19 May 2024

Bazar, 10:26

SONU GÖRÜNMƏYƏN MÜHARİBƏ

İsrailin Qəzzada sonadək vuruşmaq əzmi fonunda regionun gələcəyi dumanlı görünür

Müəllif:

15.01.2024

Yeni ilin başlaması ilə İsrailin HƏMAS-la savaşı yenidən şiddətlənib. Siyasətçilər və analitiklər hesab edirlər ki, gərginliyin eskalasiyası tendensiyası davam edəcək və bu, bütünlükdə regionda böhranı dərinləşdirə bilər.

 

Gərginlik

Məlum olduğu kimi, HƏMAS-ın ali rəhbərliyində təmsil olunan əl-Aruri yanvarın 2-də Livanda öldürülüb. Əməliyyat İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS liderlərinin aşkarlanaraq məhv edilməsilə bağlı 2023-cü il noyabrın sonunda verdiyi qərar çərçivəsində keçirilib. Bunun ardından HƏMAS-ın rəsmi təmsilçisi vasitəçilərə İsraillə girovların dəyişdirilməsinə dair danışıqları dayandırdıqlarını bildirib. Bu, əlbəttə ki, regionda gərginliyin növbəti dalğası deməkdir. Bununla yanaşı, HƏMAS-ın müttəfiqi olan «Hizbullah», həmçinin Livan rəhbərliyi Təl-Əvivin bu əməlinin cavabsız qalmayacağını bəyan edib.

Livanın «Addiyar» nəşri hələ dekabrın 23-də yazırdı ki, İsrailin xarici kəşfiyyat qurumu olan «Mossad» HƏMAS-ın Livanda olan 3 yüksək rütbəli məmuruna sui-qəsd hazırlayır. Onların arasında əl-Aruri də var idi. Yəni baş verənlərin kimin işi olduğuna heç bir şübhə yoxdur.

HƏMAS-ın bəzi vacib təmsilçilərinin tez-tez Türkiyəyə baş çəkdiklərini nəzərə alsaq, onların həyatına da təhlükə yarana bilər. Məhz bu səbəbdən Ankara İsrail rəhbərliyini bənzər əməllərdən çəkindirmək üçün «Türkiyə ərazisində casusluq fəaliyyətinin ciddi fəsadlar verəcəyini» bəyan edib. Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun yanvarın 2-də bildirib. «Onlar belə səhvə yol verəcəklərsə, demək, Türkiyəni və türkləri yaxşı tanımırlar. Bilməlidirlər ki, bunun cavabı çox ağır olacaq. Belə cəhdlərin ən ağır nəticələr verəcəyi şəksizdir», - deyə Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin dekabrında verdiyi bəyanatı «X» sosial şəbəkəsində paylaşıb.

Türkiyənin xüsusi xidmət orqanları İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinən 34 nəfəri saxlayıb ki, bu da «Mossad»ın Türkiyə ərazisində mümkün fəallığının göstəricisi sayıla bilər. Xüsusi xidmət orqanları əməliyyatı 8 əyalətdə aparıb, əsas diqqət isə İstanbula yönəldilib.

 

Münaqişənin coğrafiyası genişlənir

İsrailin Livan ərazisini davamlı atəşə tutması regionda vəziyyəti getdikcə gərginləşdirir. Yəhudi dövləti artıq Livanla sərhəddən 80 mindən artıq vətəndaşını təxliyə edib. BMT-nin məlumatına görə, Livanda 75 min insan ev-eşiyini böhran yaşamaqda olan hökumətin hər hansı köməyi olmadan tərk etmək məcburiyyətində qalıb. İllərdir davam edən korrupsiya və təsərrüfatsızlıq üzündən ciddi maliyyə böhranı yaşayan Livan hökuməti vətəndaşlarına hər hansı dəstəyi göstərə bilmir. Amma bu, Livanla sərhəd rayonları tərk etmiş on minlərlə israillinin özünü rahat hiss etdiyi anlamına gəlmir. Doğrudur, onlar müvəqqəti sığınacaqla təmin olunublar, lakin İsraillə Livanın «Hizbullah» qruplaşması arasında döyüşlərin intensivliyinin artması insanların özlərini təhlükəsizlikdə hiss etməsinə imkan vermir. Onlar artıq 3 aydır ki, evlərinə qayıda bilmir, üstəlik, bunun nə vaxt mümkün olacağını anlamırlar.

