17 May 2024

Cümə, 06:10

YAXIN ŞƏRQDƏ YENİ DÜZƏN

HƏMAS və İsrail arasında müharibə regionda siyasi qarşıdurmanın və rəqabətin artacağını göstərir

Müəllif:

01.12.2023

Oktyabrın 7-də HƏMAS-la İsrail arasında yenidən qaynar fazaya keçən müharibənin nəticəsindən asılı olmayaraq, bunun bütün Yaxın Şərqdə ciddi siyasi dəyişikliklərə gətirib çıxaracağı göz qabağındadır. Artıq belə dəyişikliklərin səbəbləri var.  

Bu müharibənin regiona gətirəcəyi dəyişiklik haqqında danışmazdan əvvəl onun necə başlaması, davam etdiyi zamanda baş verənlər və nəhayət, səbəb olacağı dəyişikliklər haqqında fikir yürütmək lazım gələcək. İlk növbədə, bu müharibənin baş verməsi səbəbləri, gedişatı dövründə baş verən mühüm məqamları qeyd edək. Oktyabrın 7-nin arxasında bir-biri ilə sıx bağlı olan daxili və xarici amillərdən başlayaq.

 

Nə dəyişdi?

Bədnam hadisələrin başlanılmasına səbəb olan xarici amil 2020-ci ildə bağlanan “İbrahim razılaşmasının” yeni mərhələyə qədəm qoyması ilə demək olar ki, eyni dövrdə baş verib. Bilindiyi kimi, 3 il əvvəl BƏƏ, Bəhreyn, Oman və Mərakeş kimi ölkələrin İsraillə barışıq sazişi imzalaması ilə başlayan prosesinin bu il Səudiyyə Ərəbistanı və daha bir neçə ölkənin İsraillə barışması ilə davam etdiriləcəkdi. Artıq Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə ilə İsrail arasında müəyyən təmaslar belə yaranmışdı.

Üstəlik, sentyabrın 13-də bu prosesi sürətləndiriləcək addım atılıb: G20 ölkələrinin Hindistanda keçirilən sammitində IMEC layihəsi, yəni Hindistandan Avropaya yeni nəqliyyat dəhlizi barədə razılıq əldə olunub. Bu layihəyə əsasən, Hindistandan dəniz yolu ilə gələn yüklər BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən dəmir yolu xətti vasitəsilə keçərək Aralıq dənizinə çıxacaqdı. Təbii ki, İsrail və ərəb ölkələri arasında dəmir yolu xəttini nəzərdə tutan bu layihə həm də faktiki olaraq İran, Misir, Türkiyə kimi ənənəvi nəqliyyat dəhlizi ölkələrini, o cümlədən regionun yeni oyunçusu olan Çini kənarda qoyurdu. Başqa sözlə, ABŞ Hindistan daxil olmaqla, regional müttəfiqlərini yeni nəqliyyat layihəsində bir araya gətirmiş olurdu.

Digər tərəfdən mediada ABŞ-nin ərəb-İsrail barışığına qarşılıq olaraq Səudiyyə Ərəbistanının AES inşasına razılıq verilməsi nəzərdə tutulurdu. Ancaq 7 oktyabr hücumu Vaşinqtonun liderliyində başlayan bu prosesi ən azı yaxın dövr üçün arxa plana atıb.

Fələstin daxilində isə qeyd olunan ərəb-İsrail barışığının yeni dalğası mövcud siyasi qüvvələri bölməyə hesablanmışdı. Məsələ burasındadır ki, ABŞ-nin başlatdığı ərəb-İsrail barışığı prosesində tərəf kimi Fəth Hərəkatı və lideri, Ramallahda fəaliyyət göstərən Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas qəbul olunur, digər siyasi qruplar, o cümlədən HƏMAS prosesdən kənarda qalırdı. Yeri gəlmişkən, M.Abbas özü də Fələstin probleminin köklü həllini təklif etməyən bu prosesdən narazı idi. Ancaq onun buna qarşı çıxmaq, müqavimət göstərmək üçün manevr imkanları xeyli dar idi.

