19 May 2024

Bazar, 01:36

DƏYİŞİKLİKLƏR KÜLƏYİ

BMT-də islahatlar məsələsi qlobal siyasətin aktual mövzusuna çevrilir

Müəllif:

01.10.2023

Sentyabrın son rübündə dünya birliyinin diqqəti BMT Baş Assambleyasına yönəlmişdi. Onun Nyu-Yorkda işinə başlayan 78-ci sessiyasında müasir dünya düzəni sistemində mərkəzi mövqeyə malik bu nəhəng beynəlxalq təşkilatda islahatlara başlanılması məsələsi də müzakirə olunurdu.

 

«Dünya dəyişsə də, institutlarımız dəyişmir»

Birləşmiş Millətlər Təşkilatı, həmçinin onun əsas strukturları olan Baş Assambleya və Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra ilk növbədə savaşın qaliblərinin səyləri ilə yaradılıb. Elə onlar da BMT-nin fəaliyyətində aparıcı rolu öz əllərinə götürüblər. ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin həm də ən nəhəng nüvə dövlətləri olaraq, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvləridirlər. Şuranın 10 qeyri-daimi üzvü də var ki, onlar da iki ildən bir dəyişilirlər.

BMT müharibədən sonrakı dövrün vacib elementi rolunu əsas iştirakçıları sosialist və kapitalist sistemlərinin liderləri kimi, SSRİ ilə ABŞ olan «soyuq müharibə» illərində davam etdirib. Lakin Sovet İttifaqının və dünyanın nəhəng sosialist sisteminin süqutu ilə BMT-nin fəaliyyəti, beynəlxalq məsələlərdəki rolu ciddi dəyişikliklərə məruz qalıb. İkiqütblü dünya XX və XXI əsrlər arasında müvəqqəti olaraq təkqütblü dünyaya çevrilib, orada dominant, hətta hegemon mövqe ABŞ və onun Qərbin inkişaf etmiş ölkələrindən ibarət müttəfiqlərinin əlində cəmlənib.

Amma yeni geosiyasi reallıq heç də hər kəsi qane etmir. Belə bir vəziyyətdə ziddiyyətlər BMT-nin əsas orqanı olan Təhlükəsizlik Şurasına da gedib çıxıb. İndi dünya düzəni ilə bağlı praktik olaraq bütün önəmli məsələlərdə fikir ayrılığı var – bir tərəfdə ABŞ, Böyük Britaniya və Fransa, digər yanda isə Rusiya ilə Çin. Üstəlik, beynəlxalq münasibətlər sistemində BMT TŞ-nin daimi üzvlərinin üstünlüyə malik olmasından yerdə qalan dövlətlər getdikcə daha çox narazılıq etməkdədir ki, onların da sayı, təbii ki, qat-qat çoxdur. Həmin ölkələr BMT daxilində qüvvələr nisbətinin keçmiş dövrə aid reallıqlar əsasında formalaşması ilə razılaşmır, bunun müasir tələblərə və reallıqlara cavab vermədiyini bildirirlər. BMT-də islahatlara başlanılması çağırışları da buradan qaynaqlanır. Bu fikirdə olanlar arqument kimi həm indi qurum üzvlərinin sayının onun yarandığı anla müqayisədə az qala 4 dəfə artıq olduğunu, həm də BMT-nin effektivliyinin getdikcə azaldığını göstərir. Bu isə özünü BMT TŞ və BMT BA səviyyəsində qəbul edilmiş qərarların çoxunun icra edilməməsində də göstərir.

