16 May 2024

Cümə axşamı, 20:59

MÜZƏFFƏR KOMANDAN

Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar İlham Əliyevin adı ilə bağlıdır

Müəllif:

01.11.2023

İlham Əliyev düz 20 il əvvəl Azərbaycan dövlətinin başına keçib. O, ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. İlham Əliyevin inauqurasiya mərasimi həmin il oktyabrın 31-də baş tutub. Onun daxili və xarici siyasətinin uğurunu isə xalqın dəstəyi təmin edib ki, bu da özünü 2008, 2013 və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində də göstərib.

 

İnkişaf və sabitlik

İlham Əliyevin prezidentliyi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyin inkişafı strategiyasının davam etdirilməsi ilə əlamətdardır. Azərbaycanın hərbi, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi əhəmiyyətli uğurlara məhz bu strategiya əsasında nail olunub.

İlham Əliyevin daxili siyasəti dayanıqlı ictimai-siyasi sabitlik, yüksək iqtisadi göstəricilər, milli dini-mədəni dəyərlərin qorunması ilə xarakterizə edilir. Bütün bunlar ölkə həyatının praktik olaraq bütün sahələrində yenilənmə, dövlət idarəçiliyi mexanizminin effektivliyinin davamlı olaraq gücləndirilməsi ilə müşayiət olunur.

İlham Əliyevin prezidentliyi dönəmində əldə edilmiş tarixi nailiyyətlər isə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək edir. Məhz onun rəhbərlik etdiyi Azərbaycan müxtəlif regional və qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirak nəticəsində Cənubi Qafqazın lider dövlətinə, Avrasiyanın aparıcı inteqrasiya mərkəzlərindən birinə, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat-enerji dəhlizinə çevrilib. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu, «Cənub dəhlizi» və s. kimi layihələrin icrası Azərbaycan Prezidentinin fəaliyyətinin konkret nəticələridir və onların hər birinin son dərəcə böyük geosiyasi əhəmiyyəti var.

 

Uğurlu diplomatiya

İlham Əliyevin Heydər Əliyevin qurduğu balanslı xarici siyasətə əsaslanan diplomatiyası Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirməsinə imkan verib. Bu, özünü istər dünya ölkələri ilə münasibətlərin inkişaf səviyyəsində, istərsə də Bakının müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyətində göstərir. Beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, ədalət ideyalarına əsaslanan Azərbaycan beynəlxalq münasibətlər sistemində, o cümlədən dünyanın ən nəhəng qlobal təşkilatı olan BMT-də ciddi islahatların aparılmasının tərəfdarı kimi çıxış edir. Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu aparıcı quruma sədrlik edib ki, bu da ölkə üçün böyük tarixi hadisədir.

Bakının dünya birliyinin qarşısında duran əsas problemlərin həllinə, beynəlxalq hüququn təntənəsinə, bütün ölkələr arasında dinc əməkdaşlığa yönəlmiş səyləri özünü onun Qoşulmama Hərəkatındakı fəaliyyətində də göstərir. Azərbaycan bu nəhəng quruma sədrlik etdiyi 2019–2023-cü illərdə onun nüfuzunun güclənməsinə, dünya birliyinin diqqətinin yoxsul ölkələrin problemlərinə cəlb edilməsinə nail olub.

Azərbaycan özünü COVID-19 ilə mübarizəyə ciddi töhfə verən dövlətlərdən biri kimi də təsdiq edib. BMT-nin İnsan Hüquqları Şurası əsasən məhz İlham Əliyevin səyləri sayəsində koronavirusa qarşı peyvəndin bərabər bölünməsi, əlçatan olması, vaxtında çatdırılmasını nəzərdə tutan qətnamə qəbul edib.

Məhz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan kosmik fövqəldövlətlər cərgəsinə də qoşulub. Azərbaycanın orbitə kosmik müşahidə peykləri buraxması, həmçinin 2023-cü il oktyabrın 2-6-da Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi bunun təsdiqidir.

 

Qarabağ Azərbaycandır!

Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin İkinci Qarabağ müharibəsində qələbə qazanmasında da son dərəcə böyük rol oynayıb. Bu Qələbə İlham Əliyevin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.

