19 May 2024

Bazar, 20:23

YUMORLA AYQDA QALMAQ

Teymur KƏRİMZADƏ: “Biz göstəririk ki, “Bakılı oğlanlar”dan sonra da Azərbaycanda rusdilli komediya janrı yaşayır”

Müəllif:

01.11.2023

Bu gün “Stand up” çox populyardır. Stendap-komediyaçıların konsert salonları dolu olur, bəzi “strim” platformaları onların çıxışlarını, şoularını yayımlayır və hər həftə komediya klubları dünyanın müxtəlif ölkələrində barlarda toplaşırlar. Güman ki, hər birimiz azı bir dəfə “Stand”ı eşitmişik: konsertdə, evdə televizora baxarkən... Hətta iş yerində belə. Söhbət müdirin ayaqüstü yorucu çıxışından gedir (hətta bəziləri kollektivi “tərbiyə etmək” üçün mütəmadi çıxışlar edirlər. Belə deyək, “tonusu” saxlamaq üçün).

İstənilən halda, “Stand up” janrında komediyaçı onun problemlərini, fikirlərini və həyatla bağlı düşüncələrini eşitməyə hazır olan publika qarşısında tək çıxış edir. Doğrudur, kənardan təcrübəsiz bir insana hər şey daha sadə görünür: komediyaçı zarafat vasitəsilə məişət hekayələrini danışır. Yeri gəlmişkən, ABŞ-də Mark Tven “stand-up” komediyasını yaradan şəxslərdən biri hesab olunur (bəli, söhbət Tom Soyer obrazını yaradan dahidən gedir).

Şifahi yumoru və komediya bazarına “Comedy Bazaar” çıxanda “Stand up” Azərbaycan publikasını diqqətdən kənarda qoymayıb. Bu, dərhal çox ciddi və iddialı layihə olduğunu göstərib. İstənilən janr kimi, “Stand up” dünyasının da qanunları və incəlikləri var. Bu incəsənət növünün nüanslarını az da olsa başa düşmək üçün bu bazarın “qurucu atası” Teymur KƏRİMZADƏ ilə müzakirələr aparmağa ehtiyac var. O, bu sahə ilə  o qədər sıx məşğuldur ki, onu losman kimi qəbul etmək olar. Yəni o, zarafat “yolu”nu rahatlıqla keçə və “Stand up”ın xüsusiyyətlərinə müdaxilə etmədən gedə bilir.

- “Comedy Bazaar” platformadır? Bu istehsaldır? Qazanc vasitəsidir? Ümumiyyətlə, bu nədir?

- “Comedy Bazaar” iki il yarım əvvəl hazırladığım platformadır. Dörd il bundan əvvəl “Stand Up Bazaar” platforması var idi. Bu ideya Rusiyadan gəlib. O vaxt Moskvada “Stand Up Store” platforması var idi. Lakin bu, Şərq tematikasına tam uyğun gəlmirdi. Ancaq bu platforma bazara tam uyğun idi! Ancaq “Stand up”a dair bu bağlılıq çox dar çərçivədə idi və daha geniş bir format yarandı. Söhbət “Comedy Bazaar”dan gedir. Hesab edirəm ki, bu, Azərbaycan tamaşaçısı üçün çox uyğundur. Yəni Şərq üslubundadır. Onun adı da koloritdir...

- Şəxsən sizin yumorunuza xas olan milli xüsusiyyətlər varmı? Bu, bir neçə il qabaq yaratdığınız “Comedy Bazaar”da var?

