən zaman üç ciddi problemlə üzləşiblər: iqtisadi və humanitar böhran, effektiv idarəçilik sisteminin olmaması və nəhayət, beynəlxalq birlik tərəfindən tanınmamaq.

İqtisadi problemlərin miqyası ölçüyə gəlmir. Əfqanıstana ildə təxminən 8 milyard dollar təşkil edən (təxminən ÜDM-in 40%-i) xarici yardımların praktik olaraq, tam şəkildə dayandırılması ölkə iqtisadiyyatında sözün əsl mənasında şok yaradıb. Belə vəziyyətdən dünyanın heç bir ölkəsi asanlıqla çıxa bilməzdi. ABŞ və BMT-nin «Taliban» liderlərinə tətbiq etdiyi sanksiyalar üzündən beynəlxalq maliyyə əməliyyatlarının dayandırılması, bank sistemində kollapsın davam etməsi, həmçinin Əfqanıstanın təxminən 9 milyard dollarlıq valyuta ehtiyatının dondurulması ilə vəziyyəti daha da ağırlaşdırırdı.

Taliblərin üzləşdikləri çətinliklər və problemləri nəzərə alsaq, onların iqtisadi idarəçiliyinin bütün gözləntiləri aşdığını söyləmək olar. Onlar ən azı, milli valyutanın nisbi sabitliyinə nail olub, inflyasiyanın qarşısını bu və ya digər dərəcədə alıb, effektiv vergi yığımını təmin edib, ixracı artırıb, kütləvi kapital axınını əngəlləyib, korrupsiyanın miqyasını əhəmiyyətli dərəcədə azaldıblar.

Əldə olunmuş nailiyyətlər taliblərin sərt addımlarından çox, ABŞ və NATO tərəfindən dəstəklənmiş əvvəlki korrupsiyalaşmış hökumətlərə qarşı irəli sürülmüş ittihamlarla əlaqəlidir. 4,5 milyon əhalisi olan Kabildə qayda-qanunun yarandığını göstərən bir çox əlamət var. Şəhər meri Hamdulla Nomani qanunsuz tikililər üzündən illərdir aparılması mümkün olmayan yol işlərinə başlanmasına nail olub. Küçə ticarətinə də səliqə-sahman gəlib. Narkomanları küçələrdən yığır və bərpa mərkəzlərinə göndərirlər. Küçələr sahmana salınır, antisanitariya şəraitinin hökm sürdüyü restoranlar bağlanır. Ötən müddətdə 30 min küçə itinə quduzluğa qarşı peyvənd vurulub.

Dünya Bankının bu yaxınlarda apardığı araşdırma nəticəsində məlum olub ki, ölkədə gömrükçülərə rüşvət verən müəssisələrin sayı 62%-dən 8%-ə düşüb. Əfqan əsilli amerikalı sahibkar, ölkənin ən nəhəng audit şirkətinin sahibi Sanzar Kakarın sözlərinə görə, artıq onun əməkdaşlarından Maliyyə Nazirliyinə gedən zaman rüşvət tələb edilmir: «Halbuki əvvəllər bu, gündəlik başağrısı idi». Parlament üzvləri, Nazirlər Kabineti əməkdaşları, xüsusi xidmət orqanlarının işçiləri də daxil olmaqla, «korrupsioner şəxslərdən ibarət böyük bir ordunun» gedişi «ən böyük xoşbəxtliklərdən biridir». Bunu Kakara istinadən, «The Economist» yazır.

Bu, taliblərin Əfqanıstana rəhbərlik etdiyi 1996–2001-ci illərdəki vəziyyətlə müqayisəyə gəlmir. O rejim Əfqanıstan valyutasına nəzarət etmirdi, hiperinflyasiyanın qarşısında aciz qalmışdı, dövlətin gəlirləri isə çox cüzi idi. Həmin vaxt ölkə iqtisadiyyatı iflic durumunda idi, adambaşına düşən illik gəlir 200 dollara çatmırdı, ana və uşaq ölümü kimi sosial göstəricilər isə dəhşətli həddə idi.

