19 May 2024

Bazar, 05:55

PARİSİN AFRİKA FİASKOSU

Fransa «Qara qitə» ölkələrini bir-birinin ardınca itirməkdədir

Müəllif:

01.10.2023

Sentyabrın sonlarında Paris növbəti dəfə Ermənistanın xeyrinə addım ataraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna çalışsa da, bu dəfə də fiasko ilə üzləşib. Düşünmək olar ki, bütün bunlar Fransanın nəyinə lazımdır? Onun bu işlərdə praktik marağı nədən ibarətdir? Parisin Cənubi Qafqazda son illərdəki fəallığı əsasən onun digər istiqamətlərdəki ciddi müvəffəqiyyətsizliyini əvəzləmək istəyindən irəli gəlir Məsələn, Fransa Afrika qitəsi ölkələrini bir-birinin ardınca itirməkdədir. Üstəlik, o, artıq bu ölkələri ildən-ilə deyil, aydan-aya itirir. Yalnız iyul və avqustda Paris «Qara qitə»də bir vaxtlar ən sadiq müttəfiqi olmuş iki ölkəni «əlindən qaçırıb». Görünən isə odur ki, bu, heç də son deyil.

 

Neomüstəmləkəçiliyin biabırçı sonu

Buna səbəb Afrikadakı müstəmləkələrinin müstəmləkəçiliyinə son qoyulmasından sonrakı onilliklər ərzində Fransanın bu dövlətlərin taleyində oynadığı müstəsna rolu sürətlə itirməyə başlamasıdır. Bu isə bir sıra amillərə bağlıdır: Fransa hökumətinin neomüstəmləkəçilik siyasətindən artan narazılıqdan tutmuş, daxili siyasi dinamikanın dəyişməsinə, fövqəldövlətlərin Afrikada nüfuz savaşının qızışmasınadək. Bir sıra Afrika ölkəsində elitalar buralarda maraqlı olan xarici güclərin cəlbi ilə siyasi rəqiblərini hakimiyyətdən uzaqlaşdırmaq imkanını hiss edib, nəticədə, maraqlı tərəflərlə açıq oyunlara getməyə başlayıblar. Söhbət Çindən, Rusiyadan, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistan kimi nəhəng regional oyunçulardan gedir.

Məlum olduğu kimi, Paris Afrikanın fransızdilli hissəsində, xüsusilə «frank zonası» adlanan regionda hər zaman kifayət qədər dayanıqlı mövqeyə malik olub. Lakin son onillikdə məhz həmin ölkələrdə hərbi çevrilişlər baş verib, hakimiyyətə açıq şəkildə Parisin hegemonluğuna qarşı olan qüvvələr gəlib. Hadisələrin xronologiyasına diqqət yetirsək, belə qənaətə gəlmək olar ki, dəyişikliklərin əhəmiyyətli hissəsi Fransada Emmanuel Makronun hakimiyyətə gəlişindən sonraya təsadüf edib. Yəni hazırkı prezidentin xüsusilə Afrika istiqamətində yürütdüyü xarici siyasətlə Qərbi Afrikada yaşananlar arasında aşkar əlaqə var.

Qərbi Afrikada şərti çevrilişlər marafonu Malidən başlayıb. 2020-ci il avqustun 18-də qiyamçı hərbçilər Baş Qərargahı ələ keçirərək, prezident İbrahim Bubakar Keyta (ölkəyə 2013-cü ildən rəhbərlik edirdi) da daxil olmaqla, ölkə rəhbərliyini həbs edib, polkovnik Assimi Qoitonun başçılıq etdiyi Xalqın Xilası Milli Komitəsini yaradıblar.

5 il sonra – 2021-ci il sentyabrın 5-də Qvineyada xüsusi təyinatlıların polkovnik-leytenantı Mamadi Dumbuyanın başçılıq etdiyi hərbçilər qrupu ölkə prezidenti Alfa Kondeni (ölkəyə 2010-cu ildən rəhbərlik edirdi) vəzifəsindən kənarlaşdırıb.

