Müəllif: Sənan NADİROĞLU
Ötən il Azərbaycan idmanı üçün bir çox ilklər və qələbələrlə yadda qaldı. Xüsusilə cüdoçular iştirak etdikləri əksər yarışlarda Azərbaycana böyük qələbə sevinci bəxş etdi. Təsadüfi deyil ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) ötən ilin nəticələrinə əsasən ölkədə ilin ən yaxşı idmançısı seçildi. H.Heydərovun uğurları Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında da qeyd olunub. 2023-cü ilin yekun nəticəsinə görə üçqat Avropa çempionu mövsümü təkcə dünya reytinq cədvəlində deyil, həm də Olimpiya və Avropa təsnifatlarını lider kimi başa vurub. Olimpiya və dünya reytinqlərində Heydərovun ən yaxın izləyicisi yaponiyalı Soiçi Haşimoto, qitə reytinqində isə gürcüstanlı Laşa Şavdatuaşvilidir.
2023-cü ilin ən yaxşı Azərbaycan idmançısı Hidayət HEYDƏROV ilə müsahibəni oxucularımıza təqdim edirik:
- Gəlin bayram sualı ilə başlayaq. 2024-cü ili harada qarşıladınız?
- Bayram günləri idmançılar üçün uzun çəkmir. İlin ilk günlərindən təlim-məşq toplanışına başladıq. Avstriyada ən güclü ölkələrin cüdoçuları ilə birgə hazırlıqdayıq. 2024 bizə görə ən önəmli illərdən biridir. Bu il planetin ən böyük idman yarışı olimpiada olacaq. Ona görə istirahət barədə olimpiadadan sonra fikirləşməliyik.
- 2023-cü il sizin üçün uğurlu oldu. Yekun sorğularda da ilin ən yaxşı idmançısı seçildiniz. Bu mükafat sizin üçün nə deməkdir?
- Mənə dəstək olanlara təşəkkür edirəm. Azərbaycanda mənə göstərilən diqqəti yüksək qiymətləndirirəm. İlin sonunda karyeramda üçüncü dəfə Avropa çempionu oldum. Bu qələbədən sonra çoxlu sayda təbriklər aldım. Üçüncü dəfə qitə çempionu olmaq mənə görə son deyil. Hiss edirəm ki, qələbəyə acam. Uğurdan doymuram. Ona görə Avropada dördüncü dəfə də çempion olmaq istərdim. Vətəndə insana dəyər veriləndə yeni qələbələr qazanmağı arzulayırsan. İlin yekunlarında məni ən yaxşı seçənlərə təşəkkür edirəm. 2024-cü ildə də onları sevindirməyə çalışacağam.
- İlin əsas yarışı sizin üçün hansı turnir idi?
- Dekabrda cüdonun Vətəni Tokioda “Böyük Dəbilqə” turniri keçirildi. Bu yarışda ən güclülər mübarizə aparır. Cüdonun doğma torpağında yerli idmançıya qalib gəlmək mənə görə özəl hisslər idi.
- 2023-cü ilin əvvəlində uğursuz nəticələr oldu...
- Düzgün qeyd edirsiniz. İlin əvvəlində uğurlarım olmadı. Sonradan toparlanmağı bacardım. Bu işdə mənə məşqçilər və federasiya kömək oldu. Olimpiya çempionu Elnur Məmmədli məşqlərdə mənimlə birgə iştirak edir, təcrübəsini bölüşür. Bu, böyük dəstəkdir. İllər öncə tribunada gördüyüm çempion indi eyni zalda məşq edir. Bu inanılmaz motivasiyadır. Bütün dəstəyin qarşılığını Parisdə verməliyəm.
- Söhbət olimpiya çempionluğundan gedir...
- Əlbəttə. Elnur Məmmədli 2008-ci ildə Pekində çempion olandan sonra cüdoçumuz qızıl medal üçün darıxıb. 16 ildir cüdo növündə olimpiya çempionumuz yoxdur. Təsəvvür edin, biz Fransaya hansı hisslərlə yollanacayıq. Olimpiadada mübarizə çətin olacaq, amma biz bu yarışa hazır olmalıyıq.
- 2024-cü ildə olimpiadaya qədər hansı yarışlarda iştirakınız gözlənilir?
- Fevralda Bakıda “Böyük Dəbilqə” yarışı olacaq. Bu turnir lisenziya xalları qazandırır. Yarışda ilk üçlükdə olacaq cüdoçular böyük ölçüdə Parisə lisenziyanı təmin edəcək. Hazırlıqdan sonra məşqçi heyəti hansı yarışlarda iştirak edəcəyimlə bağlı qərar verəcək. Bu il həm də Avropa çempionatı olacaq. Fiziki hazırlığım imkan verdiyi bütün yarışlarda qalib olmaq istərdim.
- Cüdo millimizin ümumi hazırlığını necə qiymətləndirirsiniz?
- Azərbaycan millisi son illər çox güclənib. Xüsusilə qadın cüdoçularımızı qeyd etməliyəm. Kişi cüdoçulardan ibarət komanda mütəmadi olaraq uğur qazanır. Amma son illər həm yeniyetmə, həm də gənclərdə yeni qız cüdoçuların qələbələrinə sevinirəm. Fikrimcə, Parisə cüdo millimiz böyük heyətlə yollanacaq. Lisenziyaların sayı çox olacaq.
- Olimpiya çempionu olmaq üçün idmançıya nə lazımdır? Bu barədə düşünmüsünüz?
- İlk növbədə, məşq etmək, sonra yenə məşq etmək vacibdir. İdmançı səbir etməyi bacarmalıdır. Olimpiada proqnozu sevmir. Adi zədə, səhv bütün arzuların üstündən xətt çəkə bilər. Özünə güvənmək və daim məşq etmək önəmlidir. Rəqibdən çəkinməməlisən. Ona qalib gələcəyinə inanmalısan.
- Paris Olimpiadasında ən güclü rəqibiniz kim olacaq?
- Olimpiadada iştirak edəcək bütün rəqiblər güclüdür. Olimpiadada zəiflər olmur. Digər tərəfdən olimpiadada bəzən sürpriz nəticələr qeydə alınır. Mütləq psixoloji cəhətdən hazırlıqla olmalısan.
- Sonda cüdo həvəskarlarına nə demək istərdiniz?
- Hər bir cüdo həvəskarına təşəkkür edirəm. 2024-cü ildə milli komanda onları sevindirmək üçün əlindən gələni edəcək. Bizə dəstək olmağa davam etsinlər. Azarkeşlərin dəstəyi sayəsində ölkəmizin 16 illik qızıl medal həsrətinə son qoymalıyıq.
MƏSLƏHƏT GÖR: