29 Aprel 2024

Bazar ertəsi, 00:37

SÜRPRİZLƏR GÖZLƏNTİSİNDƏ

Dünya ABŞ prezidentliyinə iki ahıl namizədin ciddi mübarizəsi ərəfəsindədir

Müəllif:

01.02.2024

Birləşmiş Ştatlarda növbəti prezident seçkisi 2024-cü il noyabrın 5-nə planlaşdırılır. Proqnozlara görə, Demokratlar Partiyasının Ağ Evə rəhbərliyə əsas namizədi hazırkı dövlət başçısı Co Bayden olacaq. Respublikaçıların sırasında isə namizədliyə ən çox şansı olan sabiq prezident Donald Trampdır. Hər halda, onun Nyu-Hempşir və Ayova ştatlarında keçirilmiş ilkin seçkilərdə qazandığı inamlı qələbə skeptiklərdə belə, Trampın namizəd olacağına əminlik yaradıb. Respublikaçılar Partiyası daxilində mübarizə hələ başa çatmasa da, qeyd olunan qələbələrdən sonra Trampın şansları xeyli artıb.

Əksər müşahidəçilər düşünürlər ki, payızda Amerikanı qatı siyasi düşmənlər olan Baydenlə Tramp arasında revanş gözləyir. «Amerikanı yenidən qüdrətli et» («Make America Great Again», qısa variantı – MAGA») şüarını əsas götürmüş Tramp əmindir ki, o, Baydeni «bayıra atacaq».

Co Bayden isə öz növbəsində, noyabrda keçiriləcək seçkidə mübarizə demokratiya və Amerikanın azadlığı uğrunda gedəcək. O, bu səbəbdən amerikalıları «ağılsız milyarderin Oval kabinetə qayıtmasına imkan verməməyə» çağırır.

Baş verənlərin fonunda Amerika cəmiyyətində parçalanmanın dərinləşəcəyinə dair proqnozlar artır ki, bu da təəccüblü deyil. Üstəlik, Baydenlə Tramp arasında Ağ Ev uğrunda əvvəlki mübarizənin nə ilə bitdiyini hər kəs yaxşı xatırlayır – Kapitolidə görünməmiş iğtişaşlar! 4 il sonra isə seçki daha çətin və ciddi geosiyasi hadisələr fonunda keçiriləcək. Tramp da indi, əvvəlkindən daha qəzəbli namizəd təsiri bağışlayır. Amma əlbəttə ki, finiş xəttinə hələ çox var və bu müddətdə hər şey ola bilər.

 

DeSantis və Xeyli

Donald Tramp Ayovada tarixi sayılacaq miqyasda qələbə qazanıb. Bu vaxtadək heç bir namizəd səsverməni bu dərəcədə üstünlüklə bitirməmişdi. Sabiq prezident Ayovanın 99 dairəsində qələbə qazanıb, yalnız bir dairədə cəmi 1 səslə uduzub. «CBS News» xəbər verir ki, bu ştatdakı respublikaçı seçicilərin təxminən yarısı özünü Trampın MAGA hərəkatının tərkib hissəsi sayır, üstəlik, onların arasında müxtəli yaş qruplarından olan həm kişilər, həm də qadınlar var.

Seçki marafonunun lap əvvəlindən respublikaçılar arasında Trampın əsas rəqibi sayılan, böyük ümidlərin bəslənildiyi və həqiqətən də, sabiq prezidentə ciddi rəqib ola biləcəyi deyilən Ron DeSantis namizədliyini geri götürüb və… Donald Trampı dəstəkləyib. DeSantis bu qərarı reytinqlərin ona heç bir şans tanımadığı üçün verib. Tramp isə öz növbəsində, keçmiş rəqibinə təşəkkürünü bildirib, ona Co Baydenlə birgə mübarizə aparmağı təklif edib.

Yarışdan «Trampa ideoloji baxımdan ən yaxın rəqib» adlandırılan biznesmen Vivek Ramasvami də çəkilib.

Yalnız Nikki Xeyli hələ də qələbə arzusu və əzmini davam etdirir. Amma əsas ştatlardan olan Nyu-Hempşirdə Tramp onu da təxminən 55% səslə məğlub edib. Xeyli mübarizəni davam etdirəcəyini desə də, Trampın qələbəyə layiq olduğunu etiraf etmək məcburiyyətində də qalıb. «Nyu-Hempşir birinci ştatdır, sonuncu yox. Bu yarış hələ bitməyib. Qarşıda onlarla ştat var», - deyə siyasətçi qeyd edib.

