18 May 2024

Şənbə, 23:13

“BALKAN” MİSSİYASI

Avropada yeni təbii qaz münaqişəsi fonunda Serbiya Azərbaycandan “mavi yanacaq” tədarükünün başlanılmasını sürətləndirir

Müəllif:

01.12.2023

Rusiya qazı hələ də Avropa ölkələri arasında fikir ayrılığına səbəb olur. Məlumdur ki, onun Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı müxtəlif səbəblər üzündən ixtisar edilmiş formada həyata keçirilir. Qitə dövlətlərinin əsas səyləri boru kəmərləri vasitəsilə tədarük mənbələrinin şaxələndirilməsinə, sıxılmış maye qaz (LNG) ixracının həcminin artırılmasına və ümumilikdə “mavi yanacaq” istehlakının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə yönəlib.

Bolqarıstan parlamentinin Rusiya təbii qazının öz ərazisindən “Türk axını” kəməri ilə tranzitinə görə rüsum tətbiq etmək qərarına görə Avropada yeni qaz münaqişəsi məhz Balkan regionunda alovlanıb. Ən pis halda bu, “Qazprom”un enerjisi resursunun “Türk axını” ilə nəqlinin dayandırılmasına və Balkan regionunda yanacaq qıtlığına səbəb ola bilər. Əlbəttə ki, bu, ən real ssenari olmasa da, hadisələrin bu istiqamətdə cərəyan etməsi mümkündür. Bu kəmərlə təbii qaz əsasən Macarıstan və Serbiyaya tədarük edildiyi üçün onların bu yeniliyi nə dərəcədə bəyənmədiyini anlamaq olar.

Macarıstan və Serbiya Şimali Makedoniya ilə birlikdə Bolqarıstan parlamentinin qərarını qəbuledilməz və qeyri-qanuni adlandırıb. Onların bunun ölkələrinin enerji təhlükəsizliyinə təhdid yaratdığını bildirib və bu qərarın ləğvi üçün əllərindən gələni edəcəkləri ilə hədələyiblər.

Güman ki, məhz Bolqarıstanın qərarı son nəticədə Serbiyanı Azərbaycanla qazın alqı-satqısına dair müqavilə imzalamağa sövq edib. Rəsmi Belqrad hesab edir ki, bu müqavilə təkcə Bakı ilə enerji əlaqələrini genişləndirməyəcək, həm də ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, onun Rusiya təchizatından asılılığını azaldacaq.

 

Dostun etibarsız çıxarsa

Oktyabrın 13-də Bolqarıstan parlamenti öz ərazisindən qaz tranziti üçün 1 MVt/saata (1000 kubmetr üçün təxminən 111 dollar) görə 20 levi (təxminən 10 avro) rüsum tətbiq edib. Rüsumu ödəmək üçün idxalçılar və qaz nəql edən təşkilatlar məsuliyyət daşıyırlar. Analoji ödəniş LNG üçün tətbiq edilib. Yeni ödəniş Niderlandın TTF təbii qaz habında mövcud baza qiymətinin təxminən beşdə birini və ya 20%-ni təşkil edir (MVt/saata 50 avro).

Eyni zamanda, Bolqarıstan hökuməti bu məsələ ilə bağlı Macarıstan və Serbiya üçün heç bir problem görmür, çünki tranzit pulunu onlar yox, Rusiyanın “Qazprom” şirkəti ödəyir. KİV-lərdə yayılan məlumata görə, bu, Sofiyaya ildə təxminən 2,4 milyard levi (təxminən 1,29 milyard dollar) əlavə gəlir gətirəcək. “Qazprom” yeni rüsumu ödəməyə hazır olduğunu təsdiqləməyib. Baxmayaraq ki, Macarıstan artıq Rusiya hökumətindən bu yeniliyinin Bolqarıstan vasitəsilə daşımaların davam etdirilməsinə mane olmayacağına dair zəmanət alıb.

