15 May 2024

Çərşənbə, 14:13

ÇOX AZ ADAMIN TANIDIĞI SPİKER

ABŞ Konqresinin Nümayəndələr palatası fəaliyyətini bərpa edib

Müəllif:

01.11.2023

«Politico» nəşrinin müxbirləri müxtəlif ölkələrin siyasətçilərindən ABŞ Konqresinin Nümayəndələr palatasının yeni spikeri haqda soruşduqda eşitdikləri cavab… inanılmazdır: «Bir dəqiqə, «Google»də baxım…».

Elə bilirsiniz bu, onların işinə yarayıb? Məsələn, müsahibə zamanı smartfonunda bu haqda məlumat axtararaq müsahiblərdən biri internetdə eyni ad və soyadda bir neçə siyasətçi, peşəkar idmançı, Oreqondan olan pank-roker, hətta silsilə qətllər törətmiş şəxs tapsa da, axtardığını tapmayıb.

Nəinki əcnəbilər, amerikalıların da əksəriyyəti bu şəxsin adını heç vaxt eşitməyiblər. «New Yorker» hesab edir ki, ABŞ senatorlarının əksəriyyətinin aşağı palatanın yeni spikeri ilə heç bir ünsiyyəti olmayıb. Senatdakı respublikaçı azlığın lideri Mitç MakKonnell bildirib ki, yeni spikerlə heç zaman qarşılaşmayıb, demokrat çoxluğun başçısı Çak Şumer isə onu ümumiyyətlə tanımadığını deyib.

 

Təcrübəsiz

Böyük siyasətdə praktik olaraq, təcrübəsi olmayan 51 yaşlı Mayk Conson oktyabrın 25-də Nümayəndələr palatasında gözlənilmədən respublikaçı həmkarlarının yekdil dəstəyini qazanıb. Bununla da, ABŞ-ın ən ali vəzifəsi uğrunda 22 gün davam edən yarış başa çatıb.

Amerikanın Nümayəndələr palatası indiyədək heç vaxt bu qədər uzun müddət spikersiz qalmamışdı. Əksər müşahidəçilər deyir ki, indiyədək heç bir böyük partiya da bu qədər dağınıq təsir bağışlamamışdı.

Consonadək onun təcrübəli həmkarları lazımi sayda səs qazanmaq üçün respublikaçılar fraksiyasını birləşdirə bilməyib. Amma Conson bunu bacarıb və bəzi siyasətçilərin fikrincə, son onilliyin ən təcrübəsiz spikerinə çevrilib.

 

Andı pozaraq

ABŞ Nümayəndələr palatasının rəhbəri ölkə rəhbərliyi sıralamasında prezident və vitse-prezidentdən, yəni hazırda Co Bayden və Kamala Harrisdən sonra üçüncü şəxs sayılır. Maraqlıdır ki, spiker postunu tutan şəxs 2020-ci ildə Baydenin qalib gəldiyi seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək, onun ləğvi üçün əlindən gələni etmişdi. Və maraqlısı odur ki, bülletenlər, seçicilər və onlayn səsvermə sistemi eyni olsa da, eyni seçkilərdə yenidən seçilməsinə etiraz etməyib. Onu da demirəm ki, hazırda prezidentlik kürsüsündə ikinci olan məmur ölkə vətəndaşlarını seçki hüququndan məhrum etməyə çalışaraq Konstitusiyaya verdiyi andı pozur.

Mayk Conson Nümayəndələr palatasında Donald Trampın qatı tərəfdarlarından biri kimi tanınır. Onu spiker vəzifəsinə də Tramp tövsiyə edib.

2020-ci il seçkisindən dərhal sonra Conson Nümayəndələr palatasında seçkinin nəticələrinin ləğvi üçün mübarizə aparan qrupa başçılıq edib. Co Baydenin qalib elan olunduğu günün səhəri Conson Donald Trampa zəng edərək deyib: «Ser, təslim olmayın və mübarizəni davam etdirin! Xalqın taleyi sizin əzmkarlığınızdan asılıdır. Biz amerikalıların seçki sistemimizin düzgünlüyünə inamını bərpa etmək üçün bütün hüquqi yollardan istifadə etməliyik».

Conson hətta deputat həmkarlarına təzyiq göstərərək, onların 4 ştatda seçkinin nəticəsinin ləğvi ilə bağlı iddianı dəstəkləməsinə çalışıb. Sonda isə Conson Trampın onun səylərini bəyəndiyini deyərək, bununla öyünüb.

