15 May 2024

Çərşənbə, 15:30

BARIŞIQ, YOXSA MÜTTƏFİQLİK?

ABŞ-Avropa İttifaqı münasibətləri heç də ən yaxşı dövrünü yaşamır

Müəllif:

01.11.2023

ABŞ prezidenti Co Baydenə sələfi Donald Trampdan bir neçə «saatlı bomba» qalıb. Onlardan biri də Avropa İttifaqı ilə ticarət savaşıdır. Bu savaşın əsası 2018-ci ildə Avropadan polad və alümin idxalına tariflərin müəyyənləşdirilməsi ilə qoyulub. Nəticədə, Aİ də Amerikadan, demək olar ki, bütün idxala tarif tətbiq edib – cinsdən tutmuş, viski və «Harley Davidson» motosikletlərinədək. Üstəlik, Aİ Vaşinqtondan Ümumdünya Ticarət Təşkilatına şikayət də edib.

2020-ci il seçkisindən sonra Aİ Baydenin sələfinin qərarını ləğv edəcəyini gözləyirdi. Hər halda, o, prezidentliyinin ilk günündəcə ABŞ-ı Paris İqlim Sazişinə qaytarmışdı. Yeri gəlmişkən, Vaşinqton bu sazişdə iştirakını da Trampın dövründə dayandırmışdı.

Lakin Bayden ABŞ-ın polad sənayesi ilə münasibətlərini korlamaq istəmədiyindən, sözügedən qərarın ləğvinə tələsməyib. Qeyd edək ki, bu sənayenin təmsilçiləri aparıcı ştatlarda ciddi gücdür və həmin ştatlarda seçkilərin nəticələri həm də onlardan asılıdır. Avropa Komissiyası öz növbəsində, ABŞ-ın qərarı ləğv etməyəcəyi təqdirdə cavab tariflərini aradan qaldırmayacağını, ÜTT-yə şikayəti də geri çəkməyəcəyini bildirirdi.

Bu vəziyyət 2021-ci ilin payızında keçirilmiş «G20» sammitinədək davam edib. Romada keçirilən sammitdə prezident Bayden ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen barışıq elan ediblər. Nəticədə, ABŞ Avropadan polad və alümin idxalına tariflərin tətbiqi qərarını müvəqqəti də olsa (ikiilliyə) dayandırıb.

Bununla yanaşı, yaxın iki ildə təbiətə zərərli olan istehsalla mübarizəyə, eləcə də Amerika və Avropa şirkətlərinin iflasına gətirib çıxaran dünyada polad istehsalı potensialının həddən artıq çox olmasına dair ümumi yanaşmanın razılaşdırılması da qərara alınıb. Nəticədə, bu ideyalar «Dayanıqlı polad və alümin üzrə qlobal razılaşma» (GASSA) layihəsini gündəmə gətirib. Üstəlik, başqa inkişaf etmiş ölkələr də ona qoşulmaq istəklərini ifadə ediblər.

Trampın tarif qərarı Amerikadan kənardakı bütün polad istehsalçılarını əhatə edir, Aİ və Yaponiya da daxil olmaqla, bütün müttəfiqlərə zərbə vururdusa, Baydenin planı əsasən ucuz Çin poladının mənfi təsirinin azaldılmasına yönəlib. Əgər Tramp iddia edirdisə ki, idxal ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır, Baydenin qərarında hədəf yalnız Amerikanın deyil, müttəfiqlərin də bazarlarının qorunmasıdır. Bundan başqa, artıq «yaşıl polad klubu» adlandırılan GASSA iqlim dəyişikliyi ilə mübarizəyə də yönəlib.

Bu razılaşma, əslində, ümumi ekoloji standartlarla, dövlət subsidiyalarına, təkrar emala məhdudiyyətlərin qoyulmasına razı olan ölkələr arasında birgə tarif zonasının müəyyənləşdirilməsi anlamına gəlir. Razılaşma qəbul olunarsa, Çin də daxil olmaqla, qeyri-bazar iqtisadiyyatlı ölkələrdən polad və alümin idxalına rüsum tətbiq ediləcək.

ABŞ-da «çirkli polad»a məhdudiyyətlərin qoyulması hər iki partiya tərəfindən dəstəklənir. Demək, bu qərar administrasiyanın dəyişəcəyi təqdirdə belə, çətin ləğv edilsin. Bu isə çox vacib məqamdır. Çünki son illər iqlim dəyişikliyi ilə mübarizə məsələsində Vaşinqtona inam xeyli azalıb. Trampın prezidentliyi dövründə Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxması, daha əvvəl isə Obama administrasiyasının zamanında ABŞ aviaşirkətlərinin Avropa İstixana Qazları Emissiyaları Ticarət Sistemi çərçivəsində ödənişlərdən azad olunması  Amerikanın iqlim sahəsindəki öhdəliklərinə ciddi yanaşmadığı təəssüratı yaratmışdı. Bayden bu məsələdə fərqli mövqedədir.