- Milli xüsusiyyətlər? Mən Bakıda anadan olmuşam. Bakılılar isə hər zaman xüsusi yumor hissləri ilə fərqləniblər. Mən zarafat etməyi sevən insanların mühitində boya-başa çatmışam. Hesab edirəm ki, burada özünəməxsus kolorit var. Təəssüf ki, bəlkə də xoşbəxtlikdən, mənim lüğətimdə konkret Bakı ləhcəsi yoxdur. Axı, mən rusdilli azərbaycanlıyam. Bizim ləhcəmiz isə sözlərin sonluqlarının uzadılması ilə məşhurdur. Bu, bir növ bizim özəlliyimizdir. Yəni ona ancaq azərbaycanlılarda rast gəlinir. Məsələn, mən başqa ölkəyə səfər edəndə həmişə fəxrlə vurğulayıram ki, mən Azərbaycandanam, Bakıdanam. Bu yaxınlarda “Raqmet Comedy Festival” da iştirak etmişəm. Bu, Qazaxıstan tarixində müxtəlif ölkələrdən çoxlu sayda komediyaçıları bir araya gətirən ən böyük “Stand up” festivalı idi. Mən isə Azərbaycanı təmsil edirdim. “Gündəliklər”in çəkilişinə kömək edən videoqraf da mənimlə Astanaya getdi, biz Rusiyanın tanınmış komediyaçılarından və Qazaxıstanın aparıcı komediya aktyorlarından müsahibə götürüb onları Bakıda çıxış etməyə dəvət etdik. Planlarımız gələn ilin yazında Azərbaycanda öz “Stand up” festivalımızı təşkil etməkdir, onun konsepsiyası hazırda “Comedy Bazaar”ın bazasında hazırlanır. Bu sahədə tanınmış komediyaçıları cəlb etmək istəyirik. Bundan başqa, göstərmək istəyirik ki, KVN-nin (“Şən və hazırcavablar klubu”) “Bakılı oğlanlar” komandasından sonra rusdilli şifahi komediyanın inkişaf etməməsinə baxmayaraq, bu janr hələ də yaşayır. Üstəlik, bununla göstəririk ki, ölkəmizi bu yumorla xatırlayan insanlar bilsinlər ki, yenidən qastrol səfərində bizə gələ bilərlər. Onların çıxışları həmişə xoş qarşılanır, çünki azərbaycanlılar dünyanın ən qonaqpərvər xalqıdır.

- “Stand up”ı vizit kartı hesab etməliyikmi?

- Düşünürəm ki, hər hansı komediyaçı çıxıb səhnədən danışırsa, xalq qarşısında hansısa fikirlər səsləndirir və publika qarşısında danışırsa, demək, o, artıq bu və ya digər baxışların səfiridir. Əgər biz bəzi məlumatları insanlara çatdırırıqsa, xüsusən də bu Azərbaycandan kənarda baş verirsə, o zaman ilk növbədə təkcə milli kimliyimizi deyil, həm də Azərbaycan dəyərlərinin vacibliyini vurğulamalıyıq. Axı, tariximiz bizim qürur mənbəyimizdir.

- Bu sahə ilə bağlı çox anlayışı olmayan insanlar “Stand up” yumorunun adi zarafat formatından fərqli olduğunu düşünürlər.

- Yumor illər keçdikcə dəyişir. Bu sahədə də ictimai inkişaf dinamikası üçün səciyyəvi olan tərəqqi gedir. Əvvəllər bu, bir aktyorun teatrı adlanırdı. Əslində, əfsanəvi Mixail Jvanetski də bir növ “stendaper” idi. Sadəcə, yumor bizim zamanla nə qədər ayaqlaşdığımızdan asılıdır. Bu, müasir tamaşaçıya nə dərəcədə yaxındır? Razılaşın ki, son onilliklərdə komediyaçılar yalnız müəyyən dövr ərzində bir dəfə çıxış edirdilər. Bu gün internet əsrində hər kəs video çəkib internetə yerləşdirə bilər. “Stand up”, mahiyyətcə, öz şəxsi dramınız, şəxsi ağrınızdır. Bu yolla yaşadığınız və başqalarına çatdırmaq istədiyiniz məsələləri edirsiniz. Buna görə də özünüzü istədiyiniz kimi adlandıra bilərsiniz, amma hesab edirəm ki, “Stand up” dinləyicini şəxsi hekayənizə qərq etmək deməkdir.

- Bu, bir növ özünüz haqqında hər şeyi danışmaq deməkdir...