 

Ən qısa müddət

Conson spiker vəzifəsinin icrasına başlar-başlamaz, qanunverici orqanın hökumətin yeni xərclərinin təsdiqlənməsi və digər qanunların qəbulu ilə bağlı ilkin iş qrafikini müəyyənləşdirib. Lakin onun o qədər də monolit olmayan respublikaçılar fraksiyasının reallıqları ilə qarşılaşacağı anda hər şeyin bir anda dəyişəcəyi istisna deyil.

Başqa vaxt respublikaçılar üçün partiyanın seçdiyi spikeri zərbə altında qoymaq yolverilməz sayılardı. Lakin respublikaçıların müasir siyasətində qaydaların pozulması və çoxluğa qarşı çıxılması bir çox hallarda daha ciddi stimul yaradır, daha çox bonus qazandırır. Buna misal Consonun sələfi Kevin Makkartidir. O, MAGA («Amerikanı yenidən qüdrətli edək») tərəfdarı olan kiçik bir qrupun iddialarının qurbanına çevrilib. Makkartinin ultrasağçılara onun namizədliyinin dəstəklənməsi müqabilində etdiyi çoxsaylı güzəştlər arasında palatanın hər bir üzvünə spikerin istefaya göndərilməsi haqda qətnamənin qəbuluna nail olmaq hüququnun verilməsi də var idi. Bu, ona səsvermədə 15 turdan sonra spiker postuna əyləşmək imkanı yaratmışdı. Amma Makkarti ölkə tarixinə həm də vəzifədən kənarlaşdırılmış ilk spiker kimi düşüb ki, bu da məhz həmin güzəşt sayəsində mümkün olub. Üstəlik, o, spiker postunda ən az qalmış şəxsdir – 9 aydan da bir qədər az.

 

Spikerin istefası

ABŞ Konstitusiyasında Konqresin aşağı palatasının spikerinin vəzifədən kənarlaşdırılması proseduru ilə bağlı heç nə yoxdur. «Nümayəndələr palatası öz spikerini seçir» - bu, Konstitusiyada bu vəzifə sahibi haqda yer almış yeganə fikirdir. Ali sənəddə palatanın qaydalarının qurumun özü tərəfindən müəyyənləşdirdiyi də bildirilir.

1837-ci ildə müəyyənləşdirilmiş parlament prosedurunda deyilir: «Spiker palatanın istəyi ilə vəzifəsindən kənarlaşdırıla bilər». Sonradan isə belə qərara gəlinib ki, formal olaraq hər bir deputat spikerin istefa verməsi tələbi ilə çıxış etmək hüququna malikdir. Lakin parlament üzvləri bu hüquqdan təxminən 200 ildə cəmi bir dəfə istifadə ediblər. 1910-cu ildə spiker Cozef Kennon şəffaf olduğunu göstərmək üçün bu qaydanı tətbiq edib. O, müttəfiqindən bu təklifi irəli sürməsini istəyib və ilk səsvermədəcə təxminən 40 səslə qalib gəlib.

Son onillikdə bu qaydadan yalnız spikeri hədələmək üçün istifadə ediblər. Məsələn, 2015-ci ildə spiker Con Bonerin əleyhinə çıxışlar olmuş, vəzifəsindən kənarlaşdırılması üçün müraciət hazırlanmış, lakin o, tələb olunan formada hazırlanmadığı üçün ümumiyyətlə, baxılmamışdı. Bir müddət sonra Boner özü vəzifəsindən istefa vermişdi.

Makkarti isə hamını razı salmaq istəyinin qurbanına çevrilib. Hər halda, o, demokratların 2019-cu ildə tətbiq etdikləri qaydaları dəyişməyə bilərdi. Həmin qaydalara əsasən, spikerin vəzifəsindən kənarlaşdırılması təklifi səsverməyə yalnız «partiya fraksiyası və ya komissiyanın təklifi» ilə çıxarıla bilərdi ki, bu da prosesi əhəmiyyətli dərəcədə çətinləşdirirdi.