Bu il oktyabrın 20-də Vaşinqtonda keçirilən ABŞ-Aİ sammitində GASSA ilə bağlı ən azı aralıq razılaşmanın əldə olunacağı gözlənilirdi. Sammitdə Baydenin qonaqları Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen idilər. Tərəflərin ən azı aralıq razılaşma əldə etməsi Trampın dövründə başladılmış Avro-Atlantik tarif müharibəsinə son qoyardı. Lakin fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb və nəticədə, heç bir nəticə əldə edilməyib. Odur ki, sammitin yekununda qəbul olunmuş birgə bəyanatda əsas diqqət geosiyasətə yönəldilib və praktik olaraq, GASSA-dan demək olar ki, bəhs edilməyib: «Keçən iki ildə biz qeyri-bazar istehsal güclərinin müəyyənləşdirilməsi istiqamətində ciddi irəliləyişə nail olmuşuq. Yaxın iki ayda bu vacib hədəflərə nail olunması işini davam etdirmək əzmindəyik».

Lakin ümumi razılığa gəlinməsinə iki il bəs etməyibsə, iki ay çətin ki, kifayət etsin.

 

Səbəblər çoxdur

«Yaşıl polad klubu» ilə bağlı qərarın qəbulunun uzanmasının üç əsas səbəbi vurğulanır. Birincisi, Brüssel artıq öz kompleks tarifi Karbon Sərhədinin Tənzimlənməsi Mexanizmini həyata keçirir. İkincisi, Vaşinqtonla Brüsselin Çinlə bağlı görülməli olan tədbirlərə yanaşmaları fərqlidir. Çinin dünyada bazara həddindən artıq polad buraxan əsas mənbə olduğu ilə hamı razıdır. Lakin bir çox Avropa ölkəsi, o cümlədən Pekinlə sıx ticarət əlaqələri olan Almaniya qazanclı Çin bazarından çıxmaq istəmir. «Avropalılar artıq Rusiya ilə əməkdaşlığın kəsilməsindən dərin iqtisadi travma yaşayıblar. Onlar Çindən də uzaqlaşmağı təsəvvür edə bilmirlər», - deyə ABŞ Dövlət Departamentinin Avropa və Asiya ilə bağlı məsələləri kurasiya etmiş sabiq əməkdaşı bildirib.

Lakin ABŞ-ın Avropaya təzyiqləri artırması, Çindən gələn kəşfiyyat məlumatlarının isə getdikcə daha narahatedici olması Vaşinqtonun strategiyasının bəhrəsini verəcəyini düşünməyə əsas yaradır. Ursula fon der Lyayen yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Aİ Çindən «uzaqlaşmaq» yox, «riskləri aradan qaldırmaq» istəyir. Lakin Aİ rəsmilərinin son həftələr verdikləri açıqlamalar göstərir ki, Pekinin «qırmızı xətti keçəcəyi» və Rusiyaya silah tədarük edəcəyi təqdirdə blok ona qarşı sanksiya tətbiq etməyə hazırdır.

Üçüncü səbəb Amerika şirkətlərinə 370 milyard dollar həcmində subsidiyaların ayrılmasıdır. Bu, ötən ilin yayında Bayden administrasiyası tərəfindən qəbul olunmuş iqlim və təmiz enerji qanununa əsasən həyata keçirilir. Söhbət «İnflyasiyanın azaldılması haqqında» («Inflation reduction act») qanundan gedir. Qanun istehlakçılara Şimali Amerikada yığılmış elektromobillərin alınmasında vergi güzəştləri nəzərdə tutur. Aİ isə Birləşmiş Ştatların azad ticarət tərəfdaşları olan Kanada ilə Meksikaya yaratdığı bu güzəştlərin ona da şamil olunmasını istəyir.

Danışıqların həddindən artıq uzanmasına səbəb ola biləcək daha bir amil var. Bəzi Avropa ölkələrində hesab edirlər ki, əsasən Ursula fon der Lyayen kabineti tərəfindən aparılan bu müzakirələrdə onların mövqeyi nəzərə alınmır. Bundan başqa, diplomatlardan biri «Politico» nəşrinə bildirib ki, «fon der Lyayen kabinetinin düşüncəsi sanki daha çox Aİ-nin deyil, ABŞ-nin xeyrinə yönəlib».

Aİ-nin beynəlxalq səflərinin koordinasiyasına onun iki rəhbəri – Şarl Mişel lə Ursula fon der Lyayen arasında şəxsi münasibətlərin yaxşı olmaması da ciddi maneə yaradır. Onlar arasındakı ziddiyyət özünü Vaşinqtonda da göstərib: Mişel danışıqlardan əvvəl oval kabinetdə Baydenlə ikitərəfli görüş keçiribsə, Lyayen Baydenlə danışıqlardan sonra gəzinti zamanı bir araya gəlib. Bununla yanaşı, Vaşinqton danışıqlarında Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də iştirak edib. Halbuki onun Vaşinqtona səfəri, ümumiyyətlə, nəzərdə tutulmurdu.

