19 May 2024

Bazar, 17:12

KAXETİNİ KƏŞF EDƏK

Gürcüstanın şərab paytaxtında harada və necə dincəlmək olar?

Müəllif:

15.10.2023

Azərbaycanlı turistlərin son 20 ildə ən çox üz tutduğu Türkiyə ilə yanaşı, Gürcüstan da sevilən səyahət istiqamətlərindən bibinə çevrilib. Azərbaycan və Gürcüstan arasında quru sərhədinin olması isə onu ucuzluq baxımdan Türkiyədən daha əlverişli turizm marşrutuna çevirib. Hər iki ölkənin sərhəd bölgədə yaşayan sakinləri qohumlarına baş çəkmək üçün gündəlik səfərlər edib, bəzi insanlar isə ticarətlə məşğul olub. Gecə qatarına minən bir çox azərbaycanlı səhər saatlarında Tbilisiyə çatıb, digərləri isə avtobus və avtomobillərlə qonaqpərvər Sakartveloya cəmi bir neçə saata gedə biliblər.

Doğrudur, COVID-19 pandemiyasından sonra quru sərhədləri müvəqqəti olaraq bağlı qalır. Lakin artan uçuşlar sayəsində (gündəlik azı 4 uçuş olur) bir çox turistlər yaxşı tanıdıqları və az qala vətənlərinə çevrilmiş ölkəyə səfər etmək imkanı əldə edirlər. Gürcüstanda hələ də görməli istiqamətlər var. Buraya kükürd vannaları olan paytaxt Tbilisi, mineral suyu olan Borjomi, dənizkənarı kurortlu Batumi və xizək kurortları olan Bakuriani və ya Qudauri daxildir. Kobuleti, Kvariati, Tsihisdziri, Anaklia, Çakvi, Stepantsminda kimi turistlər arasında daha çox məşhur olan istiqamətlər də mövcuddur... Buraya həmçinin qədim zamanlarda müstəqil krallıq olmuş Kaxeti daxildir. Hazırda bura paytaxtı Telavi şəhəri olan Gürcüstanın inzibati diyarlarından biridir.

 

Yaxın və uzaq Kaxeti

Kaxeti dedikdə ilk öncə üzüm bağları, şərabın dequstasiyası, monastır və qalaları ziyarət etmək yada düşür. Cəmi bir neçə onilliklər bundan əvvəl bu bölgə ucqar region, bir növ Gürcüstanın Sibiri və dünyanın unudulmuş bölgəsi hesab olunurdu. Kaxeti buğda, günəbaxan yağı, meyvə-tərəvəz və təbii ki, şərabın ölkənin digər bölgələrinə göndərildiyi “ümumgürcü taxıl anbarı” hesab olunurdu. Məhz bu səbəblərə görə ölkə vətəndaşları və turistlər üçün Kaxeti ilə bağlı bütün səfərlərdə hər zaman kulinariya ilk sıralarda olur. Üstəlik, maraqlı məqam odur ki, Gürcüstanın məşhur şərab zavodlarının əksəriyyəti məhz bu bölgədə yerləşir.

Ümumiyyətlə, Kaxetidə turistlər üçün də çox maraqlı istiqamətlər var. Birincisi, Gürcüstanın ən ucqar və əlçatmaz bölgələrindən biri olan Tuşetidir. Onu digər bölgələrdən yüksək dağlar və aşırımlar ayırır. Buna görə də qədim qalalar, adət-ənənələr və turistlərin axtardığı qədimliklə bağlı xüsusi ab-hava burada yaxşı qorunub. Məşhur Pankisi dərəsi də burada yerləşir. Xatırladaq ki, onunla bağlı 2000-ci illərin əvvəllərində siyasi böhran yaşanmışdı. Bakı ətrafında olduğu kimi, Qurcaani şəhərində də palçıq vulkanları var. Onlar Axtala parkında yerləşir və bu da çoxlu turistləri və geologiya həvəskarlarını cəlb edir. Buranın məşhur görməli yerlərinə Şirak çölü, Laqodexi dağ milli parkı və Vaşlovani çöl milli parkı, eləcə də bölgənin şimal hissəsindəki toxunulmamış meşələr daxildir. Ən maraqlısı isə odur ki, bu sıx meşələrdə və dərələrdə hələ öyrənilməmiş çox sayda kiçik memarlıq nümunələri və dini tikililər var.

İkincisi, Kaxeti 30-dan çox tarixi əhəmiyyətə malik məbəd və monastırın olması səbəbindən turistlərin böyük marağına səbəb olur. Belə ki, burada tarixi IV əsrə uzanan iki məbəd var. Üstəlik, bu regionda tarixi VI əsrə aid olan iki məbəd  də var (Dzveli Qavazi və Ninoçmindadakı kafedral). Amma bu bölgənin ən məşhur monastırları David-Qareci kompleksi (Gürcüstan-Azərbaycan sərhədində), Alaverdi və İkalto monastırıdır.

Kaxeti həm də qalaları və qəsrləri ilə tanınır. Burada onların sayı təxminən 9-dur: Telavidəki Kral sarayı, Qremi və Xornabuci qəsrləri, Kvareli qalası, qala-şəhər Kvetera, Ucarma, Siqnaxi və başqaları. Kaxetiyada 9 etnoqrafik muzey var: Qavazi, Siqnaxi, Qurcaani, Axmeta, Dedoplistskaro, Laqodexi, Saqareco, Telavi (tarixi-etnoqrafik) və Vaçnadzianidə. Həmçinin müxtəlif məşhur şəxsiyyətlərin 13 ev-muzeyi, 10-a yaxın milli park, hətta Lopota və Kvareliya göllərində dəbli kurortlar var. Bundan başqa, hər il təxminən sentyabr ayında Kaxetidə Rtveli üzüm məhsulu festivalı keçirilir. Maraqlıdır ki, turistlər əlləri və ayaqları ilə sözün əsl mənasında şərabın istehsalında iştirak etməyə dəvət olunurlar (“İnadkarın ram edilməsi” filmindəki Çelentanonu xatırlayın). Buraya şərab spalarını, at çapmağı, helikopter ekskursiyalarını, hava şarları ilə uçuşları da əlavə etmək olar...

Bütün bunlar, şübhəsiz ki, bir həftənin hətta əsas görməli yerləri belə, kəşf etmək üçün kifayət etmədiyini təsdiqləyir. Eyni zamanda son 10 il ərzində burada çox şey dəyişib: yeni şərab zavodları, mağazalar, elit restoranlar, yüksək səviyyəli hotellər yaradılıb.

Bu arada, Kaxeti Tbilisi hava limanından təxminən 1,5-2 saatlıq məsafədədir (100 kilometr). Burada həm ucuz, həm klassik seqmentlərdə, həm də beynəlxalq səviyyəli çoxlu hotellər var. Orta hesabla, üçulduzlu hotellərin səhər yeməyi ilə birlikdə iki nəfər üçün bir gecəlik qiyməti 40-70 avroya başa gələ bilər. 4 ulduzlu hotellərdə qiymətlər isə 70-120 avro arasında dəyişə bilər. Beşulduzlu hotellərdə isə qiymətlər daha yüksəkdir.

Yüksək səviyyəli hotel seçərkən bir çox insanlar “Tsinandali Estate, A Radisson Collection Hotel”ə üstünlük verirlər. Bu hotel şərabçılıq bölgəsi olan Tsinandali kəndinin mərkəzində yerləşir. Bura mənzərəli təbiət ilə əhatə olunub. Bundan başqa, hotelin bir çox üstünlükləri var. Birincisi, bura nəhəng qədim parkla əhatə olunmuş Çavçavadze knyazlarının tarixi mülkündə yerləşir. İkincisi, yerli üzüm bağlarına baş çəkə və bu yerlərin zəngin tarixi ilə tanış ola biləcəksiniz. Üstəlik, hotelin damında mənzərəsi Qafqaz dağlarına açılan unikal panoramik hovuzu mütləq bəyənəcəksiniz. Burada müxtəlif restoranlar (yerli və beynəlxalq mətbəx), spa, işgüzar görüşlər üçün konfrans otaqları, xüsusi tədbirlər, konsertlər və dəbdəbəli toylar üçün açıq hava amfiteatrı (1200 nəfər) var. Burada hər il payızda beynəlxalq musiqi festivalları keçirilir. Həm Gürcüstandan, həm də xaricdən bir çox musiqi biliciləri Avropa və Asiyadan dünya ulduzlarının iştirakı ilə möhtəşəm klassik musiqi konsertlərində iştirak etmək üçün buraya gəlirlər. Bu il Tsinandali Festivalı 2023-cü il avqustun 31-dən sentyabrın 10-dək baş tutub. Festivalda orkestr və kamera musiqisinin konsertləri, eləcə də dünyanın ən yaxşı ifaçılarının iştirakı ilə solo konsertlər təqdim olunub. Maraqlıdır ki, festival hər il Pan-Qafqaz Gənclər Orkestri tərəfindən açılır. Bu orkestrə regionun altı ölkəsindən (Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Ermənistan və Qazaxıstan) 80 istedadlı gənc musiqiçi daxildir.

