4 May 2024

Şənbə, 15:34

İCARƏYƏ VERİLİR... HAVA LİMANI

Azərbaycan hökuməti aviasiya sektorunda dövlət-özəl sektor tərəfdaşlığını genişləndirməyi və aşağıbüdcəli aviaşirkətlərin sayını artırmağı qarşısına məqsəd qoyub

Müəllif:

01.02.2024

Bölgələrdə müasir hava limanlarının sayına görə Azərbaycan uzun müddətdir ki, Xəzər regionunda liderlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə hava limanları tikilir və tezliklə Ələt azad iqtisadi zonasında da hava limanı inşa olunacaq. Eyni zamanda hökumət aşağıbüdcəli xarici aviaşirkətin buraya cəlb edilməsi perspektivi ilə regional hava limanlarından birinin uzunmüddətli icarəyə verilməsi imkanlarını nəzərdən keçirir. Bu təcrübə dünyada çox yayılıb. Daimi reyslərlə məşğul olmayan kiçik hava limanlarının infrastrukturunun saxlanılması dövlət büdcəsinə baha başa gəlir və buna görə də dünyada regional hava limanlarının yarıdan çoxu özəl şirkətlərə icarəyə verilir.

 

Beynəlxalq təcrübə

Hava limanlarının icarəyə verilməsi və ya qismən özəlləşdirilməsi müxtəlif formalarda ola bilər. Danimarka, Avstriya, İsveçrə, Belçika və Yeni Zelandiyanın keçmiş dövlət hava limanları özəl investorlara satılıb. Avstraliya, Argentina, Kosta Rika, Peru və Yunanıstandakı hava limanları isə uzunmüddətli icarə əsasında uğurla idarə olunur. Bundan başqa, özəl aviaşirkətlər Nyu-York, Atlanta, Dallas, Hyuston və ABŞ-nin digər şəhərlərindəki hava limanlarında terminallar inşa ediblər. Bunu hava limanının özəlləşdirilməsinin ilkin forması hesab etmək olar.   

Yeri gəlmişkən, hazırda ABŞ dünyada ən çox kiçik və orta hava limanına malik olan ölkədir. Onların ümumi sayı 19 minə çatır. Amma onlardan yalnız 5000-də asfaltlanmış uçuş-enmə zolağı var. ABŞ-də müntəzəm hava nəqliyyatına (cədvəl üzrə) yalnız 380 əsas hava limanı xidmət göstərir və onların hamısı dövlətin balansındadır. Eyni zamanda ABŞ-nin böyük şəhərlərindəki 138 əsas hava limanının payına ümumi sərnişin axınının təxminən 95%-i düşür. Təbii ki, söhbət iri dövlət hava limanlarının tam özəlləşdirilməsindən getmir. Ümumiyyətlə, 1996-cı ilə qədər ABŞ-də hava limanlarının dövlətsizləşdirilməsi qanunla qadağan edilmişdi. Qeyd etmək lazımdır ki, özəlləşdirmə sxemlərinin əksəriyyəti hibrid xarakter daşıyır və hökumət mülkiyyət hüququnun əhəmiyyətli hissəsini özündə saxlayır. Özəlləşdirmənin ən çox yayılmış formaları isə hava limanının dövlət əmlakının qismən satışı və ya icarəyə verilməsidir.

Bəs ABŞ-dəki 18,600-dən çox kiçik və orta hava limanı necə fəaliyyət göstərir? ABŞ dövlətə məxsus kiçik hava limanlarının özəl firmalara verilməsində (autsorsinq) və ayrı-ayrı mövcud biznes obyektlərinin özəlləşdirilməsində uzun müddətdir ki, dünyada birinci yerdədir. Bu ölkənin regional hava limanlarında anbar sahələri icarəyə verilir və burada özəl müəssisələr pərakəndə ticarət, iaşə ilə məşğul olur, mehmanxana və digər xidmətlər göstərir. Üstəlik, icarə gəlirləri daha çox tikintiyə, istehsal ehtiyaclarına və aviaşirkətlərdən ödənişlərin azaldılmasına xərclənir. Bunun sayəsində lizinq və özəlləşdirmə mexanizmlərinin kombinasiyası müntəzəm reyslərə xidmət göstərməkdə zəif iştirak edən ABŞ-nin regional hava limanlarına ayaqda qalmağa imkan verir. Bu hava limanları bununla infrastrukturun saxlanılması üçün xərcləri geri qaytara bilir. Bu mənada onlara ödənişlərin və xidmətlərlə bağlı qiymətlərin aşağı olması yardım göstərir. Belə sistem kommersiya yük reysləri, çarterlər, aşağıbüdcəli aviaşirkətlər üçün cəlbedicidir. Bu, təbii ki, kiçik aviasiya uçuşlarına xidmət etmək üçün nəzərdə tutulub.