Bütün bunlar Avropa İttifaqının beynəlxalq məsələlərdə ciddi problemlər yaşadığının göstəricisidir. Yəni xarici siyasət məsələlərində Avropa adından kimin çıxış etdiyi bəlli deyil. Formal olaraq Aİ-ni beynəlxalq arenada Mişel təmsil edirsə, Bayden administrasiyası ilə daha sıx münasibətlərə malik olan məhz fon der Lyayendir. Onların münasibətləri 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra güclənib – o vaxt fon der Lyayen və komandası sanksiyaların koordinasiyası məsələsində Ağ Evlə sıx əməkdaşlığa başlayıb. Xanım siyasətçi Baydenlə dəfələrlə təmasda olubsa, Avropa İttifaqı Şurasına artıq 4 ildir başçılıq edən Mişel ABŞ prezidenti ilə ilk dəfə oktyabrın 20-də söhbətləşə bilib.

 

«Divangeyt»

Bu iki şəxsin vəzifə başına keçməsindən ötən 4 ildə onlar arasında münasibətlər yalnız pisləşən istiqamətdə inkişaf edib: iki institutun əməkdaşları, ümumiyyətlə, hansısa müzakirələr aparmaq istəmir, iki qanadın liderləri isə bir-birini xaricdən gəlmiş yüksəkrütbəli şəxslərlə görüşlərə buraxmır. Ötən il keçirilmiş «G20» sammitində Mişelin Çin lideri Si Cinpin ilə görüşü Aİ üçün son dərəcə vacib olsa da, fon der Lyayen oraya dəvət olunmamışdı. Səbəb? Mişelin «G7» sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşə buraxılmaması.

Mişel Yaxın Şərq böhranından tutmuş, Çinlə münasibətlərədək bütün xarici siyasi məsələlərdə fon der Lyayenin mövqeyini rədd edir. Onlar blokun qarşısında duran vacib strateji, təxirəsalınmaz məsələlərin müzakirə olunduğu Avropa İttifaqı Şurasının sammitləri ərəfəsində belə, bir araya gəlmirlər. Ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların təmsilçiləri bir çox hallarda kiminlə danışmalı olduqlarını anlamaqda çətinlik çəkirlər…

Bütün bunlar Aİ-nin nəinki qanunvericilik və siyasi gündəliyinə təsir göstərir, dünyada Avropa İttifaqının nüfuzuna da zərbə vurur.

Qeyd edək ki, Mişellə fon der Lyayen arasında münasibətlər əvvəl o qədər də pis olmayıb. Hər şey 2021-ci ilin aprelində hər iki liderin Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün Türkiyəyə yollanmasından sonra korlanıb. Mişel Türkiyə prezidentinin yanındakı yeganə kreslonu tələsik tutaraq, fon der Lyayeni Türkiyənin xarici işlər naziri ilə qarşı-qarşıya, divanda oturmaq məcburiyyətində qoymuşdu. Bu zaman kameralar fon der Lyayenin simasındakı «şok reaksiyası»nı tuta bilmişdilər. Sonradan Avropa Komissiyasının ilk qadın sədri olan fon der Lyayen Avropa Parlamentindəki çıxışında həmkarını seksizmdə günahlandıraraq, bu insidentin onu «incitdiyini» söyləmişdi.

Sonradan «divangeyt» adı verilən insident orada bitməyib və o vaxtdan qarşılıqlı məzəmmətlər münasibətləri davamlı olaraq, daha da korlayır.

 

Sadəcə barışıq

Tərəflər – ABŞ ilə Aİ, güman ki, barışığı ən azı gələn ilin noyabrında keçiriləcək seçkiyədək uzadacaqlar – Bayden üçün «polad ştatları»nda qələbə çox vacibdir.

Hər iki tərəfin rəsmiləri bildirirlər ki, ticarət münasibətlərindəki gərginliyə baxmayaraq, Brüssellə Vaşinqton arasında əlaqələr hər zaman olduğundan daha sıxdır. Lakin qarşılıqlı ticarətdə gərginliyin davam etdiyi, Baydenin ticarət siyasətinin sələfinin «əsas Amerikadır» şüarı ilə hələ də üst-üstə düşdüyü şəraitdə heç kim danışıqlardan ciddi nəticə gözləmirdi. Nəzərə alsaq ki, Aİ rəhbərliyində özbaşınalıq hökm sürür, ABŞ-da keçiriləcək prezident seçkisinin necə bitəcəyi isə məlum deyil, dünyanın iki aparıcı iqtisadiyyatının birgə planının real olduğu o qədər də inandırıcı görünmür.



MƏSLƏHƏT GÖR:

59