5 May 2024

Bazar, 06:15

2023-cü İL UĞURLU İL KİMİ

Ötən il Azərbaycan idmanı üçün böyük nailiyyətlərlə yadda qalacaq

Müəllif:

01.01.2024

2023-cü il Azərbaycan idmanı üçün uğurlu oldu. Ölkəmiz dünya və Avropa çempionatlarına ev sahibliyi etdi, Azərbaycan idmançıları əksər yarışlarda ölkənin idman imicini layiqincə qorudular. Ötən il beynəlxalq idman yarışlarında bizim oğlanların qazandıqları əsas nailiyyətləri xatırlatmaq istərdim.

 

Güləş. Ən güclülər

Azərbaycan güləşçiləri növbəti dəfə ən güclülər sırasında olduğunu təsdiqlədilər. Pəhləvanlar ümumilikdə il ərzində iştirak etdikləri dünya və Avropa çempionatında 76 medal qazandılar. Avropa çempionatlarında 12 qızıl, 13 gümüş və 20 bürünc medal əldə olundu. Dünya çempionatlarında isə 6 qızıl, 11 gümüş və 14 bürünc medal güləşçilərin aktivinə yazıldı.

Komanda hesabında ən yüksək nəticə yunan-Roma güləşi üzrə millimizin güləş tariximizdə ilk dəfə dünya çempionu olmasıdır. 16-24 sentyabrda Belqradda baş tutan yarışda pəhləvanlarımız planetin ən güclü komandası kimi tarixə düşdü. 2023-cü ildə güləşçilər Paris Yay Olimpiadasına 3 lisenziya əldə etməklə diqqəti cəlb etdi. Lisenziya sayını artırmaq üçün pəhləvanların cəmi 5 ay vaxtı qalır.

 

Bacarıqlı şahmatçılar

Şahmatda da uğurlar az olmadı. Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk dəfə gümüş medal əldə etdi. Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda yarımfinala qədər irəliləməklə diqqətə səbəb oldu. Ayan Allahverdiyeva 18 yaşlılar arasında dünya çempionatında qızıl medala layiq görüldü. Gövhər Beydullayeva və Məhəmməd Muradlı 20 yaşlıların yarışında müvafiq olaraq rapid və blitsdə dünya çempionu oldu. G.Beydullayeva həm də blitsdə üçüncü yeri tutdu. Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı yeniyetmələr arasında dünya və Avropa birinciliklərində medal qazanmaqla ilin ən yaxşıları sırasına düşdülər.

 

Cüdoda uğurlar

Azərbaycan cüdoçuları 2023-cü ildə müxtəlif nüfuzlu yarışlarda tarixi və ilk qələbələrini qazandılar. Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə yığma komandası Avropa Gənclərin Olimpiya Festivalında, Avropa və Dünya çempionatında və digər mötəbər yarışlarda uğurlu nəticə əldə edərək, ilin ən güclü yeniyetmə cüdo komandası statusunu möhkəmləndirdilər. Azərbaycanın yeniyetmə cüdo yığması il ərzində 103 medal qazandı. Bu medalların 37-i qızıl, 22-i gümüş və 44-ü bürüncdür.

Cüdoçularımız Avropa Gənclər Olimpiya Festivalında (EYOF) fərdi yarışlarda, ümumi medal sıralamasında həm medalların əyarına, həm də sayına görə birincilik əldə etdi. Qızlardan ibarət milli yığmamız tarixində ilk dəfə EYOF-da medal sıralamasında medal əyarına görə birinci oldu. Bu, həm də qızlar arasında mötəbər yarışlarda əldə etdiyimiz ilk yüksək nəticə idi.

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası iyunun 22-24-də Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında tarixi nəticə əldə edərək 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazandı. Bu, Azərbaycan milli yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa çempionatlarında medalların sayına və  əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatında Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə ilk dəfə qızıl medal əldə etdi.

Nihad Məmişov (50 kq) və Xədicə Qədəşova (52 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bununla X.Qədəşova Azərbaycan cüdo tarixində ilk qadın dünya çempionu oldu.

