19 May 2024

Bazar, 19:33

SONSUZ GÖZƏLLİK

Samir SƏMƏDOV: “Hər hansı xalqın klassik əsərlərinin, irsinin yaddan çıxmaması üçün onu qoruyub saxlayanlar vətəndə doğulan Şəxsiyyətlər və onların davamçıları olmalıdır”

Müəllif:

01.10.2023

Sirr deyil ki, balet aləminə daxil olmaq asan deyil, lakin orada qalmaq ondan da çətindir. Amma bu barədə səhnə ilə arasında orkestr “çuxuru” olan, sözün əsl mənasında, sehrli səhnələri izləyən tamaşaçı çətin ki, düşünsün. Bu zaman musiqi insan qavrayışına təsirini plastiklik və jestlə daha artırır. Burada istənilən yalanı gizlətmək mümkün deyil...

Bu yaxınlarda Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Xoreoqrafiya Akademiyasının akademiki və professoru Samir Səmədovun öz tamaşaçılarına təqdim etdiyi rəqs sənəti əyani şəkildə təsdiqləyib ki, yalnız özünü baletə bütünlüklə verməklə bu dünyanı ilk dəfə kəşf edən insanlara xitab etmək mümkündür. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşaçı zalı neçənci dəfədir ki, sevdiyi rəqqasın səhnədə yaratdığı jestlərin sanki sənətkarın barmağının ucunda başa çatdığını heyranlıqla seyr edib. O, bununla hər bir tamaşaçıya – rampanın o biri tərəfində olan hər kəsə xitab edirdi.  Əslində, rampa çox da təntənəli olmayan balet sehrinin reallığını kənar gözlərdən gizlədir.

 

- Bir dəfə baletlə bağlı belə təsvirə rast gəldim: “rənglərdəki “katorqa”. Danılmaz faktdır ki, balet dünyası hər kəs üçün fərqlidir. Burada hər şey prosesə qərq olmaq dərəcəsindən asılıdır: baletə bəziləri “rəqs etdim, evə getdim və sabah yenidən” anlayışı ilə yanaşır. Digərləri üçün isə balet hər gün yeni vəzifələr yerinə yetirmək, yüksək dəqiqliyə malik maşınlar kimi öz bədənini hər zaman “saz vəziyyət”də saxlamaqdır. Balet dünyası digər peşəkar sahələr kimi mürəkkəbdir. Bəs balet Samir Səmədovun gözündə necədir?

- Təbii ki, hər bir incəsənət növü kimi balet də bu sənətə özünü tamamilə həsr etməyi, qurbanlar və müxtəlif məsələlərdən uzaqlaşmağı tələb edir. Balet hər gün çox çətin əmək sərf etmək deməkdir. Baletdə heç vaxt “rəqs etdim, evə getdim və sabah yenidən” anlayışı ilə yanaşanlara yer olmayıb və olmayacaq. Hətta bəzən özünü Terpsixora qurban verənlər belə, unudulur. Mənim baletlə bağlı uzun yolum tikanlı və çətin idi. Buna baxmayaraq, mənim üçün balet və onunla bağlı hər şey həyatın mənası idi...

- Balet gözəlliklə bağlı olan incəsənət növüdür. Amma etiraf etməliyik ki, hamı eyni “obyektə” fərqli bucaqdan baxdığından, eyni əsər hər bir artist tərəfindən fərdi şəkildə qəbul edilir.

- Konkret bir əsərin uğur qazanması daha çox onun interpretasiyasından, artistin şəxsiyyətindən asılıdır. Məsələn, bir artist ətrafındakı hər şeyi pərdələməklə müəllif əsərinin bütün nöqsanlarını gizlədə bilir. Digəri isə bir günlük “yaradılış” üçün uyğundur. Üstəlik, bu, dünya klassiklərinin şah əsəridirsə...

- Baletdə başqa incəsənət növlərindən - rəssamlıq və ya musiqi - fərqli olaraq nə kətan, nə də partitura var. Yəni rəqqasın ixtiyarında yalnız öz bədənidir. Sanki artist öz bədəninə musiqidən “bəhs edir”, musiqi isə ona insanların nə görmək istədiyindən “danışır”. Bu o deməkdirmi ki, baletdə insan bədəni kamerton kimi qəbul edilir?

- Əgər Uca Yaradan bir insana bütün istedadları bəxş edibsə, bədənin onun üçün kamerton olacağı şübhəsizdir. Qeyri-məhdud çeviklik və qüsursuz koordinasiyaya malik rəqqas bədənini ehtiyac duyduğu istiqamətə asanlıqla uyğunlaşdıra bilər.

