19 May 2024

Bazar, 22:21

YENİ İSLAHAT DALĞASI

Azərbaycan dövlət müəssisələrinə yeni özəl investisiyaların cəlb edilməsinə qərar verib

Müəllif:

15.09.2023

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə postsovet məkanının digər ölkələri ilə müqayisədə gec başlayıb. 1996-cı ildən başlayan proses bu gün də davam edir və dövlət büdcəsinin gəlir mənbələrindən biridir. Məsələn, cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 69 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Eyni zamanda başlanğıcda strateji əhəmiyyətli sahələrlə bağlı müəssisələrin dövlətin nəzarətində saxlanılması qərara alınıb. Əgər əvvəlcə bu yanaşma çoxlu suallar doğururdusa, zaman keçdikcə, xüsusən də Qarabağda baş vermiş 44 günlük Vətən müharibəsi zamanı bu qərarın doğru olduğu tam təsdiqini tapıb.

Eyni zamanda bir müddət əvvəl vətəndaşların dövlət müəssisələrinin idarə edilməsində iştirak imkanlarının genişləndirilməsi qərara alınıb. Bununla bağlı Prezident İlham Əliyev 2023-cü il avqustun 31-də “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

İslahatların yeni mərhələsi

Sənədə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib. Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq.

Sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq. Təkliflər dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılmasını əhatə edəcək. Üstəlik, bununla dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri nəzərdə tutulur.

Hökumətdə hesab edirlər ki, özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcək.

“Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. Dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına töhfə verən əsas məsələlərdəndir”, - Azərbaycan İqtisadiyyat Nazirliyi hesab edir.

Yeni idarəetmə metodunun üstünlükləri arasında dövlət müəssisələrinin bu məqsədlə xüsusi olaraq yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi də var. Holdinqin vəzifələrinə müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarət etmək daxildir. Müşahidə şuraları vasitəsilə məsuliyyətin bölüşdürülməsi və hesabatlılığın təmin edilməsində əsas məqsəd iqtisadi faydanı artırmaqdır. Bu, zərərdən mənfəətə keçid, məsul xərcləmə siyasətinin tətbiqi, yeni gəlir mənbələrinin yaradılması, büdcə subsidiyalarının minimuma endirilməsi, büdcəyə transfertlər edən dövlət müəssisələrinin kommersiya baxımından transformasiyası deməkdir.

“Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir, xarici investorların ölkəmizə marağını artırır. Eyni zamanda ölkə vətəndaşlarının iqtisadi inkişafdan tədricən daha çox bəhrələnməsi imkanları artır”, - İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.

 

Şəffaflıq və korporativ idarəetmə

Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarında dövlətin bir sıra mühüm sahələrə nəzarəti öz əlində saxlaması müşahidə olunur. Azərbaycana gəlincə, hələ 2017-ci ildə Dünya Bankı “Azərbaycan Respublikası: Korporativ İdarəetmə və Dövlət Müəssisələrinin Mülkiyyəti” adlı icmal sənədini dərc edib və sözügedən subyektlərin milli iqtisadiyyatda xüsusi rolunu vurğulayıb. Xüsusilə onların əhalinin rifah halının yaxşılaşdırılması, zəruri mal və xidmətlərlə fasiləsiz təmin edilməsi, məşğulluğun təminatı məsələlərində.

Həmin sənəddə bildirilmişdi ki, dövlət müəssisələri və şirkətlərinin ÜDM-də xüsusi çəkisi 45%-i ötür və onlar təbii sərvətlərin hasilatı (neft və təbii qaz), infrastruktur, nəqliyyat, rabitə, su və enerji təchizatı daxil olmaqla, ən böyük strateji əhəmiyyətə malik sahələri əhatə edir.

Eyni zamanda ölkədə bir neçə il ərzində bu strukturlarda idarəetmənin və inzibatçılığın müasirləşdirilməsi, bir çox dövlət müəssisələrinin səhmdar cəmiyyəti formasında yenidən təşkili istiqamətində işlər aparılır. Lakin onlarda korporativ idarəetmənin strukturu və praktikasının qəbul edilmiş qabaqcıl təcrübələrə tam uyğun olmasına bir neçə il ərzində nail olmaq o qədər də asan deyil.

Xatırladaq ki, 2011-ci ildə hökumət bütün növ müəssisələr tərəfindən könüllülük əsasında tətbiq oluna bilən Korporativ İdarəetmə Standartlarını qəbul edib. Amma onların könüllü şəkildə tətbiqi ona gətirib çıxarıb ki, yalnız bir neçə şirkət bu öhdəlikləri öz üzərinə götürüb. Bunlar əsasən bank və maliyyə sektorunun subyektləri, çox nadir hallarda isə istehsal xarakterli müəssisələrdir. Həm beynəlxalq, həm də yerli ekspertlər bu vəziyyətin iqtisadiyyat üçün mənfi nəticələrini dəfələrlə qeyd ediblər.

Eyni zamanda uzun illər qonşu dövlətlə hərbi qarşıdurma vəziyyətində olan ölkə üçün iqtisadiyyatın strateji əhəmiyyətli sahələrinin özəl investorların ixtiyarına verilməsi elə də yaxşı fikir deyil. 44 günlük müharibə isə bunu tam sübuta yetirib: dövlət qələbəni təmin etmək üçün vacib müəssisələrin özəl sahiblərindən asılı vəziyyətə düşməyib.  

