20 May 2024

Bazar ertəsi, 04:32

“KLASSİKLƏR” BİRİNCİDİRLƏR

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Serbiyada keçirilən Dünya çempionatının lideri oldu

Müəllif:

01.10.2023

Serbiyada keçirilən lisenziya xarakterli güləş üzrə dünya çempionatı Azərbaycan komandası üçün fərqli nəticələrlə yekunlaşıb. Sərbəst güləşçilərimiz kimi qadın millimiz də ümidləri doğrultmayıb. Əvəzində yunan-Roma güləşində komandamız tarixində ilk dəfə medal sayında və əyarında birinci yeri tutub.

 

Uğursuzluqdan sonra uğur

Sərbəst güləş üzrə Azərbaycan yığması Belqradda keçirilən dünya çempionatında komanda hesabında beşinci yerdə qərarlaşıb. Millimiz mundialda cəmi 2 medal qazandı. Osman Nurməhəmmədovla Maqomedxan Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Maqomedxan Maqomedov həm də Paris 2024 Olimpiadasına lisenziya qazanıb. Böyük ümid bəslənilən Hacı Əliyev, Əliabbas Rzazadə, Turan Bayramov həm medalsız, həm də lisenziyasız qalıb. Turan Bayramovun təsəlliverici görüşlərdə ardıcıl üç dəfə məğlub olması xüsusilə qeyd olunmalıdır. Güləşçilərin fiziki və psixoloji cəhətdən mötəbər yarışa tam hazır olmaması aşkar hiss olunub.

Dünya çempionatına 6 güləşçi ilə yollanan qadın millisi ümumiyyətlə mükafatçılar sırasında yer almayıb. Dördqat olimpiya mükafatçısı Mariya Stadnik 14 finalda ABŞ idmançısına uduzmaqla yarışla vidalaşıb.

Güləşdə olan ümidləri yunan-Roma millisi doğruldub. Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Belqradda başa çatan dünya çempionatında tarixi nailiyyət əldə etməklə bütün diqqəti özünə cəlb edib. “Klassiklər” tarixdə ilk dəfə mövsümün əsas startında komanda yarışının qalibi olub. Komanda 120 xal toplayaraq İran (102 xal) və Türkiyəni (93) qabaqlayaraq birinci yeri tutub.

Ümumilikdə isə Azərbaycan komandası Belqradda 5 mükafat qazanıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) gümüş medala sahib olub.

E.Əzizlinin çəkisi olimpiya kateqoriyası daxil olmasa belə, o, fədakarcasına üçüncü dəfə dünya çempionu olub. Bütün görüşləri yüksək əzmkarlıqla keçirən Eldəniz finalda da rəqibinə şans verməyib. 82 kq-da çıxış edən Rafiq Hüseynov ikinci dəfə mundialın qalibi adını qazanıb.

Gümüş medalçılar Sənan Süleymanov, Murad Məmmədov və Həsrət Cəfərov çempion olmağa çox yaxın idi. S.Süleymanov finalda hesab bərabər olduğu halda sonuncu xal prinsipi ilə məğlub olub. Gənc və perspektivli Həsrət Cəfərovun 3-4 hesabı ilə uduzmağının əsas səbəbi fiziki cəhətdən hazırlıqlı olmaması idi. Artıq ilk hissədən sonra həmyerlimiz kubalı güləşçi ilə mübarizə aparacaq gücdə deyildi. Finala çıxan iki güləşçimiz həm də Paris Olimpiadasına vəsiqə əldə etdi. Həsrət Cəfərovla Sənan Süleymanov mundialı həm gümüş, həm də olimpiya lisenziyası ilə başa vurub.

Azərbaycan yunan-Roma güləşçilərinin dünya çempionatının nəticəsini əla adlandırmaq olar. Mundialı 2 qızıl və 3 gümüş medalla başa vuran milli ən yaxın izləyicisi İranı 18 xal qabaqlayaraq tarixində ilk dəfə planetin ən güclüsü ünvanına sahib çıxıb. Yığma həm xallara, həm də medalların əyarına görə Azərbaycan güləş milliləri adına yeni rekord müəyyənləşdirib. Bir komandanın dünya çempionatında 5 final görüşündə təmsil olunması da ilkdir.

 

Altı mümkün lisenziyadan ikisi

İkiqat dünya çempionu Rafiq Hüseynov jurnalistlərə açıqlamasında uğurların davamlı olacağını deyib: “Sevindirici haldır ki, 6 lisenziyadan 2-ni qazanmışıq. Qarşıda bizi daha 4 lisenziya gözləyir. Bakıda keçirilən Avropa çempionatı və dünya təsnifat turnirində bunları əldə etməyə çalışacağıq. Çox sevinirəm ki, Yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə dünya çempionu tituluna layiq görülüb. Bu komandanın üzvü olduğuma görə fəxr edirəm. Eyni zamanda bir dünya çempionatında iki qızıl medal almağımız da böyük nəticədir. Bu, nəinki bizim əməyimiz, eləcə də Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinin səyi nəticəsində mümkün olub”.

 

Rekord qırmaq niyyəti ilə

 

Karyerasında üçüncü dəfə dünya çempionu Eldəniz Əzizli yeni rekord qırmaq istədiyini söyləyib: “Yunan-Roma güləşi üzrə Azərbaycan millisi öz tarixində yeni bir rekorda imza atıb. Tarixdə ilk dəfə komanda olaraq dünya çempionu olduq. Bu, Azərbaycan idmanı üçün böyük uğurdur. Yekunda iki lisenziya qazandıq, amma bu, son deyil. Növbəti il lisenziyaların sayının artacağına inanıram”.  

E.Əzizli xatırladıb ki, buna qədər Azərbaycan yığması yunan-Roma güləşi üzrə çempion olmamışdı: “Müstəqillikdən əvvəl Məhyəddin Allahverdiyev bu növdə 3 dəfə dünya çempionu adını qazanıb. Yunan-Roma güləşində Fərid Mansurov iki dəfə çempion olub. Bu dəfə 3-cü dəfə rekordumu təzələdim. Rafiq Hüseynov da ikinci dəfə çempion olub. Zədələr imkan verərsə, dördüncü dəfə də çempion olmağı arzulayıram”.

Azərbaycan dünya çempionatında komanda hesabında bütün rəqiblərini qabaqlasa da, Paris-2024-ə cəmi iki lisenziya qazanılıb. Növbəti hədəf daha lisenziya sayını artırmaq olacaq. Güləşdə lisenziya xarakterli cəmi 2 yarış olacaq. Avropa Olimpiya Təsnifat turniri 2024-cü ilin aprelində Bakıda keçiriləcək. Mayda baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə Türkiyə ev sahibliyi edəcək. İstanbulda təşkil ediləcək yarışda hər çəkidə ilk 3 yeri tutacaq pəhləvanlar Paris-2024 qatarının son sərnişinləri olacaqlar.



MƏSLƏHƏT GÖR:

63