- Baletlə məğul olan kişinin hər zaman gözəl olması ilə mübahisə etmək çətindir: zəriflik və əzələlər rəqqasın xarizmatik hərəkətləri ilə birləşir. Amma çox az adam bilir ki, bunun arxasında çox böyük əmək və öz üzərində titanik iş dayanır. Zədələr isə baletdə adi haldır. Öz imkanlarınızı aşmaq üçün məhdudiyyətlər varmı?

- Təbiətim etibarilə qatı perfeksionistəm. Amma illər keçdikcə belə qənaətə gəldim ki, gözəlliyin sonu yoxdur. İdeala nail olmaq qətiyyən mümkün deyil. Çünki həmişə öhdəsindən gəlmək və təkmilləşdirmək istədiyiniz bir şey olacaq.

- Fikrimcə, baletdə uğur qazanmaq daxili “mən”inizi müəyyən qədər azadlığa buraxmaq deməkdir. Lakin fiziki azadlıq fərdi azadlıqdan başlayır. Balet incəsənətindəki sərt məhdudiyyətlər fonunda daxili azadlığı necə tapmaq olar?

- Şəxsiyyət olmaqla!

- Hər kəsin balet incəsənəti ilə tanışlığının öz vaxtı var. Əgər qavrayışın aydınlığına görə uşaqların onunla tanış olması daha asandırsa, böyük izləyicilər baletlə tanışlığa hansı tamaşadan başlamalıdırlar?

- Bu, çox fərdi məsələdir. İnsanlar da, zövqlər də fərqlidir. Lakin Petipa tərəfindən səhnələşdirilən Lüdvik Minkusun “Bayaderka” baletini ilk dəfə görmək yetkin tamaşaçı üçün çox uğurlu variantdır.

- Səhnədə gördüyünüz ilk balet yadınızdadırmı?

- Bəli. Bu, ilk klassik müəllimim, Azərbaycanın Əməkdar artisti, füsunkar Olqa Arifulinanın ifasında Adolf Adanın “Jizel” baleti idi.

- Məlum olduğu kimi, balet artistini klassik rəqs dərsi ilə peşəkar məşğul olmadan təsəvvür etmək mümkün deyil. Bu, onlar üçün çox erkən yaşlardan, yəni bu sahədə təhsil müəssisələrinə daxil olduqları andan gündəlik fəaliyyətdir. Şəxsən sizin üçün bu, müəyyən növ “pis” vərdiş, yəni hər səhər ev tapşırığı etmək nə dərəcədə vacibdir?  

- Düzgün qeyd etdiniz. Bu, “pis” vərdişdir. Bu, səhərlər diş fırçalamaq və ya əl-üzü yumaqdan daha vacibdir. Bu mənada peşəkarlıq olmadan mümkün deyil!

- Səhnədə partnyorlarla uyğunluq psixoloji cəhətdən nə dərəcədə vacibdir?

- Çox vacibdir. Tamaşanın uğurlu olması əsasən bu uyğunluqdan asılıdır. Amma peşəkar artist nə olursa olsun, tamamilə uyğun gəlməyən partnyorlarla da rəqs etməyə borcludur. Bununla rəqs fəaliyyətim dövründə hər zaman qarşılaşmışam.

- Bəziləri düşünürlər ki, balet rəqqası üçün ən vacib şey yaxşı tullanmaq və balerina üçün yaxşı tərəfdaş olmaqdır.

- Elə rəqqaslar var ki, hündürlüyə yaxşı tullanırlar, amma bunu bütün gözəlliyi ilə təqdim edə bilmirlər. İdeal və güclü partnyorlar da olur. Lakin onlar hissləri və həyəcanı çatdıra bilmirlər. Elə artistlər də var ki, orta dərəcədə tullanırlar, amma onlar səhnədə sərbəst quşlar kimi uçurlar. Onlar birincilər kimi güclü partnyorlar olmasalar da, balerinanı özlərinə çəkir və tamaşaçıların diqqətini cəlb edirlər.

- Sizcə, rəqqaslar hələ də balerinaya səhnədə parlamağa kömək edən “çərçivə” kimi qəbul edilirmi?

- Əgər rəqqas şəxsiyyətdirsə, bu zaman onların hər ikisi parlayacaq. Böyük və bənzərsiz xalq artistlərimiz Çimnaz Babayeva və Vladimir Pletnevin bir-birini tamamlayaraq parladığı kimi. Əgər rəqqas sadəcə “daşımaq”la məşğul olarsa, bu zaman balerina da çox az parlayacaq.  

- Yuxuda rəqs etdiyinizi görürsünüzmü?

- Bəli, çox vaxt. Xüsusilə səhnəni tərk etməli olduqdan sonra...