- Yeri gəlmişkən, bir çox insanlar üçün bu, psixoterapiya kimi işləyir. Bu zaman insan bəzi problem və qayğılarından sakitcə danışa bilir. Belə bir xalq inancını xatırlayırsınız? Qorxulu yuxu görəndə, onu axar suya danışmaq lazımdır. Bu, publikaya çıxmağa da aiddir. Bununla sizi narahat edən məsələləri bölüşürsünüz. Nəticədə, görürsünüz ki, bu mövzular da kiməsə yaxındır. Bilirəm ki, bir çox müalicələrdə, o cümlədən narkomanların reabilitasiyasında qrup seanslarında eyni “açıq mikrofon” texnikasından istifadə olunur. Bu yanaşma hər şeyin öhdəsindən gəlməyə kömək edir. Bəli, pis aludəçiliklər məndən yan keçib, amma müəyyən psixoloji problemlər yaşadım. Çox az adam bu problemlərdən yan qaça bilib... Bu problemlər haqqında səhnədə danışanda, onlara yumorla yanaşmağa çalışanda bir növ sakitləşirsən. Kənardan elə görünür ki, səhnəyə çıxmaq, çıxış etmək çox asandır. Lakin bundan əvvəl hazırlıq gedir, bu, kifayət qədər əmək tələb edən bir prosesdir. Bəli, bütün gücünü sərf etdiyinin tamaşadan sonra özünü yorğun hiss edirsən. Amma nəticədə rahat yatırsan!

- “Stand up” ilk baxışdan kamera zalı formatında qəbul edilir...

- Bunu on minlərlə tutumu olan zalları dolduran Cem Yılmaza deyin. Başa düşürəm ki, əvvəlcə “Stand up” komediyaçıları kiçik məkanlarda, bəzi kiçik “şaraşka”larda və ya barlarda çıxış edirdilər. Əvvəlcə bu komediya janrı qeyri-rəsmi idi: ona pivə, kokteyl iç-içə baxırdılar. Adamlar oturur və kimsə öz problemlərindən danışırdı. Daha sonra ona qulaq asmağa başladılar. Yavaş-yavaş belə hekayələr daha yüksək səslə səsləndirildi. Beləliklə, bu, daha çox yayılmağa başladı, çünki getdikcə daha çox insan şəxsi hekayələrin bu cür təqdimatını dinləmək istəyirdi. Hər birimiz, yəni hər hansı “Stand up” komediyaçısı ilk çıxışlarını bir neçə nəfərin qarşısında edir. Mənim üçün bu an Yeni il bayramı axşamı bir uşağın stulda oturaraq Şaxta babaya şeir söyləməsinə bənzəyir. Yeri gəlmişkən, bu, hər kəsin həyatında ilk “Stand up” çıxışıdır.

- Bəs sizin ilk ciddi “Stand up” çıxışınız nə vaxt olub?

- Bu barədə çox danışmışam və televiziya proqramlarında dəfələrlə qeyd etmişəm. Bu, 2013-cü ildə Çikaqoda baş verib. ABŞ-də yerləşən barların birində azərbaycanlı olduğumu dedim. Gördüyünüz kimi, yenidən söhbətimizin əvvəlinə qayıtdıq. İnsanların Azərbaycan haqqında həqiqətən heç nə bilməməsi məni utandırdı və bu vəziyyət məni mövcud olmayan adət-ənənələrimiz haqqında bəzi hekayələr söyləməyə sövq etdi. Bu cür hekayələri dinləyən insanlar inanırdılar. Bu məni narahat etdi. Mən haradan və necə gəldiyimlə bağlı gülməli hekayələr danışmağa başladım. Yəni Azərbaycan necə ölkə olması barədə.

- İnsanların cavab olaraq gülmədikləri ilə bağlı hallar olubmu?

- Əlbəttə! Doğrudur, müntəzəm deyil, nadir hallarda olur. Səhnəyə əminliklə çıxırsan ki, möhtəşəm zarafatınla “zalı partladacaqsan”. Həmin an bunun gülməli zarafat olduğunu düşünürsən. Amma... Doğrudur, son beş ildə çıxışlarım zamanı zalda heç vaxt sükut olmayııb... Lakin belə anlar da olub. Azərbaycanda format Rusiyadakı kimi fasiləsiz çıxışları nəzərdə tutmur. Orada publik çıxışların tezliyi müxtəlif məkanlarda gündə demək olar ki, üç dəfə olur. Bu, bacarıqlarınızı artırmağa və materialı sınamağa imkan verir. Bu ölkənin “Stand up” bazarındakı hətta ən məşhur komediyaçının belə uğur qazanmayan materialı olur. Amma fərq ondadır ki, onlar sıx iş yükü ilə təxminən 40 dəqiqəyə 10 səhifə yazıb, bir neçə gün eskizləri yoxlaya bilirlər. Bizim belə imkanımız yoxdur. Buna görə də çıxışlara hazırlıq daha intensiv, hekayələrin seçimi isə daha diqqətli olur. Amma biz çıxışların sayını artırmağa çalışırıq.

