19 May 2024

Bazar, 13:29

RƏSSAMIN AHƏNGİ

Aydan MƏMMƏDOVA: “Hər kəsə Azərbaycanda yaşamaqla necə xoşbəxt olduğumuzu çatdırmaq istəyirəm”

Müəllif:

15.11.2023

Aydan Məmmədova magistr, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, müasir Azərbaycan incəsənətinin parlaq nümayəndəsidir. Azərbaycan koloritinin rahatlığını parlaq, müasir incəsənətin ritmləri ilə birləşdirmək ona xas olan xüsusiyyətdir. Aydan Məmmədovanın kolleksiyasına dünyanın müxtəlif yerlərində nümayiş etdirilən yüzdən çox əsəri daxildir. Gənc rəssamın təkcə ənənəvi boyalarla deyil, həm də neft, hətta qəhvə ilə çəkilmiş əsərləri ciddi maraq doğurur. O, özünü tamamilə fərqli janrlarda və istiqamətlərdə sınamaqdan çəkinmir. Aydan Məmmədova bir çox sərgilərdə, o cümlədən hər il Rəssamlar İttifaqında gənclər üçün keçirilən sərgilərdə iştirak edir. Hələ tələbəlik illərində onun əsərləri Fransa, Almaniya səfirlikləri və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi tərəfindən təşkil olunan sərgilərdə yer alıb. O, İstanbul, Paris, Sankt-Peterburq, Dubay və digər şəhərlərdə praktika keçib, aparıcı qalereyalarda sərgilənib.

- Aydan, kətan üzərində təsvir nədir?

- Bu, çox dərin sualdır. Axı, başa düşdüyüm qədər, indi biz sadə çapdan bəhs etmirik: bu zaman rəsm uyğun parça üzərində çap olunur və sonra çərçivəyə salınır. Qeyd etmək istərdim ki, belə işləri incəsənət əsəri adlandırmaq kökündən yanlışdır. Bu, sadəcə dizayn elementidir. Yadınızdadır, hansısa cizgi filmində və ya kinoda belə bir fikir səsləndirilir: belə rəsmlərin böyük faydası var, çünki onlar divar kağızlarındakı dəlikləri bağlayır. Rəssamın əli ilə kətan üzərinə köçürülən əsl süjet isə heç vaxt belə “rol” oynamayacaq! Rəssamların işləri istənilən məkanda divara asılan zaman sənət əsəri olaraq qalır. Bəlkə də buna görə evdə duyğular palitrasının “canlı təcəssümü” peyda olan kimi xüsusi ab-hava yaranır. Orijinal kətanın arxasında məhz bu dayanır. Rəssam belə əsərə özündən, qəlbindən bir parça qoyur. Bir sözlə, ruhsuz çap ilə rəssamın ərsəyə gətirdiyi zaman qəlbini qoyduğu əsəri düzgün şəkildə ayırd etmək lazımdır. Onları bir-birilə kətan birləşdirsə belə. Belə rəsm özündə məhz rəssamın ideyasını, ismarışını, müraciətini daşımalıdır. Bu, insanı düşünməyə, bəlkə də, kətan üzərindəki təsvirin təsiri ilə hansısa məsələni yenidən anlamağa vadar etməlidir...

- Sizin “təsviri incəsənət portfolionuzda” çox sayda mövzu var. Lakin onların əksəriyyəti dəniz motivlərinə həsr olunub.