“Bu ödənişlə rəqabəti bazara qaytarırıq. Biz Serbiya və Macarıstanda qiymət artımını yox, “Qazprom”un mənfəətinin azalmasını, yəni müharibə aparmaq üçün Rusiya dövlət büdcəsinə gedən vəsaitin azalmasını gözləyirik. Biz həmçinin digər sıxılmış maye qaz mənbələri ilə Rusiyadan gələn boru kəməri qazı ilə real rəqabət yaradırıq”, - Bolqarıstanın Baş naziri Nikolay Denkov bildirib.

Lakin bu bəyanatı nə bu təbii qazın əsas benefisiarları, nə də əlavə tranzit rüsumlarının tətbiqi ilə bağlı rəy vermək xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edən Bolqarıstan Prezidenti başa düşüb. R.Radevin sözlərinə görə, qəbul edilən qanun Konstitusiyanın bir sıra müddəalarını, mülkiyyət hüquqlarının təminatları və azad iqtisadi təşəbbüs prinsiplərini pozur. Prezidentin sözlərinə görə, belə bir addım vergi və ödənişlərin qanuniliyinə uyğun gəlmir: “Çünki ödənişin hüquqi statusu aydın deyil. Bu, vergidir, yoxsa rüsum?”

“Bolqarıstan artıq özünü bizim müttəfiqimiz və tərəfdaşımız olan Macarıstanın etibarsız tərəfdaşı kimi göstərir. Macarıstan isə böyük ehtimalla bizə qarşı Aİ məhkəməsinə müraciət edəcək. Macarıstanda bu ölkəyə cəmi iki ay əvvəl səfərim zamanı dostluq və yaxşı iş sayəsində Bolqarıstanı Avropaya maye qazın nəqlində mühüm amilə çevirən saziş imzalanıb”, - dövlət başçısı vurğulayıb .

Rusiya “mavi yanacağından” ciddi şəkildə asılı olan Serbiya təbii qazın hər 1000 kubmetrinin qiymətini 80-100 dollar artıracaq tranzit tarifinin tətbiqindən narahatlığını ifadə edib. Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın qərarını qəribə məsələ və ölkəsi üçün böyük problem adlandırıb.

Serbiya və Macarıstan da birgə bəyanat hazırlayaraq, Bolqarıstanın qərarının düşmənçilik addımı və iki ölkənin enerji təchizatının təhlükəsizliyinə təhdid olduğunu qeyd ediblər.

Bundan başqa, Macarıstan Avropa Komissiyasına Budapeştlə məsləhətləşmədən tranzit vergisi tətbiq edən Bolqarıstanla bağlı Aİ qanunvericiliyinin pozulması proseduruna başlamaq tələbi ilə müraciət edib. Üstəlik, Brüssel bu ilin sonuna kimi tədbir görmədiyi təqdirdə, Macarıstan hakimiyyəti onu Avropa Məhkəməsinə verəcəyi ilə hədələyir.

“Bolqarıstanın rüsumu Macarıstanın və bütün regionun enerji təhlükəsizliyini ciddi şəkildə təhdid edir”, - Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka vurğulayıb.

“Bolqarıstan, təəssüf ki, Şimali Makedoniya, Serbiya və Macarıstana təbii qaz tədarükünün təhlükəsizliyinə təhdid edən qərarlar qəbul edib. Bolqarıstanın əvvəlcədən xəbərdar etmədən rüsum tətbiqi düşmən addımıdır. Bir dövlətin - Avropa İttifaqının üzvü olan bir ölkənin təşkilatın digər üzvünə təbii qaz tədarükü ilə bağlı hədələri yolverilməzdir. Bu, Avropa həmrəyliyinin qayda və prinsiplərinə ziddir”, - Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da hiddətini gizlətmir.

Avropa Komissiyası Bolqarıstanın qərarı ilə əlaqədar bildirib ki, bu tədbir milli səviyyədə həyata keçirilib və bunun Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Brüssel Macarıstanın tələbini təhlil edəcəyinə və Bolqarıstanın hərəkətlərini qiymətləndirəcəyinə söz verib. Doğrudur, Aİ rəsmilərinin şərhlərinə əsasən ehtimal etmək olar ki, Brüsseldən ciddi etirazlar gəlməyəcək. Aİ-nin bununla bağlı tədbirlər həyata keçirəcəyindən söhbət belə gedə bilməz.