- Kiçik, yoxsa böyük zalda çıxış etmək asandır?

- Əlbəttə ki, böyük zalda çıxış etmək daha asandır! Çünki gülməli olsa, hamı üçün gülməli olacaq. Odur ki, gözlənilən reaksiyanı alırsınız. Zal üçün hətta xüsusi düzgün oturma tənzimləməsi belə var. Yəni insanlar bir-birinə yaxın oturmalıdırlar. Əgər bir tamaşaçı, məsələn, sadəcə alqışlamağa başlayırsa, onun ətrafındakılar da alqışlamağa başlayır və bu, dalğa kimi zala yayılır. Eyni şey, insanların gülməsinə də aiddir. Kimsə gülməyə başlayan zaman digər tamaşaçılar da refleksli şəkildə gülürlər. Amma məsələn, zalda 10 nəfər olanda bu, böyük problemdir. Burada 1 insanın gülüşü pis göstəricidir. “Stand up” üçün optimal zal yüz və ya iki yüz nəfərdir. Yüz nəfərlik zalda materialın necə olduğunu yoxlamaq olar. Buna görə də bizdə yüz əlli yerdən az olan zallarımız yoxdur. Bu, insanların nəyi bəyəndiyini və onlara nəyin uyğun olduğunu aydın başa düşməyə imkan verir.

- “Comedy Bazaar”da toplanan komanda kifayət qədər - rəngarəngdir. Bu təsadüfdür?

- Hər auditoriyanın öz tələbatı var. Necə deyərlər, hər məhsulun öz alıcısı var. Biz bir növ legitimliyə heç bir məhdudiyyət qoymuruq. Bir vaxtlar müəyyən prosesdən keçdik: insanlar “açıq mikrofonda” çıxış etməyə gəldilər - bəziləri daha yaxşı, bəziləri daha pis idi. Ən yaxşılarını seçdik və onlarla işlədik. Əgər insanın özünü bu sahədə sınamaq arzusu varsa – özlərini sınaya bilərlər! İndi bizimlə çıxış edən insanlar hansısa konkret xüsusiyyətlərinə görə yox, özlərini, ilk növbədə, öz materiallarının yaxşı müəllifi kimi göstərdikləri üçün ciddi hazırlaşır, gülməli çıxış edirlər.

- Siz öz çıxışlarınızın müəlliflərisiniz?

- Bəli. Təbii ki, ssenaristlər, materialı yazanlar var. “Stand up”da buna “ghostwriting” deyilir. Amma mən buna müsbət yanaşmıram. Çünki başqa bir insan “dramınıza müdaxilə edəndə” daha çox kimisə yataq otağınıza buraxırsınız. Sanki yad şəxs həyatınıza müdaxilə edib. Mübahisə etmirəm ki, kimsə sözləri dəyişərək zarafatınızın daha gülməli olmağına yardım göstərə bilər. Bu, yaxşıdır. Komanda işinin mahiyyəti budur. Ancaq kimsə sizin üçün zarafat yazırsa, bu, başqasının “köynəyini geyinmək” kimidir. Başqasının zarafatına gülmək olmaz. Düzgün deyil! Deyəcək xoş bir şeyiniz yoxdursa, tədbiri buraxmaq daha yaxşıdır. Başqalarının zarafatları ilə çıxış etməkdənsə, ümumiyyətlə çıxış etməyin!

- Bəs tələbatlı olmaq istəyi?

