19 May 2024

Bazar, 20:40

“BİZİ SİZİNLƏ BÖYÜK İŞLƏR GÖZLƏYİR!”

Kinorejissor Şamil Əliyev hesab edir ki, Azərbaycanın kino sənayesində yeni üslubda işləmək, yaratmaq və düşünmək vaxtı çatıb

Müəllif:

01.11.2023

Həmsöhbətimiz rejissor Şamil Əliyevin uğurlu yaradıcılıq yolu var. Çoxlu sayda bədii və sənədli filmlərin yaradıcısı, çoxsaylı beynəlxalq kinofestivalların qalibi olan azərbaycanlı rejissor bu il Azərbaycan filmlərinin ABŞ-nin “Oskar” Akademiya Mükafatına namizədliyi üzrə Komissiyaya rəhbərlik edib. Şəxsi nailiyyətlərinə və mükafatlarına baxmayaraq, Ş.Əliyev yerli kino sənayesinin taleyindən narahatdır. Onun fikrincə, Azərbaycan kino sənayesinin uğur qazanması üçün bütün imkanlar var.

- Kinematoqrafiya sahəsində böyük uğurlar qazanmısınız. Buraya həm müxtəlif müsabiqələrdə mükafatlar, həm də beynəlxalq səviyyədə tanınma daxildir. Eyni zamanda incəsənətlə məşğul olan insanlar Azərbaycanda kino sahəsi ilə bağlı hər şeyin arzuolunan səviyyədə olmadığını deyirlər. Bəs belə qeyri-müəyyən vəziyyətdə uğurlu rejissor olmağı necə bacardınız?

- Bu fikirlərdə həqiqət payı var. Xoşbəxtlikdən, mən məhz o rejissoram ki, filmləri iki dəfə Azərbaycandan “Oskar” mükafatına namizədlərin böyük siyahısında yer alıb. Həm də ilk dəfə idi ki, sənədli filmlə iştirak edirdik. Baxmayaraq ki, hamı bədii filmlərlə iştiraka öyrəşmişdi. Ötən il “Yaradanlar” adlı sənədli filmim “Oskar” mükafatına namizədlərin qısa siyahısına düşmüşdü. İndi isə xoş olmayan məsələ barədə danışım. Son bədii filmim olan “Çölçü”nü 2012-ci ildə lentə almışam. Bundan sonra uzun müddət ərzində heç nə çəkmədim. Yalnız 2018-ci ildə “Memar”, 2020-ci ildə isə “Yaradanlar" sənədli filmim çıxıb. Baxın, 9 il ərzində heç nə çəkmədim, layihəmi irəli çəkə bilmədim.

- Niyə?

- Mədəniyyət Nazirliyinin əvvəlki tərkibi ucbatından. Yalnız kənardan elə görünə bilər ki, bu sahədə qanunsuzluqlar baş verə bilməz. Lakin bunlar bizim fəaliyyətimizə ciddi təsir etdi. 2014-cü ildə “Xalı” tammetrajlı bədii filminin çəkilməsi üçün nazirliyə müraciət etdim. Bu, Azərbaycan üçün prioritet mövzudur. Vaxtilə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan xalçası UNESCO tərəfindən milli maddi-mədəni irs kimi təsdiq edilib. Rəqiblər çox idi, amma o, bunu bacardı! Amma Azərbaycan xalçası kimi mühüm mövzunun kino təcəssümü yox idi. Odur ki, bu, elə bir layihədir ki, istehsala qoyulmalıdır. Bu, Azərbaycanın adıdır. Lakin vəziyyət kritik həddə çatmışdı, üç filmimiz az qala “rəfdə qalırdı”.

- Bəs o zamankı vəziyyəti necə izah edə bilərsiniz?

- İddia irəli sürə bilmərəm, amma buna hər şey təsir edə bilərdi: qeyri-peşəkarlıqdan tutmuş müxtəlif məsələlərə qədər. Buna görə də, o vaxt vəziyyət çətin olduğunu söyləyə bilərəm. Əlbəttə ki, bu, o vaxt idi!

- Ancaq bunun fonunda yenə də beynəlxalq kinofestivallarda əsərlərinizi təqdim edə bildiniz.