Bu yaxınlarda rahat “premium klass” tətilini sevənlər burada dəbdəbəli villalarda dincələ biləcəklər. Bu villalar həm ailələr, həm də dost qruplar üçün idealdır.

Nəhayət, əsl şərab biliciləri və sadəcə şərab həvəskarları burada yerləşən “Gaumarjos” zalında təşkil edilən şərab turlarını və dequstasiyalarını yüksək qiymətləndirəcəklər. Burada ənənəvi gürcü şərabçılığının sirlərini öyrənə və onun ən yaxşı nümunələrini sınaqdan keçirə bilərsiniz. Axı, hotel 40 hektar əraziyə malik olan üzüm bağları ilə əhatə olunub.

 

Rəmzə çevrilən malikanə

Tsinandalidə olarkən gürcü romantizminin banisi Aleksandr Çavçavadzenin ev-muzeyini mütləq ziyarət edin. Çavçavadze ailəsinin mülkü bütün Gürcüstanda tanınır, çünki bu yer məşhurdur və bir çox cəhətdən simvolikdir. Aleksandr Çavçavadze bu mülkü atasından miras alıb və onu Gürcüstanın mədəni, intellektual mərkəzinə çevirib. Məhz buradan Gürcüstanın avropalaşması başlayıb. Üstəlik, məhz burada gürcü şərabçılığı indi bildiyimiz şəkildə formalaşıb. Deyilənə görə, Lermontov bu malikanəyə baş çəkib, Qriboyedov isə Nina Çavçavadzeyə sevgi etirafı edib. Hətta Puşkinin də bu mülkə baş çəkdiyi deyilir.

İki əsr keçsə də, hazırda bu malikanə Gürcüstanın mədəni həyatında mühüm rol oynayır. Belə ki, burada sərgilər, konsertlər, ədəbi tədbirlər və ustad dərsləri keçirilir.

Bu gün Tsinandali kompleksində ev-muzeyi, dekorativ bağ, tarixi şərab zavodu, zirzəmi, mehmanxana və kafe var. Üzüm bağları canlandırılıb, şərab istehsalı yenilənib. Beləliklə, burada vaxtınızı xoş və faydalı keçirə bilərsiniz. Məsələn, Gürcüstanın ən görkəmli ailələrindən birinin tarixi ilə tanış ola, dekorativ bağın gözəlliyindən zövq ala, şərab zirzəmisini ziyarət edə, gürcü şərablarını dada və gərgin günün sonunda tarixi hoteldə istirahət edə bilərsiniz.

Lakin bu tarixi tikilinin gürcü memarlığının xüsusiyyətlərinə cavab vermədiyini söyləmək olar. Oriyental elementlərin olmasına baxmayaraq, bir çoxları malikanənin italyan renessansı üslubunda tikildiyini deyir. Burada 19-cu əsrin ikinci yarısına aid məişət əşyaları, mebellər var və divarlardan zəngin silah kolleksiyası asılıb. Qonaq otaqlarında ev sahibinin həyat yoldaşının və qızlarının bir zamanlar ifa etdiyi Gürcüstandakı ilk royal, eləcə də ilk piano var. Onların toxuduqları suzani xalçası indi də gözəl və parlaqdır. Anna Çavçavadzenin çəkdiyi İmam Şamilin portreti diqqəti cəlb edir. Ev-muzeydə hətta Azərbaycan xalçaları da var.