- O zaman işləmək lazımdır! Məsələn, tutaq ki, kisələrin olduğu yük maşınını boşaltsanız, pul qazanacaqsınız. “Stand up”da da eyni sistemdir. Zarafat yazdın, insanlar bunu qəbul etdi və pul qazandın. Əgər material yoxdursa, növbəti dəfə hazırlıqlı gəlməlisən. Başa düşməlisiniz ki, bu, insanların ciddi işlərlə məşğul olduğu tam ştatlı bir işdir. Orijinal məzmun hazırlamaq lazımdır. Pul qazandığınız hər hansı bir fəaliyyət hobbidən peşəyə çevrilir. “Comedy Bazaar” yüksək tələblərə malikdir: iki həftədən bir daim monoloqlar yazmaq və yüksək keyfiyyətli material hazırlamaq lazımdır. Məsələn, bu müddət ərzində beş məclisimiz var və insanlar bir ay ərzində bir saatlıq material hazırlamalıdırlar. Çətindir, mübahisə etmirəm, amma başqa yol yoxdur. Dekabr üçün beş yüz nəfərlik böyük konsert hazırlanır. Biz fəal şəkildə hazırlaşırıq. Çünki biz elə səviyyəyə çatmaq istəyirik ki, mövsümdə bir dəfə “Nizami” kinoteatrının səhnəsində böyük qastrol konserti verə bilək.

- Zarafatları təkrar etmək olarmı? Yoxsa hər konsertdə yeniləri olmalıdır?

- Əgər tədbirimiz iki həftə əvvəl “Stand up”ın keçirildiyi yerdə keçirilirsə, zarafatların təkrarlanması qəti şəkildə pislənir. Belə deyək, “giriş”dən istifadə edə bilərsiniz. Məsələn, bir adam deyir ki, “mənim həyat yoldaşım var”, daha sonra zarafata başlayır və sonra həyat yoldaşı haqqında bir blok var. İki aydan sonra isə bunu yeniləmək  üçün əvvəlki üç-dörd lətifəni götürərək bu bloku bitirir. Sonra yeni material hazırlayır. Doğrudur, mən bunun tərəfdarı deyiləm. Amma publika “köhnə”dirsə və zarafat yaxşıdırsa, bunu bir neçə dəfə dinləməyin əleyhinə deyiləm. Mənim dostum, rusiyalı komediya ustası Rəsul Qəhrəmanov bildirdiyi kimi, “mən uğursuz komediyaçılarla dostluq etmirəm. Bu, iddialı və ya təkəbbürlü olduğum üçün deyil! Komediyaçı gülməli deyilsə, demək, o, öz üzərində işləmir. Deməli tənbəldir. Mən tənbəl insanlarla dost deyiləm!” Bu fikri bəyəndim. Mən də eyni düşüncədəyəm. “Stand up” komediyaçısı kimi yeni zarafat yaza bilmirsinizsə, ya səhv edirsiniz, ya da sadəcə tənbəllik edirsiniz. Həm birinci, həm də ikinci bizim formatımıza uyğun gəlmir!

- Bəs zarafatlar haradan gəlir?

- Həyatdan. Beyindən. “Bu dəqiqə zarafat fikirləşəcəyəm!” düşüncəsi ilə hərəkət etmək olmaz. Bu, belə işləmir. Komediyanın bir neçə janrı var. Məsələn, müşahidələr nəticəsində yaranan komediya. Bu zaman ətrafınızda gördüyünüz hər şeydən gülməli hekayələr yaratmağa çalışırsınız. Beləliklə, bu yaxınlarda antiqəhrəman rolunda çıxış etdiyim həyatımın biabırçı hekayələrini xatırladım. Çox gülməli idi, çünki publika qarşısında danışacağım və gələcək materiala daxil edəcəyim hadisələrlə üzləşmişdim.

- Azərbaycanda “Stand up”ı dirçəltmək necə hissdir?

- Bu, Azərbaycandan heç yerə getməmişdi. “Stand up” yatan “qoca baba” kimi idi. Elə alınıb ki, o, nahara qədər idi ki, yatırdı və onu oyatmaq, ona dərman vermək lazım idi. Üstəlik, onun üçün mezoterapiya kursları təşkil etmək, kriokamerada yatmaq imkanı yaratmaq lazım idi ki, o, özünə gələ və çiçəklənə bilsin. İndi də yeni güclə bu “qoca baba” özünə diqqət çəkir, danışır, paylaşır. Çünki komediyanın əsas prinsipi müəyyən məna və əvəzsiz təcrübə nəticəsində yaranan bir hekayəni insanlara çatdırmaqdır.



MƏSLƏHƏT GÖR:

63