- O! Bunlar mənim ən sevdiyim mövzulardır! Razılaşın ki, Azərbaycanda yaşayaraq Xəzər dənizinin qoxusunun canınıza hopmaması sadəcə mümkün deyil! Hər il, hələ tələbəlik illərimdən qabaq Xəzər dənizinin naturasını çəkməyə üstünlük verirdim. Onun müxtəlif fəsillərdəki “xarakteri”ni təsvir edirdim. Xəzər bütün mahiyyəti ilə canlananda xoşuma gəlir: sakit səthi, sanki almaz səpintiləri olan sıçrayışları, sahil qayalarının qranitinin gücünü sınaqdan keçirən fırtınalar. Ümumiyyətlə, mənim dəniz ünsürlərinə xüsusi münasibətim var. Bununla bağlı əsas hekayələrdən biri o idi ki, bir gün sahildə ənənəvi plenerdə çəkdiyim tablo küləyin əsməsi nəticəsində dənizə uçmuşdu. Onu necə tutduğumuz indiyədək yadımdadır, həmin vaxt sanki Xəzərin müqavimətini dəf edirdik! İstənilən halda, dincəlmək istəyəndə çalışıram ki, suyun səthini mütləq şəkildə müşahidə edə biləcəyim Xəzərin sahilinə yollanım. Sahildə molbertlə necə şövqlə yerləşdiyimi bilirsinizmi?! Bundan daha yaxşı plener təsəvvür etmək mümkün deyil! Mən məhz dənizin yanında həddən artıq çox azadlıq hiss edirəm. Bu zaman daxilimdə üfüqdən kənara baxa biləcəyimə dair inam yaranır. Dəniz tamamilə unikaldır. Əgər onu ifadə etsək, dənizin rəssam üçün obyekt olduğunu söyləyə bilərik. Eyni zamanda məni klassik marinist kimi qəbul etmək lazım deyil! Mənim vəziyyətimdə dənizi çəkmək daha çox mənim üçün xarakterik olan həmsöhbətlə dialoq aparmaq deməkdir. Mən sadəcə olaraq dalğaların taclandırdığı ləpədöyənlərlə ifadə olunan bu əhval dəyişikliyini çox sevirəm. Dalğaların əslində, o qədər çox hipostazları var ki, onları kətan üzərində təcəssüm etdirmək onları heç vaxt təkrarlamamaq deməkdir! Mən hər zaman dənizin “dadı”nı süjetdə mərkəzi hissədə olduğu kətana həkk etmək istəyirəm. Bəlkə də buna görə də məndə güclü inam var ki, yalnız dənizin yanında bu istəyim reallaşacaq...

- Bəlkə buna görə dəvət olunduğunuz Kiprdə yenidən bu mövzunu seçdiniz? Bəs necə oldu ki, Şimali Kiprə səfər etdiniz? 

- Bilirsiniz Aralıq dənizi oktyabrda necə cazibədar olur?! Kipr tərəfdən onun necə göründüyünü bilirsinizmi? Kiprdə keçirilən Beynəlxalq Simpoziumda Azərbaycandan iştirakçı olmaq üçün dəvət aldıqdan sonra bu tədbir çərçivəsində hansı əsər yaradacağımdan bir dəqiqə belə şübhə etmədim. Hotelimiz Kiprin ən heyrətamiz yerlərindən biri olan Famaqustada, yəni Dipkarpaz yarımadasının ən uc nöqtəsində yerləşirdi. Bura milli qoruqdur. Üstəlik, buranı “itirilmiş cənnət” adlandırırlar. Möhtəşəm təbiətin qoynunda olan zaman bu adın əbəs yerə verilmədiyini anlayırsan.  Adanın praktiki olaraq dənizlə “toqquşduğu” yerdə dayandığınızı düşünəndə isə sanki uçmaq hissini yaşayırsınız. Açığı, belə bir pleneri heç vaxt unutmayacağam! Qayalar və onlara çırpılan dalğalar təbii səslərin sehrindən yaranan mahnı idi. Simpoziumun təşkilatçıları sanki Şimali Kiprin unikallığını vurğulayaraq tədbirin keçiriləcəyi yeri xüsusi seçiblər. Müxtəlif ölkələrdən olan rəssamlar hər biri öz üslubunda və hissləri ilə ətrafdakı təbiət təntənəsini öz kətanlarına köçürdülər. Simpoziumun davam etdiyi yeddi gün ərzində mən iki əsər ərsəyə gətirdim. Amma təşkilatçıların şərtlərinə əsasən, bu rəsmlər onlarda qaldı. Bu, mənə Ukrayna, Rusiya, Belarus, Albaniya və s. ölkələrdən olan rəssamlarla görüş və ünsiyyətə imkan verən unudulmaz bir həftə oldu. Bu simpozium çərçivəsində xüsusi marşrutlar sayəsində biz xeyli möhtəşəm yerlərə baş çəkə bildik. Bu yerlər sanki kətan üzərinə həkk olunmalarını istəyirdilər. Bunu etməyə çalışdıq. Həmin yerlərdə qısa müddət ərzində dayanmağa belə dəyərdi.

- Əsərlərinizdə nara da az rast gəlinmir.