Bununla yanaşı, Qələbə, ilk növbədə, Azərbaycanda uzun illər İlham Əliyevin rəhbərliyi ilə aparılmış ordu quruculuğu işlərinin nəticəsidir. Azərbaycan ordusunun kadr potensialının gücləndirilməsi, onun müasir və effektiv silahlarla təchiz olunması istiqamətində məqsədyönlü işlərin aparılması, Qələbənin yalnız hərbi deyil, həm də iqtisadi, siyasi, diplomatik, informasiya-təbliğat əsasının təmini məhz İlham Əliyevin strategiyası nəticəsində mümkün olub. Dövlət başçısı Azərbaycan torpaqlarının Ermənistanın işğalından qurtarılmasının onun üçün prioritet olduğunu lap əvvəldən elən etmişdi.

Beləliklə, Azərbaycan 44 gün ərzində – 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək – öz torpaqlarını işğalçılardan təmizləyib, ərazi bütövlüyünü təmin edib. Müharibənin gedişində həlledici olan Şuşanın azadlığı günü – noyabrın 8-də Prezident İlham Əliyev deyib: «Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!»

 

Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanır…

Azərbaycanın bütünlükdə Qarabağ üzərində suverenliyi yekun olaraq, qəhrəman Azərbaycan ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində təsdiqlənib. Həmin tarixdə cəmi bir sutkada Ermənistanın Azərbaycan ərazilərinin işğalı dövründə formalaşdırdığı cinayətkar separatçı xunta darmadağın edilib. Bununla yanaşı, Qarabağ erməniləri Azərbaycan Respublikası vətəndaşlığını qəbul edə, ölkə Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, öz hüquqlarını reallaşdıra bilərlər.

Prezident İlham Əliyev Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsi və Sərsəng su anbarı ərazisində də dövlət bayrağını ucaldıb. Xankəndidə çıxış edən dövlət başçısı deyib: «Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və «Qurani-Kərim»ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı «Allaha şükür» deyir. Bu günü biz 30 ildən çox gözləmişdik».

 

Azad olunmuş ərazilərin bərpası

Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra Azərbaycan dövləti erməni işğalı dövründə yer üzündən silinmiş rayon, şəhər və kəndlərinin bərpası prosesinə başlayıb. Prezident İlham Əliyev bildirib ki, bu proses Azərbaycan Respublikasının gələcək inkişafının lokomotivi olacaq. Bu aspekt öz əksini dövlət başçısının təsdiqlədiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» ali sənəddə də tapıb.

Artıq yüz minlərlə azərbaycanlı işğaldan azad olunmuş ərazilərə qayıtmağa başlayıb ki, bu da Qarabağ və Şərqi Zəngəzurun bərpa olunduğunun göstəricisidir. Bütün bunların fonunda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da əlamətdar hadisədir. Bununla da, Azərbaycanın ən böyük tarixi rayonlarından birinin - Qarabağın dağlıq hissəsinin sovet dövründə aparılan süni siyasi-inzibati bölgüyə son qoyulub. Bundan başqa, yüz il sonra Zəngəzur yenidən rəsmi olaraq Azərbaycan dövlətinin siyasi, inzibati və iqtisadi həyatına qayıdıb.

 

Sülh təşəbbüskarı

Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsi bölgədə yeni reallıqlar yaradıb və bu, bütün bölgə dövlətləri qarşısında dayanıqlı sülh, çoxtərəfli inteqrasiya perspektivi açıb. Azərbaycan Ermənistana sülh, ikitərəfli münasibətlərin normallaşdırılması təklifini də verib. İlham Əliyev Yerevanı bu şansdan yararlanmağa, qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyinin tanınması əsasında sülh müqaviləsinin imzalanmasına, nəqliyyat kommunikasiyalarının açılmasına çağırıb. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi də bu prosesin tərkib hissəsi olmalıdır.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycan dövlətinin strateji inkişafını ən yüksək həddə çatdırıb. Müstəqil və güclü Azərbaycan bu strategiyaya əsaslanmaqla, yeni tarixi qələbələrə köklənib.



MƏSLƏHƏT GÖR:

53