- Rəqsi sözlərlə ifadə etmək mümkündürmü?

- Həm olar, həm də olmaz...

- Elə insanlar var ki, onlar üçün rəqs terapiyaya çevrilir. Sizin vəziyyətinizdə belə təsir varmı? Bu, baletdən kənar məsələlərin öhdəsindən gəlməyə kömək edirmi?

- Mən səhnədə olarkən, şübhəsiz ki, rəqs mənim ən böyük terapiya, xilasım idi və ondan kənarda olan hər şeyin öhdəsindən gəlməyə kömək edirdi.

- Hazırda balet aləmində standartların yenidən nəzərdən keçirilməsi ilə bağlı xeyli müzakirələr gedir. Belə ki, balet getdikcə daha çox gimnastikaya çevrilir. Klassik baletin dəyişəcəyi yolla gedirik? Balet incəsənətinə sehr bəxş edən ruh həqiqətənmi onu tərk edir? Klassik baletlərin süjetləri ilə nə etmək lazımdır? Klassik baletlərin kolloziyasını yeni nəsil anlayırmı?

- Bununla bağlı məşhur və təkrarolunmaz “Mona Liza” portretini nümunə göstərmək olar. Onu yenidən nəzərdən keçirmək, yenidən ərsəyə gətirmək mümkündürmü? Qətiyyən mümkün deyil! Bu, baletə də aiddir. Klassik baletlər nəzərdə tutulan, orijinal formada qalmalıdır. İstənilən nəslə əsrlər boyu bərqərar olmuş irs hissi aşılanmalıdır. Amma bununla yanaşı, zamanla ayaqlaşan əsərlər yaratmalıyıq. Belə olan halda həm keçmişin şah əsərləri yaşayacaq, həm də yeni yaradıcılıqlar meydana gələcək.

- Güman etmək olar ki, məhz klassik balet irsinə bağlılığınız bizə, yəni tamaşaçılara sizi rejissor rolunda görmək zövqünü verib?

- Birmənalı olaraq, belədir. Mən klassik irslərin qorunub saxlanılmasının tərəfdarıyam. Məhz klassik repertuar əsasında müəllif əsərlərimi yaratdım.

- “Çernuşka”, “Polovtsian rəqsləri”, “Korsar”... Niyə məhz onlar?

- Ümumiyyətlə, mən 20-dən çox əsər ərsəyə gətirmişəm. Onların arasında dünya klassiklərinin rekonstruksiyaları və müəllif əsərləri də var. Amma doğma teatrda əsərlərimdən cəmi üçünü tamaşaya qoymuşam. “Çernuşka” baletini Çernuşka obrazının ilk ifaçısı, mənim ən böyük müəllimim, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın xatirəsinə həsr etmişəm. Bu, sırf müəllif əsəridir. “Polovtsian rəqsləri” isə mənim sevimli xoreoqraflarımdan biri olan Mixail Fokinin xatirəsinə həsr olunub. Musiqi və xoreoqrafik baxımından rekonstruksiya olan “Korsar” baletini isə dahi Marius Petipanın şah əsərlərindən birinin qorunub saxlanılması üçün ərsəyə gətirmişəm. “Korsar”ın Bakı səhnəsində premyerası Azərbaycan balet tarixi üçün möhtəşəm hadisə olıb. Teatrımız son 25 ildə belə bir hadisənin şahidi olmamışdı...

- Klassik balet məktəbi müasir insanlara nə verir?

- Bütün dövrlərdə, əsrlərdə klassik balet məktəbi təməllərin əsası olub və olacaq!

- Klassik baletdə “nəcib rəqqas” anlayışı var. Fikrimcə, bakılı tamaşaçı üçün bu, sizinlə bağlıdır.

- Nəciblik insanda doğulandan var. Üstəlik, bu, sizi rəqqas kimi formalaşdıran şəxslərin töhfəsi və əməyi ilə bağlıdır. Mən şəxsən bunu heç vaxt unutmamışam və unutmayacağım, çünki onlar olmasaydı, Samir Səmədov da olmazdı. Dəyərli bakılı tamaşaçım məni bu anlayışla əlaqələndirdiyinə görə, deməli, böyük ustadlarım SSRİ Xalq artisti Leyla Vəkilova, Azərbaycanın xalq artistləri Çimnaz Babayeva və Rəfiqə Axundova nəcib insan yaratmağı bacarıblar. Bu o deməkdir ki, mənim doğma teatrıma 30 illik fədakarlığım, xidmətim hədər getməyib.