- Çünki dənizlə yanaşı, nar da Azərbaycanın dəyişməz rəmzidir! Yeri gəlmişkən, Kiprdə də onu işimin süjet xəttinə daxil etmişəm. Mənim üçün nar hər zaman sakral mahiyyət daşıyacaq. Buna görə də əsərlərimdə onu məhz belə bir baxış çərçivəsində təqdim edirəm. Zaman-zaman ona qayıdıram və onun klassik obrazdan uzaq olan mükəmməl təcəssümünü daim axtarıram. Üstəlik, Azərbaycanı Kiprdə təmsil edən zaman bu ərazidə onun mədəniyyətini simvolizə edən bir parça buraxmaya bilməzdim. Yalançı təvazökarlıq olmadan onu bildirmək istərdim ki, iştirakçılar və təşkilatçılar qeyd ediblər ki, narı, dənizi və qonaqpərvər Kipr torpağını bir araya gətirdiyim kompozisiya çoşqun rənglərlə zəngin idi. Azərbaycandan uzaqda olsam belə, bizim koloritimiz olan bunları çatdırmaq istəyirdim. Bununla bir növ Famaqusta ilə “həmahəng” olan ölkəmizin zənginliyini ifadə etməyə çalışdım. Əslində, narın harmonik bədii çoxvariantlılığını axtarmaq mənim üçün xoşdur. Onu yeni rakursdan və bütün rənglərin dərinliyində təsvir edə bildiyimi, nara yeni baxış verdiyimi peşəkarlardan eşitmək çox xoş hiss idi.

- UNESCO sizi diplom və medalla təltif edib...

- Bu, Romada keçirilən beynəlxalq simpozium çərçivəsində baş verib. Bu ilin aprelində məni Azərbaycanı təmsil etməyə dəvət etdilər. Bu, təkcə dünyanın hər yerindən dəvət olunmuş rəssamların iştirak etdiyi tədbirə qatılmaq deyil, İtaliyaya inanılmaz səyahət idi. Mən bu səfərdən necə heyran olduğumu təsvir etmək üçün bayağı ifadələrdən istifadə etməyəcəyəm. İnanın, Pireney yarımadasında olan zaman dünya mədəniyyətinin adlarının niyə bu ölkə ilə bağlı olduğunu anladım. Bəli, başqa cür ola bilməzdi! İtaliya havasının özü belə, insanı “sərxoş edən” yaradıcılıq ətridir. Burada zamana toxuna bilərsiniz. İtaliya memarlıq və incəsənət abidələri ilə tarixi dövrlərin təcəssümüdür.

Bir çox hadisələrin şahidləri artıq tarixə qovuşublar. Lakin Kolizey yüksəlməkdə davam edir və sizi sadəcə olaraq insanların -  yaradıcıların təşəbbüslərinə heyran olmağa vadar edir. Yadımdadır, onun qüdrətini, hətta indiki formasında belə görəndə, Qız qalasının məndə yaratdığı hissləri duydum. Doğrudur, Qız qalası onunla müqayisədə “gənc”dir. Onu sadəcə bir abidə kimi nəzərdən keçirməsək, Qız qalasının da Kolizey qədər möhtəşəm olduğunu söyləyə bilərik. Əhəmiyyəti baxımından bərabər səviyyədə olan bu iki simvol mənim üçün vahid ismarışda birləşib: yalnız əsl incəsənət əbədidir. Buna görə də dənələri sanki qan olan, qiymətli yaquta çevrilən bir nar vasitəsilə onları bir-birinə bağladım. Rəsmin ön planına narı yerləşdirməklə iki sivilizasiyanın - Qərb və Şərqin qədim tarixini əbədi zənginlik və məhsuldarlıq simvolu altında birləşdirməyə qərar verdim.

- Yeri gəlmişkən, yaradıcılığınızın başqa bir istiqamətinə - geyim üzərində naxışlara toxunmamaq mümkün deyil.