Bu dəfə hakimiyyəti gözlənilməz tezliklə ələ keçirmiş «Taliban» fəaliyyətdə olan dövlət institutları – Maliyyə Nazirliyi və Mərkəzi Bank kimi vacib qurumlara da sahib çıxıb. Bununla yanaşı, onlar ehtiyac duyduqları bəzi idarələri – büdcə və vergi qurumlarını da qoruyub saxlayıb, ədalət mühakiməsi orqanı, qadın işlərinə məsul nazirlik kimi «lazımsız» strukturları isə ləğv ediblər.

Son dövrlərdə Əfqanıstanda iqtisadiyyatın zəif də olsa, canlanması əlamətləri də hiss olunmağa başlayıb. Məsələn, 2023-cü ilin ilk 5 ayında ixrac həcmi 36% artıb. Amma beynəlxalq iqtisadçılar hazırkı nisbi sabitliyi «ac tarazlıq» kimi xarakterizə edir. Onlar əfqanların əksəriyyətinin yaşamaq üçün lazım olan ilkin tələbat mallarını tapa bilmədiklərinə, real aclığın qarşısının alınması üçün böyük həcmdə humanitar yardıma ehtiyacın olduğuna çəkirlər.

BMT-nin məlumatına görə, əfqanların 97%-i yoxsulluq həddində yaşayır, bəzi kənd rayonlarının əhalisi isə aclıq həddindədir. 16 milyon uşaq əsas qida və tibbi yardımdan məhrumdur. 2019-cu ildə 6,3 milyon əfqanın humanitar yardıma ehtiyacı olduğu bildirilirdisə, indi onların sayı 28 milyondur.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bütün ölkə boyu ərzaq paylanılması mərkəzləri yaradıb. Ötən il BMT humanitar yardıma 3,25 milyard dollardan artıq vəsait xərcləyib. Bu il ehtiyac daha çoxdur – 4,6 milyard dollar.

Yardım BMT agentliyi və qeyri-hökumət təşkilatları vasitəsilə bölünür. UNİCEF, BMT-nin Uşaq Fondu 200 minədək müəllimə təqaüd ayırıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə 10 min tibb işçisinə əməkhaqqı verir. Taliblər bu maliyyə axınlarının onlardan yan keçməsini, əlbəttə ki, hiddətlə qarşılayır və ona nəzarəti ələ keçirmək üçün səylər göstərirlər. Humanitar vəsaitin bir hissəsini onlar artıq «lisenziyalar», «vergilər» və digər «inzibati rüsumlar» şəklində ələ keçirirlər.

 

Gender aparteidi

Hakimiyyətə qayıtmış «Taliban» radikal islam təşkilatı əvvəlcə özünü keçmişdəkindən daha mülayim göstərməyə çalışsa da, tezliklə ölkədə sərt repressiyalar başlayıb. BMT «təhsil, əmək, söz azadlıqları da daxil olmaqla, sistemli və dəhşətli insan haqları pozuntuları»ndan danışır, «kütləvi edamlar, sayı-hesabı bilinməyən qanunsuz həbslər, işgəncələr, sərt davranışlar, həmçinin zorla köçürülmələr»dən bəhs edir. Hökumət insanlara qarşı daş-qalaq edilmə, şallaqlama, divara hörmə kimi sərt cəza növlərinə əl atır. Ən çox zülm çəkənlər isə qadınlar və qızlar, etnik, dini və digər azlıqlar, sağlamlığı məhdud şəxslər, köçkünlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri, jurnalistlər, artistlər, müəllimlər, həmçinin keçmiş dövlət qulluqçularıdır.

Taliblər əfqan qız və qadınlarına qarşı çoxsaylı mürtəce məhdudiyyətlərin tətbiqi ilə, onları faktiki olaraq, ictimai həyatdan kənarlaşdırıblar. Onlar hakimiyyətə ikinci gəlişlərindən sonra qadınlara 51 qadağa tətbiq ediblər. Orta məktəblər qızların üzünə bağlanıb, qadınların universitetlərdə oxuması, qeyri-hökumət təşkilatlarında çalışması qadağandır. İndi Əfqanıstanda bir qadın həyat yoldaşı yanında olmadan hərəkət edə bilməz, onların park və idman zalları daxil olmaqla, ictimai yerlərə getmək icazələri yoxdur.

