16 May 2024

Cümə axşamı, 19:26

“GÜMÜŞ”DƏN NARAZILIQ

İkiqat paralimpiya çempionu İlham Zəkiyev Parisdə Azərbaycanın Dövlət himnini eşitmək istəyir

Müəllif:

15.12.2023

Dekabrın 4-6-da Yaponiyanın paytaxtı Tokioda paracüdo üzrə lisenziya xarakterli Qran-Pri turniri keçirilib. Azərbaycan idmançıları ümumi komanda hesabında 14-cü yeri tutub. Cüdoçularımız üç günlük yarışda ümumilikdə 6 medala layiq görülüblər. Bunlardan dördü gümüş, ikisi isə bürünc əyarlıdır.

 

6 medallı Qran-Pri

60 kq-da çıxış edən Vüqar Şirinli ilə 90 kq-dan yuxarı çəkidə mübarizə aparan İlham Zəkiyev finalda uduzmaqla ikinci yerlə kifayətləniblər. Hərçənd hər iki cüdoçu qızıl medala çox yaxın olub. Qadınların yarışında Şəhanə Yusifova (48 kq) və Xanım Hüseynova (70 kq) gümüş medal əldə edib. Namiq Abbaslı (66 kq) və Dursədəf Kərimova (70 kq+) bürünc medalla kifayətləniblər.

Dünya paracüdosunun canlı əfsanəsi, ikiqat paralimpiya çempionu İlham Zəkiyev öz çıxışı barədə danışıb: “İlk rəqibimi tanımırdım, ilk dəfə qarşılaşırdıq. Ona 7 saniyəyə qalib gəldim. Digərləri ilə daha əvvəl üz-üzə gəlmişdik. Bir az zədələrim var idi. Bu da finalda öz sözünü dedi. Əsas odur ki, medalsız qayıtmadıq. Reytinqdə vəziyyətimizi xeyli yaxşılaşdırdıq. Ümid edirəm ki, qarşıdakı üç yarışda da istəyimizə nail olacağıq”.

 

Paralimpiya oyunlarında Azərbaycanın himnini eşitmək istəyirik

Final çıxışı barədə danışan İlham Zəkiyev Moldova idmançısı İon Basokun cüzi görmə qabiliyyətinin ona kömək olduğunu qeyd edib: “Finala qədər iki dəfə qarşılaşmışıq. Hərəmiz bir görüşdə qələbə qazanmışıq. Bununla belə hər ikimiz bu kateqoriyada güclülərdən sayılırıq. Məndən fərqli olaraq o nisbətən görmə qabiliyyətinə malikdir. Ona görə fəndləri rahat şəkildə icra edir. Üzərimdə daha çox işləməklə ona qalib gələcəyimə inanıram. Paris Olimpiadasında yenidən üz-üzə gəlmək ehtimalı var”.

Gümüş medal qazanması ilə bağlı fikirlərini bildirən idmançı bunları deyib: “Hər birimiz qızıl medal qazanmaq istəyirdik. Təəssüf finalda məğlub olduq. Bununla belə medalsız qalmadıq. Ruhdan düşmək olmaz. Əsas məqsəd 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarıdır”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin də vitse-prezidenti olan İlham Zəkiyev idmançıların yorğunluğunu qeyd edib: “Mövsümün ortası və ilin yekunu olduğu üçün cüdoçularda yorğunluq hiss edilirdi. Bu il daha əvvəl 4 yarışa qatılmışdıq. Buna baxmayaraq, onların hər biri vuruşdu və çalışdı. Nəticə də ürəkaçan oldu. Qızlarda iki gümüş, bir bürünc, oğlanlarda iki gümüş və bir bürünc medal əldə olundu. Paralimpiadada komandamızın pik formada olması üçün çalışacağıq. Azərbaycanı layiqincə təmsil etmək, himnimizi səsləndirmək niyyətindəyik”.

 

“Nə qədər gücümüz varsa, güləşəcəyik”

43 yaşlı idmançı hələlik karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: “Özümü Yay Paralimpiya Oyunlarına kökləmişəm. Bundan sonra düşünə bilərik. Çoxları fikirləşə bilər ki, İlham Zəkiyev qocalıb, amma yaşımız çox olsa da, ölkəmizə medal gətiririk. Heç bir turnirdən mükafatsız qayıtmırıq. Azərbaycanın hansısa gənc cüdoçusu məni məğlub etsə, karyeramı bitirərəm. Nə qədər gücümüz varsa, güləşəcəyik. Parisdən sonra yekun qərarı verəcəyəm”.

Qeyd edək ki, paracüdo millimiz 2024-cü ildə xüsusi proqramla hazırlıq keçməyi planlaşdırır. Yeni ilin ilk aylarında idmançıların səfər proqramı təsdiqlənəndən sonra bütün diqqət Paris Yay Paralimpiya Oyunlarına yönələcək.



MƏSLƏHƏT GÖR:

49