20 May 2024

Bazar ertəsi, 10:38

CİDDİ SURƏTDƏ CƏNUBA DOĞRU

Rusiya, Qazaxıstan və Özbəkistanın ən nəhəng enerji layihəsinə start verilib: Rusiya qazı ilk olaraq Mərkəzi Asiyaya tərəf gedəcək

Müəllif:

15.10.2023

Rusiya, Qazaxıstan və Özbəkistan arasında təbii qaz ittifaqı təxminən 1 il ərzində real şəkil alıb. Bunun yaradılması ideyasını ilk dəfə Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

2023-cü il oktyabrın 7-də üç dövlətin lideri ən böyük üçtərəfli enerji layihəsinə start verib: Rusiya təbii qazının Qazaxıstana, eləcə də onun ərazisi vasitəsilə Özbəkistana tədarükünə başlanılıb.

Bu layihənin hər üç ölkə üçün faydalı olacağı gözlənilir. Məsələn, bu layihə vasitəsilə Özbəkistan əlavə təbii qaz həcmləri əldə edəcək. Bununla təsərrüfatlar, sosial əhəmiyyətli obyektlər istilik və elektrik enerjisi ilə fasiləsiz təmin olunacaq. Qazaxıstan isə şimal və şərq regionlarının qazlaşdırılması məsələsini həll edə biləcək. Rusiyaya gəlincə, bu ölkə hamı üçün cəlbedici olan Mərkəzi Asiya regionunda yeni bazarlar əldə edəcək.

 

Təbii qaz ittifaqı

Novo-Oqarevoda keçirilən açılış mərasimində V.Putin, Özbəkistan və Qazaxıstan liderləri Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayevlə iştirak ediblər. Rusiya və Qazaxıstan sərhədində yerləşən “Aleksandrov Qay” kompressor stansiyasında tədarükün başlanması əmri dispetçer tərəfindən qəbul edilib və yerinə yetirilib.

Təchizat üçün hələ ötən əsrin 60-cı illərində çəkilmiş “Mərkəzi Asiya-Mərkəz” qaz kəmərindən istifadə olunur. Sovet dövründə Özbəkistan bu kəmər vasitəsilə səkkiz ittifaq respublikasını ildə təxminən 80 milyard kubmetr qazla təmin edirdi. İndi bu kəmər əks istiqamətdə işləyəcək və tarixində ilk dəfə olaraq Rusiya “mavi yanacağı” Mərkəzi Asiyaya tədarük olunacaq.

Rusiya Prezidenti bəyan edib ki, layihə, şübhəsiz ki, təkcə üç ölkənin deyil, həm də bütün böyük regionun iqtisadi inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Tokayev isə xatırladıb ki, Qazaxıstan ərazisindən illik ötürmə qabiliyyəti 255 milyard kubmetrə qədər olan 20 min kilometrdən çox magistral qaz kəməri keçir: “Qazaxıstan tranzit potensialından tam istifadə etməkdə maraqlıdır və Rusiya təbii qazının nəqlinin həcmini daha da artırmağa hazırdır”.

“Layihə Qazaxıstanın təbii qaz nəqli infrastrukturunun genişləndirilməsinə və modernləşdirilməsinə töhfə verəcək və Özbəkistanın ildə 3 milyard kubmetrə qədər təbii qaza artan tələbatını ödəməyə yardım göstərəcək. Bu, həm də ölkələrimizin sənaye inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə güclü təkan verəcək”, - o əlavə edib.

Özbəkistan lideri bəyan edib ki, bu layihənin həyata keçirilməsi həmrəyliyi və qlobal iqtisadiyyatın çağırışlarına, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsinə səmərəli cavab vermək bacarığını nümayiş etdirir. O, bu sahədə uzunmüddətli tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduğunu bildirib.

Mərkəzi Asiya ölkələrində, bu halda Qazaxıstan və Özbəkistanda əlavə qaz həcmlərinə ehtiyac bir sıra amillər fonunda yaranıb. Buraya bu ölkələrin əhalisinin və iqtisadiyyatının artması, yerli təbii qaz hasilatının azalması, anomal soyuq keçən qış mövsümü və Çinə tədarük üçün ixrac öhdəliklərinin yerinə yetirilməsi zərurəti daxildir. Əvvəllər vəziyyət fərqli idi və bu ölkələr özləri ixracatçı kimi çıxış edirdilər. Belə ki, Özbəkistan uzun müddət təbii qaz tədarükçüsü olub, onu hətta Rusiyaya da ixrac edib. Lakin ötən il həm Qazaxıstan, həm də Özbəkistan tezliklə “mavi yanacaq” idxalçısına çevriləcəklərini bəyan etmişdilər.

 

Defisit yaxınlaşdırır

Özbəkistanda təbii qaz hasilatı son zamanlar aşağı düşür. Buna səbəb ehtiyatların tükənməsi, texnoloji itkilər və karbohidrogenlərin tədarükünə effektiv nəzarət sisteminin olmamasıdır. Belə ki, 2022-ci ilin sonunda təbii qaz hasilatı 2021-ci illə müqayisədə 4% azalaraq 51,7 milyard kubmetr təşkil edib. Özbəkistanda anomal soyuq hava şəraiti fonunda bu ilin yanvarında baş vermiş enerji böhranı bu sahənin zəifliyini göstərib. Məsələn, soyuq havanın ən pik dövründə Türkmənistanın “Kalkınış” yatağında baş vermiş nasazlıq səbəbindən Özbəkistana qazın nəqli müvəqqəti olaraq dayanıb. Nəticədə Özbəkistan “mavi yanacağ”ın Çinə ixracını müvəqqəti olaraq dayandırmış və hətta bəzi ərazilərdə yanacaqdoldurma məntəqələrinin fəaliyyətini bağlamağa (və ya azı məhdudlaşdırmağa) məcbur olmuşdu. Daşkənd isə Rusiya təbii qazının Qazaxıstan ərazisindən daşınması ilə bağlı danışıqlara başladı.

İyunda “Qazprom” və Özbəkistanın Energetika Nazirliyi Rusiya qazı üçün ikiillik müqavilə və ölkənin qaz nəqli sisteminin hazırlanması ilə bağlı yol xəritəsi imzalayıb. Müqaviləyə əsasən, buradan sutkada 9 milyon kubmetr və ya ildə təxminən 2,8 milyard kubmetr təbii qaz nəql olunacaq.

Bundan başqa, “Qazprom” və Qazaxıstanın “QazaqGaz” şirkəti Rusiya təbii qazının Qazaxıstan ərazisindən keçməklə Özbəkistandakı istehlakçılara “Mərkəzi Asiya-Mərkəz” kəməri ilə tədarük edilməsinə dair saziş imzalayıb.

Bu layihə vasitəsilə Qazaxıstanın şimal və şərq bölgələrindəki istehlakçıların “mavi yanacağ”a olan tələbatı ödəniləcək. Üstəlik, bu layihə tranzitdən əlavə gəlir əldə etdiyinə görə Astana üçün iqtisadi baxımdan da sərfəlidir. Qazaxıstanın dənizə və qlobal logistika arteriyalarına çıxışı yoxdur. Bu isə o deməkdir ki, enerji resurslarının qonşu ölkələrə tranzitinin təşkili üzərində işləmək lazımdır.

“Hələ məbləğin (Qazaxıstanın tranzitdən əldə edəcəyi gəlirin – “R+”) nə qədər olacağını açıqlaya bilmərəm. Bu, tranzitin həcmindən asılı olacaq. İndikativ balans müəyyənləşən kimi “QazaqGaz” hansı həcmi əldə edəcəyini biləcək və bu barədə məlumat verəcəyik. Amma bu il gəlir əldə edəcəyik”, - Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan hakimiyyəti tranzit gəlirlərini ölkənin qaz nəqli sistemini modernləşdirmək üçün istifadə etməyi planlaşdırır: “Qaz kəməri sistemimizi modernləşdirmək imkanı əldə etdikdən sonra tranzitdən əldə edilən əlavə gəlirlər “QazaqGaz”ın yükünü azaldacaq. Bu, təmir və investisiya proqramının həyata keçirilməsi üçün nisbətən sabit pul gəliri təmin edəcək”.

O qeyd edib ki, bu ilin sonuna qədər Qazaxıstan Rusiyadan Özbəkistana təqribən 800 milyon kubmetr təbii qaz tədarük edəcək.

Rusiyaya gəlincə, Qazaxıstan və Özbəkistana daşınmalar Aİ-yə ixracın azalmasını müəyyən qədər kompensasiya edəcək. Bu, yeni istiqamətdir və həcmlər hələ kiçikdir. Lakin Rusiyanın Avropaya tədarükünün misli görünməmiş dərəcədə azalması fonunda yeni alıcılara laqeyd yanaşmaq olmaz.

Analitiklərin fikrincə, “Mərkəzi Asiya-Mərkəz” kəmərindən əks-istiqamətdə istifadə edilməsinin məqsədi Özbəkistan və Qazaxıstan bazarları deyil, Rusiya “mavi yanacağı”nın Çinə ixracını artırmaq imkanları ilə bağlıdır. Amma bu, çətin ki, yaxın gələcəkdə mümkün olsun, çünki həm Qazaxıstan, həm də Özbəkistan hazırda Çin təbii qaz bazarında Rusiya ilə rəqabət aparır. Güman ki, söhbət bu iki Mərkəzi Asiya dövlətinin ixracatçıdan idxalçıya çevriləcəyi dövrdən gedir.

Yeri gəlmişkən, heç bir tərəf Rusiya təbii qazının qiyməti barədə məlumat vermir. Əslində, belə məlumatlar, adətən, açıqlanmayan kommersiya sirri kimi təsnif edilir. Buna baxmayaraq, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib ki, qiymət milli maraqlar və bazar şərtləri əsasında formalaşıb: “Yəni tərəflər milli maraqları nəzərə alaraq rəqabətədavamlı qiymət barədə razılığa gəliblər”.

Özbəkistanın Rusiya təbii qazını Avropa ölkələri ilə müqayisədə daha aşağı qiymətə alacağına dair fərziyyə var. Görünür, bu düşüncə həqiqətəuyğundur. Moskvanın cəlbedici kommersiya təklifi olmasaydı, “təbii qaz ittifaqı” çətin ki, baş tuta bilərdi. Bu məsələni yalnız Rusiya “mavi yanacağı”nın Qazaxıstan və Özbəkistanın regionlarını sərt qışdan xilas etmək üçün lazım olması ilə əlaqələndirməmək gərəkdir. Bu, əlbəttə ki, lazımdır, lakin yüksək qiymətə yox.

Bu arada, Özbəkistan Rusiya ilə uzunmüddətli əsasda əməkdaşlıq imkanlarını nəzərdən keçirir. “Özbəkistan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində “Qazprom” şirkəti ilə təbii qaz tədarükü üzrə orta və uzunmüddətli müqavilələrin bağlanması üzrə danışıqlara başladıq”, - J.Mirzamahmudov bildirib.

Beləliklə, Mərkəzi Asiya regionunda Rusiya ilə birlikdə bu bazarda iştirak edən bütün ölkələr üçün böyük geosiyasi əhəmiyyət kəsb edən ümumi təbii qaz bazarı formalaşır.

 

Bütün yollar Azərbaycandan keçir

Mərkəzi Asiya qlobal iqtisadiyyat üçün enerji resurslarının şaxələndirilməsi layihələrinin inkişafı və həyata keçirilməsi üçün ən vacib regiondur. Burada zəngin təbii sərvətlərin olması və onun coğrafi mövqeyinin özəllikləri ciddi sərmayələrin yatırılması və irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Buna görə də dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların regiona diqqətini artırması təəccüblü deyil.

Bunu Azərbaycanda da yaxşı başa düşürlər. Odur ki, Bakı son illərdə əksər Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələri dərinləşdirib. Ticarət və nəqliyyat əməliyyatları genişləndirilir, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb, 2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfə artıb.

Nəqliyyat marşrutlarının inkişafı ilə Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa bazarları ilə birləşdirən etibarlı körpüyə çevrilə bilib.

Əlbəttə ki, Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətlərində enerji sahəsi xüsusi rol oynayır. Bu sahədə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün Özbəkistanla sənədlər imzalanıb. Söhbət iki ölkənin neft-qaz layihələrində iştirakı və enerji sektorunda 2023–2025-ci illər üçün “yol xəritəsi”nin icrası haqqında sənədlərdən gedir.

Bundan əlavə, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə tranziti üçün Bakı və Astana arasında uğurlu tərəfdaşlıq qurulub. Bu kəmər vasitəsilə 2023-cü ilin aprel-sentyabr aylarında 609 min ton neft nəql edilib. Bu göstəricinin 2023-cü ilin sonuna qədər illik 1,1 milyon tona çatacaq.

Azərbaycanla Tacikistan da ticari-iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Belə ki, Azərbaycan neftinin “Dəngərə” Azad İqtisadi Zonasında yerləşən zavodda emalı üçün Tacikistana tədarükü gözlənilir. Üstəlik, bu ölkədən Azərbaycana alüminium, kriolit və alüminium flüoridin ixracı, ikitərəfli ticarət dövriyyəsinin artırılması planlaşdırılır.  

Türkmənistanla əməkdaşlıq təkcə BTC ilə neft tranziti sahəsində deyil, həm də bu ölkədə hasil edilən təbii qazının İran vasitəsilə Azərbaycana svop tədarükü sahəsində inkişaf edir. Bu, türkmən “mavi yanacağı”nın birbaşa olmasa da, Avropa bazarlarına çıxarılması üçün imkanlar açır. Xəzər dənizindəki “Dostluq” (“Dostık”) neft-qaz yatağının birgə işlənməsi vasitəsilə əməkdaşlığın genişləndirilməsi perspektivləri var.

Ümumiyyətlə, əgər gələcək haqqında danışsaq, o zaman qısa müddətdə Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin genişlənəcəyini, dərinləşəcəyini, ortamüddətli perspektivdə isə mühüm beynəlxalq layihələrin uğurla həyata keçiriləcəyini proqnozlaşdırmaq olar. Üstəlik, bununla bağlı böyük maraq var və bu qarşılıqlıdır.



MƏSLƏHƏT GÖR:

58