19 May 2024

Bazar, 05:32

İTALİYADA İKİ DƏFƏ

Gövhər Beydullayeva və Məhəmməd Muradlı şahmat üzrə dünya çempionu olublar

Müəllif:

01.11.2023

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə Dünya çempionatı Azərbaycan təmsilçilərinin parlaq qələbəsi ilə yadda qalıb. Mötəbər yarışda iştirak edən şahmatçılarımız birinci yeri tutmaqla yarışın qalibi adını qazanıblar.

 

İki idmançı - üç mükafat

Rapid yarışlarında şahmatçımız Gövhər Beydullayeva tarixi uğura imza atıb. O, 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. Ötən il 20 yaşlılar arasında klassik şahmatda dünya çempionu olan G.Beydullayeva bu dəfə rapid üzrə eyni uğuru təkrarlayıb. Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı rapid turnirini 6,5 xalla 13-cü yerdə başa vurub.

Blits üzrə dünya çempionatında da Azərbaycan azarkeşləri sevinib. Bu dəfə Məhəmməd Muradlı hamıdan çox xal toplayıb. 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayan M.Muradlı dünya çempionu tituluna yiyələnib. Xanım şahmatçıların yarışında G.Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə o, blits üzrə Dünya çempionatında bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 mükafat əldə edib. Birinci yeri tutan Gövhər Beydullayeva və Məhəmməd Muradlının şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Gövhər Beydullayevanın son illər göstərdiyi yüksək oyun səviyyəsi onun tezliklə daha böyük reytinqə malik olacağını sübut edir. Ardıcıl iki dəfə Azərbaycan çempionu olan G.Beydullayeva artıq milli komandanın əsas üzvlərindən birinə çevrilməkdədir. Məhəmməd Muradlıya gəlincə, şahmatçı rapid yarışında yol verdiyi səhvlərə görə mükafatsız qalıb. Amma blits mübarizəsində hamıdan güclü olduğunu göstərib.

 

Gələcəyə hədəflə

Məhəmməd Muradlı İtaliyada qazandığı qələbənin karyerasında xüsusi yer tutacağını bildirib: “İlk növbədə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev idmançıları daim dəstəkləyir. Bunun nəticəsində də belə uğurlar əldə olunur. Qazandığımız qələbəni dövlətimizin başçısına həsr edirik. Bu qələbə karyeramda xüsusi yer tutacaq və gələcək uğurlara həvəsləndirəcək”.

O bildirib ki, dünya çempionatında əsas məqsəd həm rapid, həm də blits növlərində uğurlu çıxış etmək idi: “Təəssüf ki, rapid yarışında bunu bacarmadım. Bundan sonra bütün gücümü toplayaraq, blits növündə mübarizə apardım. Sevindirici haldır ki, proseslər istədiyim kimi getdi. 11 oyundan 9,5 xal toplayaraq bütün rəqiblərimi üstələdim və yekunda dünya çempionu oldum”.

Səkkiz ildən sonra yenidən dünya çempionu olduğunu söyləyən M. Muradlı gələcəkdə də uğurlu nəticələr qazanmağa çalışacağını vurğulayıb.

Gövhər Beydullayeva “R+” jurnalına açıqlamasında yarış zamanı ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Ötən il olduğu kimi, bu il də qızlar və oğlanlar arasında qızıl medal qazanmağı bacardıq. Sevinirəm ki, İtaliyada iki dəfə Dövlət Himnimiz səsləndi. Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm. Yarışların hər biri çətin idi. Düzgün hazırlıq nəticəsində Azərbaycan təmsilçiləri hər ikisində uğur qazandı”.

Gənc şahmatçı qarşıda onu daha çətin turnirin gözlədiyini söyləyib: “Böyük Britaniyada “Grand Swiss”də iştirak edəcəyəm. Orada dünyanın ən güclü qadın qrossmeysterləri yarışacaqlar. Həmin turnirdə də yüksək performans göstərmək üçün əlimdən gələni edəcəyəm”.

Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov U-20 dünya çempionatında qızıl medal qazanan Gövhər Beydullayeva və Məhəmməd Muradlının nəticəsini böyük uğur adlandırıb: “Dünya çempionluğu Azərbaycan xalqı üçün böyük uğurdur. Bu, İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin 20 illik yubileyinə ən layiqli töhfə oldu”.

F.Həsənov 2023-cü ili şahmatçılar üçün uğurlu mövsüm kimi dəyərləndirib: “Bu il şahmatçılar yeniyetmələrin Avropa çempionatından 4 qızıl medalla qayıtdılar. Həmçinin məktəblilərimiz də bu turnirdə 6 medal qazandılar. Dünya çempionu olan şahmatçıların qələbəsini isə xüsusi qeyd etmək istəyirəm. Çalışacağıq ki, ilin sonuna qədər yarışlardan yenə medallarla qayıdaq”.

 

Budva “döyüşü”

İlin şahmat üzrə ən son ciddi sınağı qitə çempionatı olacaq. Noyabrın 10-21-də Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək. Mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti artıq məlumdur. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq. Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.



MƏSLƏHƏT GÖR:

57