16 May 2024

Cümə axşamı, 21:54

TOPLA OYUN OYNAMAQ

Əcnəbi məşqçilərlə bu qədər uğursuzluqdan sonra onları yenidən dəvət etməyə dəyərmi?

Müəllif:

01.12.2023

Azərbaycan futbol ictimaiyyəti yenə axtarışdadır. İtalyan baş məşqçi Canni De Byazinin gedişindən sonra hamını milliyə kimin rəhbərlik edəcəyi maraqlandırır.

 

Keçənə güzəşt deyərlər

Gəlin əvvəlcə De Byazinin millidəki işinə qiymət verməyə çalışaq. Açıq demək lazımdır ki, onun debütü uğurlu alınmadı. Milli onun rəhbərliyi altında ilk oyunda evdə Lüksemburqa uduzdu (1:2). Ardınca Millətlər Liqasında Kipr üzərində 1-0 hesablı qələbə qazanıldı. Monteneqro və Lüksemburqla qolsuz bərabərlikdən sonra əksəriyyət ona vaxt verilməsinin vacibliyi qeyd etdi. Çünki əvvəlki iş yerində De Byazi Albaniya yığmasını tarixdə ilk dəfə Avropa çempionatına çıxarıb və Azərbaycan millisində də “möcüzə” edəcəyinə inam var idi. Təəssüf ki, ümidlər doğrulmadı. Futbolçularla mütəmadi qalmaqal yaşayan De Byazi əsas oyunlarda məğlub olan millidə heç bir dəyişiklik edə bilmədi.

2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində də yığma uğursuzluğa düçar oldu. Yalnız son oyunlarda 7 xal toplayan milli ümidverici oyun nümayiş etdirmədi. Futbolçuların meydanda nümayiş etdirdiyi oyun milli adına yaraşmadı. Ötən il ardıcıl 5 qələbə qazanan millinin uğurunu xüsusi təqdim edən De Byazi əslində, problemləri həll etmədi. Millətlər Liqasında 3, yoldaşlıq görüşündə 2 qələbə sadəcə statistika üçün önəmli oldu.

Son oyunlardan sonra hətta jurnalistlərlə qalmaqal yaşayan İtaliyanın müqaviləsinin artırılmayacağı gözlənilən idi. 2020-ci ilin iyulunda millinin baş məşqçi postuna təyin olunan italiyalı mütəxəssislə müqavilə başa çatdı və AFFA İcraiyyə Komitəsi onunla yolları ayırmaq qərarı verdi.

Yığma son üç il ərzində onun rəhbərliyi altında dörd seçmə mərhələdə mübarizə aparsa da, futbolsevərlərə ancaq əsassız vədləri ilə yadda qaldı. Millini 39 oyuna çıxaran De Byazi azarkeşlərə yalnız 10 görüşdə qələbə sevinci yaşatdı. Səkkiz qarşılaşmada heç-heçə ilə təsəlli tapdıqsa, 21 matçda məğlubiyyət acısı yaşadıq. Top fərqi də ürəkaçan deyil - 34:56.

 

Anlamaq və hərəkətə keçmək

De Byazi ilə yanaşı, ölkə futbolunda olan problemləri də unutmamalıyıq. Diqqət edin: millidə məşqçilər dəyişir, nəticə dəyişmir. Çünki millidə oynamaq üçün 11 dünya standartlarına cavab verən futbolçu tapmaq çətindir. Milli komandanın güclü olması üçün, ilk növbədə, futbolçuların iştirak etdiyi Azərbaycan çempionatı güclənməlidir. Bizim çempionatda ancaq “Qarabağ” fərqlənir, digər klublar isə çempiondan ciddi fərqlə geri qalır.

Milli komanda ölkədə futbolun səviyyəsinin göstəricisidir. Yığmanın gücü gənc yaş qruplarından ibarət komandalarda formalaşır. Bu arada, onlar da (U-17, U-19, U-21) uğursuz çıxış edirlər. Bu da ölkənin əsas komandasının gələcəyi ilə bağlı həyəcan təbili çalmaq üçün növbəti arqumentdir.

