19 May 2024

Bazar, 01:04

İMKANLAR PƏNCƏRƏSİ

Ermənistanla Azərbaycan vasitəçilərsiz razılaşmalara başlayıblar

Müəllif:

15.12.2023

«İlk addım atıldı» - «ehtiyatlı nikbinliyin» yerini «əminliyə» verməyə başladığı Cənubi Qafqazdakı vəziyyəti məhz bu cür ifadə etmək olar. Dekabrın 13-də Azərbaycanla Ermənistan «hamının hamıya» formulunda əsirlərin mübadiləsini həyata keçiriblər. Ermənistan Bakıya iki hərbçini, Azərbaycan isə qarşı tərəfə 32 «zinvor»u, o cümlədən ələ keçirilmiş diversantları təhvil verib. Tərəflərin bundan əvvəl yaydığı birgə bəyanatda əsirlərin dəyişdiriləcəyi ilə yanaşı, beynəlxalq səviyyəli bəzi layihələrdə qarşılıqlı dəstək də ifadə olunurdu. Məsələn, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində, Ermənistanın Şərqi-Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

Azərbaycan auditoriyası üçün bir nömrəli xəbər əlbəttə ki, Hüseyn Axundovla Aqşin Bəbirovun əsirlikdən azad edilməsidir. Onlar hərbi xidmətdə olduqları Şərur ətrafında gecə saatlarında dumanlı hava şəraitində azaraq, Ermənistan ərazisinə keçmiş və nəticədə əsir götürülmüşdülər. Lakin Azərbaycanda bilirdilər ki, ölkə rəhbərliyi əsgərlərinin taleyinə biganə qalmayacaq. Beləliklə, əsgərlərin azad olunmasına heç də yalnız onların ailələri sevinməyib.

Ekspertlər, o cümlədən Cənubi Qafqazdan uzaqdakı ekspertlər üçün isə əsirlərin mübadiləsi Azərbaycanla Ermənistanın gərginliyin azaldılması, həqiqətən, uzunmüddətli sülhün qurulması istiqamətində ciddi addım atdıqlarını göstərir.

 

Səfərin pərdəarxası

Əsirlərin mübadiləsinə dair razılaşmanın əldə olunması haqda ilk xəbər hələ dekabrın 7-də, hər iki ölkə mediasında Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatının yayılması ilə ortaya çıxmışdı. Sənəd Bakı və İrəvan nümayəndələri arasında birbaşa, yəni vasitəçilərin iştirakı olmadan aparılmış danışıqların nəticəsi idi. Konsensusun əldə olunması praktik olaraq, bütün xarici oyunçular tərəfindən alqışlanıb.

Danışıqların detalları, əlbəttə ki, «bağlı qapılar arxasında» qalıb. Mövzunun həssaslığı və incəliyini nəzərə alsaq, bu, anlaşılandır. Mütəxəssislər diqqəti razılaşmaya dair xəbərin ortaya ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin Bakı səfərindən sonra çıxdığına diqqət çəkirlər. Lakin əsirlərin mübadiləsinə dair razılaşmanı Bakıya amerikalı qonağın «öz çantasında gətirdiyi» ilə bağlı vahid fikir yoxdur. O’Brayen ilk növbədə, Bakı ilə Vaşinqtonun ikitərəfli münasibətlərini xilas edib. Məlum olduğu kimi, bu münasibətlərdə son həftələr və aylarda kifayət qədər problem yaranmışdı. Amma böhranın miqyaslı xarakter alması nə Bakıda, nə də Vaşinqtonda arzulanırdı. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı da olmuşdu. Amerikanın təşəbbüsü ilə baş tutmuş bu söhbət zamanı Blinken köməkçisinin Bakıda qəbul olunmasını istəmiş, Azərbaycanın dövlət başçısı isə bunun üçün öz şərtini irəli sürmüşdü: Azərbaycanın yüksək rütbəli nümayəndələrinin Birləşmiş Ştatlara səfərinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır! İndi mütəxəssislər Bakı-Vaşinqton münasibətlərinin müsbət məcraya qayıtdığını deyir, O’Brayen isə yüksək rütbəli Azərbaycan nümayəndələrinin Amerikaya səfər edəcəklərinin anonsunu verir. Bu, onun Bakı səfərinin kifayət qədər uğurlu alındığını təsdiqləyir. Bununla yanaşı, amerikalı diplomat belə vəziyyətdə Bakı danışıqlarını çətin ki, Qarabağ mövzusu ilə «yükləyəydi». Azərbaycanda bildirirlər ki, əsirlərin mübadiləsinə dair razılaşmaya sırf birbaşa, vasitəçilərin iştirakı olmadan aparılan müzakirələrdə nail olunub. Bu, regionda kifayət qədər ciddi diplomatik irəliləyiş sayıla bilər.

 

Sülh naminə müharibə

«Sülh istəyirsənsə, müharibəyə hazır ol» məsəli antik dövrlərdən günümüzədək gəlib çıxıb. Cənubi Qafqazda vəziyyət məhz Azərbaycanın hərbi qələbəsi nəticəsində kökündən dəyişib. Ekspertlər bildirirlər ki, faktiki nəzarətdə olan ərazi beynəlxalq səviyyədə tanınan sərhədlərlə üst-üstə düşmürsə, orada sülhə yox, yalnız bu və ya digər dərəcədə uzunmüddətli sülhə nail olmaq mümkündür. Uzunmüddətli sülh isə tam başqa anlayışdır və onun üzərində işləmək lazımdır. Əsl uzunmüddətli sülh üçün sadəcə «sülh müharibədən yaxşıdır, atəş açmaqdansa, razılığa gələk, münaqişənin hərbi həll yolu yoxdur» kimi çağırışlar kifayət etmir.

