16 May 2024

Cümə axşamı, 15:32

VACİB SEÇKİ

Siyasi və sosial kursunu dəyişmək yolu seçmiş Polşada keçirilmiş seçki dünya ictimaiyyətinin diqqətində idi

Müəllif:

01.11.2023

Polşada keçirilmiş seçki Şərqi Avropanın yalnız öz regionunda deyil, həm də beynəlxalq arenada daha vacib rol oynamaq iddiasını getdikcə artıran bu ölkəsinin potensialını, iddialarını və zəif tərəflərini ortaya qoyub. Parlament seçkisində qələbə qazanmış, yəni ilk yeri tutmuş Hüquq və Ədalət Partiyası (HƏP), əslində, məğlub olub. Belə ki, onun qazandığı səslər oraya mümkün müttəfiqi – ultrasağçı «Konfederasiya»nın səsləri də əlavə olunsa belə, hökumətin formalaşdırılmasına kifayət etmir.

Bununla yanaşı, avropapərəst sağ-mərkəzçi «Vətəndaş koalisiyası» birliyi «Üçüncü yol» alyansı və «Levitsa» partiyası («Nowa Lewica») ilə birlikdə Seymdə koalision çoxluq formalaşdırmaq və hökuməti qurmaq şansı qazanıb. Beləliklə, müşahidəçilərin əksəriyyəti HƏP-in səkkiz illik hakimiyyətinin başa çatdığını düşünür.

Amma hadisələrin hansı məcrada inkişaf edəcəyi bir çox amildən asılıdır. Son seçki göstərib ki, Polşa cəmiyyəti faktiki olaraq, parçalanıb. Seçkiqabağı kampaniya kifayət qədər həyəcanlı keçib, seçici fəallığı isə rekord həddə olub – 74%! Nəticələr göstərib ki, Polşa cəmiyyəti ən azı bir neçə parametr üzrə parçalanmış vəziyyətdədir. Məsələn, iri şəhərlərin sakinləri «Vətəndaş koalisiyası»nı, kənd rayonları isə HƏM-i dəstəkləyib. «Ipsos» beynəlxalq araşdırma şirkətinin məlumatına görə, yaşı 18-29 arası olan seçicilərin 70,9%-i səsverməyə qatılıb, halbuki 2019-cu il seçkisində bu rəqəm cəmi 46,6% olmuşdu. «Exit poll» göstərib ki, HƏP gənclər arasında o qədər də populyar deyil. O da maraqlıdır ki, qadınlar arasında seçici fəallığı (74,7%) kişilərlə (73,1) müqayisədə daha yüksək olub. Xanımlar isə ölkənin gələcəyini «Vətəndaş koalisiyası» ilə «Levitsa»ya etibar etməyə daha çox üstünlük veriblər.

Polşa qanunvericiliyinə görə, Seymin yeni seçilmiş tərkibinin ilk iclası seçkinin rəsmi nəticələrinin açıqlanmasından 30 gündən gec olmayaraq, yəni uzağı noyabrın 14-də keçirilməlidir. Mateuş Moravetski hökumətinin gedişindən sonra prezident Ancey Duda yeni baş naziri təyin etməli, Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləməli, eyni zamanda onlar parlamentdəki çoxluğun dəstəyini qazanmalıdır. Lakin müşahidəçilər HƏP-in asanlıqla təslim olacağını düşünmür. Onun sonadək mübarizə aparacağı, çoxluğa nail olmaq üçün ayrı-ayrı siyasi qüvvələrlə bir araya gəlməyə çalışacağı güman edilir. Üstəlik, qanunvericiliyə görə, Polşa parlamentində koalisiya sənəd üzərində təsdiqlənməsə də olar – hər şey səsvermə ilə müəyyənləşir. Maraqlıdır ki, prezident Duda HƏP-i təmsil edir və onun veto hüququ var. Bunu aşmaq üçün yeni hökumətin kifayət qədər səsə malik olacağı da fakt deyil. Söhbət üçdə ikidən gedir.

Yeni hökumətə başçılıq etməyə əsas namizəd isə sağ-mərkəzçi «Vətəndaş koalisiyası»nın lideri Donald Tusk hesab olunur. Bu seçkidə «Vətəndaş koalisiyası» bütün müxalifəti öz ətrafında birləşdirə bilib. Tuskun əsas namizəd olması, ilk növbədə, onun böyük təcrübə sahibi olması ilə bağlıdır. O, Polşanın baş nazir postunda çalışıb, eyni zamanda Avropa İttifaqı Şurasına rəhbərlik edib. Demək, həm də dünya liderləri ilə şəxsi əlaqələrə malikdir. Beləliklə, Tuskun kifayət qədər təcrübəsi var. Amma onun formalaşdıracağı koalisiya nə qədər dayanıqlı olacaq? Hazırda bu qüvvələri HƏP-dən qurtulmaq niyyəti birləşdirirsə, müəyyən müddətdən sonra bu, kifayət etməyə bilər.