- Bu, mənim üçün ayrıca təcrübədir. Söhbətimizin əvvəlində kətanlardan bəhs etdik. Ümumiyyətlə, yaradıcılıq məhdudiyyətlərə “dözmür”. Müəyyən bir klişe var ki, rəssam yalnız kağız, karton və kətandan istifadə edir. Belə ki, minlərlə il qabaq hələ Çində paltarlar və ya xüsusi əlyazmalar üçün unikal naxışlar yaradılaraq ipəyin üzəri boyanırdı. Amma bu istiqamət məni tam maraqlandırmırdı. Mənim üçün bir insana fərdilik və unikallıq vermək ideyası daha cəlbedici idi. Denim və pambıq, krasovka və çantalar... Onların hər biri yeni bədii işdir. Burada oxşar görünsə də, fərqlənir. Nə qədər çalışsam da, istəsəm də, rəssam kimi, seçdiyim “çapı” tam olaraq təkrarlaya bilməmişəm. On illik fəal işim nəticəsində portfoliomda Heydər Əliyev Mərkəzi, “Soroka Concept store”, “Baku Book Center”, “I love Baku”, “Fashion Week” daxil olmaqla, çoxsaylı işbirliyim var. “Alpaca Azerbaijan” üçün eksklüziv məhsul yaradılır. Bu sahədə nəinki orijinal obrazlar yarada, həm də böyük və tanınmış rəssamların dünyaca məşhur şah əsərlərinə müraciət edə bilərəm. Axı, demək olar ki, hər birimiz “imzamızı” axtarmağa başlayanda hətta məşhur rəsmləri təqlid edir və ya kopyalayırdıq. Beləliklə, mən öz brendimin bir hissəsi olaraq, təmiz vicdanla insanlara bunları gündəlik həyatda geyinmək imkanı verə bilərəm. Yeri gəlmişkən, Mayamidə Azərbaycan səfirliyinin təşkil etdiyi sərgidə iştirak edərkən işlərimi özüm geyinə bildim. Xüsusən də diplomun təqdim edilməsi üçün təşkil edilən bu mərasimdə sərgidə nümayiş etdirilən rəsmimin çapı olan kostyumu geyindim. Beləliklə, mənim üçün geyim əşyalarının üzərinə rəsmin həkk olunması bir növ hərəkətə bənzəyir. Bu da təkcə rəsm sahibinin deyil, həm də digər insanların bədii zövqünü tədricən inkişaf etdirməyə imkan verir. Məhz sözün əsl mənasında hərəkət edən ekspozisiya vasitəsilə...

- Sosial şəbəkələrin fəal istifadəçisisiniz. Rəqəmsal platformalarla rəssamlıq uyğun gəlirmi?

- Özü də necə! Sosial şəbəkələr sonsuz imkanlar verir! Məhz sosial şəbəkələrdəki səhifələr sayəsində incəsənətlə bağlı müxtəlif tədbirlərə dəvətlər alıram. İnsanlar, xüsusən də 2020-ci ildəki ciddi məhdudiyyətlərdən sonra internet məkanına daha çox cəlb olunub. Mənə yaradıcılığımla bağlı hadisələri bölüşmək maraqlıdır. Çoxsaylı plenerlərdən video və fotoşəkillər dərc etməklə mən təkcə səyahət etdiyim ölkələri deyil, həm də ən əsası Azərbaycanın gözəl təbiətini göstərirəm. Mən insanlara çatdırmaq istəyirəm ki, doğma sərhədlərimiz daxilində müxtəlif iqlim tiplərinə malik olduğumuza görə xoşbəxtik: biz hündür dağlara qalxa, düzənlik yaylalarda “itə”, meşələrin dərinliklərinə gedə, səhranın “nəfəsi”ni hiss edə bilərik. Rəssam kimi bilirəm ki, ölkə daxilində hər hansı bir istiqamətə yollanarsam, boyaları əlimə götürmək üçün daha bir stimul olacaq bir yer tapacağam. Sosial şəbəkələr də belə səfərlərin nəticələrini və ya emalatxanadakı işlərimi göstərmək imkanı verir. Müəyyən dərəcədə onları şəxsi virtual sərginin daim yenilənən ekspozisiyası kimi qəbul edirəm. Burada hər hansı işim kiminsə qəlbinə toxunacaq və ya diqqətini cəlb edəcək. Buraya Azərbaycandan çox uzaq olan ölkələr də daxildir. Axı, mənim müxtəlif maraqlı beynəlxalq tədbirlərdə iştirak etmək istəyim və açıqlığımın əsasında məhz onun mədəniyyətinin populyarlaşması dayanır. Belə tədbirlərin təşkilatçıları getdikcə daha çox rəqəmsal platformalara müraciət edirlər. Onlar qərəzsiz şəkildə fikirlər bildirirlər. Bu da rəssamlara qərəzdən və aqressiv şəkildə deyilən fikirlərdən yan keçməyə, öz işlərinə dürüst qiymət verilməsinə imkan yaradır. Bundan başqa, “digital art”ın dövrü gəlib. Bu, hazırda yaradıcılıqda öz layiqli yerini tutmağa başlayır. Bunu keçirilən ixtisaslaşmış tədbirlər də təsdiqləyir. Məsələn, noyabrda Cənubi Koreyada keçiriləcək sərgidə mənim işlərim nümayiş etdiriləcək. Bir sözlə, rəqəmsal platformalar rəssamlıqla çox ahəngdar şəkildə vəhdət təşkil edir...



MƏSLƏHƏT GÖR:

49