- Balet incəsənəti ilə bağlı daimi mövqeyiniz “Secret Cinema” layihəsinin videoçarxındakı ifadə ilə uzlaşır: “Mənim üçün balet dindir və onun davamçısı kimi, incəsənətim uğrunda ölməyi üstün tuturam”. Düşünürəm ki, bu fikirlər baletə münasibətinizi ən aydın şəkildə təsvir edir. Bunu peşəniz hesab edirsiniz? Uzun illər məşğul olduğunuz işi bəyənirsinizmi?

- Balet mənim bütün həyatımdır!

- Bir çox insanda belə bir fikir var ki, kordebalet ikinci planda qalır. Ancaq məlum olduğu kimi, bir çox böyük rəqqas bu incəsənət növünə məhz bununla başlayıb. Yəni demək, bu belə deyil. Bir tamaşaçı kimi fikrimcə, o, praktiki olaraq teatrda ən vacib məsələdir. Kordebalet olmadan tamaşa da olmaz. Bu, əsəri enerji və güclə doldurur, vahid, canlı bir şəkil yaratmağa kömək edir. Bəs həyatınızdakı kordebalet nədir və onunla münasibətiniz necədir?

- Kordebalet sərt, hərbi rejimdir. Bütün məşhur artistlər bu rejimdən keçiblər və keçməli idilər. Kordebalet aydın məsuliyyət hissini və sarsılmaz nizamı inkişaf etdirir. Məhz kordebaletdə artist özünün nəyə qadir olub-olmadığını göstərə bilər və xoşbəxtəm ki, vaxtilə teatrımızın bütün kordebalet repertuarını keçmişəm.

- Müasir incəsənət xadimləri klassik baletin totalitar xarakter daşıdığını, çünki sarsılmaz qanunlara uyğun qurulduğunu iddia edirlər. Bu o deməkdir ki, totalitar cəmiyyətlərin ölümü ilə klassika da ölməlidir. Bu barədə nə düşünürsünüz?

- Klassik baletin totalitarlığı danılmazdır. Hər hansı xalqın klassik əsərlərinin, irsinin yaddan çıxmaması üçün onu qoruyub saxlayanlar kriminal keçmişi olan, bir yerdən başqa yerə gedən “qaraçı köçləri” deyil, vətəndə doğulan Şəxsiyyətlər və onların davamçıları olmalıdır.

- Sirr deyil ki, bir rəqqas üçün zirvələrdən biri onun “étoile” statusunun tanınmasıdır. Bu statusda olmaq sizin üçün nə deməkdir?

- Bu anlayış öz sözünü deyir: Qüsursuz. Mükəmməl. Toxunulmaz!

- Bəs siz “étoile” statusundasınız?

- Özüm haqqında belə bir söz deməyə cəsarət etmirəm. Məni ərsəyə gətirənlərin, Azərbaycan baletinin zirvələrinin, eləcə də sadiq, fədakar, doğma tamaşaçılarımın qəbul etdiyi şəxsəm! Hər birinin qarşısında baş əyirəm.

 

P.S. Müsahibə alan şəxs kimi, demək olar ki, heç vaxt son sözü mən demirəm. Amma bu dəfə yox. Çünki mən özüm də Samir Səmədovun balet incəsənətinin sehrini bir neçə dəfə yaşamışam. Onun hər zaman tanınan imzası və cəlbedici estetikası yaratdığı obrazlara o qədər fərqli bir ruh verirdi ki, başqa rəqqaslara baxmaq qeyri-mümkün olurdu. Bu məsələni məhz Samir Səmədovu görməyə gələnlərin çoxu da vurğulayıb. Məni balet truppamızın etualının, digər rollarla yanaşı, Çaykovskinin “Qu gölü” əsərində Rotbartı təsvir etməsi həmişə sevindirib: “Zalım dahi olmadan süjet sanki hekayənin müəyyən uyğunluğunu itirir”. Rusiyanın balet artisti, müəllim və xoreoqraf, 2009–2011-ci illərdə Böyük Teatrın balet truppasının bədii rəhbəri, 2017-ci ildən isə Samara Opera və Balet Teatrının baş xoreoqrafı, Rusiyanın Əməkdar artisti Yuri Petroviç Burlakın ona həsr olunmuş yazısını görəndə necə təəccübləndiyimi təsəvvür belə edə bilməzsiniz. “Balet” adlı silsilə kitabların müəllifi yazırdı: “Əziz dostum Samirə, Azərbaycan baletinin bənzərsiz fon Rotbartına, musiqi şedevrini – böyük rus baleti məhz belədir – qiymətləndirənə. Uzun yaradıcılıq və mənəvi rahatlıq arzulayıram”. Bəs balet incəsənəti haqqında ən dərin biliyə malik olan bir insanın fikri ilə razılaşmamaq olarmı?



MƏSLƏHƏT GÖR:

59