15 May 2024

Çərşənbə, 16:33

LİDERLİK YOLU

İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan idxaldan və xarici subsidiyalardan asılı olan ölkədən regionun aparıcı iqtisadiyyatına malik dövlətə çevrilib

Müəllif:

01.11.2023

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - Ümummilli Lider Heydər Əliyevin bu sitatı son 20 ildə Azərbaycanın iqtisadi siyasətinin əsas motivasiyasına çevrilib. Məhz iqtisadi inkişafın yüksək templəri sayəsində Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi uğrunda aparılan müharibədə möhtəşəm Qələbə qazanılıb.

Ümumiyyətlə, 2003-cü ildən Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinə keçid başlanılıb. İqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi, investisiyaların cəlb edilməsi və sosial problemlərin həlli üçün əlverişli mühitin yaradılması istiqamətində sürətli addımlar atılıb. Bu dövrdə Azərbaycan nəinki ən dinamik iqtisadiyyata malik ölkə kimi tanınıb, həm də qlobal miqyasda müasir dəyərlər çərçivəsində daha sürətlə dəyişən dövlət imicini qazanıb.

 

Təbii qaz idxalçısından böyük ixracatçıya

Cəmi 20 il bundan əvvəl Azərbaycan iqtisadiyyatı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası sayəsində postsovet böhranından çıxmağa yeni başlayırdı. Lakin bu qısa zamanda o, inkişafının pik həddinə çatdı və nəticədə, neftin hasilatı, ixracı rekord səviyyədə artdı, həmçinin dünya bazarlarına təbii qaz nəqlinə başlandı.

2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə isə Azərbaycan neftinin Türkiyənin Ceyhan limanına nəqlinə start verilib. Bu gün Qazaxıstan nefti də BTC vasitəsilə dünya bazarlarına çıxarılır. Bu məqamda qeyd edək ki, boru kəməri vasitəsilə 4,1 milyard bareldən çox “qara qızıl” ixrac edilib. Azərbaycanda hasilatın və ixracın pik həddi isə 2010-cu ilə təsadüf edir (müvafiq olaraq 50,2 milyon və 32 milyon ton).

“Neft erası”nın davamını təmin etmək məqsədilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. 2019-cu ildə isə AÇG-də əlavə hasilat platformasının tikintisinə dair razılıq əldə olunub. 2020-ci ildə 60 milyon ton neftdən artıq ehtiyatın olduğu təxmin edilən “Qarabağ” yatağı kəşf olunub. Bu, müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır.

Ölkənin təbii qaz hasilatı və ixracı sahəsində əldə etdiyi nailiyyətlər daha dərin təəssürat bağışlayır. Əgər 20 il əvvəl Azərbaycan “mavi yanacaq” idxal edirdisə, bu gün o, Avropaya təbii qaz nəql edən böyük və etibarlı ixracatçı kimi tanınır, bu istiqamətdə müxtəlif ölkələrlə uzunmüddətli müqavilələr imzalayır. Bu dövr ərzində Azərbaycan dəyəri təxminən 40 milyard dollar, uzunluğu 3500 kilometr olan strateji əhəmiyyətli Cənub Qaz Dəhlizinin təşəbbüskarı, səhmdarı və sahibi olub. 2014-cü il sentyabrın 20-də, yəni “Əsrin müqaviləsi”nin iyirminci ildönümündə Səngəçalda bu möhtəşəm layihənin təməlqoyma mərasimi olub.

2018-ci ildə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) rəsmi açılış mərasimi keçirilib və həmin il iyunun 30-da təbii qazın (“Şahdəniz-2”)  Türkiyəyə nəqlinə başlanılıb. 2020-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib. Bu günə qədər TAP vasitəsilə Avropa ölkələrinə ümumilikdə 25,8 milyard kubmetr təbii qaz çatdırılıb. 2023-cü ildə tədarük həcmi azı 20 milyard kubmetr olacaq. Bu gün Azərbaycan “mavi yanacağı”nı Avropanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya kimi ölkələri alır. Bundan başqa, 2023-cü ilin sonuna kimi bu siyahıya Macarıstan və Serbiya da daxil olacaq.

 

Prioritet qeyri-neft sektorudur

Enerji resurslarının ixracından əldə edilən maliyyə vəsaiti yenidən qeyri-neft sektoruna yatırılıb: yeni iqtisadi modelin həyata keçirilməsinin ilk illərindən məhz onun inkişafına üstünlük verilib. Buna görə də Prezident İlham Əliyevin iqtisadi kursunun strateji istiqamətini müəyyən edən ilk proqram xarakterli sənəd “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-cü il) olub. İlham Əliyevin təşəbbüsü ilə “2004-2008-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı” da qəbul edilib. Nəticədə, 50%-ə yaxın olan yoxsulluq səviyyəsi son 20 ildə cəmi 5%-ə düşüb. Bu və bir çox digər tədbirlər sayəsində artıq 2004-cü ildə Azərbaycanın ÜDM-i (hətta AÇG-dən böyük neft ixracına başlanılmamışdan əvvəl) 10,2% artıb.

2003-cü illə müqayisədə real ÜDM-in həcmi 4 dəfə, nominal ÜDM-in həcmi isə 22 dəfə artıb! Eyni zamanda iqtisadiyyata investisiyalar 4 dəfə çoxalıb. Belə ki, müxtəlif sektorlar tərəfindən təxminən 300 milyard dollarlıq investisiya yatırılıb. 2022-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi (bütün mənbələrdən) rekord həddə çataraq 29,135 milyard manat təşkil edib. Bunun 14,9 milyardı xarici investisiyaların payına düşüb.