“Belə bir addım həm Serbiya, həm Macarıstana, həm də regiondakı bəzi ölkələrə və Avropa İttifaqına da kifayət qədər ciddi mənfi təsir göstərəcək”, - Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç qeyd edib.

 

Sonraya saxlamamaq

Bəlkə də məhz indiki vəziyyət Belqradı təbii qaz nəqli mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığının azaldılması istiqamətində səyləri gücləndirməyə vadar edib. D.Yedovic Handanoviç bildirib ki, hazırda Serbiya milli enerji təhlükəsizliyinin qorunması üçün bəzi tədbirlərin görülməsi üçün danışıqlar aparır. Söhbətin hansı tədbirlərdən getdiyini təxmin etmək çətin deyil. Təsadüfi deyil ki, Azərbaycan və Serbiya arasında qaz sahəsində əməkdaşlığa dair strateji əhəmiyyətli sənədlərin imzalanması D.Yedovic Handanoviçin bu yaxınlarda Bakıya səfəri zamanı baş tutub. Belqrad enerji təhlükəsizliyini təmin etmək üçün təchizat mənbələrini şaxələndirməyə çalışır və Bolqarıstan hakimiyyətinin qərarı bu prosesi sürətləndirib. Demək, Azərbaycan təbii qazının alınmasına dair müqavilənin imzalanması da məhz bu məqsədə xidmət edir.

Noyabrın 15-də SOCAR ilə Serbiyanın “Srbijagas” şirkəti arasında imzalanmış müqavilə ilə Serbiyanın 2024-2026-cı illərdə illik 400 milyon kubmetrədək Azərbaycan “mavi yanacağı”nı alması nəzərdə tutulur. Gələcəkdə bu həcm illik 1 milyard kubmetrə qədər artırılacaq.

Bundan əlavə, Bakı və Belqrad Serbiyaya LNG-nin tədarükü imkanlarının araşdırılması, təbii qaz anbarları sahəsində əməkdaşlıq, Azərbaycan Dövlət Neft Şirkətinin qaz ticarəti əməliyyatlarında iştirak, həmçinin “mavi yanacaq”la çalışan elektrik stansiyalarının tikintisi barədə razılığa gəliblər.

Beləliklə, ildə 3 milyard kubmetrdən çox təbii qaz istehlak edən Serbiya bu enerji resursunu Azərbaycandan alan səkkizinci ölkə olacaq. Bu ölkəyə “mavi yanacaq” Bolqarıstan-Serbiya interkonnektoru (IBS) vasitəsilə nəql ediləcək.

“Yaxın gələcəkdə istifadəyə verilməsi gözlənilən Bolqarıstan-Serbiya interkonnektoru vasitəsilə Azərbaycan təbii qazının Serbiyaya tədarükü sayəsində biz təchizat mənbələrinin şaxələndirilməsinə, o cümlədən Mərkəzi Avropaya təbii qaz nəqlində tranzit ölkə kimi rolumuzun gücləndirilməsi kimi strateji məqsədimizə nail olacağıq”, - D.Yedovic Handanoviç qeyd edib.

Yeri gəlmişkən, sistemlərarası qaz nəqli qovşağının ümumi uzunluğu 170 kilometr olacaq. Bunun 109 kilometri məhz Serbiya ərazisindən keçəcək. Hər iki istiqamətdə illik 1,8 milyard kubmetrə qədər təbii qaz nəql etmək mümkün olacaq. Avropa İnvestisiya Bankının məlumatına görə, layihənin dəyəri 85,5 milyon avro təşkil edir. Bu vəsaitin 49,6 milyon avrosu Aİ-nin subsidiyalarıdır. Bu kəmərin istismara verilməsi Serbiyanın Rusiya təbii qazından asılılığını azaldacaq. Bu keçid Aleksandrupolisdəki (Yunanıstan) LNG terminalı ilə birgə fəaliyyət göstərəcək, Cənub Qaz Dəhlizinə çıxış əldə edəcək və Azərbaycandan alternativ təbii qaz tədarükünü təmin edəcək.