Ümumilikdə, bu gün Əfqanıstanda əksər sahələrdə qadınların işləməsi qadağandır, bir müddət əvvəl isə bütün ölkədə gözəllik salonları da bağlanıb. Qeyd edək ki, bu sahədə 60 mindən artıq qadın çalışırdı və onların çoxu ailədə yeganə işləyən şəxs idi. Bu, onsuz da, çətinliklə dolanan ailələrə əlavə problemlər yaradıb.

Bütün bunlar insanların psixi sağlamlığına ciddi zərbə vurub: depressiya halları və intiharlar geniş yayılıb və buna xüsusilə təhsil almaq hüququndan məhrum edilmiş yeniyetmə qızlar arasında rast gəlinir.

BMT bunu «gender aparteidi» adlandırıb. Əfqanıstanın hazırkı hakimiyyətinin ən yaxın müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Çin belə, talibləri məhdudiyyətləri yumşaltmağa çağırıb. Lakin rejimin ali lideri Haybatulla Axundzadə fərqli fikirdədir. O, hesab edir ki, hazırkı hakimiyyət əfqan qadınları üçün «rahat və xoşbəxt həyat» təmin edib.

 

Dünyaya təhdid

Əfqanıstanda 20 ildən artıq mübarizə aparmış və artıq bundan bezmiş beynəlxalq ictimaiyyət iki il əvvəl faktiki olaraq, «yaxasını kənara çəkib». Onların taliblər tərəfindən idarə olunan Əfqanıstanın dünyaya təhdid yaratmayacağına olan ümidləri isə bir-biri ilə əlaqəli 3 amilə bağlıdır. Birincisi, taliblər yaxşılığa doğru dəyişib, ikincisi, taliblər xarici terror təşkilatları ilə əlaqələri kəsəcək və üçüncü, onlar transmilli effekti olan mütəşəkkil cinayətkarlığa imkan verməyəcək.

Faktlar isə göstərir ki, «Taliban» nəinki xarici terror qruplaşmaları ilə səylərini birləşdirib, hətta transmilli mütəşəkkil cinayətkarlıqda fəal iştirak edir, bununla da regiona və ümumilikdə dünyaya aşkar və real təhdid yaradır.

Hazırda Əfqanıstanda 20-dən artıq terror qruplaşması var. Onların əksəriyyəti, o cümlədən «Əl-Qaidə» və s. uzun illər boyu Əfqanıstan ordusu və koalisiya qoşunları ilə mübarizə aparıblar. 2021-ci ildə «Taliban»ın hakimiyyəti ələ keçirməsindən sonra isə onlar nəinki mövcudluqlarını qoruyub saxlayıb, hətta qüvvələrini birləşdirmək imkanı qazanıblar.

Son olaylarda Pakistan və İran sərhədçiləri ilə baş vermiş çoxsaylı toqquşmalar, həmçinin «Xorasan İslam Dövləti» yaraqlıları tərəfindən Tacikistan və Özbəkistanın dəfələrlə raket atəşinə tutulması bu iddiaların göstəricisidir. Bu əməllərdə iştirak edən dəstələrin əksəriyyəti «Taliban» daxilindəki qruplaşmalarla əlaqədədir.

Taliblərin özləri isə təşkilati və ideoloji əlamətlərə görə çoxsaylı tayfalara, fraksiyalara parçalanmış vəziyyətdədir. Bu, hərəkatın vahid mövqedən çıxış etməsinə mane olur. Mötədil qruplaşmalar sərt xəttin tərəfdarları ilə mübarizə aparır, «orta sinfə» aid komandirlər rəhbərliyin əmrlərini icra etməkdən boyun qaçırır və s. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin danışıqlar apardığı, əməkdaşlıq etmək istədiyi mötədil taliblərin sayı çox azdır. Odur ki, onlar hərəkatın xarici terror təşkilatları, transmilli cinayətkarlıq şəbəkələri ilə əlaqələr qurmasına mane ola bilmirlər.

Beləliklə, «Taliban»ın hakimiyyətə gəlməsindən 2 il keçməsinə baxmayaraq, hərəkat hələ də əvvəlki üç problemlə qarşı-qarşıyadır – bu, onların dünya birliyinin gözündə legitimlik qazanmasına imkan vermir.



MƏSLƏHƏT GÖR:

51