 

Ləyaqətinə uyğun olmayan

Respublikaçıların hazırkı lideri, sabiq prezident Donald Tramp nəinki parlamentdəki tərəfdarlarına ciddi təsir edə bilir, sən demə, o, aşağı palataya rəhbərltik etməyin də əleyhinə deyilmiş.  Xoşbəxtlikdən, qaydalar şəxsin deputat olmadan da spiker postunu tutmasına imkan verir. Hər halda, Nümayəndələr palatası oktyabrda Makkartinin istefaya göndərilməsinə səs verər-vermək, Tramp sosial şəbəkələrdə və KİV-də spiker olmaq niyyətini ifadə edib. Lakin deputatlardan heç kim onu dəstəkləməyib. Bu, bir sıra amillər, o cümlədən respublikaçıların parlament fraksiyasının qaydaları ilə də bağlı ola bilər. Həmin qaydalara əsasən, barəsində iki il və daha artıq həbs qərarına səbəb ola biləcək cinayət ittihamı olan şəxslər partiyada rəhbər vəzifələri tuta bilməz. Trampı isə daha uzun müddətə azadlıqdan məhrumetmə gözləyə bilər.

Noyabrda jurnalist Conatan Karlın «Qələbənin yorğunluğu: Donald Tramp və qədim böyük partiyanın sonu» adlı kitabı nəşr olunacaq. Orada müəllif sabiq prezidentin hələ bu ilin yanvarında Makkartinin yerini tutmaq üçün gizli fəaliyyət göstərdiyindən bəhs edir.

Daha dəqiq desək, Donald Trampın spiker seçilməsi ideyası ilk dəfə ortaya onun Ağ Evi tərk etdiyi gün – 2021-ci il yanvarın 20-də çıxıb. O zaman bu ideyanı Ağ Evdə Trampın əsas strateqi olmuş Stiv Bennon təbliğ edirdi. Tramp isə əvvəlcə spiker postunu özünə layiq bilmədiyindən, ideyaya maraq göstərmirdi. Karl kitabında yazır ki, hər şey Makkartinin səsvermələri bir-birinin ardınca uduzmağa başlamasından sonra dəyişib. Realiti-şouların həvəskarı olan və mətbuatın diqqəti üçün darıxan Tramp sanki bir anda spiker seçkisini bütün ölkənin izlədiyini görüb – proses bütün aparıcı telekanallarda canlı yayımlanır. O, belə imkanı əldən qaçırarmı? Tramp lazımi şəxsə zəng edir və səhəri gün – 9-cu səsvermə zamanı… onun namizədliyi irəli sürülür!

Bəs nəticə? Nəticə Trapm üçün çox məyusedicidir. Onun namizədliyini 435 deputatdan yalnız biri dəstəkləyib! Buna inanmayan sabiq prezident namizədliyinin onuncu, daha sonra on birinci səsverməyə də çıxarılmasını istəyib… Lakin nəticə dəyişməyib! Üstəlik, səslərin sayılması zamanı zalı gülüş səsləri bürüyüb! Artıq sabiq prezidenti yalnız demokratlar yox, jurnalistlər də ələ salmağa başlayıblar. Nəticədə, Tramp təslim olub. «Mənim namizədliyimi yığışdırın!» - deyə o, parlament üzvlərindən hansınasa zəng edərək qışqırıb.

 

Marionet?

İndi hər kəs ABŞ-ın sabiq prezidentinin Konqresin aparıcı vəzifəsinə onun çaldığı hava ilə oynayacaq şəxsi gətirdiyindən danışır. Conson sıravi deputat olarkən prezident Baydenə impiçment elan olunmasına çalışıb, Kevin Makkartinin bununla bağlı Nümayəndələr palatasında səsvermə keçirilmədən araşdırmalara başlanması təklifinə dəstək verib. Lakin spiker olduqdan sonra prezident onu Ağ Evin partiyalararası qarşıdurma arzulamadığına əmin edib. Bayden bildirib ki, onlar əksinə, ölkə qarşısında dayanan xarici və daxili çağırışların həllində əməkdaşlığa hazırdırlar. Bu gün isə gündəlikdə hökumətin işinin maliyyələşdirilməsi, İsrailə, Ukrayna və Tayvana yardımlar kimi vacib məsələlər durur.

Yeni spiker vəzifəsini lazımi şəkildə icra edə biləcəkmi? Yoxsa o da sələfi kimi, partiyasının ultrasağçı azlığının və eks-prezidentin marionetinə çevriləcək? Bunu zaman göstərəcək.


MƏSLƏHƏT GÖR:

55