Digər yandan, hələ ki, dəyişikliklər burulğanından HƏP-in özünün necə çıxacağı da bəlli deyil. Bəlkə baş verənlər onun tərəfdarları arasında da nifaq yaradacaq? Onu da unutmayaq ki, tezliklə Polşada daha bir seçki – bələdiyyə seçkisi keçiriləcək, onun ardınca isə Avropa Parlamentinə seçki olacaq.

 

Polşa əhalisi nədən narahatdır?

Donald Tusk son seçkini kommunizmin süqutundan sonra Polşa üçün ən vacib seçki adlandırıb. İndi hakimiyyətə can atan qüvvələri ölkəni kifayət qədər çətin dövrdə idarə etmək imtahanı gözləyir. Polşa hazırda çox ağır iqtisadi dövrdən keçir ki, bunun da bir çox səbəbi var – indiyədək aparılmış sosial problemlərin həlli kursundan tutmuş, koronavirus pandemiyasına, enerji daşıyıcılarının bahalaşmasınadək. Buraya Brüssellə fikir ayrılıqlarını da əlavə etmək olar. Sonuncu amil Aİ büdcəsindən ödəmələrə də təsirini göstərib.

Yeni kabinet sosial siyasətdə də bir çox problemlərlə üz-üzə qalacaq – pensiya yaşının müəyyənləşdirilməsi, dövlətin kilsəyə münasibəti, medianın tənzimlənməsi, məhkəmə sisteminin vəziyyəti və s. Xarici siyasətə gəlincə, burada da problemlər kifayət qədərdir – qonşularla, konkret olaraq Brüssellə münasibətlər, miqrasiya və iqlim dəyişikliyi problemlərinə münasibət və s.

Üstəlik, bütün bu problemləri qısa müddətdə çözmək lazımdır. Bu isə siyasi kamillik və uzaqgörənlik, həmçinin kompromislərə getmək bacarığı tələb edir. Ölkə daxilində, seçicilər arasındakı parçalanmanın aradan qaldırılması vəzifəsi də öz yerində. Uğurlu kurs üçün onu bütün əhalinin dəstəkləməsi vacibdir. Yəni hökumət birmənalı olaraq, bütünlükdə cəmiyyətin maraqlarından çıxış etməlidir.

Maraqlıdır ki, parlament seçkisi ilə yanaşı, referendum da keçirilib və Polşa əhalisi bir neçə suala cavab verməli olub. Onların əksəriyyəti isə ölkənin xarici siyasəti ilə bağlıdır. Məsələn, «Avropa bürokratiyasının tətbiq etdiyi məcburi məskunlaşdırma mexanizmi çərçivəsində Yaxın Şərq və Afrikadan minlərlə qeyri-leqal miqrantın qəbuluna razısınızmı?» sualına polşalı seçicilərin 96,96%-i «yox» deyib. Polşa-Belarus sərhədindəki maneənin aradan qaldırılması təklifini isə 96,16% seçici rədd edib. Xatırladaq ki, 2015-2016-cı illərdə miqrant axını problemi yaşanan zaman Avropa Komissiyası onların məskunlaşdırılması ilə bağlı plan qəbul etmək istəsə də, HƏP hökuməti buna qəti etiraz edib. 2021-ci ilin payızında Əfqanıstan və İraqdan olan minlərlə miqrant Belarus ərazisindən Polşaya keçməyə cəhd göstəridikdə isə ölkə rəhbərliyi son dərəcə sərt davranaraq, buna imkan verməyib. O zaman miqrantların Polşa ərazisinə keçidinin qarşısının alınması üçün güc tətbiqinə belə, gedilmişdi.

 

Avropa İttifaqını nədən narahatdır?