2008-ci ildən “Silk Road” şirkəti Tsinandali kompleksinə himayədarlıq edir. Şirkət buraya 12 milyon dollardan çox sərmayə qoyub. “Silk Road”un yardımı ilə 100-dən artıq mövcud eksponat bərpa edilib, muzey fondu 500-dən çox eksponatla zənginləşdirilib.

15 hektardan çox ərazisi olan malikanənin ətrafında isə çoxillik ağacları olan nəhəng və gözəl park var. Buradakı bağ tərtibatı və ekzotik bitki növlərinin mövcudluğu baxımından unikaldır. Parkda əvvəlcə meyvə ağacları, cığırlar, gəzinti xiyabanları və üzüm bağları, həmçinin palıd, cökə və ağcaqayın ağacları var idi. Aleksandr Çavçavadze özü bağda yeraltı suvarma sistemi qurmuş, bağı ağaclarla, bitkilərlə və güllərlə zənginləşdirmiş, bağın dizaynı üçün avropalı dekorativləri dəvət etmişdi. Bu gün parkda 1500-ə qədər ağac var, onlardan 40-ı unikal növdür və 200 yaşı var.

Tsinandali parkı həm də ona görə maraqlıdır ki, burada sevgi xiyabanını ziyarət edə bilərsiniz. Əfsanəyə görə, əgər cütlük bu xiyabanda gözləri bağlı gəzə bilsələr, onlar xoşbəxt olacaqlar. Həmçinin, bağçada gəzərkən arzu ağacına rəngli lentlər bağlaya və arzu edə bilərsiniz.

 

Şərabın vətənində

Çoxları Gürcüstanı şərabın vətəni hesab edir. Axı, gürcü şərabçılığının tarixi faktiki olaraq 8000 ildən çox əvvələ gedib çıxır. Burada yabanı üzüm şirəsinin saxlanılması üçün istifadə edilmiş gil qabların və ya kverisin arxeoloji qalıqlarını görə bilərsiniz.

Tsinandalidəki malikanə isə klassik gürcü şərabçılığının yarandığı yerdir. Burada ilk dəfə gürcü şərabı qablaşdırılıb. Burada 1841-ci il məhsulundan hazırlanmış “Saperavi” şərabı və tarixi XIX əsrə uzanan digər şərablar saxlanılır. Aleksandr Çavçavadzenin şərab kolleksiyasına 16500-dən çox şüşə daxildir. Kolleksiya 1814-cü ildən başlayır. Buraya “Tsinandali”, “Saperavi”, “Şato Lafit”, “Şato İkem” və XIX əsrin digər əfsanəvi şərabları daxildir.

A.Çavçavadzenin dövründə Tsinandali malikanəsi bir tərəfdən gürcü şərabçılığının 8 min illik ənənəsini davam etdirib, digər tərəfdən isə müasir yanaşmanın yeni standartlarını yaradıb və tətbiq edib. Tarixi Tsinandali şərab zavodunda bu ənənə bu günə qədər davam edir: burada klassik Avropa və ənənəvi gürcü şərabçılığı vəhdət təşkil edir. Həmçinin, son vaxtlar üzüm bağlarının bir hissəsi ekoloji təmiz şərab istehsalı üçün ayrılıb və ona tələbat hər gün artır.

Buradakı bağlarda 19 növ gürcü üzümü bitir. Bütün bu məhsullar yalnız “Tsinandali Estate” adı ilə istehsal olunan şərabın hazırlanması zamanı istifadə olunur. Onlar Fransadan gətirilən xüsusi palıd çəlləklərdə saxlanılır. Üstəlik, bir çəllək şərabı üç dəfədən çox olmayaraq saxlamaq üçün istifadə edilə bilər. Daha sonra bu çəlləklər yüksək keyfiyyətli çaça istehsal etmək üçün istifadə olunur.



MƏSLƏHƏT GÖR:

57