IBS başa çatdıqdan sonra Serbiya hakimiyyəti qonşu ölkələrlə - ilk növbədə Şimali Makedoniya ilə yeni interkonnektorların tətbiqi imkanlarını nəzərdən keçirir. Bu da onu regional tranzit mərkəzinə çevirəcək.

 

“Qardaşlıq halqası”

Digər Avropa ölkələri də öz qarşılarına tədarük mənbələrini şaxələndirmək vəzifəsi qoyurlar. Aprel ayında Azərbaycan, Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniya Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizində hasil olunan təbii qaz ixracının artırılması üçün daxili Avropa qaz birləşdiricilərindən istifadə etmək məqsədilə “Qardaşlıq halqası” sazişi imzalayıblar. Bu ilin avqustunda Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Prezidenti İlham Əliyev razılığa gəliblər ki, Macarıstan ilin sonuna qədər Azərbaycandan 100 milyon kubmetr təbii qaz alacaq və sonradan bu həcmi 1 milyard kubmetrə çatdıracaq. Hazırda Azərbaycan təbii qazı İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniya kimi Avropa ölkələrinə tədarük olunur. Slovakiya və Albaniya isə təbii qaz “növbəsində”dir.

Yeri gəlmişkən, ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara verilməsindən sonra yeni perspektivli istiqamətlər daha da aktuallıq qazanıb. Onun vasitəsilə Bolqarıstan müqavilədə nəzərdə tutulan həcmdə (illik 1 milyard kubmetr) Azərbaycan təbii qazını almağa başlayıb. IGB təkcə Bolqarıstanın Rusiya təbii qazından asılılığını kəskin şəkildə azaltmır, həm də ilkin ötürmə gücü illik 3 milyard kubmetr, layihə gücü isə 5 milyard kubmetr olan bu kəmər Serbiya, Şimali Makedoniya, Rumıniya, gələcəkdə isə Moldova və Ukraynanı “mavi yanacaq”la təmin edə biləcək. Bu səbəbdən Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadakı operatorlar Azərbaycan təbii qazının artan həcmlərini öz şəbəkələri vasitəsilə Mərkəzi Avropaya nəql etməyi təklif ediblər.

IGB-nin məlumatına görə, Azərbaycan təbii qazı 2023-cü ildən Rumıniya bazarına daxil olacaq. Tezliklə o, Serbiyaya da tədarük olunacaq. Sadəcə Bolqarıstanla interkonnektorun işə salınmasını gözləmək qalır.

Bundan başqa, Azərbaycanın bu enerji resursunun Rumıniya və Moldovaya da tədarükü başlaya bilər. Rumıniyanın energetika naziri Sebastian Burduja Buxarestin soyuq mövsümdə Moldovanı və ya regionun digər ölkələrini Azərbaycanın təbii qazı ilə təmin etməyə hazır olduğunu bildirib: “Əgər bizə Moldova və ya regionun digər dövlətlərindən müraciət edilərsə, biz keçən ilin yazında Rumıniyanın təmin etdiyi Azərbaycanla opsionu aktivləşdirməyə hazırıq. Onun vasitəsilə 1 milyard kubmetr təbii qaza çıxışımız var. Bu həcm kifayət etməsə belə, Yunanıstan-Bolqarıstan-Rumıniya və ya Türkiyə-Bolqarıstan-Rumıniya marşrutu ilə sıxılmış maye qaz idxal etmək imkanımız var”.

Azərbaycanın Balkan ölkələri ilə enerji əlaqələrini genişləndirmək üçün digər perspektivli layihələrə İon-Adriatik Boru Kəməri (IAP) daxildir. Azərbaycan təbii qazı IAP vasitəsilə Albaniyadan Monteneqro və Bosniya-Herseqovina ərazisindən Xorvatiyaya nəql ediləcək. Daha sonra isə onu Mərkəzi Avropaya tədarük etmək mümkündür. Bu layihənin həyata keçirilməsi daha üç Balkan ölkəsini “mavi yanacaq”la təmin etməyə, eləcə də Azərbaycanın Balkan təbii qaz bazarında genişlənməsi vəzifəsini başa çatdırmağa imkan verəcək.



MƏSLƏHƏT GÖR:

49