Bu il sentyabrın 28-də normallaşma prosesi çərçivəsində Səudiyyə Ərəbistanı Əmmandakı səfirini həm də Ramallaha, yəni Fələstinə səfir təyin edərək Mahmud Abbas administrasiyasını ərəb-İsrail sülh prosesinin bir hissəsi kimi tanıdı. Elə həmin gün İsrailin turizm naziri Haim Katz Səudiyyə Ərəbistanında keçirilən BMT “Dünya Turizm Günü” münasibətilə təşkil olunan iki günlük tədbirə qatıldı.

Lakin cəmisi 10 gün sonra HƏMASın İsrailə qəfil hücumu regionda qeyd etdiyimiz yeni nəqliyyat layihəsi və ərəb-İsrail barışığı prosesinin dayanmasına səbəb oldu, ən azı yaxın dövr üçün.

 

Nə dəyişir?

Bu müharibənin gedişində məlum olub ki, ABŞ hələ də İsrail və Fars körfəzinin ərəb dövlətlərinin əsas himayəçisi və təhlükəsizlik təminatçısı olaraq qalır. İsrailin ilk günlərdən ABŞ-nin hərbi və maliyyə yardımına ehtiyac duyması, bu ölkənin hərbi donanmasının Aralıq dənizinin şərq sahillərinə gətirilməsi göstərib ki, İsrail üzərində yarana biləcək təhlükəni dəf edəcək əsas və ya belə demək olarsa, yeganə güc məhz ABŞ-dir. Silahlı toqquşmaların ilk günlərindən bu fakt Vaşinqtonun regiondakı digər tərəfdaşları tərəfindən də qəbul edilib.

Son bir neçə ildə bir sıra regional məsələlərdə Vaşinqtonla tərs düşən, Çinlə irimiqyaslı infrastruktur sazişləri imzalamağa cəhd edən, hətta bəzən Ağ Evə təzyiq etməyə çalışan İsrail hökuməti artıq ABŞ-dən daha çox asılıdır. Həmçinin bir neçə ay əvvələ qədər ABŞ-yə az qalan meydan oxuyan, Çinlə yaxınlaşan, hətta ABŞ prezidentinin neft ixracını artırmaq tələbini nümayişkaranə şəkildə rədd edən Səudiyyə Ərəbistanı hakimiyyəti  oktyabrın 7-dən sonra Vaşinqtona daha çox ehtiyac duyur. Yəmən husilərinin İsrailə raket hücumlarının qarşısını almaq üçün Ər-Riyadın Vaşinqtondan “Patriot” hava hücumundan müdafiə sistemləri istəməsi bu mənzərəni daha aydın izah edir. Beləliklə, ABŞ Fars körfəzinin ərəb ölkələrini böyük müharibədə qorumağa qadir olan yeganə dövlətə çevrilib.

Daha bir maraqlı detal isə ABŞ-nin bu mərhələdə İranı əsas regional rəqibi olaraq elan etməsi idi. Məlum olduğu kimi, Qəzza müharibəsi yalnız İsrail və HƏMAS arasında toqquşmalarla məhdudlaşmayıb. Livanda fəaliyyət göstərən, İrana yaxınlığı ilə tanınan “Hizbullah” qruplaşması da İsrail ordusuna hücumlar təşkil etdi. Bu toqquşmalar zamanı onun 70-dən çox tərəfdarı öldürülüb.

