19 May 2024

Bazar, 07:28

DƏSTƏK QALIR, YA AZALIR?

Qərb Ukraynaya yardımı davam etdirmək niyyətində olsa da, onun müddəti haqda müxtəlif variantlar var

Müəllif:

15.10.2023

Ukrayna cəbhəsində gedən ağır mövqe döyüşləri Amerika və Avropanın siyasi kluarlarında qızğın müzakirələrlə müşayiət olunur – Qərb Ukraynaya yardımı nə qədər davam etdirəcək? İctimaiyyət qarşısında praktik olaraq bütün siyasətçilər Kiyevə qeyd-şərtsiz dəstək ifadə etsələr də, kulis arxasında fərqli fikirlər də eşidilməkdədir. Belə təəssürat yaranır ki, hazırda Qərb ölkələrinin xarici siyasi gündəliyində Ukraynaya miqyaslı dəstək mövzusu getdikcə daha aktual xarakter almaqdadır. Yardımın azaldılacağı ehtimalı Qərbin aparıcı siyasətçilərinin tərəfdarlarına daha fəal çağırışlar etmək məcburiyyətində qoyur. Onlar hesab edirlər ki, gələcəyin qeyri-müəyyən olduğu indiki şəraitdə Kiyevə yardımın həcmi və tempi azalmamalıdır.

 

Siyahıda prioritetlər göstərilmir?

Oktyabrın əvvəlində ABŞ Konqresinin hər iki palatası 45 günlük büdcə layihəsini qəbul edib. Sənəddə hökumətin maliyyləşdirilməsi və təbii fəlakətlərdən zərər çəkənlərə dəstək məsələləri təsdiqlənib. Amma Ukraynaya yardımın ayrılması isə gündəlikdə olmayıb.

Nəticədə ekspertlər və müşahidəçilərdə sual yaranıb: Bayden administrasiyasında Ukraynaya ayrılacaq vəsait varmı? Belə bir vəziyyətdə ABŞ və Avropa rəsmiləri arasında Amerikanın Kiyevə yardımı tam dayandıracağı təqdirdə Avropanın bu işin öhdəsindən necə gələ biləcəyinə dair mübahisələr gedir. Bu, xüsusilə iqtisadi və humanitar yardıma aiddir. Hər halda, Avropa ABŞ-ın qısa müddətdə lazımi silahları istehsal etmək potensialı ilə ayaqlaşa bilməz.

Bayden özü məsələyə mərhələli yanaşmanın tərəfdarıdır və o, ilkin olaraq Konqresdən Kiyevə qarşıdakı bir neçə ay üçün 24 milyard dollar ayrılmasını istəyib. Prezident ümid edir ki, amerikalı qanunvericilər bu varianta «yox» deməyəcək.

Vəziyyət daha çox Nümayəndələr palatasında respublikaçıların Kevin Makkartinin spiker postundan istefasına səbəb olmuş siyasi mübahisəni necə həll edəcəklərinə bağlıdır. Makkartiyə qarşı olan respublikaçıların bəziləri onun Ukraynaya yardımın ayrılmasının qatı tərəfdarı kimi çıxış etməsindən narazı idilər. Onun postuna namizəd, Nümayəndələr palatasının üzvü, Ohayonu təmsil edən respublikaçı Cim Cordan isə spiker seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımının ayrılmasına dair qanun layihəsini Nümayəndələr palatasının müzakirəsinə çıxarmayacağını bildirir.

Belə bir vəziyyətdə demokratların bəzi siyasi güzəştlərə getməklə, respublikaçıları fikirlərindən döndərə biləcəkləri düşünülür. Məsələn, onlar ABŞ-Meksika sərhədi vasitəsilə qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün daha sərt tədbirlərə əl atılması tələbini qəbul edə bilərlər. Amma bu, sadəcə dəqiq cavabı bilinməyən ehtimaldan başqa bir şey deyil.