- Bəli, bununla bağlı şikayətçi deyiləm. Amma “Xalı” filmini çəkə bilmədim. Bundan əvvəl “Arxaik motivlər” adlı layihə var idi. Daha sonra onun adı dəyişdirilərək “Qız qalası” oldu. O da istehsala verilməli idi, lakin onun çəkilməsi gecikdirildi. Allaha şükürlər olsun ki, indi nazirlikdə yeni, peşəkar tərkib var. Azərbaycan Respublikasının Kino Agentliyi yaradılıb. Həqiqətən ümid edirəm ki, proses “ölü nöqtə”dən tərpənəcək. Hər halda, “Xalı” filminin çəkilməsi üçün müraciət etmişik. Bu layihəyə təkcə Mədəniyyət Nazirliyi dəstək vermir. Söhbət ondan gedir ki, 2009-cu ildə Heydər Əliyev Fondunun sifarişi ilə “Azərbaycan xalçası” sənədli filmini çəkmişəm. Bu çox uğurlu layihəyə şəxsən Mehriban xanım Əliyeva rəhbərlik edib. O, Azərbaycan xalçasının müdafiəsi üçün çıxış edib və bu film onun sözlərini müşayiət edib. “Azərbaycan xalçası” filmi bir çox kinofestivallarda iştirak edib, hətta Kann festivalında “Short Film Corner” siyahısına daxil edilib.

- Bəs tammetrajlı bədii filmlərlə bağlı vəziyyət necədir?

- Qeyd etdiyim kimi, 2012-ci ildə “Çölçü” filmini əsrəyə gətirdim. O, böyük uğurlar qazanıb: film 150-dən çox kinofestivalda iştirak edib və 100-ə yaxın mükafat qazanıb. “Çölçü” iki dəfə “A” kateqoriyalı festivallarda “Ən yaxşı film” kimi iştirak edib: Tallində (“Qaranlıq gecələr”) və Qahirədə. Qahirədə cəmi 12 film təqdim olunmuşdu, bizim “Çölçü” filmi də onların arasında idi. 2014-cü ildə “Xalı” filminin ssenarisi artıq hazır idi, lakin artıq doqquzuncu ildir ki, çəkilişlərə başlaya bilmirik. Həm o, həm də “Qız qalası” tammetrajlı bədii layihələrdir. Buna görə də bütün səylərimiz onların həyata keçirilməsinə sərf olunur.

- Sizcə, şəxsi təşəbbüslə çıxış etdiyiniz layihələri, yoxsa “sifariş” edilən layihələri ərsəyə gətirmək asandır?

- Söhbət ondan gedir ki, yeni yaradılan agentlikdə üç kateqoriyada layihə var: dövlət sifarişi, kommersiya sifarişi və incəsənət əsəri. Biz ssenarini müsabiqəyə vermişik. Əgər ondan keçsək, onun istehsalı üçün vəsaitin bir hissəsinin məhz Mədəniyyət Nazirliyi tərəfindən ayrılacağına arxalana bilərik. Amma yerdə qalan maliyyə vəsaitini özümüz tapmalıyıq. Filmin büdcəsi bir milyon manata yaxındır və artıq konkret yardıma arxalanmağa imkan verən əlamətlər var.

- Kino layihəsinə pul tapmaq çətindir? Yəni kino layihələrinə maliyyə vəsaiti tapmaq inanılmaz dərəcədə çətin, çox çətin, yoxsa sadəcə çətindir?

- Çox çətindir və bunun səbəbini izah edəcəyəm. 100-120 min manatlıq kommersiya layihəsi üçün vəsait tapmaq çox çətin deyil. Açıq danışsaq, belə layihələr çox da dərin məna daşımır, onlar sırf əyləncə məzmunludur. Üstəlik, belə məhsul maliyyə vəsaitini geri qaytarmalı və hətta əlavə pul gətirməlidir. Amma mədəniyyət və tarixə əsaslanan incəsənət əsərlərinə vəsait tapmaq xeyli çətindir. Film mühitindən çox şey asılıdır. Bizim kino sənayemiz hələ tam formalaşmayıb. “Azərbaycanfilm” bir vaxtlar sovet kino sənayesinin bir hissəsi idi, amma dağıldı. Rusiya Sovet İttifaqı dağılandan sonra bazanı birtəhər saxlaya bildi. Lakin biz hər şeyi yenidən yaratmalı idik. Bəli, cəhd etdik, amma kino sənayesi çox geniş bir istehsal sahəsidir. İnkişaf etmiş sənayedə kinonun tamamilə bütün janrları olmalıdır. Allaha şükür, qalib gəldik, torpaqlarımızı qaytardıq. İndi isə yeni tərzdə işləməyə, yaratmağa və gələcək üçün düşünməyə başlamağın vaxtı çatıb. Mədəniyyət Nazirliyinə yeni nazir Adil Kərimli təyin olunub. O, mədəniyyət və kinematoqrafiya sahəsində vacib və zəruri işlərdən başlayıb.