Hazırkı məqamda milyonlarla dollar qarşılığında əcnəbi məşqçi dəvət etməyə ehtiyac yoxdur. Komandanı yerli məşqçiyə tapşırmaqla maliyyəni uşaq futboluna yönəltmək daha doğru qərar olar. Bu işdə klublar da federasiyaya dəstək olmaqla kompleks işi reallaşdırmaq mümkündür. Azərbaycanda istedadı və potensialı olan kifayət qədər yeniyetmə var. Sadəcə, onların təməli düzgün qoyulmur və lazımi istiqamətdə inkişaf etmirlər. Buna görə də sonradan U-17, U-19, U-21 milliləri və əsas komanda istənilən oyunu nümayiş etdirmir.

Əgər ölkədə yetərincə səviyyəli futbolçu tapılmırsa, əcnəbi məşqçi dəvət etməyin nə mənası var? De Byazinin tarix yazdığı Albaniya yığmasında əksər futbolçular qitənin səviyyəli çempionatlarında çıxış edirdi. Bizim vəziyyətimizdə isə uşaq futboluna qayğını artırmaqla 5-6 ildən sonra millini yaxşı istiqamətə dəyişmək olar.

Ölkənin aparıcı futbol mütəxəssisləri indi yerli məşqçi tapmağa diqqət yetiriblər. Bununla belə, son söz AFFA rəhbərliyində olacaq.

 

Ekspertlərin fikirləri

Milli komandanın sabiq futbolçusu, məşqçi Yunis Hüseynov yerli mütəxəssislərə üstünlük verilməsi ideyasını dəstəkləyir.

“Qlobal dəyişiklik olacağına inanmıram. Qrupdan lider və ya ikinci yerin sahibi kimi çıxacağımızı fikirləşməməliyik. Hazırkı məqamda bunları gözləmək düzgün deyil. Çünki bizdə futbolçu seçimi çox deyil. Hər mütəxəssisin özünün baxışı var. 150-200 futbolçumuz var, amma milli səviyyəsində 20-25 nəfərdir”, - o, “Region plus” jurnalına açıqlamasında vurğulayıb.

Milli komandanın futbolçusu Mahir Əmrəli məşqçilərlə bağlı işlərə qarışmadığını bildirib: “Bununla bağlı AFFA və İcraiyyə Komitəsi qərar verir. Mən millidə özümü əsgər kimi hiss edirəm. Yığmada ürəklə oynamaq istəyirəm. Bu komandanın formasını geyinmək hər futbolçunun arzusudur. Burada uğur qazanmaq tamam başqa bir şeydir. Burada istər-istəməz ürəkli və cəsarətli futbol oynamaq istəyirsən. Milli məğlub ola bilər, amma layiqli mübarizə göstərmək vacibdir. Uduzsan da, matçdan həzz almalısan, mübarizə aparmalısan, top saxlamalısan, rəqibə çətinlik yaratmalısan”.

“Bəzi adamlar deyir ki, millimizin baş məşqçisinin yerli, ya da əcnəbi olmağı fərq eləməz. Ancaq elə deyil. Baş məşqçi yerli olmalıdır. Bizim futbol fərqlidir. Biz topla işləyirik. Bizim futbol mentaliteti elədir ki, topla oynayırıq, topsuz alınmır. Bu, Avropanın hansı ölkəsinə yaxındır? Portuqaliya, İspaniya. Demirəm ki, gedək ordan məşqçi gətirək. Deyirəm ki, məşqçi gətirəndə də buna fikir vermək lazımdır. 30 ildir deyirəm ki, millini yerli mütəxəssis çalışdırmalıdır”, - millinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov qeyd edib.



MƏSLƏHƏT GÖR:

48