Varşavanın Brüssellə münasibətlərinin əvvəldən yaxşı olmadığı hər kəsə bəllidir. Brüssel polşalıları sağçı populizmdə ittiham edir və onu maliyyə təzyiqləri göstərir. Doğrudur, Polşa təpədən-dırnağa Avropa ölkəsidir. Lakin bəzi müasir Avropa dəyərləri, məsələn, elə həmin miqrantlara və ya LGBT-yə münasibət xüsusilə kənd əhalisi arasında katolik mentalitetin hələ də güclü olduğu Polşada birmənalı deyil. Seçkidə daxili siyasi qarşıdurmanın son dərəcə kəskin görünməsi də buradan qaynaqlanır. «Vətəndaş koalisiyası» Polşanın Aİ xətti ilə getməli, Almaniyanın maraqlarını nəzərə almalı olduğunu düşünürsə, HƏP əksinə, Brüssel və Berlinə o qədər də isti münasibət göstərmir. Bəzi müşahidəçilərin fikrincə, HƏP bununla müstəqil siyasətin tərəfdarı kimi görünsə də, əslində onun ABŞ və NATO ilə sıx əlaqələrin tərəfdarı olduğu aşkardır. Hər halda, Varşava öz təhlükəsizliyinin təmini ilə bağlı addımları açıq-aydın Şimali Atlantika Alyansının çətiri altında atır. 2016-cı ildən 2021-ci ilədək ölkənin hərbi büdcəsi 1,6 dəfədən çox artıb, texnika və silahların müasirləşdirilməsi istiqamətində ciddi işlər görülüb. Müdafiə naziri Mariuş Blaşşak bildirib ki, Polşa Avropanın ən güclü quru qoşunlarına malik olacaq. Polşanın bu sahədə Vaşinqtonla yaxınlığını göstərən daha bir amil isə Amerikanın hərbi mövcudluğu ilə sıx bağlı olan «Üç dəniz təşəbbüsü» layihəsidir. Bəzi analitiklərin fikrincə, bu layihə Avropa İttifaqına alternativ də ola bilər. Belə bir vəziyyətdə «Polexit» (Polşanın Aİ-ni tərk etməsi) haqda fikirlər o qədər də fantastik görünmür. Bu ilin payızında keçirilmiş sorğuda ilk dəfə olaraq Aİ-yə üzvlüyü müstəqilliyə təhdid sayan polşalıların sayı əksini düşünənlərin sayını üstələyib.

Aİ ilə münasibətlər kontekstində Ukrayna mövzusunun əsas amil olduğu da qeyd edilməlidir ki, bu da anlaşılandır. Qərbli müşahidəçiləri Polşada yeni kabinetin formalaşmasından sonra Varşavanın Kiyevə dəstəyi məsələsində dəyişikliyin olub-olmayacağı çox düşündürür. Əksər ekspertlər seçkiqabağı kampaniya zamanı Ukrayna mövzusunun çox da gündəmə gətirilmədiyinə diqqət çəkir. Halbuki bu məsələ Polşanın maraqlarına birbaşa təsir göstərir – həm ukraynalı qaçqınların bu ölkəyə axışması ilə, həm taxıl böhranı ilə, həm də hərbi əməliyyatların onun ərazisi yaxınlığında getməsi ilə.

Bəli, Rusiya ilə münasibətlər pis, bəzən açış düşmənçilik həddindədir. Amma Varşava-Kiyev münasibətlərinin də ən yüksək səviyyədə olduğunu söyləmək olmaz. Bu mənada, artıq Ukraynaya silah tədarükünün dayandırılması və ya qaçqınlara sosial müavinatların kəsilməsi haqda çağırışların olduğunu xatırlatmaq kifayətdir. Ultrasağçı «Konfederasiya», ümumiyyətlə, anti-Ukrayna şüarları ilə çıxış edir. Ukrayna müharibəsinin başlamasından bu yana Polşaya 1-1,5 milyon ukraynalı qaçqın gəlib və Varşava onlara maddi dəstək göstərir. Səhiyyə və təhsil sistemi onların üzünə açıqdır, üstəlik bu insanlar əmək bazarında rəqabəti artırır. Ukraynalıların bir hissəsi Polşada qalmaq qərarına gələrsə, onlar kifayət qədər böyük milli azlığa çevriləcəklər. Amma Polşanın Ukraynaya münasibətində kəskin dəyişiklik gözləmək olmaz. Tuskun dövründə bu münasibətlərin «daha sakit» olacağı gözlənilir.

Bütün sadalananları nəzərə alsaq, Polşada parlament seçkisinə Aİ və ABŞ-ın niyə bu qədər maraq göstərdikləri aydın olur. Hər halda, istənilən halda söhbət NATO və Aİ-nin şərq cinahından gedir. Varşavanın kifayət qədər böyük geosiyasi iddiaları da öz yerində. Məsələ onun bu iddialarını hansı yollarla həyata keçirəcəyindədir.

Polşanın gələcəyini az-çox təxmin etmək üçün onun keçmişini bilmək lazımdır. Polşa dövlətçiliyi Reç Pospolita, Varşava hersoqluğu, Polşa çarlığı, İkinci Reç Pospolita formalarında mövcud olub, Rusiya imperiyasının tərkibində, faşsi işğalında, daha sonra Sovet İttifaqının təsir dairəsində yaşayıb. İndi isə o, Aİ üzvüdür. Bu mənada, ölkə vətəndaşlarının çoxsaylı tarixi travma və tələblərinin olması təəccüblü deyil. Onlardan hansının uğrunda sonadək gedilməli, hansı keçmişdə qalmalıdır? Hakimiyyəti başında olan insanlar bu suala da cavab verməlidirlər.



MƏSLƏHƏT GÖR:

47