5 May 2024

Bazar, 02:37

FUTBOL XANKƏNDİYƏ QAYITDI

Azərbaycanın işğaldan azad edilmiş şəhərində 30 illik fasilədən sonra tarixi matç baş tutub

Müəllif:

01.01.2024

Dekabrın 21-i Azərbaycan futbolunun ümumilikdə ölkə idmanının tarixinə qızıl hərflərlə yazıldı. İşğaldan azad edilən Xankəndi şəhərində tarixi hadisənin şahidi olduq. 30 illik fasilədən sonra Qarabağda futbol matçı baş tutdu və azarkeşlər oyunu izləmək imkanı əldə etdilər.

 

Xüsusi məna

Xankəndi stadionunda “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində Mərkəzi Ordu İdman Klubu ilə qarşılaşdı (MOİK). Ağdam təmsilçisinin rəqibinin Mərkəzi Ordu İdman Klubu olması qarşılaşmaya xüsusi məna və rəng qatdı. Birincisi “Qarabağ” tarixi torpağına qayıtdı, ikincisi isə ilk matçda torpaqların azad olunmasında böyük rolu olan Azərbaycan Ordusunun komandası meydana çıxdı.

Xatırladaq ki, 1993-cü ilin mayında “Qarabağ” ilə “Turan” (Tovuz) Ağdamın “İmarət” stadionunda qarşılaşmış, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Yaşar Hüseynovun qolu oyunda yeganə olmuşdu. Bu matçdan cəmi 2 ay sonra Ağdam işğal olunduğundan, “Qarabağ” rəqiblərini Mingəçevir, Sumqayıt və Bakıda qəbul etmək məcburiyyətində qaldı. 2009 və 2010-cu illərdə isə “köhlən atlar” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın Quzanlı qəsəbəsində keçirdi...

 

Emosiyalar ardınca emosiyalar

30 illik fasilədən sonra işğaldan azad edilən Qarabağdailk rəsmi oyunda hər bir kiçik detal nəzərə alınmışdı. Xankəndi stadionu azarkeşləri gözəlliyi ilə valeh etdi. Təşkilatçılar stadionu tamamilə dəyişmişdilər. Separatçılardan qalma köhnə oturacaqlar və digər avadanlıqlar sökülərək yenilənmiş, yeni qaçış zolağı salınmış, qapının arxasındakı tribunalardan birinin üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır”, digərinə isə “Xankəndi” sözləri yazılmışdı. Bu tarixi qarşılaşmaya təyinat alanlar da təsadüfi seçilmədi. Belə ki, baş hakim Əli Əliyev, dördüncü hakim funksiyasını yerinə yetirən Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olublar. Matçın hakim-inspektoru Munis Abdullayev isə vaxtilə Xankəndinin “Qarabağ” komandasında oynayıb. Futbolçular isə meydana antiterror əməliyyatında şəhid olan igidlərin övladlarıyla çıxdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın stadiona təşrif buyurması, dövlət başçısının çıxış etməsi, tezliklə “İmarət” stadionunun inşasına başlanılacağını söyləməsi, meydana çıxıb futbolçular və hakimlərlə bir-bir görüşməsi, onlarla xatirə fotosu çəkdirməsi, topa ilk toxunuşu etməsi tribunalarda əyləşənlərin gurultulu alqışları ilə müşayiət olundu.

Dövlət başçısının meydanda topa ilk toxunuşda ötürməni torpaqlarımızı işğalçılardan azad edən Azərbaycan ordusunu təmsil edən ordu klubuna verməsi də anlamlı idi. Prezident qarşılaşmanı şəhid övladları əhatəsində birgə izləməsi oyuna əlavə möhtəşəm hisslər əlavə etdi. Ümumiyyətlə, dekabrın 21-də tribunalarda futbol ictimaiyyətinin əksər tanınmış nümayəndələri yer almışdılar.

 

Futbol bayramı

Oyuna gəlincə, matçın favoriti olan “Qarabağ” qarşısında Mərkəzi Ordu İdman Klubu əzmkar mübarizə göstərdi. 90 dəqiqə hər iki komanda güzəştsiz mübarizə sərgilədi. Ağdam klubu uzatma dəqiqələrində fərqlənməklə Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazandı. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə isə Xankəndidə tarixi oyunda ilk qolun müəllifi oldu. Əslində bu oyunda kimin qalib gəlməsi o qədər də önəmli deyildi. Vacib olan Azərbaycan futbolunun Qarabağ torpağına ayaq açması, arealının daha da genişlənməsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, nəticədən asılı olmayaraq qalib Azərbaycan xalqı idi.

Xankəndidə əsl futbol bayramı yaşandı. Bakıdan Qarabağa üz tutan minlərlə insan 6 saatlıq yolda yorulmadı, əksinə arzularını həyata keçirdilər. Rəsmi məlumatlara əsasən matçı 6000-dən çox azarkeş stadiondan izlədi. Bu göstərici isə Azərbaycan Kubokunun 1/8 final mərhələsində ən çox tamaşaçı olan oyun kimi protokola düşdü.

12 min tamaşaçı tutumuna malik Xankəndi stadionunun da dövlətin dəstəyi ilə ən müasir standartlara uyğun vəziyyətə gətiriləcəyi şübhə doğurmur. Çünki artıq bu prosesə başlanılıb. Növbəti addım isə Xankəndini təmsil edəcək peşəkar klubun yaradılması olardı.

 

Şəhidlərin qəhrəmanlığı sayəsində

MOİK-in baş məşqçisi Qəzənfər Abbasov “R+” jurnalına açıqlamasında matçı tarixi torpaqlarda keçirmək imkanına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdar olduğunu bildirib. “Uzun illər gözlədikdən sonra bu tarixi hadisəni yaşadıq. Bu gün şəhidlərimizin sayəsində buradayıq... Gözəl futbol göstərmək niyyətində idik. Premyer Liqaya yüksəldiyimiz halda, ev oyunlarını Xankəndində oynamaq istərdik. Bu, bizim üçün şərəf olardı”.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “R+” jurnalına açıqlamasında oyundan razı olduğunu bildirib:Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik. Azərbaycan Prezidentinin və şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm. Kubok matçlarını burada keçirmək istəyirik”. Cənab Prezident “İmarət” stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Orada böyük məmnuniyyətlə oynayacağıq”.

Qeyd edək ki, Xankəndi stadionunda keçirilən oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunan mərasimdə idmançı və məşqçilərlə görüşüb. Həmin tədbirdə fəxri ad və mənzil orderləri idman ictimaiyyətinin nümayəndələrinə təqdim olunub.



MƏSLƏHƏT GÖR:

41