BMT daxilində islahatların vacibliyi ilə praktik olaraq, müasir beynəlxalq münasibətlərin bütün iştirakçıları razıdır. Bunu Baş Assambleyanın 78-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antoniu Qutyerreş də etiraf edib: «Dünya dəyişsə də, institutlarımız dəyişməyib. İnstitutlar dünyamızı olduğu kimi əks etdirmirsə, biz müasir dövrün problemlərini effektiv həll edə bilmərik. Belə institutlar problemi çözməkdənsə, onun bir hissəsinə çevrilə bilər». Beynəlxalq proseslərdə çoxqütblülüyün yarandığına diqqət çəkən baş katib hesab edir ki, «bu vəziyyət sülhə zəmanət vermir, çünki çoxqütblü dünyanın güclü, effektiv çoxşaxəli institutlara ehtiyacı var». Qutyerreş əmindir ki, bu institutlar «XXI əsrin iqtisadi və siyasi reallıqlarına əsaslanmalı, bərabərlik, həmrəylik, universallıq prinsipləri əsasında BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməlidir».

Bəs dünyanın aparıcı güc mərkəzləri arasında geosiyasi mübarizənin görünməmiş həddə qızışdığı, Şimalla Cənub, Şərqlə Qərb arasında ziddiyyət və fikir ayrılıqlarının hədd-hüdud tanımadığı indiki şəraitdə baş katibin dediklərinə nail olunması realdırmı?

 

Fərqli yanaşmalar

BMT-də islahatların aparılması kontekstində əsas məsələ onun Təhlükəsizlik Şurasının formalaşdırılması prinsipinin dəyişməsidir. Əsas ziddiyyətlər, mübahisələr də məhz bu məsələ – TŞ-nin tərkibinin dəyişdirilməsi ilə bağlıdır. Belə mübahisələr Baş Assambleyanın sessiyalarında da yaşanmaqdadır. Belə ki, ABŞ başda olmaqla, Qərb fövqəldövlətləri prinsipcə BMT TŞ-nin tərkibinin dəyişdirilməsi ideyasını dəstəkləsə də, bunun onların qlobal miqyasda mövqelərinin zəifləməməsi şərtilə həyata keçirilməsini istəyirlər. Məsələn, ABŞ TŞ-nin daimi üzvləri cərgəsinə 5 yeni dövlətin əlavə olunmasını, lakin onlara veto hüququnun verilməməsini təklif edir. Vaşinqtonun namizədləri isə Almaniya, Yaponiya, Hindistan, CAR və Braziliyadır. ABŞ prezidenti BMT BA tribunasından bildirib ki, TŞ də daxil olmaqla, çoxtərəfli institutların «daha effektiv, daha qayğıkeş və inklüziv olması vacibdir». Birləşmiş Ştatların təklifini Böyük Britaniya ilə Fransa da dəstəkləyir.

Amerikanın əsas rəqibləri olan Rusiya ilə Çin isə məsələyə «daha geniş» yanaşılmasına tərəfdardırlar. Çin sədrinin müavini Xan Çje Baş Assambleyanın 78-ci sessiyasında çıxışı zamanı deyib ki, BMT mərkəzli beynəlxalq sistemin qorunub saxlanılması lazımdır, lakin «daha ədalətli» çoxqütblü dünyaya doğru hərəkət etmək şərtdir.

Rusiyanın mövqeyi daha konkret ifadə olunub. Xarici işlər naziri Sergey Lavrov BMT-də «ümumi islahatların aparılması vaxtının çatdığını» söyləyib: «Bu mənada, Təhlükəsizlik Şurasının orada təmsil olunmayan çoxluq – Asiya, Afrika və Latın Amerikası hesabına genişləndirilməsinə ciddi ehtiyac var».

Beləliklə, Moskva indiyədək dəfələrlə ifadə etdiyi mövqeyi bir daha ortaya qoyub: BMT TŞ-yə kollektiv Qərbi təmsil edən dövlətlərin əlavə olunması məqsədəuyğun deyil. Lavrov Baş Assambleyanın toplantısındakı çıxışında bildirib ki, «ABŞ-ın başçılıq etdiyi kollektiv Qərb özbaşına özünə bəşəriyyətin taleyinin müəyyənləşdiricisi rolunu verib. O, müstəsna hüquqları sayəsində BMT-nin yaradıcılarının irsinə getdikcə daha çox etinasızlıq göstərir».

