19 May 2024

Bazar, 17:52

SƏSİ KOSTYUM KİMİ DƏYİŞİR

İlham NOVRUZOV: «Musiqi ifaçının çəkdiyi rəsm əsəridir»

Müəllif:

01.12.2023

Azərbaycanın əməkdar artisti İlham Novruzov kontratenordur. Səs diapazonu onu bas, bariton, həmçinin kontralto, metso-soprano və soprano oxumağa imkan verir. Novruzov dünyanın 63-dən çox ölkəsinin opera və konsert səhnələrində çıxış edib. 2020-ci ildə ifaçının həyat və yaradıcılığına həsr olunmuş «İlham Novruzov: sərhədsiz səs…» kitabı nəşr olunub. Müəllif fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadədir.

Onun kontratenor vokal arsenalında çoxsaylı nadir partiyalar var. Bu partiyalar bir vaxtlar o qədər yüksək qiymətləndirilib ki, onların ifaçılarının adları vokal sənətinin tarixinə qızıl hərflərlə yazılıb, onların əsasında dahi bəstəkarlar möhtəşəm musiqi əsərləri yazıb. Məhz kontratenorların sayəsində meydana daha bir gözəl üslub çıxıb – barokko musiqisi. Barokko müasir dinləyicini onu dinləməyə məcbur edir, onu İntibah dövründən bəslənən və klassik üslubda təkmilləşən mürəkkəb atmosferə qərq edir.

«Barokko» sözü portuqal dilindən gəlir və mənası «yanlış formanın mirvarisi»dir. Yəqin ki, kontratenorlar buna görə ənənəvi olmayan ifaçılar kimi qəbul edilir. İlham Nəzərov ən müxtəlif vokal ifaları zamanı özünü eyni dərəcədə rahat hiss etdiyini dəfələrlə dilə gətirsə də, kontratenor kimi onun səsinin qiyməti daha çox hiss olunur. Çoxsaylı vokal müsabiqə və festivallarında Nəzərov məhz bu cəhəti ilə fərqlənib. Yeri gəlmişkən, o, belə tədbirlərdən birindən bu yaxınlarda qayıdıb…

 

- Siz o qədər aktivsiziniz ki, sizin festival bioqrafiyanız sanki musiqi aləminə səyahətdir…

- İfaçı kimi həqiqətən də yüzdən artıq müxtəlif müsabiqə və festivala qatılmışam. Tbilisidən yeni qayıtmışam. Orada keçirilən «International Baroque Festival»da ölkəmizi Azərbaycanın möhtəşəm əməkdar artisti Fəridə Məmmədova və maestro Eyyub Quliyevlə birlikdə təmsil edirdik. Mən Nikol Porporanın «Alto», Gendelin «Scherza infida», Antonio Vivaldinin «Stabat mater» əsərlərini ifa etdim. Fəridə ilə duetdə oxuduq – Gendeldən («Fermati, Armida son fedel, Io t'abbraccio») və Monteverdidən («Pur ti miro»).

Bununla yanaşı, bizim 2022-ci ildə keçirilmiş «Barokko günləri» beynəlxalq festivalının iştirakçısı olmuş möhtəşəm «Georgian Sinfonietta» orkestri ilə də çıxış etdim. Onun bədii rəhbəri özüm idim. Dövlətimizin bu məsuliyyəti mənə etibar etməsilə qürur duyuram. Qonaqlar, iştirakçılar və tamaşaçılar tərəfindən çox yüksək qiymət almışdıq. Həmin vaxt ilk dəfə Opera və Balet Teatrımızın səhnəsində Kristof Qlyukun «Orfey və Evridika» operasından partiya ifa etmişdim. Himn festivaldan Stefano Demikelenin koavesində ifası, Türkiyədən olan kontratenor Kaan Budlular və digərlərinin çıxışı da xatirələrdədir.

- Onlar – kontratenorlar necə olurlar?