Heç 5 il keçmədən – 2022-ci il yanvarın 24-də Burkina-Fasoda hərbçilər ölkə prezidenti Rok Mark Kristian Kaboreni (ölkəyə 2015-ci ildən başçılıq edirdi) həbs edib. Polkovnik-leytenant Pol-Anri Damibanın rəhbərlik etdiyi «Mühafizə və bərpa üzrə vətənpərvər hərəkat» adlı qrup prezidentin vəzifəsindən kənarlaşdırıldığını, Konstitusiyanın qüvvədən düşdüyünü, hökumət və parlamentin buraxıldığını elan edib. Həmin il sentyabrın 30-da Burkina-Faso hərbçiləri dövlət televiziyasının canlı efirindən Pol-Anri Damibanın da vəzifədən uzaqlaşdırıldığını açıqlayıblar. Qiyamçılar bu dəfə ölkə başçısı postuna oktyabrın 6-da prezident tərəfindən Ali Baş Komandan təyin olunmuş İbrahim Traorenin gətirildiyini bildiriblər.

Daha sonra Qərbi Afrikada hərbi çevrilişlər estafetini Niger ələ alıb. Burada milli qvardiyanın hərbçiləri 2023-cü il iyulun 26-da dövlət başçısı Məhəmməd Bazumanı (ölkəyə 2021-ci ilin fevralından rəhbərlik edirdi) saxlayıblar. İyulun 28-də isə prezident qvardiyasının komandanı, general Abdurəhman Tçiani keçid hökumətinin başçısı elvn olunub.

Təxminən 1 ay sonra – avqustun 30-da bənzər hadisə qonşu regionda baş verib. Bölgədə Fransaya dost qalmış azsaylı dövlətlərdən olan Qabonda zabitlərdən ibarət qrup prezident Əli Bonqo Ondimbanı (ölkəyə 2009-cu ildən rəhbərlik edirdi) devirib. Çevrilişə səbəb hərbçilərin prezident seçkisinin nəticələri ilə razılaşmaması olub.

 

Müqəddəs yerlər heç vaxt boş qalmır

Maraqlıdır ki, bu dövlətlərin beşi də Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) üzvüdür. Bununla yanaşı, onlarda üçü «frank zonası»na aiddir. Söhbət milli valyutası KFA frankı olan dövlətlərdən gedir.

Paris Qvineya istisna olmaqla, bütün sadalanan ölkələrdə böyük nüfuza malik olub, çünki onların ərazisində müəyyən sayda Fransa ordusu belə, yer alıb. Fransa şirkətləri isə bu ölkələrin iqtisadiyyatında müstəsna mövqeyə sahib olub.

Bəzi dairələr hesab edir ki, QADİB ölkələrində rejim dəyişiklikləri «Vaqner» özəl hərbi təşkilatının bölgədə peyda olmasından qaynaqlana bilər. «Vaqnerçilər»in bu ölkələrdəki qiyamçı komandirlərlə sıx əməkdaşlıq etdiyi, bəzi məlumatlarda çevrilişin təşkilində, daha sonra isə yeni hakimiyyətin qorunub saxlanılmasında onlara yardım göstərdikləri haqda məlumatlar var.

«Ərəb baharı» hadisələrindən sonra regiona müxtəlif terror təşkilatlarının ayaq açdığı, onların bəzi bölgələrdə geniş əraziləri nəzarətə götürdükləri məlumdur. Məhz bu səbəbdən yerli hökumətlər yardım üçün Parisə müraciət edib, Fransa isə oraya qoşun hissələri göndərməyə başlayıb. 2013-cü ildən başlayaraq, Fransa Qərbi Afrikada davamlı antiterror əməliyyatları da keçirib. Onlardan ilki 2013-cü ildə Malidə «Serval» adı altında təşkil olunub. Bu əməliyyat nəticəsində fransalı hərbçilər terrorçu qruplaşmaları səhralara qaçmağa məcbur edib. Lakin sonradan qiyamçılar taktikanı dəyişərək, səhrada məskunlaşmağa, oradan isə qonşu dövlətlərin ərazilərinə sızmağa başlayıblar. Bu, Parisi «Barxan» əməliyyatı keçirməyə vadar edib. Bu əməliyyat çərçivəsində Paris Mali, Burkina-Faso, Niger və Çad ərazisinə təxminən 5 min hərbçi yeridib. Amma onlar terrorçuların öhdəsindən gələ bilməyiblər. Nəticədə Fransa bölgədə nüfuzunu itirməyə başlayıb.