- Ümumiyyətlə, yeni şəraitdə kino xadimlərinin yaradıcılıq birliklərinə ehtiyacı var?

- Əgər iş düzgün qurularsa, demək, onlara ehtiyac var. Bunlar, əlbəttə ki, köhnəlmiş modellərdir. Lakin onlar yaradıcı layihələri, görüşləri, debatları, yeni ideyaların müzakirələrini, konfransları və ustad dərslərini düzgün yanaşma ilə yönləndirərlərsə, o zaman belə birliklər hətta faydalıdır. Sadəcə olaraq, dünya dəyişir. Odur ki, biz təkcə yaradıcılıq birliklərini təkmilləşdirməli deyilik. Bizim iki bütöv birliyimiz var və onlar nəinki birləşmək, həm də daxili məzmunda, yəni düşüncədə islahatlar etmək niyyətindədir. Yaradıcı birliklər daxil olmaqla, biz müstəqil Azərbaycana kino incəsənətimizi inkişaf etdirmək, bu sahədə bizə yad olan maraqlara xidmət etməmək üçün kömək etməliyik. Bizi sizinlə böyük işlər gözləyir!

- Mənə Kino Agentliyindəki layihələrin qradasiyası maraqlıdır. Sırf hipotetik olaraq, kommersiya layihəsinin hazırlanacağını düşünərkən sonda incəsənət əsəri ərsəyə gətirmək mümkündürmü?

- Xeyr, bu, mümkün deyil.

- Niyə? Mövzu buna uyğun deyil?

- Yanaşma fərqlidir. Pis və ya yaxşı mövzu anlayışı yoxdur! Sualınızı fərqli istiqamətdə vermək olar: bədii əsəri və ya dövlət sifarişi ilə filmi çəkməklə kommersiya uğuru əldə etmək olarmı? Bu mümkündür. Ancaq qeyri-kommersiya layihələri üçün fərqli tələblər var və onlardan maliyyə vəsaitini geri qaytarmaq tələb olunmur. Yəni bu kateqoriyaya daxil olan filmlər dövlət maraqlarına xidmət edir və bunlarda tamamilə başqa məsələlər ön plana çəkilir. Həm də söhbət ondan gedir ki, kommersiya məhsulunun yaradıcıları qarşılarına belə vəzifələr qoymurlar.

- Söhbət hansılardan gedir?

- İncəsənət əsərlərinin yaradılmasından.

- Yaxud heç olmasa yüksək peşəkarlıqla ərsəyə gətirilən əsərlərdən...

- Hər üç halda yüksək peşəkarlıq ilkin şərt olmalıdır. Bu, heç müzakirə belə edilməməlidir. Bunun üçün isə kadr və sənaye lazımdır. Hazırda Azərbaycan filminin kino prokatında payı nə qədərdir? Heç 5%-dən çox deyil. Doğrudur, son vaxtlar onların sayı artıb, lakin hələ də bu, kifayət deyil. Sənaye üçün tələblərdən biri də prokatdır. Yəni 55%-i yerli kino, qalan 45%-i isə xarici kino olmalıdır.

Əgər biz qanun qəbul etsək ki, prokatların 15%-dən çoxu xarici filmlər ola bilməz, yəni süni maneə yaratsaq, bu zaman kinoteatrlar sadəcə olaraq fəaliyyət göstərə bilməyəcək. Dublyajla bağlı da problemlərimiz var. Bir çox filmlərin rus dilində dublyajı var. Azərbaycan dilində alt yazılar həll yolu deyil. Bir insan filmə baxmağa, yoxsa alt yazı oxumağa gəlib?