Lakin indi Cənubi Qafqazda əsl uzunmüddətli sülh üçün «imkanlar pəncərəsi» açılır. Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri, Xankəndidəki qeyri-qanuni xuntanın məğlubiyyəti sadəcə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinə imkan yaratmayıb. Xankəndidə separatçı strukturun ləğvi ilə Bakı ilə İrəvan arasında uzunmüddətli razılaşmalara nail olunmasına əngəl də yoxa çıxıb. Üstəlik, bu gün sülh şərtlərini məhz Azərbaycan təklif və diktə edir. Realist olsaq, Bakının şərtləri Ermənistanın özü də daxil olmaqla, bütün region ölkələrinə sərf edir. Azərbaycan Prezidenti İlham Əliyev «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» Forumundakı çıxışında deyib: «Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik». Dövlət başçısı sözlərini belə davam etdirib: «Məhz yenə də biz - Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı». Azərbaycan daim və bütün səviyyələrdə bildirib ki, Bakı Qarabağ ermənilərini öz vətəndaşları sayır. Azərbaycan Prezidenti Forum iştirakçılarına müraciətində bunu da xatırladıb: «…Onlara (Qarabağ ermənilərinə) təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun. Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi». Əlavə edək ki, Azərbaycan Qarabağ ermənilərinin Ermənistana və ya hər hansı başqa ölkəyə qaçması üçün heç bir cəhd göstərməyib. Sadəcə, onların Xankəndidən sərbəst şəkildə çıxmasına maneə yaradılmayıb.

 

Vasitəçilərsiz sülh?

Bəs Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi kimin «meydan»ında imzalana bilər? Bir yandan vasitəçi qıtlığı yoxdur. Diplomatik mənbələr artıq Azərbaycan və Ermənistanın XİN başçılarının yanvarın əvvəlində Vaşinqtonda görüşəcəklərinin anonsunu verib. Lakin Bakı görüşün tarixinin razılaşdırılmadığını bəyan edib. Bundan başqa, əksər müşahidəçinin vurğuladığı kimi, Aİ-nin «Şərq Tərəfdaşlığı» proqramının iştirakçısı olan ölkələrin XİN başçılarının forumu çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş olmayıb. Bu isə danışıqlar prosesində «ağırlıq mərkəzi»nin vasitəçilərsiz təmaslara doğru dəyişdiyinin daha bir göstəricisidir.

Düşünmək olar ki, nüfuzlu vasitəçilər üzərlərinə «razılaşmaların qarantı» və digər funksiyaları götürə bilərlər. Amma Azərbaycan hələ doxsanıncı illərdə onların qısqanclığı, rəqabəti ilə üzləşib, bu halların danışıqların nəticə verməsinə imkan vermədiyinin canlı şahidi olub. 44 günlük Vətən müharibəsinin bitməsindən sonra isə Rusiya, ABŞ və Aİ ölkələri regiona öz missiyaları ilə gəlməyə çalışıblar. Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr 2022-ci il tarixli üçtərəfli bəyannamə sülh prosesinin «yol xəritəsi» olmalı idi. Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş Praqa razılaşmasında isə Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirmişdilər. Lakin görünür, bu cür nüfuzlu güclərin ortada olması Ermənistan diplomatiyasında müəyyən boş xülyalar yaratdı. Onlar düşündülər ki, Ermənistan geosiyasi imtiyazlar qarşılığında özü üçün sərfəli şərtlərlə sülhə nail olarsa, sonradan bu işdə iştirak etmiş vasitəçilər Azərbaycanın «qollarını bura bilərlər». Bu, şübhəsiz ki, boş xülyadan başqa bir şey deyil. Azərbaycanı ərazisinin 20%-i erməni işğalında olan zaman belə, danışıqlarda «əymək» mümkün olmayıb. Qeyd-şərtsiz hərbi uğurdan sonra isə bu, heç mümkün deyil. Odur ki, Ermənistan vasitəçi axtarmaqdansa, Azərbaycanla razılığa gəlməlidir.

Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə tamamilə yeni diplomatik reallıq yaranır – vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlar. Üstəlik, görünən odur ki, bu, daha yaxşı nəticə verir. Bakı ilə İrəvan məhz birbaşa danışıqlarda əsirlərin mübadiləsinə dair razılığa gəlib, indi isə sərhədlərin delimitasiyasına dair birgə komissiyanın fəaliyyət reqlamenti müəyyənləşdirilib.

Bu, əlbəttə ki, hələ sülh müqaviləsinin imzalanması demək deyil. Amma onun müsbət istiqamətdə atılmış addım olduğuna şübhə yoxdur. Bəs İrəvan əsl sülhə hazırdırmı? Bu, başqa məsələdir. Bu ölkədə ləğv edilmiş xuntanın strukturları hələ də qalır, dekabrın 10-da separatçılar «Qarabağın müstəqillik referendumunun növbəti ildönümü»nü qeyd edib və s. Amma Ermənistanın hakim «Vətəndaş müqaviləsi» partiyasından olan deputatları separatçıların bu əməllərini artıq «Ermənistanın altına quraşdırılan bomba» kimi qiymətləndiriblər.

İndi regionda hadisələrin gedişi daha çox Ermənistan rəhbərliyinin bu «bomba»nı zərərsizləşdirmək üçün siyasi iradə göstərə bilib-bilməyəcəyindən asılıdır.



MƏSLƏHƏT GÖR:

44