Bəzi Qərbi Afrika ölkələrində ordunun yaranmış vəziyyətdən narazı qalan hissələri nəinki fransızlarla fəal əməkdaşlıq edən rəhbərlərinə etiraz ediblər, bəzi hallarda özünü ev sahibi kimi Fransa hərbçilərinə də qarşı çıxıblar. Belə bir vəziyyətdə «Vaqner» yaraqlıları bəzi ölkələrdə hakimiyyətə son illərdə gəlmiş hərbçilərin effektiv tərəfdaşına çevrilib.

Bütün bunların fonunda Fransa mətbuatı qiyamçı dövlətləri «Polkovniklər düşərgəsi» adlandırmağa başlayıb, onların qeyri-Qərb dövlətləri, ilk növbədə Rusiya və Çinlə əlaqələr qurmağa daha çox həvəs göstərdiklərini etiraf edib. Bundan başqa, həmin dövlətlərin yeni liderləri ölkələrində son onilliklərdə yaranmış vəziyyətin dərindən təftiş olunmasının vacibliyini bildirir, resursların necə bölüşdürüldüyünün üzə çıxarılmalı olduğunu deyirlər. Onlar hesab edirlər ki, bütün keçən illər ərzində buraların əsl sahibi yerli ictimaiyyət deyil, Paris olub.

Bütün bunlarla yanaşı, regionda Parisin itirdiyi nüfuzunu geri qaytarmaq cəhdlərinə müqavimət göstərilməsi arzusu o qədər böyükdür ki, Burkina-Faso, Mali və Niger hərbi alyans belə, yaradıblar. Onlar bu qərarı Fransanın təhrik etdiyi QADİB ölkələrinin hərbi hücumuna məruz qala biləcəkləri ehtimalını nəzərə alaraq veriblər.

 

Afrika frankının qara günləri

2019-cu ildə Fransa hökuməti KVA frankı ilə bağlı islahatların aparılacağını bəyan edib. İslahatlar yalnız valyutanın adının «eko»ya dəyişdirilməsini deyil, həm də Fransanın frank zonasının rəhbər orqanlarından uzaqlaşmasını, həmçinin Afrika dövlətlərinin valyutalarının Fransa xəzinədarlığında mərkəzləşdirilməsi, yəni milli ehtiyatlarının orada saxlanılması ödhdəliyindən azad olunmasını nəzərdə tuturdu. Lakin anons edilmiş islahatlar hələ də sonadək icra olunmayıb. O, indiyədək müxtəlif səbəblərdən dəfələrlə təxirə salınıb. Qeyd edilməlidir ki, vahid valyutaya keçid QADİB çərçivəsində nəzərdə tutulur. Məlumdur ki, bu qurumda «frank zonası»na daxil olmayan ingilisdilli ölkələr də var. Bu prosesdə xüsusilə maraqlı olanlar da məhz onlardır. Onların önündə isə regionun ən böyük iqtisadiyyatı, əsas xarici siyasi tərəfdaşı, müttəfiqi Fransa yox, ABŞ və Böyük Britaniya olan Nigeriya gəlir. Vaşinqtonla London isə öz növbələrində, «frank zonası»nın zəifləməsi hesabına burada mövqelərini gücləndirməyin, ABŞ dolları və Britaniya funtunun möhkəmlənməsinin əleyhinə deyillər.

KFA frankını əvəzləməli olan yeni valyuta ilə bağlı müzakirələr davam edir. Fransa xəzinədarlığının zəmanəti qarşılığında zonanın mərkəzi bankları öz qızıl ehtiyatlarının ən azı 65%-ni Fransa xəzinədarlığındakı xüsusi hesabda saxlamalıdırlar. Aydındır ki, Paris Qərb KİV-nin «müstəmləkə vergisi» adlandırdığı gəlirdən məhrum olmaq istəmir. Fransa və onun Afrikadakı ən yaxın tərəfdaşları təklif edir ki, avro ilə sabit paritet, eləcə də konvertasiya zəmanətləri ən azı qısa müddətdə Fransa Bankı tərəfindən təmin edilməyə davam etdirilsin.

Tənqidçilər isə hesab edir ki, KFA frankının qorunub saxlanması özünəməxsus «müstəmləkə vergisi»dir. Məsələn, təsbit edilmiş məzənnə və avrodan ciddi asılılıq kreditləşməyə mane olur.