Rusiya qlobal proseslərə təsir baxımından son dərəcə ciddi rıçaq olan veto hüququnu əlində saxlamaq istəyir. Bu isə təəccüblü deyil. Moskva məhz bu hüququ sayəsində imkan vermir ki, BMT TŞ-də onu Ukrayna müharibəsinə görə məzəmmət edən qətnamələr qəbul olunsun.

Bu mənada, maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski BMT tribunasından çıxışı zamanı dövlətləri Rusiyanı TŞ-də veto hüququndan məhrum etməyə çağırıb. Bu məqsədlə o, Baş Assambleyaya “qlobal ixtisaslı səs çoxluğu əsasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin vetolarını ləğv etmək imkanının verilməsini və bu şəkildə qəbul edilmiş qətnamələrin bütün üzv dövlətlər tərəfindən icrası üçün məcburi olmasını” müdafiə etdi.

Amma «qlobal ixtisaslı əksəriyyət» özü beynəlxalq məsələlərdə onun artan rolunun nəzərə alınmalı olduğunu göstərir. Hindistan, Braziliya və CAR xarici işlər nazirlərinin BMT Baş Assambleyası toplantısı çərçivəsində keçirdikləri görüşün yekununda verdikləri birgə bəyanat da bunun göstəricisidir. «BMT sistemində hərtərəfli islahatlar vacib beynəlxalq vəzifə olaraq qalır və bu, TŞ-də islahatların aparılması isə təxirəsalınmaz və əsas prioritet sayılmalıdır», - deyə bəyanatda bildirilir. Bununla yanaşı, nazirlər TŞ formatında aparılan hökumətlərarası diskussiyaların «iflic olmasını» məyusluqla qarşıladıqlarını da qeyd ediblər. Birgə bəyanatda bu ölkələrin «TŞ üzvlərinin sayının artırılması işinə sadiq olduqları» deyilir, Afrika, Asiya və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin qurumun istər qeyri-daimi, istərsə də daimi üzvləri arasında təmsil olunmasının vacibliyi vurğulanır. XİN başçıları «Afrika ölkələrinin BMT TŞ-də daim iştirak etmələri, Braziliya ilə Hindistanın isə daimi üzvə çevrilmək niyyətlərini» dəstəkləyiblər.

BMT TŞ-nin genişləndirilməsi kontekstində türk dövlətləri, ilk növbədə isə Azərbaycanla Türkiyənin müvafiq təşəbbüslərini də yada salmaq olar.

 

Türklərin səsi

BMT-də islahatların aparılması ilə bağlı ən hazır təşəbbüslə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun təklif etdiyi layihənin əsasını fövqəldövlətlərin oliqarxiyası əvəzinə qlobal təmsilçilik təşkil edir. Ərdoğan məşhur «Dünya beşdən böyükdür» fikrini dəfələrlə dilə gətirməklə, dünya düzəninin BMT TŞ-nin beş daimi üzvünün iradəsindən asılı vəziyyətdə qalmasına etirazını bildirib. «Bəşəriyyətin taleyi İkinci Dünya müharibəsində qələbə qazanmış bir ovuc ölkənin mərhəmətindən asılı ola bilməz», - deyə Ərdoğan çıxışlarının birində bildirib.

Türkiyə lideri hesab edir ki, BMT-nin fəaliyyətində islam dünyasının, Afrikanın, Latın Amerikası və Cənubi Asiyanın maraqları lazımınca nəzərə alınmır. Bu səbəbdən də o, beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının «qlobal ədaləti» və «effektiv çoxtərəfliliyə» əsaslanmalı olduğunu düşünür.

Ərdoğanın təklifləri arasında TŞ-nin səlahiyyətlərinin azaldılması, BA-nın isə əksinə, daha səlahiyyətli quruma çevrilməsi, TŞ-nin BA qarşısında hesabat verməsi, TŞ-nin beş daimi üzvü institutunun ləğvi, bu orqanın Baş Assambleyada dünyanın aparıcı regionlarını, o cümlədən islam dünyasını təmsil edən 20 dövlət tərəfindən seçilməsi də var. Odur ki, Türkiyə prezidenti 78-ci sessiya çərçivəsində keçirilən ümumsiyasi debatlarda BMT-ni yenidən TŞ-nin tərkibini genişləndirməyə çağırıb, xüsusi olaraq bildirib ki, «Təhlükəsizlik Şurası daha dünyanın təhlükəsizliyinə zəmanət verə bilmir və o, beş dövlətin siyasi strategiyalarının döyüş meydanına çevrilib».

