27 İyul 2024

Şənbə, 06:51

YENİ REKORD

Azərbaycan millisi dünya çempionatını 21 medalla başa vurub

Müəllif:

15.12.2023

Dekabrın 2-də Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vuruldu. 36-cı dünya çempionatı Azərbaycan pəhləvanlarının hegemonluğu ilə yadda qaldı. 18 ölkədən 222 idmançının qatıldığı mundialı Azərbaycan millisi ümumilikdə 21 medalla (11 qızıl, 3 gümüş, 7 bürünc) başa vurdu. Kişilərdən ibarət komandamız yüksək nəticələr göstərərək sərbəst güləş üzrə 1-ci, yunan-Roma güləşi üzrə 2-ci, qadınlardan ibarət milli komandamız isə qadın güləşi üzrə 2-ci yerə layiq görüldü.

 

Uğursuzluqdan sonra parlamaq

Bakıdakı yarış güləş üzrə milli komandanın bəzi üzvləri üçün prinsipial xarakter daşıyırdı. Sentyabrda dünya çempionatında uğursuz olan sərbəst güləşçilər hərbçilərin mundialında parlamağa nail oldular. Bu mənada Turan Bayramov və Hacı Əliyevin çıxışı maraqla gözlənilirdi. Hər iki güləşçi maksimum nəticəyə nail olmaqla əsas məqsədə çatdı və məşqçilərin etimadını doğrultdu.

57 kq-da çıxış edən Avropa çempionatının son qalibi Əliabbas Rzazadənin medalsız qalması isə ciddi müzakirə olunmalıdır. Sərbəst güləşçilərin dünya çempionatında məğlub olan Rzazadənin hərbçilərin yarışında da mükafatsız qalması məşqçi heyətini düşündürməyə bilməz. Əli Rəhimzadə (65 kq), Orxan Abbasov (79 kq) və İbrahim Yusubovun (92 kq) qızıl medala layiq görülməsi millidə bu kateqoriyalarda rəqabətin artmasına səbəb olacaq.

Yunan-Roma güləşi üzrə əsas heyətə istirahət verilməklə, Bakıdakı dünya çempionatında gənclərdən ibarət komandanın üzvlərinə etimad göstərildi. Bu heyətdə ən təcrübəli güləşçilər Avropa çempionu Ülvi Qənizadə (72 kq) və Azad Əliyev (82 kq) oldu. Qənizadə çempionluq sevinci yaşadı, Əliyev isə üçüncü yerlə kifayətləndi. Bununla yanaşı, Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. 55 kq-da çıxış edən Fərid Sadıxlı bürünc medala layiq görülüb.

Hərbçilərin yarışında qadın güləşçilərin mübarizəsində güclü rəqabət olmadı. Məhz bu səbəbdən xanım güləşçilərimizin hamısı mükafatçılar sırasında yer almağı bacardılar. Jalə Əliyeva (67 kq) və Ruzanna Məmmədova (59 kq) çempion oldular. Elnurə Məmmədova (50 kq) finalda uduzmaqla gümüş mükafat qazandı. Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədova (50 kq), Birgül Soltanova (62 kq) bürünc medal əldə etdilər.

Güləşçilərin dünya çempionatında layiqli çıxış etməsində məşqçi heyətinin zəhmətini xüsusi qeyd etmək lazımdır. Ötən illərin parlaq güləşçiləri Cəbrayıl Həsənov, Həsən Əliyev və Toğrul Əsgərov məşqçi kimi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.

Son iki ildə ilk dəfə hərbçilərin dünya çempionatında Rusiya və İran güləşçiləri də mübarizə apardılar. Bununla belə qazanılan uğurun pəhləvanlar üçün stimul olacağını vurğulamalıyıq.

 

Maraqlı mübarizənin şahidləri

70 kq çəki dərəcəsində hərbçilər arasında dünya çempionu olan Hacı Əliyev “R+”a açıqlamasında ona dəstək olan hər kəsə təşəkkür edib: “Medallarım sırasına bu gözəl mükafatı da əlavə etdim. Bu yarışın keçirilməsində əziyyəti olan hər kəsə, başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. İdmanımız və idmaçılarımız üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə bir daha ürəkdən təşəkkür edirəm. Bu gözəl qələbəmi şəhidlərimizə həsr edirəm. Belqrad şəhərində dünya çempionatında uğurlu çıxış etməmişdim. İndi bu qələbə sayəsində ili uğurlu nəticə ilə yekunlaşdırdım. 2024-cü ildən gözləntilər çoxdur. Əvvəlcə Paris Olimpiadasına lisenziya qazanmalıyam, sonra isə planetin ən böyük yarışında uğurla çıxış etməyə nail olmalıyam”.

Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede 36-cı dünya çempionatının təşkilatçılığını nümunəvi kimi qiymətləndirib. O, bütün iştirakçı komandalara yüksək şərait yaradıldığını bildirib: “Dünya çempionatının təşkilatçılığına görə Azərbaycan nümayəndəliyinə, həmçinin Dövlət Sərhəd Xidmətinə minnətdarlığımı bildirirəm. Belə tədbirlərin olması bizim millətləri bir araya gətirir. Dünya çempionatında idmançılar bütün bacarıqlarını göstərdilər. Maraqlı mübarizə yaşandı. Əminəm ki, burada həm dostluq, həm də rəqabət var idi. İnanıram ki, bura gələn qonaqlar bizim kimi təşkilatçılıqdan razı qaldı”.



MƏSLƏHƏT GÖR:

62