Yeni valyuta – ekonu digər beynəlxalq valyutalara – dollar, funt sterlinq, yen, yuan – bağlamaq tövsiyə olunur. Lakin söhbət ilk növbədə, dollardan gedir. Neft hasil edən, öz valyutası isə zəif olan Nigeriyada dollara təlabat həddindən artıq yüksəkdir. Eko-nun tətbiqi ideyasını dəstəkləməklə və frank KFA zonasının bir hissəsi olmamaqla, dollar, müəyyən dərəcədə regionda dolları gücləndirmək və avronu sıxışdırmaq məqsədi güdən troya atı rolunu oynayır.

Mövcud fikir ayrılıqları yeni valyutanın dövriyyəyə buraxılmasına imkan vermədiyindən, məsələ 2027-ci ilədək təxirə salınıb.

 

«Güzgü əyri göstərirsə…»

Yeri gəlmişkən, Nigerdə baş vermiş silahlı qiyamın yatırılması işində bel bağlanılan QADİB kollektiv qüvvələrinin əsas özəyi kimi, məhz Nigeriya ordusu göstərilir. O, regionun ən böyük silahlı qüvvələridir və görünən odur ki, bu üzdən Nigeriya ordusuna «regional polis» rolu verilir. Amma bu «polis» Fransanın maraqlarına bağlı deyil.

Belə bir vəziyyətdə Fransanın Afrikada nüfuzunu sürətlə itirməsi başqa dövlətlərə, ilk növbədə, İtaliyaya «Qara qitə»də möhkəmlənmək şansı yaradır.

İmicini xilas etmək, Afrikada ölkəsinin şöhrətini bərpa etmək arzusunda olan prezident Makron 2023-cü il martın əvvəlində qitə turnesinə çıxaraq, Parisin bu bölgənin problemlərinə yeni yanaşmasını nümayiş etdirməyə çalışıb. O bildirib ki, Fransa Afrika ölkələrinin daxili işlərinə qarışmayacaq və onlarla tərəfdaş münasibətləri quracaq. Makron çıxışlarında əsas diqqəti biznes və humanitar əməkdaşlığa yönəltsə də, siyasətsiz keçinmək alınmayıb. Odur ki, regionun bir çox ölkəsində hökm sürən anti-Fransa əhvalı fonunda bu turne faktiki olaraq, Parislə afrikalı tərəfdaşları arasında münasibətlərin pisləşməsinə daha bir təkan olub.

Makron Konqo prezidenti Feliks Çisekedi ilə mübahisə etməkdən belə, çəkinməyib. Bu, Çisekedinin fransalı həmkarına onun ölkəsinin 1994-cü ildə baş vermiş soyqırımıda iştirak etdiyini xatırlatmasından sonra baş verib. Çisekedi Fransanın Konqoda təhlükəsizliyin bərpasına necə kömək edəcəyi ilə maraqlanıb. Bu zaman Makron ona diplomatik cavab vermək əvəzinə jurnalistlər qarşısında həmkarı ilə söz atışmasına başlayıb, Fransanın üzərinə atılan məsuliyyəti qəbul etmədiklərini söyləyib. «Mən həqiqət tərəfdarıyam. Amma bu həqiqət tam olmalıdır. Mən bu yükü çiyinlərimə götürməkdən imtina edirəm. Fransa sizin üçün «yaxşı iş» görməli deyil. Bu, sizin vəzifənizdir», - deyə Makron həmkarına kobudcasına cavab verib.

Bütün sadalananların nəticəsi olaraq, son illər Afrikada Parislə dost olan ölkələrin sayı xeyli azalıb. Fransa hökuməti bunun əsas səbəbini Afrika ölkələrindəki «korrupsiyalaşmış hökumətlər»də, geosiyasi rəqiblərinin intriqalarında, Parisin Ukraynanın təhlükəsizliyi kimi daha qlobal problemlərin həlli ilə məşğul olduğu dövrdə ona badalaq vurulmasında görür. Belə bir vəziyyətdə «qurbanlıq qoyun» axtarışında olan Fransa hökuməti unudur ki, onu çoxdandır ki, heç kim eşitmir. Bu, yalnız Afrika qitəsinə aid deyil. Belə olan təqdirdə isə bir məşhur atalar sözü tam yerinə düşür: «Güzgü səni əyri göstərirsə, güzgünü sındırma, özünü düzəlt».



MƏSLƏHƏT GÖR:

60