İsrailə raket hücumları ilə kifayətlənməyən husilər daha da irəli gedərək Qırmızı dənizdə yəhudi dövlətinə aid olduğunu iddia etdikləri yük gəmisini ələ keçirdilər. Bu hadisə ABŞ və onun Qırmızı dənizdəki müttəfiqləri üçün ciddi risklərin mövcudluğunu göstərib. Belə ki, ABŞ-nin bölgədəki bazaları İraq və Suriyada fəaliyyət göstərən islamçı silahlı qrupların ardıcıl hücumlarının hədəfinə çevrilib. Onlara çox az ziyan dəyməsinə baxmayaraq, ABŞ hərbi bazaları üzərində təhlükənin yaranması faktının özü onların fəaliyyətini ciddi şəkildə çətinləşdirir. Nəticədə, ABŞ Prezidenti Cozef Bayden İran ali lideri Əli Xamneiyə ismarış göndərərək ABŞ bazalarına hücum edilməməsi barədə xəbərdarlıq edib. San-Fransiskoda Çin Sədri Si Cinpinlə görüş zamanı o, hətta İranın proksi qruplarının anti-ABŞ hərəkətlərini dayandırmaq üçün Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış etməyi istədi. 

 

Nə dəyişəcək?

Görünən odur ki, İsraillə HƏMAS arasında müharibənin hansı şəkildə başa çatmasından asılı olmayaraq, regionda ciddi keyfiyyət dəyişikliyi baş verəcək. İlk növbədə, qlobal səviyyədə siyasi qarşıdurma dərinləşib. Qlobal rəqabətin sərhədləri bundan sonra Yaxın Şərqdən keçəcək. Şərti “cəbhə xəttinin” bir tərəfində ABŞ, Avropa və onların yerli müttəfiqləri olan İsrail və Fars körfəzi ölkələri, digər tərəfində isə Çin, Rusiya, İran və onları dəstəkləyən dövlətlər olacaq. C.Baydenin İranı açıq şəkildə ABŞ və müttəfiqlərinin düşməni olaraq göstərməsi və Tehrana ismarışını Çin lideri vasitəsilə göndərməsi Vaşinqtonun Yaxın Şərqdə yeni “cəbhə xəttini” elan etməsi kimi də yozula bilər.   

Bu arada, müharibədən sonrakı İsraildə hökumət kabinetində dəyişiklik qaçılmaz görünür. Ötən ay İsrailin “Kanal-13” televiziyası İsrailin hakim “Likud” partiyasından olan nazir və deputatların Baş nazir Benyamin Netanyahunun vəzifədən getməsi ilə bağlı müzakirələr apardığını yazmışdı. Kanalın məlumatına görə, onlar B.Netanyahunun istefasını və partiyadan yeni baş nazirin irəli sürülməsini müzakirə edirlər. Bu məsələnin ciddiliyini göstərən amil isə mövzunun yalnız partiya daxilində deyil, həm də müxalifətlə də müzakirə olunmasıdır.

Təxminən həmin günlərdə ABŞ mediası Ağ Evdə Netanyahudan sonrakı İsrail hökuməti və ehtimal olunan baş nazirlə bağlı gizli müzakirələrin keçirildiyi haqda xəbər yaymışdı. Belə görünür ki, Qəzza müharibəsindən sonra İsraildə hökumətin yenilənməsi qaçılmaz olacaq. Çünki müharibədən əvvəl İsraildə hökumətin məhkəmə islahatlarına qarşı kütləvi etirazlar Netanyahu hökuməti üçün təhdid idi, müharibə isə sağçı baş nazirin radikal siyasətinin artıq uğur gətirmədiyini, ölkəni xaosa sürüklədiyini göstərib. Bu mənada Netanyahudan sonrakı yeni İsrail hökuməti üzərində Vaşinqtonun təsiri daha çox olacaq.

Bir sözlə, HƏMAS-İsrail müharibəsi sonrası yeni “soyuq müharibə”nin sərhədləri həm də Yaxın Şərqdən keçəcək, böyük dövlətlərin regional rəqabəti daha da şiddətlənəcək. ABŞ-Çin rəqabəti daha açıq görünəcək. Vaşinqton ərəb-islam aləmindəki nüfuzunu qoruyub saxlamaq üçün Fələstin münaqişəsinin birdəfəlik həlli planı üzərində daha çox israr edəcək və bu istiqamətdə real addımlar atacaq. Müsəlman ölkələri arasında siyasi-ideoloji çat və qütbləşmə daha da dərinləşəcək.



MƏSLƏHƏT GÖR:

43