BMT-də ciddi islahatların aparılmasının qatı tərəfdarları arasında Azərbaycan da var. Hər halda, o, təxminən 30 il ərzində bu qlobal strukturun nə qədər qeyri-effektiv olduğunu öz təcrübəsində hiss etmiş dövlətdir. BMT TŞ-nin Ermənistanın Azərbaycan ərazilərinin işğalına qeyd-şərtsiz son qoymasını tələb edən 4 qətnaməsi sonadək icra olunmayıb və yalnız 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Azərbaycan onların reallaşmasına öz gücü ilə nail olub, ərazi bütövlüyünü öz qüvvəsi hesabına bərpa edib. Azərbaycan ərazilərinin işğal altında olduğu uzun illər ərzində BMT TŞ-nin işğalçı Ermənistana sanksiya tətbiq etməsinə də nail olunmayıb.

Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız regional deyil, həm də qlobal məsələdir, çünki o, «yalnız beynəlxalq hüququn baza prinsiplərinin tam pozulması ilə deyil, həm də BMT TŞ qətnamələrinin pozulması və onlara əməl olunmaması ilə baş verib». Odur ki, «BMT və onun Təhlükəsizlik Şurasında islahatlar məsələsi gündəmə gəlir. Qətnamələrə əməl olunmursa, onların nə mənası var?»

BMT TŞ-də də islahatların aparılması ideyasını dəstəkləyən Bakı da hesab edir ki, onun tərkibinə yenidən baxılmalıdır. Azərbaycanın təklifləri sırasında BMT TŞ-nin daimi üzvlüyünə müsəlman ölkələrinin də seçilməsi ideyası var. Bakıda hesab edirlər ki, bu, İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasından rotasiya qaydasında müəyyənləşdirilə bilər. Bundan başqa, Qoşulmama Hərəkatının üzvü olan və son ildə bu quruma uğurla sədrlik edən Azərbaycan da TŞ-də daimi üzv kimi təmsil olunmasını vacib sayır.

Bakının BMT-də islahatların aparılması ideyasına sadiqliyi Baş Assambleyanın 78-ci sessiyasında da təsdiqlənib. Toplantıda iştirak edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına, ayrı-seçkilik olmadan tətbiqinə söykənən BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır. O, qurumda islahatlara başlanılmasının vacibliyini də bir daha dilə gətirib. «Bu baxımdan, gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik», - deyə nazir qeyd edib.

Bütün bu təşəbbüslər bir çox dövlətin dünyanın ən nəhəng beynəlxalq təşkilatında islahatların aparılmasına hazır olduğunu və buna çalışdığını təsdiqləyir. Demək olar ki, BMT-də lider mövqeyində olan dövlətlər də daxil olmaqla, bütün üzvlər qurumun strukturlarının yenidən formalaşdırılmasının vacibliyini anlayır və bu fikri dəstəkləyir. Problem sadəcə ondadır ki, müxtəlif güc mərkəzləri aparılmalı olan islahatların forma və məzmununu fərqli görür, onu fövqəldövlətlərarası ziddiyyətin növbəti mövzusuna çevirir.

BMT-nin yarandığı vaxtdan bu yana dünya çox dəyişib. Bu, qlobal strukturun əsasən iflasa uğramış fəaliyyət şərtlərində də dəyişiklik tələb edir.

 Bununla belə, BMT-nin təcrübəsi, ilk növbədə, onun prinsipial tərəfinə görə dəyərlidir. Bir şey aydındır: bu təşkilatın təbliğ etdiyi ədalət və bərabərlik prinsipləri olmadan qlobal sülh sadəcə mümkün deyil.



MƏSLƏHƏT GÖR:

55