Böyük Britaniya da uzun müddətdir ki, oxşar yolla gedir. “Dumanlı Albion” aviasiya qanunvericiliyi baxımından Avropanın ən liberal ölkəsi kimi tanınır. Belə ki, bu ölkədə hava limanlarının dövlətsizləşdirilməsi ən yüksək həddə çatıb. Burada İngiltərənin BAA şirkəti (“British Airports Authority”) aparıcı mövqe tutur. Qeyd edək ki, bu şirkət Londonun “Hitrou”, “Stendsted”, “Qatviq”, eləcə də “Sauthempton”, “Edinburq”, “Qlazqo”, “Aberden” hava limanlarını, həmçinin ABŞ və İtaliyanın bir sıra hava limanlarını idarə edir.

Maraqlıdır ki, Türkiyənin ikinci ən böyük hava limanı İndoneziya şirkətinə, Gürcüstandakı bir sıra hava limanları isə Türkiyə şirkətlərinə icarəyə verilib. Rusiyada və digər postsovet ölkələrində də uçuşlarda zəif istifadə olunan regional aeroportların icarəyə verilməsi istiqamətində addımlar atılır. Xüsusilə, ötən ilin sonundan qonşu Qazaxıstan beynəlxalq investorlarla üç hava limanının – “Aktobe”, “Türküstan” və “Qızılorda”nın etibarlı idarəçiliyinin onlara verilməsi ilə bağlı danışıqları sürətləndirib. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev qeyd edib ki, məqsəd lazımi kompetensiya və kapitala malik özəl investorların cəlb olunacağı multimodal yük mərkəzlərinin yaradılmasıdır. Xatırladaq ki, hazırda Qazaxıstanın Almatıdakı ən böyük hava limanı Türkiyənin “TAV Airports” holdinqi tərəfindən idarə olunur.

Bundan əlavə, ötən ilin payızında Qazaxıstan “Terminals Holding” şirkətlər qrupu (BƏƏ) ilə Astana Hava Limanının multimodal hab kimi inkişafı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

 

Səmərələşdirmə təklifi

Aviasiya sektorunda dövlət-özəl tərəfdaşlıq sahəsində bütün bu geniş beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi planlaşdırılır. Hökumət beynəlxalq aşağıbüdcəli aviaşirkəti cəlb etmək perspektivi ilə bir regional hava limanını (və əgər uğurlu olarsa, bir neçəsini) icarəyə vermək niyyətindədir. Ötən ilin payızında Milli Məclisin deputatı Rüfət Quliyev “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı hava limanlarının özəl idarəçiliyə verilməsi prosesinin sürətləndirilməsini təklif etmişdi: “Dünyadakı hava limanlarının 55%-i icarədədir və bu təcrübədən Azərbaycanda istifadə olunmayan regional hava limanlarında yeni iş yerlərinin yaradılmasına kömək edərdi”.

Göründüyü kimi, hökumət hava nəqliyyatı ilə sərnişindaşıma sahəsinin liberallaşdırılmasına sadiqdir və bununla bağlı bir sıra təkliflər hazırlanıb. “Regionlardakı bir sıra hava limanlarının xarici şirkətin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın”, - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Rəis müavini qeyd edib ki, gələcəkdə bu təklifə baxılacağına və vətəndaşların daha aşağı qiymətə biletlər alacağına ümid edir.

Bu addım faktiki olaraq regional hava limanlarına sahib olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən müsbət qarşılanır. Xüsusilə onların inkişaf perspektivlərinə toxunan Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb ki, bu sahənin inkişafı üçün cəlbedici şərait yaradılıb və operatorlara sərfəli təkliflər təqdim olunacaq: “Biz regional hava limanlarımızı xarici aviaşirkətlər üçün əsas hablara çevirmək üçün fəal işləyirik. Bu məqsədlə “Wizz Air”, “Pegasus” və “Flynas” kimi aviaşirkətlərlə danışıqlar aparılır”. O, bunun çox real perspektiv olduğunu vurğulayıb.

Bir aviaşirkət regional hava limanlarında orta hesabla 5 təyyarə yerləşdirə bilər.

Bir sözlə, regional hava limanlarının icarəsində beynəlxalq təcrübədən istifadə ən yaxşı inkişaf variantı ola bilər, çünki bu gün onların hava səyahətinə cəlb olunma səviyyəsi son dərəcə aşağıdır.

Azərbaycanda 8 beynəlxalq hava limanı var və onlardan 7-si regionlardadır. Ən böyük aviasiya habı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlincə, bu hava limanı gündəlik 15 mindən çox sərnişinə xidmət göstərir. 2023-cü ildə burada sərnişin axını illik müqayisədə 33% artaraq rekord həddə - 5,85 milyon sərnişinə çatıb.