- İnanmayacaqsınız… Qəribə olurlar (gülür). Bəlkə də həmkarlarım mənimlə razılaşmayacaqlar, amma teatr dünyasında «prima donna» anlayışı var. Kontratenorlar arasında «prima uomo»lara («birinci kişi») daha çox rast gəlinir. Ənənəvi səs sahiblərindən fərqli olaraq, onların bu şıltaqlığı tamamilə izaholunandır və vokalçının xarakterinə uyur. Bununla yanaşı, kontratenorların istisnasız olaraq hamısı çox savadlı musiqiçilər olur. Çünki barokko musiqisinin qaydaları çox sərt, riyaziyyata yaxındır.

- Bu yaxınlarda Opera və Balet Teatrımızın daimi opera truppasına daxil oldunuz…

- Bu, dərrakəli şəkildə atılmış addımdır. Bu gün Opera və Balet Teatrına opera sənətini dərindən bilən şəxs rəhbərlik edir. Yusif Eyvazovun Avropanın aparıcı teatr evləri ilə böyük əməkdaşlıq təcrübəsi var. Bu, onun teatrla bağlı nəhəng layihələrə istiqamətlənməsinə imkan verir. Biz də ondan nümunə götürərək, bu istiqamətdə fəaliyyətə başlamışıq. Teatrdakı qlobal dəyişikliyin bir hissəsi olmaq sevindiricidir. Üstəlik, əgər rəhbər müxtəlif janrlara, üslub və dövrlərə diqqət ayırırsa. Barokko operalarının qoyuluşu isə hər zaman səviyyə nümayişidir və nəhəng, aparıcı opera teatrının «duz»udur. Bizim doğma teatrımızda da belə imkanlar yaranacaq və mən ən yetkin vokalist illərimi məhz XVII-XVIII əsrlərə aid barokko operalarının qoyuluşuna, yaxud kontratenor üçün partiyaları olan müasir əsərlərə həsr etmək istərdim. Onlarda məmnuniyyətlə iştirak edərdim. Əminəm ki, hazırda repertuar siyasətində müxtəlif janrlardan olan musiqilərin, üslub istiqamətlərinin prioritet təşkil etdiyini nəzərə alaraq, biz onlara da diqqət ayıracağıq.

- Ümumiyyətlə, musiqi müsabiqələri və festivallar insana nə verir? Hər halda bu, artistin mövqeyinin əvvəldən bəlli olduğu qastrol səfərləri deyil.

- Bu, heç nə ilə müqayisəyə gəlməyən təcrübədir! Bu, inanılmaz emosional tapıntıdır! Belə tədbirlərin xüsusi atmosferi olur. Orada sanki «dalırsan». Ətrafında səninlə eyni dildə danışan, yaxud belə deyək ki, oxuyan insanlar var. Hərfi mənada. Burada çəkinmədən vokal sexindən olan həmkarlarına «göz qoya» bilirsən. Eyni zamanda bu, sözün yaxşı mənasında özünəməxsus peşəkar yarmarkadır. Müsabiqə və festivallarda özünü göstərə, imkanlarını əməldə ortaya qoya bilirsən. Yeri gəlmişkən, məhz festival və müsabiqələr çərçivəsində tənqidi qeydlər yerində səslənir. Bundan başqa, belə tədbirlər üçün əsərlər hazırlamaq təcrübəsi də var ki, o anadək vokalçılar müxtəlif səbəblərdən bunu edə bilmir. Və ya artıq şəxsi repertuarınıza daxil edilmiş sevimli əsərlərə müraciət olunur. Məsələn, oktyabrda Moskvada Azərbaycanın xalq artisti Tamara Sinyavskayanın yubileyi şərəfinə təşkil olunmuş qala-konsertdə Yevgeniya Svetlanova adına Rusiya Dövlət Orkestrinin müşayiəti ilə ifa etdiyim Handelin “Yuli Sezar Misirdə” operasından Yuli Sezarın ariyası kimi.