Bundan başqa, Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında -73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib oldu. Bu qələbə ölkəmiz üçün son 5 ildə gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk qızıl medal olaraq tarixə düşdü.

Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıb. -73 kq çəkidə Hidayət Heydərov və -100 kq çəkidə Zelim Kotsoyev qızıl medal əldə edərək Fransada iki dəfə Azərbaycanın dövlət himninin səsləndirdilər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 237 medal əldə etdi. Bu medallardan 74-ü qızıl, 53-ü gümüş və 110-u bürünc oldu.

 

Gimnastikada rekord

2023-cü ili Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün daha bir tarixi nailiyyətlər ili adlandırmaq olar. Bu il həm ölkəmizdə keçirilən gimnastika yarışları, həm də gimnastlarımızın uğurları ilə zəngin bir il kimi yadda qaldı.

Bakıda keçirilən ən mötəbər idman tədbiri bədii gimnastika üzrə 39-cu Avropa çempionatı olub. 38 ölkədən 315 idmançının iştirak etdiyi beş gün ərzində Azərbaycan idmançıları 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Böyüklərdən ibarət qrup hərəkətləri komandası Azərbaycan gimnastika tarixində ilk dəfə Avropa çempionatının qızıl medalını qazandı. Daha bir medal sevincini bizə fərdi gimnast Zöhrə Ağamirova yaşatdı. Təcrübəli gimnast Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırdı. Bununla yanaşı, Zöhrə Ağamirova Valensiyada (İspaniya) keçirilən 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülükdə 12-ci yeri tutaraq 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandı.  

İdmançıların uğurlarından danışarkən, gənc gimnastları da xüsusilə qeyd etmək lazımdır. Çempionatda  gənclərdən ibarət qrup komandası 2 bürünc medala sahib çıxdı. Gimnastlar bu nəticə ilə həm də ilk dəfə olaraq qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olan komanda kimi tarixi uğur əldə etdilər.

2023-cü ilin oktyabr ayı da gimnastikamız üçün əlamətdar oldu. Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında təmsilçilərimiz rekord nəticəyə - 7 qızıl, 2 gümüş medala sahib çıxdılar. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq və kişi cütlüyü proqramında idmançılarımız böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular. Bu yarışda gənc idmançılar da məharətli və özünəinamlı çıxışları ilə öz sözlərini deməyi bacardılar.  

Ötən ilin noyabrında da gimnastlar uğurlu çıxışlarını davam etdirdilər. Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında Mixail Malkin gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə qızıl medal qazandı. İdmançı komanda yoldaşları Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovla birgə komanda hesabında da birinci olaraq, özü üçün ikiqat dünya çempionu titulunu rəsmiləşdirdi. Bu uğur millinin Azərbaycan gimnastikası tarixində tamblinq üzrə ilk dəfə komanda hesabında qazandığı qızıl medal oldu.

 

Futbolda mənfi və müsbət məqamlar

Futbolda milli komanda növbəti dəfə ümidləri doğrultmadı. AFFA italyan baş məşqçi Canni De Byazinin işindən razı olmadığını əsas gətirərək müqaviləni artırmadı. 

Ağdamın “Qarabağ” klubu Avropada yeni tarix yazdı. Avropa Liqasında qrupa vəsiqə qazanan Qurban Qurbanovun komandası ilk dəfə 116 finalda oynamaq imkanı əldə etdi.

 

Ən yaxşıların yaxşısı

Gənclər və İdman nazirliyi 2023-cü ili idmançılarımız üçün uğurlu il hesab edir. Ənənəyə uyğun olaraq AGİN ilin ən yaxşılarının adlarını açıqladı. Bədii gimnast Zöhrə Ağamirova ilin ən yaxşı qadın, cüdoçu Hidayət Heydərov isə ən yaxşı kişi idmançısı adına layiq görüldü. Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ilin ən yaxşı komandası elan olundü. 2023-cü ilin ən yaxşı məşqçisi isə “Qarabağ”ı çalışdıran Qurban Qurbanov seçildi. İlin federasiyası kimi Azərbaycan Gimnastika Federasiyası elan edildi.



MƏSLƏHƏT GÖR:

41