Lakin regional hava limanlarında bununla bağlı göstərici o qədər də çox deyil. Belə ki, ötən il Naxçıvan Beynəlxalq Hava Limanında 744, Gəncə Beynəlxalq Hava Limanında 218, Lənkəran Hava Limanında isə 16 minə yaxın sərnişinə xidmət göstərilib. Qəbələdə hava limanının fəaliyyəti daha çox mövsümi amillə bağlıdır. Bu yaxınlarda istifadəyə verilən Füzuli və Zəngilan rayonlarındakı, eləcə də Xocalıdakı hava limanlarında sərnişin axını hələ də çox aşağıdır. Bakı, Naxçıvan və Gəncədəki doluluq hesabına dövlət digər aerodromların saxlanılmasına subsidiya ayırır, onların infrastrukturunun saxlanılması xərclərini, işçilərin əməkhaqlarını və s. ödəyir.

Bu məqamda qeyd edək ki, beynəlxalq aşağıbüdcəli aviaşirkətlərlə müqavilələr bağlanarsa, regional hava limanlarının icarəyə verilməsindən ən böyük effekt əldə olunacaq. Aşağıbüdcəli aviareyslərin əsas hissəsi Bakıdakı hava limanı vasitəsilə həyata keçirilir. Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə burada fəaliyyət göstərən aşağıbüdcəli şirkətlərə “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” və “Georgia Wings” şirkətləri də əlavə edilib. 2024-cü ildə qiymət baxımından sərfəli aviadaşıyıcıların sayının artması istisna deyil. Bu il “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) Bakıya uçuşlar həyata keçirə bilər. Əgər aşağıbüdcəli aviaşirkətlərin bir qismini respublikanın regional hava limanlarına yönəltsək, onlar üçün rüsumlar, xidmətlər, eləcə də münasib yanacaq qiymətləri baxımından güzəştli rejim təşkil etsək, o zaman çox qısa müddətdə bölgələrdə beynəlxalq səviyyəli hava habları yaratmaq mümkün olacaq.

AZAL-ın açıqladığı məlumata əsasən söyləyə bilərik ki, ölkədə tətbiq olunan beşinci və yeddinci qrup “hava azadlığı” çərçivəsində Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi planlaşdırılır. Bu variantlar onlara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və yerli hava limanları vasitəsilə tranzit uçuşları həyata keçirmək imkanı verir.

 

Yeni hava limanları

Eyni zamanda Azərbaycan dövləti regional, xüsusən də azad edilmiş ərazilərdəki hava limanlarının inkişafını diqqət mərkəzində saxlayır. Bu istiqamət strateji əhəmiyyətli və respublikanın təhlükəsizliyi üçün aktual hesab olunur. Azərbaycanın cənub-qərbində geniş aviasiya infrastrukturunun formalaşdırılması zərurəti bir sıra obyektiv amillərlə bağlıdır. Bu, gələcək Zəngəzur dəhlizinin quru kommunikasiyalarını tamamlayan ən mühüm tranzit elementinə çevrilərək dünyanın qalan hissəsi ilə nəqliyyat əlaqələrini rahat və tez həyata keçirməyə imkan verəcək. Amma biz mürəkkəb hərbi-siyasi vəziyyəti də diqqətdən kənar saxlamamalıyıq. Bu regionda ağır hərbi nəqliyyat təyyarələrini qəbul etməyə qadir olan aerodromların olması artıq olmazdı. Nəhayət, inkişaf etmiş qısa aviasiya marşrutu olmadan Qarabağın və Şərqi Zəngəzurun rekreasiya potensialının inkişafında əsas elementə çevrilməyə çağırılan kütləvi xarici turistləri qəbul etmək sadəcə olaraq mümkün deyil. Bu arqumentlər hökuməti Füzuli və Zəngilanda beynəlxalq terminalların tikintisinə on milyonlarla manat sərmayə qoymağa sövq edir. 2025-ci ilin sonunda Laçında hava limanının açılışı gözlənilir. Uzunmüddətli perspektivdə isə Ağdamda daha bir hava limanının tikintisi imkanları araşdırılır.

Maraqlıdır ki, Füzuli və Zəngilanda yeni yaradılmış aerodromlar dünyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya sistemləri ilə təchiz edilib. Bu hava limanlarında ILS/DME instrumental eniş sistemlərindən, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələrindən, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemlərindən, ilkin və ikinci dərəcəli radar sistemlərindən, həmçinin ağır təyyarələrin qəbul edilməsi üçün nəzərdə tutulmuş uçuş-enmə zolaqlarından istifadə edilir. Bütün bunlar uçuşların Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinə imkan verir.

Beləliklə, sadalanan faktlar Azərbaycanın regional hava limanlarının gələcək icarəçilər üçün cəlbediciliyinin, infrastruktura əlavə böyük investisiyalara ehtiyac olmadan kommersiya istismarına hazır olmasının daha bir sübutdur.



MƏSLƏHƏT GÖR:

36