Çox gözəl ifaçı, əla pedaqoq Tamara İliniçna həmin axşam dostlarının, pərəstişkarlarının sevgisi ilə əhatələnmişdi və orada əlbəttə ki, biz, M.Maqomayev adına vokalçılar müsabiqəsinin laureatları da var idik. Yeri gəlmişkən, IV belə müsabiqədə mən birinci yeri tutmuşdum. Odur ki, ondan dəvət almaq çox xoş və şərəfli idi. Bu da öz-özlüyündə artistin səviyyəsinin göstəricisidir.

- Belə «mənasız şeylər» bir artist üçün həqiqətənmi maraqlıdır?

- Artist hansı janrda olursa olsun, xidmətdədir və dayanmağa onun haqqı çatmır. Həmin an onun «öldüyü» fikri illərin sınağından keçmiş ifadədir. Səhnəyə münasibətdə «mənasız şeylər» ifadəsini işlətmək də kökündən yanlışdır! Sən bütün ruhunla səhnəyə aidsənsə, səhnə və tamaşaçı qarşısında məsuliyyətini anlayırsansa, fəal karyeranın son anınadək dayanmadan öz üzərində çalışacaqsan. Biz «saatlıq bütlər»dən danışmırıq. Söhbət imkan və bacarıqlarını anlamaqda adekvat olanlardan gedir. Mənim üçün bu nümunə hər zaman Müslüm Maqomayev olub və olacaq. Mən bir çox elmi araşdırmalarımı, nəşrlərimi bu dahiyə həsr etmişəm. Mənim karyeram onun adı ilə birbaşa bağlıdır. Hər bir uğurumda onun rolu var. Bu möhtəşəm insanla heç vaxt qarşılaşmasam da, həyatımda o, böyük rol oynayıb və oynayır. Bu səbəbdən də düşünürəm ki, həmin o bədnam “boşluq” yaradıcılığa təsir üçün ən kiçik bir fürsət versəniz, bəlkə də, ilk vaxtlarda uğur kimi görünə bilər, amma  bilik və peşəkarlığın möhkəm təməli olmasa, sonda elə ən böyük zərbəni o vuracaq.

- Sizin sənətlə tanış olmayan dinləyicidə belə, şok yarada biləcək qeyri-adi səsiniz var…

- Kontratenor olmaq asan deyil. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında mənim sinfimi kontratenor kimi bitirmiş şagirdlərimdən biri – Tofiq Zeynalov tezliklə konsertdə tamaşaçıların qarşısına çıxacaq. Bu, artıq ölkəmizdə kontratenorların damamçılarının yaranmaqda olduğunu göstərir. Amma təəssüflə etiraf etməliyəm ki, bizim ölkədə kişi vokal sənətinə yanaşmada bir stereotip var. Amma Tanrı mənə nadir səs verib və mən bununla fəxr edirəm! Bunu müsabiqə və festivallarda peşəkarlar, həmçinin sadə, savadlı tamaşaçılar da təsdiqləyir. Mənə irəli getmək istəyi və gücünü verən də məhz bu fikirlərdir… Təvazökarlıq etməyərək deməliyəm ki, mən bu səsin ilk və yeganə sahibiyəm ki, M.Maqomayev adına müsabiqədə çıxış etmişəm. Tamara İliniçnadan Azərbaycan ifaçısının barokko ariyasını oxumasına yüksək qiymət verməsi çox xoş idi. O, barokko musiqisinə aid demək olar ki, bütün repertuarlarla tanışdır və demək, ondan alınan yüksək qiymət qürur duymaq üçün əsasdır. Mənim səs tembrimin şok effekti yarada biləcəyi şəxslərə gəlincə, düşünürəm ki, o zaman onlar bu opera sənəti haqda yeni nələrsə öyrənəcəklər. Gendelin dediyi kimi, «mən insanları sadəcə həzz versəydim, təəssüflənərdim; mənim məqsədim onları daha yaxşı etməkdir». Dahilərlə mübahisə etmək isə mənim işim deyil…