Vaxtilə Azərbaycan dublyajı yüksək səviyyədə idi. Bir hadisəni sizə danışmaq istərdim. Uzun müddət əvvəl Sovet İttifaqında Şekspirin əsəri əsasında “Kral Lir” filmi çəkilmişdi. Onun rejissoru Qriqori Kozintsev idi. Yuri Yarvetin ifa etdiyi baş qəhrəmanı Zinovi ​​Qerdt səsləndirdi. Bizim üçün bu rolu mərhum Səmənder Rzayev səsləndirib. Dahi! Belə aktyorlar, hətta qlobal miqyasda, olduqca nadirdir. Onun Kral Liri neçə yaşında səsləndirdiyini bilirsinizmi? 26 yaşında! O zaman dublyaj rejissoru Əlisəttar Atakişiyev idi. O, heç bir mübaliğəsiz, dahi rejissor idi. Beləliklə o, köməkçisini o zaman kinostudiyanın direktoru olmuş Adil İsgəndərovun yanına göndərdi ki, Səməndər Rzayevə Kral Liri səsləndirməyə icazə versin. Rejissoru 26 yaşında olan aktyora dünya dramaturgiyasında bu simvolik obrazı səsləndirməyə icazə verməyə inandırmaq üçün tam bir ay lazım idi. Nəhayət, Adil İsgəndərov təslim oldu və gənc aktyorun bu işin öhdəsindən necə gələ biləcəyini öyrənmək üçün sınaq yazısının hazırlanmasını əmr etdi. Sizi təfərrüatlarla yormayacağam, sadəcə deyim ki, Rzayev buna çox qeyri-ciddi yanaşmışdı. O, studiyaya tamamilə hazırlıqsız gəlmişdi. O, ya ona verilən mətni itirmiş, ya da evdə unutmuşdu. Studiyada ona mətni yenidən verdilər. S.Rzayev mətni bir-iki dəfə oxudu və fraqmenti dərhal, ilk çəkilişdə lentə alındı. Dahi! Moskvada keçirilən bütün Sovet İttifaqının dublyaj filmləri festivalında bu xüsusi əsər birinci yeri tutdu. Festivalda iştirak edən Zinovi ​​Qerdt Kral Liri Azərbaycan dilində səsləndirən aktyorun yaşlı olduğunu və buna azı bir il hazırlaşdığını düşünürdü. Lakin ona S.Rzayevin heç hazırlaşmadığını, cəmi 26 yaşının olduğunu dedilər. Əsl, istedad idi. Bizim dublyajla bağlı belə ənənələrimiz var. Odur ki, biz yenidən dublyaj məktəbi yaratmalıyıq, çünki çox istedadlı aktyorlarımız var.

- Hər dövrün öz mövzuları var. Elə dövrlər olub ki, insanları əyləndirmək, yaxud əksinə, bəzi ideyalar barədə düşünməyə sövq etmək lazım olub. Həm moda, həm də ümumbəşəri insan problemləri var. Bəs indi hansı mövzulara tələbat var? Hansı mövzularda filmlər çəkmək və hansı mövzularda kinolar yaratmaq istərdiniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra incəsənət adamlarının çiyninə çox böyük məsuliyyət düşdü. Yeni təfəkkürün formalaşdırılması, bu müstəqilliyin dərk edilməsi üçün Azərbaycan cəmiyyətinin təhrif olunmuş formada göstəriləcəyi filmləri çəkmək olarmı? Bəs belə filmlər nə ilə nəticələnəcək? Özünə inamın olmaması ilə. Əgər uşağa erkən yaşlarından onun dəyərsiz, cahil olduğu aşılanarsa, belə uşaqdan necə insan formalaşacaq? Biz istedadlı, məqsədyönlü insanların, xoş yumorun, böyük incəsənətin mövcud olduğu xalqın həqiqətəuyğun obrazını yaratmalıyıq. Amma təəssüf ki, öz şəxsi problemlərini kino vasitəsilə həll etməyə çalışan rejissorlar da var.

- Sizcə, incəsənət adamı təcrid vəziyyətində qalmalıdır?

- Xeyr, heç bir halda. Amma o, incəsənət vasitəsilə komplekslərini müalicə etməməlidir. İncəsənət əsəri vasitəsilə kompleksləri nümayiş etdirmək və ya kimdənsə - valideynlərdən, uşaqlardan qisas almaq olmaz. Üstəlik, bunu yaradıcılıq azadlığı adı altında dövlət hesabına etmək olmaz.

- Bəs indiki dövr nə diktə edir?

- Təkcə Azərbaycanda deyil, bütün dünyada liberalizm vasitəsilə əsas sistemdən uzaqlaşmaq təsvir olunur. Qloballaşma adı altında... Yeri gəlmişkən, “Çölçü” filmi məhz bu məsələyə həsr olunub. Hər bir incəsənət adamı tamaşaçıya nə demək istədiyini aydın başa düşməlidir. Söhbət konkret əsərdə təcəssüm olunan əbədi və ya anlıq ideyalar və ya vəzifələrdən gedir. Mən anlıq məsələlərlə məşğul olmuram. Yəni aktuallığını maksimum bir il qoruyacaq mövzularla işləmirəm. Yəni söhbət bir ildən sonra aktuallığını itirəcək mövzulardan gedir. “Çölçü”nün mövzusu aktual və əbədi olduğuüçün bu film hələ də beynəlxalq festivallarda iştirak edir. Məsələn, dəvət aldığım “Manhaym və Heydelberq” (“Internationales Film Festival Mannheim-Heidelberg”) mötəbər beynəlxalq kinofestivalı keçiriləndə təşkilatçılar hesab etmişdilər ki, filmdə qloballaşma mövzusu və bunun dünya ictimaiyyəti üçün nə dərəcədə məqbul olub-olmaması məsələsi qaldırılıb. Bəli, filmdəki hadisələr Azərbaycanda cərəyan edir, amma bu mövzu məni də narahat edir. Bu proses bütün dünyada getdiyinə görə, bu, bizə də aiddir. Üstəlik, qloballaşma böyük təzyiqlə gedir, necə deyərlər, buna qarşı çıxmaq mümkün deyil. Heç bir xalq buna müqavimət göstərə bilməz, amma bu prosesin diktəsi ilə hərəkat etmək çox təhlükəlidir. Çünki xalq öz köklü sistemini dərk etmədən istehlak fəlsəfəsi ilə biokütləyə çevrilir. Bununla bir çox xalqlar öz kimliyini, kökünü itirir.