Bundan başqa, əhalinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 40 dəfədən çox artıb. Xarici borc ÜDM-in 9 faizindən aşağıdır, Azərbaycanın valyuta ehtiyatları isə xarici borcdan 10 dəfə çoxdur.

Neft-qaz sahəsi ilə bağlı olmayan investisiyalar özəl sektorda əsas hərəkətverici qüvvəyə çevrilib. Sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. Uğurlu struktur və institusional islahatlardan sonra onun ÜDM-dəki payı 2022-ci ilin sonunda 83,5%-ə çatıb. Təsərrüfat subyektlərinin 99%-i isə kiçik və orta sahibkarlığın payına düşüb. Həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord həddə çataraq 3 milyard dollar təşkil edib.

Sənayeləşmə prosesi də uğurla gedir, sənaye və aqroparklar yaradılır. Kənd təsərrüfatı sektorunun modernləşdirilməsi nəticəsində Azərbaycan ərzaq idxalının 80%-nin əvəzləyib (taxıl istisna olmaqla). Buna görə də FAO onu firavan ölkə kimi təsnif edir. Azərbaycan yerli istehsal hesabına özünü meyvə-tərəvəz, bostan məhsulları və yumurta ilə 100 faiz təmin edir. Ət və süd məhsulları ilə özünütəminetmə 85-86% səviyyəsindədir.

 

Özünü təmin, davamlılıq, inkişaf

Azərbaycan bu gün regionun aparıcı iqtisadi ölkəsidir. Azərbaycan böyük neft-qaz və tranzit layihələri ilə yanaşı, iki nəqliyyat meqalayihəsi - Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təkcə regionun deyil, bütün dünyanın inkişafına mühüm töhfə verir.

2003-cü ildə Azərbaycan elektrik enerjisini idxal edərək tədarükçülərdən asılı vəziyyətdə idi. Amma indi ölkə bu resursun sabit təchizatçısına çevrilərək hasilat və ixrac həcmini ildən-ilə artırır. Son 20 ildə Azərbaycanda generasiya gücü təxminən 3400 MVt olan 34 elektrik stansiyası tikilib. 2022-ci ildə Azərbaycandan elektrik enerjisi ixracının həcmi 3 milyard kilovat/saatdan bir qədər çox idi. Hazırda ilin birinci yarısında bu həcmə nail olunub.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi də sürətlə inkişaf edir. Ölkə əhalisinin təxminən 85%-i artıq internetdən istifadə edir (qlobal rəqəm təxminən 65%). 2017-ci ildən “Onlayn Azərbaycan” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində mövcud ADSL avadanlığı GPON, köhnə mis magistral infrastruktur optik kabellərlə əvəz olunur və optik paylayıcı şəbəkənin tikintisi aparılır.

2013-cü il fevralın 8-də Azərbaycan üçün tarixi hadisə baş verib: ölkə Fransa Qvianasındakı Kuru kosmodromundan özünün ilk telekommunikasiya peyki “Azerspace”i orbitə buraxaraq regionun ilk kosmik ölkəsinə çevrilib. Azərbaycan 2014-cü il iyunun 30-da “Azersky” müşahidə peykini, 2018-ci il sentyabrın 28-də isə üçüncü “Azerspace-2” peykini orbitə çıxarıb.

2012-ci ildə dövlət qurumları tərəfindən göstərilən vahid və əlaqələndirilmiş xidmətlər sahəsində inqilabi sıçrayışa çevrilən “ASAN xidmət” mərkəzləri yaradılıb. “ASAN xidmət” Azərbaycanın rəqəmsal keçidinin ən bariz nümunəsidir. Bununla dövlət qulluqçularının fəaliyyətində prinsipial yeni yanaşma formalaşdırılıb, vətəndaşlara göstərilən xidmətlər keyfiyyətcə yeni səviyyəyə qaldırılıb.

Əlbəttə ki, 20 il ərzində əldə olunan bütün nailiyyətləri bir məqalədə sadalamaq mümkün deyil. Fikrimcə, görülən işlərin əsas nəticəsi odur ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edir və kənar dəstəyə ehtiyac duymur. Üstəlik, ölkə qısa müddət ərzində regional və qlobal səviyyədə borcalandan donora çevrilib. Üstəlik, FAO rəhbərliyinin qərarı ilə yoxsulluqla mübarizədə ən yaxşı nəticələr əldə etmiş dövlətlərdən biri kimi tanınıb. BMT-nin 2022-ci ildə açıqladığı “Dayanıqlı İnkişaf Hesabatı”nda isə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası indeksinə görə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 163 ölkə arasında 50-ci yeri tutub.

Beləliklə, 20 illik nisbətən qısa tarixi dövrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı o qədər güclənib ki, ölkənin müdafiə ehtiyaclarını asanlıqla ödəyə, nəhəng layihələri maliyyələşdirə, daxili sosial sabitliyi təmin edə bildi. Yəni 20 il əvvəl seçilən yol özünü tam doğruldub, ölkənin uzun illər davamlı inkişafı üçün zəmin yaradıb.



MƏSLƏHƏT GÖR:

59