İsrail qonşuları ilə illərdir silahlı münaqişələr yaşasa da, indiyədək ölkədə bu miqyasda köç təşkil etməmişdi. İndi bunun baş verməsinin səbəbi yalnız «Hizbullah»ın zərbələri yox, həm də ölkə ərazisinə soxula bilmə riskidir. HƏMAS-ın oktyabrın 7-də İsrailə necə soxulduğu hamının yadındadır.

Münaqişənin coğrafiyasının genişlənməsi yalnız İsrail-Livan sərhədindəki gərginliklə deyil, həm də Qırmızı dəniz regionunda qarşıdurmanın qızışması ilə bağlıdır. ABŞ da daxil olmaqla, artıq bir sıra ölkələr Yəmənin husi qiyamçılarına xəbərdarlıq edib. Onlar bildirirlər ki, husilərin dünyanın ən ciddi ticarət marşrutlarından olan Qırmızı dənizdə gəmilərə hücumları davam edərsə, bu, ciddi nəticələr verəcək.

«Husilər dənizçilərin həyatına, dünya iqtisadiyyatına və regionun vacib ticarət yollarında azad gəmiçiliyə təhdidi davam etdirərlərsə, nəticələrə görə məsuliyyəti onlar daşıyacaqlar», - deyə Vaşinqtonun müttəfiqləri ilə birgə yaydığı bəyanatda bildirilir: «Biz beynəlxalq düzənin qaydalarına əvvəlkitək sadiqik və qeyri-qanuni hücumlara və zəbtlərə görə zərərli subyektləri məsuliyyətə cəlb etmək əzmindəyik».

 

Qırmızı dənizdə müharibə

Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsi neft tankerləri operatorlarını dilemma qarşısında qoyub: təhlükəli zona ilə üzməyi davam etdirərək, riskə getmək, yoxsa biznesi itirmək?

ABŞ və bir sıra digər dövlətlərin hərbi gəmiləri bu yolda patrul xidməti aparma da, hücum təhlükəsi qalmaqdadır. Buna baxmayaraq, bəzi neft şirkətləri onların sığorta etdikləri gəmilərin Afrikanı dövrə vurmaqdansa, əvvəlki marşrutla üzməsini istəyir. Çünki alternativ variant əlavə 2 həftə və təbii ki, daha çox nəqliyyat xərci deməkdir.

Ayrı-ayrı neft şirkətləri, o cümlədən «BP» regiondan uzaq durmağa çalışsalar da, digər şirkətlər Avropa bazarlarına Süveyş kanalı ilə çıxışı təmin edən Qırmızı dənizdən istifadəni davam etdirirlər. Söhbət əsasən yükləri İsrail üçün olmayan daşıma şirkətlərindən gedir. Bütün bunların fonunda Süveyş kanalı vasitəsiilə neft və neft məhsullarının daşınması təxminən 40% azalıb.

Beləliklə, neft sənayesi üçün təhlükə getdikcə böyüyür. Bəzi tankerlər Afrikanı dövrə vurur, digərləri yüzlərini Asiyaya daşıyır. Avropa Hindistan və Yaxın Şərqdən azalan idxalı ABŞ-dan dizel yanacağı və digər neft məhsullarının ixracını artırmaqla kompensasiya edir.

Qeyd olunmalıdır ki, bu vəziyyət xüsusilə ABŞ-dəki bəzi enerji resursu istehsalçılarına sərf edir. Bu, husilərin hücumlarının enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərməməsinin səbəblərindən biridir. Hazırda «Brent» markalı neftin bir barelinin qiyməti təxminən 77 dollardır ki, bu da HƏMAS-ın İsrailə hücumu ilə başlamış qanlı müharibəyədək olan qiymətdən cüzi aşağıdır. Avropada təbii qazın qiyməti isə xeyli düşüb.

Qeyd edək ki, Qırmızı dəniz və Süveyş kanalı marşrutları vacib olsa da, alternativlər də var. Nəhəng neft tankerləri isə ölçülərinə görə hər zaman bu kanaldan uzaq durmağa çalışıb. Odur ki, mövcud vəziyyət daşıma yollarını çox dəyişməyib. Ayrı-ayrı qaz daşıyıcıları müvəqqəti olaraq Süveyş kanalından istifadə etməmək qərarına gəlsələr də, Avropa üçün əsas tədarükçü olan Qətər gəmiləri bu yoldan istifadəni davam etdirirlər. Onlar ümid edirlər ki, husilər HƏMAS-ı dəstəkləyən ölkənin gəmilərini hədəf almayacaq. Avropada qazın qiymətinin getdikcə ucuzlaşmasının daha bir səbəbi isə qışın mülayim keçməsidir.