 

Avroidealizm ilə sərt praqmatizm arasında

Konqresin palatalarının iclasları ilə praktik olaraq eyni vaxtda Avropa İttifaqının, demək olar ki, bütün ali nümayəndələri ilk dəfə ittifaqdan kənarda – Kiyevdə bir araya gəliblər. Bu, oktyabrın 3-də baş verib. Onlar bununla Ukraynaya dəstəklərini nümayiş etdirmək, Avropa ictimaiyyətinin diqqətini Kiyevə yardım probleminə çəkmək istəyiblər. Onlar xatırladıblar ki, son 18 ayda Aİ ölkələri Rusiyaya iqtisadi sanksiyaların 11 raundunu razılaşdırıb, Ukrayna hərbçilərinə hazırlığın keçilməsini təmin edib, tarixdə ilk dəfə Aİ-dən kənara letal silahların tədarükünü maliyyələşdirib. Amma hələ də daha ciddi səylərə ehtiyac var, çünki hərbi əməliyyatlar bitmir, Ukrayna ordusunun əks-hücumu isə ciddi çətinliklərlə üzləşir. Hər halda, bunu Kiyevin özü də etiraf edir.

Amma çətinlikləri Ukraynanın avropalı müttəfiqləri də yaşayır. Bu ölkələrdə iqtisadi tənəzzül yaşanır, Kiyevə artan yardımların tənqid olunması fonunda siyasi birliyin qorunub saxlanması çətinləşir. Buna ən parlaq nümunə Slovakiyadır. Bu ölkədə keçirilmiş növbəti parlament seçkisi Robert Fitsonun partiyasının qələbəsi ilə bitib. Bu həmin Fitsodur ki, seçkiqabağı kampaniya dövründə «Ukraynaya bir dənə patron belə, göndərməyəcəyinə» söz vermişdi.

Polşada isə Ukraynaya taxıl ixracı ilə bağlı mübahisə yaşanır. Oktyabrda keçiriləcək seçkiyə hazırlaşan hakim «Haqq və ədalət» partiyası seçiciləri Ukraynanın maraqlarını ölkə vətəndaşlarının maraqlarından yuxarı tutmayacağına inandırmağa çalışır. Polşa rəhbərliyi hələ ötən ay bəyan edib ki, mövcud öhdəliklərini yerinə yetirdikdən sonra Kiyevə əlavə silah-sursat göndərməyi düşünmür.

İspaniyanın Qranada şəhərində keçirilmiş sammitdə qeyd olunan ziddiyyətlər özünü daha aydın göstərib. Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts təcili qərarların qəbulu prosedurunun asanlaşdırılması üçün Aİ-də islahatlar proqramının qəbul edilməli olduğunu bildiriblər. Aİ rəhbəri isə Ukraynanın quruma qəbulu ilə bağlı şərti tarixin müəyyənləşdirilməli olduğunu deyib. Əvəzində, ittifaqın «yeni üzvlər»i qərarların qəbulunda veto hüququ və konsensus prinsipinin qorunub saxlanmalı olduğunu düşünürlər.

Gələn il ümumavropa seçkilərinin keçiriləcəyini nəzərə alsaq, ölkələrində populist əhvalın artması ilə üz-üzə qalmış bəzi mötədil liderlər dilemma qarşısındadırlar: avroidealizm, yoxsa sərt praqmatizm?

 

Avropa İttifaqı ciddi islahatlar astanasında

Fransa və Almaniya kimi yaxın müttəfiqlərin islahatların müddəti və xarakterinə dair razılığa gələ bilməmələri problemin miqyasını göstərir. Fikir ayrılıqları 2030-cu ilədək Aİ-nin genişlənməsi məsələsində də yaşanır. Üstəlik, ziddiyyətlər özünü yalnız dövlətlər arasında yox, Aİ rəhbərliyindəki əsas şəxslər arasında da göstərir.

Serbiya, Kosovo, Bosniya, Monteneqro, Şimali Makedoniya və Albaniya prezidentləri ötən ay bəyan ediblər ki, qurumun genişlənməsi «2030-cu ildən gec olmayaraq» baş verməlidir. Onlar bu məsələdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mövqeyini dəstəkləyirlər. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə yeni üzvlərin Aİ-yə «xidmətlərinə görə» qəbul edilməsini vacib sayır. Onun fikrincə, üzvlük hansısa müddətə uyğun yox, ayrı-ayrı dövlətlərin qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırması prinsipinə əsasən həll edilməlidir. Bununla yanaşı, məlumdur ki, qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması prosesi bəzən bir neçə il çəkə bilir.