- Nabələd adam üçün kontratenorun repertuarında müəyyən məhdudiyyətlər var…

- …və bu, kökündən yanlışdır! Doğrudur, əvvəllər mən də belə düşünürdüm. Şubert, Şuman, Qriq, Raxmaninov, Çaykovski, Qlinka və digər bəstəkarlardan ifalar edənədək. Onların heç də hamısı barokko musiqisi deyil. Məsələn, «Böyük opera» layihəsində mən «Ruslan və Lüdmila»dan kontralto üçün Ratmir operasını ifa etmişəm. Yeri gəlmişkən, Orfey də bu səs üçün yazılıb! Axı mən onları kontratenor kimi ifa etmişəm! O vaxt kifayət qədər konsert çıxışlarım olduğundan, səsimi praktik olaraq, «yolüstü» kökləməli olurdum. Amma işin maraqlı tərəfi də məhz budur. Bu gün artıq keçmişin təcrübəsinə əsasən nəyi bacardığımı anlayıram! Kontraltonun ardınca metso-soprano, daha sonra soprano oxumaq?.. Bu, möhtəşəmdir! Demək, məndə bas da daxil olmaqla, beş aktava işləyir. Bir dəfə bu haqda düşünərkən anladım ki, işin gedişində səsi kostyum kimi dəyişirəm…

- Hansısa səs «qarderob»unda…

- Mən ifaçılardan sanki «vokal maskaları»nı seçirəm. Məsələn, Orfeydə kimi dinləmək istərdim? Müxtəlif ifaçıları dinləyərək, ən yaxşısını tapıram. Sanki ayrı-ayrı hissələri toplayıram ki, sonda «kostyum» əynimə tam «otursun». Mənim vokal həyatımda Cakomo Puççininin «Madam Batterflay» operasından Çio-çio-san partiyasının olduğunu çox az adam xatırlayır. Kontratenorların heç birinə onu və o tipli partiyanı məsləhət görmürəm, çünki o, səsi məhv edir. Mənim başıma gəlib. Düz bir ay səsimi itirmişəm. Bu, öz üzərimdə etdiyim çox amansız eksperiment idi. Özünəməxsus çağırış. Buna həm dəyərdi, həm də yox. Qəribə hissdir. Özümə bir çox şeyləri məhz onun sayəsində icazə versəm də, əvəzini bir aylıq depressiya ilə ödəmişəm. Demək istəyirəm ki, mənim kimi səs diapazonuna malik vokalçı çox yüksək texnikaya malik olmalıdır. Odur ki, repertuarıma daxil olan və ya nə vaxtsa daxil olmuş ifalarımı durmadan təkrar-təkrar dinləyirəm.

- Bu, məntiqlidir. Çünki biz öz səsimizi həmsöhbətlərimizdən fərqli eşidirik.

- Bundan başqa, sən necə səsləndiyini bilməlisən. Bu, qadının gözəl, qüsursuz görünmək üçün güzgüyə baxmağına bənzəyir. Səs də eyni şeydir. O, sanki plastilindir. Ona daim forma vermək, onun üzərində işləmək lazımdır. Vokalçı texniki baxımdan hazırlıqlıdırsa, səsinə çox yük düşməyəcək, səs telləri əziyyət çəkməyəcək.

- Opera sənətində texnika ilə yanaşı, müxtəlif dillərdə ifa da var.

- Mən italyan, alman və fransız dillərində oxuyuram. Yunan, qazax, tatar, Ukrayna, Çin, türk, özbək, qırğız, gürcü, Norveç dillərində də ifalarım olub… Etiraf etmək lazımdır ki, güclü texnikaya malik müxtəlif instrumentalistlər və ya vokalçılar eyni əsəri müxtəlif şəkildə ifa edirlər və onlar fərqli səslənir. Elə də olur ki, hər şey, ilk baxışdan, təmiz ifa olunub, amma mən yalnız texnikanı eşidirəm. Bəzən isə musiqiçi və ya müğənninin özünün yaratdığı, dərindən gələn keçid palitralarını da açıq hiss edirsən. Bir sözlə, musiqi ifaçının çəkdiyi rəsm əsəridir. O, heç vaxt təkrarlanmır.



MƏSLƏHƏT GÖR:

49