 

Qəzza müharibəsi və daxili siyasi çətinliklər

Qəzzada davam etməkdə olan hərbi əməliyyatlara gəlincə, Təl-Əviv noyabrda Əl-Şifa xəstəxanasının altından keçən tunelin məhv edildiyini bəyan edib. İsrail və müttəfiqlərinin məlumatına görə, HƏMAS bu tibb məntəqəsindən canlı sədd kimi yararlanır, onun altındakı nəhəng tuneldən yaraqlılar istifadə edirmiş. 250 metrlik tunel müxtəlif böyük terror mərkəzlərini bir-birinə birləşdirirmiş və yaraqlılar əməliyyatlar zamanı ondan istifadə edirlərmiş.

Hazırda əsas hərbi əməliyyatlar Qəzza sektorunun cənubunda yerləşən Xan-Yunis şəhəri ətrafında gedir. Məlumata görə, SAXAL HƏMAS-a qarşı ən azı 1 il davam edəcək çoxmərhələli əməliyyat planlaşdırır. Baş nazir Netanyahu artıq HƏMAS-a qarşı savaşın üçüncü mərhələsinə başlanıldığını bildirib. Bu mərhələdə Qəzzada yerüstü əməliyyatlar genişləndirilib və hədəf qiyamçı anklava nəzarətin tam ələ alınmasıdır.

Ən vacib hədəflərdən biri müharibənin başa çatmasından sonra sektorun idarə edilməsidir. İsrailin müdafiə naziri Yoav Qalant artıq bununla bağlı planı açıqlayıb. Plana əsasən, Fələstin rəhbərliyi müəyyən şərtlər çərçivəsində idarəçiliklə məşğul olacaq, sektorun təhlükəsizliyinə nəzarət isə İsraildə olacaq.

Fələstin rəhbərliyinin bu planı qəbul edəcəyinə inanmaq, əlbəttə ki, sadəlöhvlük olardı. Üstəlik, ona ərəb dünyası da mənfi münasibət göstərib. Düşünmək olar ki, İsrail ərəb dünyasının bu planı qəbul etməyəcəyini onsuz da anlayırdı. Onun açıqlanmasında məqsəd, yəqin ki, daxildə hökuməti tənqid edənlərin diqqətini yayındırmaq, həmçinin İsrail hökumətinin Qəzzanın fələstinli əhalisi üçün sülhü təmin etmək istədiyini göstərmək olub.

Daxili siyasətə gəlincə, yanvarın ilk günlərində İsrail Ali Məhkəməsi Baş nazirin vəzifəsindən kənarlaşdırılmasını çətinləşdirəcək yeni qanunun qəbulunu təxirə salıb. Qurum bəyan edib ki, hazırkı hökumət başçısı vəzifəsindən yalnız Nazirlər Kabineti üzvlərinin dörddə üçünün və parlamentarilərin üçdə ikisinin səsi ilə kənarlaşdırıla bilər. Bunadək baş naziri əmək qabiliyyəti olmadığı əsası ilə baş prokuror və məhkəmə də vəzifəsindən uzaqlaşdıra bilirdi.

Bununla yanaşı, Ali Məhkəmə qanunun növbəti parlament seçkisindən sonra qüvvəyə minəcəyi qərarını səs çoxluğu ilə (6 lehinə, 5 əleyhinə) qəbul edib. Ondan iki gün əvvəl isə məhkəmə Netanyahunun hökumətin qərarını əsassız sayaraq rədd etmək hüququnu məhdudlaşdıran qanunu ləğv edib ki, bu da ciddi daxili siyasi çəkişməyə yol açıb.

Hər halda, müharibə, onunla birlikdə isə qeyri-müəyyənlik davam edir. İsraildə qələbəyə inanır, Qəzzada sonadək savaşmaq əzmindən danışırlar. Regionun gələcəyi isə əvvəlkitək, dumanlı görünür.



MƏSLƏHƏT GÖR:

33