Eyni zamanda Aİ-nin cənub ölkələri immiqrasiya problemini də həll etmək istəyir. Çünki qaçqın axını, həmçinin Avropaya köç zamanı dənizdə boğulub ölən insanların sayı durmadan artır. Belə bir vəziyyətdə Polşa ilə Macarıstan planlaşdırılan dəyişikliklərin əleyhinə çıxış edirlər. Polşa hökuməti Avropanın qaçqın və qeyri-leqal miqrantlara münasibətdə qaydalara yenidən baxılması planının tənqid edir, bunu Brüssellə Berlinin «diktəsi» sayır. «Biz Brüssel və Berlindən gələn buyruqlardan qorxmuruq», - deyə Polşanın baş naziri Mateuş Moravetski Qranadadakı toplantı zamanı bildirib: «Plan qeyri-leqal miqrantların onları qəbul etmək istəməyən ölkələrə buraxılmasını və son dərəcə ağır cəzaların tətbiqini nəzərdə tutur… Polşa buna qəti şəkildə etiraz edir».

Macarıstan hökumətinin başçısı Viktor Orban isə daha da irəli gedərək, təklif olunan qanunu «qanuni zorlama» ilə müqayisə edib. Söhbət Aİ ölkələrinin üzərinə miqrantların bir hissəsinin qəbulu və ya onları qəbul etmiş ölkələrin maliyyələşdirilməsini nəzərdə tutan qanundan gedir.

Beləliklə, Avropa İttifaqı ölkələri arasındakı ziddiyyət Ukraynaya yardım proqramının icrası baxımından da mənfi fon yaradır. Bu mənada, çox şey cəbhədəki vəziyyətdən, daha konkret desək, Ukraynanın əks-hücum əməliyyatlarından asılıdır.

 

Hücum əməliyyatları ləng gedir

Prezident Zelenski cəbhədəki vəziyyətdən danışarkən Ukrayna Silahlı Qüvvələrinin (USQ) üç problemlə qarşı-qarşıya qaldığını bidirib: «Minalı ərazilər, sursat çatışmazlığı və zenit qurğularının yoxluğu». Onun fikrincə, şaxtalı qış vəziyyəti daha da ağırlaşdıra bilər.

Belə vəziyyətdə Ukrayna tərəfi irəliləyişdən yox, effektiv müdafiədən danışır. Məsələn, Kiyevə müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin verilməsi zərurətindən. Qranada sammitində bu məsələ də müzakirə olunub və Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi haqda razılıq əldə edilib.

Lakin Zelenskinin tənqidçiləri bütün bunların kifayət olmadığı qənaətindədirlər. Amma hökumət bu fikirlə razılaşmır, üstəlik, USQ-nin Zaporojye istiqamətində və Qara dənizdə uğurlar qazandığını bildirir. Kiyev bu məsələdə Avropanın hərbi məmurlarının bəyanatlarına da istinad edir. Məsələn, Böyük Britaniyanın kiçik müdafiə naziri Ceyms Hippi Ukraynanın «Avropa həqiqətləri» nəşrinə müsahibəsində deyib ki, Ukraynanın əks-hücumunun ləng getməsinə baxmayaraq, «onun baş vermədiyini söyləmək olmaz». Hippi hesab edir ki, «Ukrayna Rusiyanın Qara dəniz donanması üzərində ciddi qələbə əldə edib».

Moskvada isə fərqli düşünür, hərbi planda hər hansı dəyişikliyin olmadığını bildirirlər. Rusiya prezidenti Vladimir Putin Valday forumundakı çıxışı zamanı deyib ki, Ukrayna yay əks-hüumu zamanı müxtəlif modifikasiyalı 1900 zirehli maşınını itirib.

İstənilən halda, Ukrayna müharibəsi davam edir, onun eskalasiyası riski azalmır. Beynəlxalq arenadakı diskussiyalarda isə əsasən bir ortaq nəticə əldə olunur: Ukrayna dəstəklənməlidir, xüsusilə söhbət humanitar dəstəkdən gedirsə. Hərbi yardım məsələsindən fərqli olaraq, bu işdə müharibənin tənqidçiləri də yekdil fikirdədir. Əsas məsələ – Ukrayna savaşının nə vaxt və necə bitəcəyi sualına isə hələ də cavab yoxdur. Bu mənada müxtəlif ssenarilərdən bəhs olunsa da, indiki halda onlardan heç biri real görünmür.



MƏSLƏHƏT GÖR:

53