Üstəlik, institusional islahatlar prosesi, dövlət müəssisələrinin restrukturizasiyası və yenidən təşkili, onlarda dövlətin iştirak payının azaldılması yolu ilə özəl investisiyaların cəlb edilməsi tədbirləri davam etdirilib və bu, İkinci Qarabağ müharibəsi və COVID-19 pandemiyasından sonra daha da intensivləşib. Bu məqam dövlət başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də öz əksini tapıb. Bu sənədlə dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyəti üçün zəmin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartlarının tətbiqi, rentabellik səviyyəsinin yüksəldilməsi mühüm vəzifə kimi müəyyən edilib. Eyni zamanda, dövlət sektorunda şəffaflığın ən yüksək standartlara çatdırılması, iqtisadiyyatın idarə edilməsində müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi və təşviqi kimi məsələlərin inkişafı prioritet istiqamətlər kimi nəzərdən keçirilib.

“Xarici təsirlərə qarşı müqavimətin sütunlarından biri dövlətin valyuta ehtiyatları, digəri isə intizamlı borclanmadır. Valyuta ehtiyatlarını sabit səviyyədə saxlamaq üçün Dövlət Neft Fondundan transfertlərin dövlət büdcəsində xüsusi çəkisini mərhələli şəkildə azaltmaq lazımdır. Ümumi borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir”, - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin rəhbəri Günay Quliyeva deyib.

Onun sözlərinə görə, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafına töhfə verməli, xarici dövlət borcunu sabit səviyyədə saxlamalı, dövlət şirkətlərinin borclanmalarına nəzarəti gücləndirməli və bu əsasda dövlət borcunu idarə etməlidir.

Amma ilk növbədə, investisiyaya açıq müəssisələri, onların maliyyə ehtiyaclarını və bu müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyən etmək lazımdır.

“Özəl şirkətlərin yeni və innovativ texnologiyalardan istifadə edərək dövlət müəssisələrinə sərmayə qoyması uzunmüddətli perspektivdə iqtisadiyyatda daha böyük əlavə dəyər yarada bilər. Bütün bunların sayəsində Azərbaycan sürətlə qlobal dəyər zəncirinə qoşula bilər”, - G.Quliyeva qeyd edib.

 

Beynəlxalq Bankın özəlləşdirilməsi

Ölkənin ən iri banklarından olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətsizləşdirilməsi məsələsi bir neçə ildir ki, gündəmdədir. Bəs 31 avqustda imzalanmış sərəncam bunun nəhayət baş verəcəyi anlamına gəlirmi?

2015–2016-cı illərdə bankın adının təkcə bankın sabitliyinə və imicinə deyil, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vuran bir sıra ciddi maliyyə pozuntularında hallandığını söyləmək yəqin ki, gərəksizdir. Ötən müddət ərzində bu səhmdar cəmiyyətin fəaliyyətinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Rəhbərliyin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə bankın yeni strateji inkişaf planı hazırlanıb və onun həyata keçirilməsi ABB-nin maliyyə vəziyyətini xeyli yaxşılaşdırıb.

2021-ci ildə son dövrlərdə ilk dəfə olaraq dövlət büdcəsində dividendlər nəzərdə tutulub. ABB bunu 7% artıqlaması ilə həyata keçirib. 2022-ci ildə də ABB dövlət büdcəsinə 120,5 milyon manat dividend ödəyib. Eyni zamanda, ötən il bankın dövlətin nizamnamə kapitalı 2021-ci ildəki 91,40%-dən 92,56%-ə, Daşınmaz Əmlak üzrə Dövlət Xidmətinin payı isə 3,76%-dən 3,81%-ə qədər yüksəlib. Ümumilikdə ABB-nin nizamnamə kapitalında dövlətin payı 95,39%-dən 96,6%-ə yüksəlib.

2023-cü il iyulun 1-nə ABB-nin səhmdarlarının sayı 1797-yə çatıb. Bankın yarımillik hesabatı göstərir ki, bu, ilin əvvəli ilə müqayisədə 1,1% çoxdur. 2023-cü ilin birinci yarısında ABB-nin fərdi səhmdarlarının sayı 1759-dan 1780-ə qədər artıb, hüquqi şəxslərin səhmdarlarının sayı 18-dən 17-yə enib.

ABB 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini də açıqlayıb. Məlum olub ki, bank bu ilin 6 ayını 164,4 milyon manat mənfəətlə başa vurub.

Ekspertlərin fikrincə, bu banka yeni özəl investisiyaların cəlb edilməsinin vaxtı çatıb. Bu, banka rəqabətli fəaliyyətlər üçün yeni strategiyanın formalaşdırılmasına və dövlətin yükünün azaldılmasını təmin edərək maliyyə sektorunda dövlət-özəl əməkdaşlığının növbəti mərhələsinə daxil olmağa qoymağa kömək edəcək.

Bir sözlə, dövlətin iştirak payının optimallaşdırılması və qeyri-dövlət investisiyalarının daha da cəlb edilməsi ölkədə uzunmüddətli iqtisadi artımın dəstəklənməsinə yardım göstərəcək. Sözsüz ki, yeni islahatlar dalğası təzə investisiyaların axınını təmin edəcək və bu, şübhəsiz ki, dövlət büdcəsinə daxilolmaların həcminə, vətəndaşların rifah halının yaxşılaşmasına müsbət təsir edəcək.



MƏSLƏHƏT GÖR:

62