- Sizə elə gəlmirmi ki, bir vaxtlar Sovet İttifaqı da müəyyən mənada bir çox xalqların kimliyini birləşdirib?

- Buna görə də bu ölkə tarixə qovuşdu. Almaniyadakı festivala qayıdaq. Filmimin əsas mesajı ilə tanış olan qloballaşma tərəfdarları mənimlə görüşə gəldilər. Nümayişdən sonra ənənəyə uyğun olaraq rejissorla tamaşaçılar arasında görüş olmalı idi. Dialoq zamanı mənə sual verdilər ki, mən niyə qloballaşmanın əleyhinəyəm? Onlar dedilər ki, guya məhz qloballaşma sayəsində bu festivala qatılmışam. Cavab verdim ki, onlar öz rollarını və təsirlərini lap yüksək qiymətləndirməli deyillər. Bəli, mən burdayam. Amma öz xalqımın kimliyi ilə maraqlanan bir azərbaycanlı kimi iştirak edirəm. Filmdə açıq final var və əsərdə son cavabı vermirəm.

- Razılaşın, ümumbəşəri dəyərlər bütün dünyada insanlar üçün başadüşülən universal mövzulardır. Yəni bu zaman sizə bu və ya digər personajın niyə belə hərəkət etdiyini izah etməyə ehtiyac yoxdur.

- Bəli, şübhəsiz ki, bu belədir. Məsələn, böyük isveç rejissoru Ernst Berqmanın din xadimi olan atası ilə çox çətin münasibəti var idi. Rejissor isə hər filmində bu mövzuya toxunsa da, atasından intiqam almayıb, əksinə bu məsələni anlamağa çalışıb. Bu, yəni keşişlə incəsənət adamı arasında məsələ əbədi mövzu, qarşıdurma hekayəsidir.

- Bəs indi hansı əbədi mövzular aktualdır?

- Məsələn, sosial, ailə problemləri ilə bağlı mövzular. Yaxud postmüharibə dövrünə dair mövzular. Bəli, müharibə başa çatıb, amma onun əks-sədası hələ uzun müddət eşidiləcək. Bu faciədir və çox insanlara təsir edib.

- Möhtəşəm mövzu bacarığı olmayan rejissorun filminin uğurlu olmasına yardım göstərə bilərmi?

- Əlbəttə ki, yox. O, həm filmi, həm də mövzunu məhv edəcək. Fuad Poladovla çəkdiyim “Təsadüfi görüş” filminə baxın. Bu, sevgi və vətən mövzusunda olan çox ibrətamiz filmdir. Bu film ABŞ-də birinci mükafatını qazandı. Bütün Avropa bu filmə heyran olmuşdu.

- Bəs seriallara necə münasibət bəsləyirsiniz?

- Bu, kinematoqrafiyanın çox vacib hissəsidir. Onu qiymətləndirməmək olmaz. Bütün dünyada müxtəlif janrlarda seriallar istehsal olunur. Onlar istehsala çox ciddi və məsuliyyətlə yanaşırlar. Amma ölkəmizdə bu seqment zəif inkişaf edib. Rusiyada serialların hansı mövzularda çəkildiyinə diqqət yetirin. Bunlar detektiv hekayələr, tarixi hadisələr, müharibələr, görkəmli şəxsiyyətlər haqqındadır. Orada yaxşı səviyyədə seriallar çəkilir. İdeoloji fon qorunub saxlanılır, prosesin özü də yaxşı təmin olunur. Serial böyük dramaturgiya və ucuz olmayan çəkiliş prosesidir.

- Müsahibəyə görə təşəkkür edirəm.



MƏSLƏHƏT GÖR:

55