Yeri gəlmişkən, növbəti mərhələ onun doğma ştatı olan Cənubi Karolinadır. Burada  xeyli müddət qubernator olub. Lakin proqnozlara görə, onun sabiq prezident qarşısında bu ştatda da şansı yüksək deyil. Tramp «Truth Social» sosial şəbəkəsindəki səhifəsində Nikki Heylini bu səbəbdən «reallıqdan qopmuş» adlandırıb.

Maraqlıdır ki, bir vaxtlar ABŞ-ın BMT-dəki nümayəndəsi olmuş Heylinin Donald Trampın vitse-prezidenti olmaq uğrunda mübarizə aparacağı da deyilir. Bu, həm də ona görə inandırıcı görünür ki, iki siyasətçinin siyasi məsləkləri arasında kəskin fərq var. Yəni Heyli vitse-prezident postunda yaxşı «tarazlaşdırıcı» rolu oynaya bilər.

Bununla yanaşı, Heyli özü Donald Trampın qalib olacağı təqdirdə vitse-prezident postunu tuta biləcəyi haqda fikirləri qəti şəkildə rədd edib. Ola bilsin ki, o, bu yolda perspektivinin olmadığını anlayır və müşahidəçilərin fikrincə, formal namizəd kimi çıxış edir. Əgər o, Cənubi Karolinada qalib gələ bilməzsə, respublikaçıların ən böyük ştatı olan Texas da daxil olmaqla, 14 ştatda səsvermənin keçiriləcəyi «super çərşənbə axşamı»nadək davam etməyin mənası qalmayacaq.

ABŞ-da «super çərşənbə axşamı» təxminən 40 ildir keçirilir. Bu, prezident seçkisi ilində ya fevralın son, ya da martın ilk həftəsində baş tutur. O, Ayova və Nyu-Qemşir seçkiləri qədər vacib əhəmiyyət daşıyır, çünki «zəiflər»i dərhal açıq şəkildə ortaya qoyur.

 

Qayıdacağını vəd etmiş Tramp

İstənilən halda, yarışın necə bitəcəyindən asılı olmayaraq, Tramp ABŞ-ın siyasi üfüqündə artıq bir neçə parametrlərə görə unikal fiqurdur. O, mübahisəli, parlaq, qalmaqallı prezident olub, sonra səs-küylü, hətta qalmaqallı məğlubiyyətlə üzləşib, lakin məğlub olmayacağını bəyan edib, məhkəməyə verilsə də, təslim olmayıb, elektoratını günahsızlığına inandırmağı bacarıb və indi yenidən mübarizə aparır.

Tramp ABŞ tarixində iki dəfə impiçmentlə üzləşmiş və tərəfdarları Kapitoliyə hücum etmiş ilk prezidentdir. ABŞ-da sabiq prezidentə federal ittihamın irəli sürüldüyü ilk hal da Trampla bağlıdır. Hesablamalara görə, bu ittihamların təsdiqlənəcəyi təqdirdə onu üst-üstə 700 il həbs gözləyir. Söhbət «Kapitoliyə yürüş», Corciyada seçkilərin saxtalaşdırılması cəhdi, pornoaktrisa Stormi Denielsə rüşvət verilməsi kimi hallardan gedir. O, «məxfi» qrifli sənədləri özündə saxlamaqda, yalan ifadə verməkdə, istintaqa mane olmaqda və sairdə də ittiham olunur.

Hazırda Trampın hüquqşünasları vaxtı uzatmaqla məşğuldur. Bu məqsədlə immunitetlə bağlı məhkəmə çəkişməsinə başlanılıb – nə qədər ki o davam edir, Trampa qarşı bütün federal proseslər faktiki olaraq, dayandırılıb. Onu da əlavə edək ki, Birləşmiş Ştatlarda məhkəmə işi namizədin seçkiyə buraxılmamasına səbəb ola bilməz. Trampın prezident seçiləcəyi təqdirdə isə o, federal prokurorların bütün işlərini ləğv etdirmək imkanı qazanacaq.

Sorğular göstərir ki, Trampın əksər tərəfdarı onun siyasi repressiya qurbanı olduğuna əmindir. Onlar səslərini istənilən halda sabiq prezidentə verəcəklərini deyirlər. Amma açıq desək, Tramp heç də qurbana bənzəmir. Bu cinayət işləri isə prezidentlik yarışında onun əsas «kozır»ına çevrilib.

Demokratlar üçün o, problem olaraq qalır. Konspiroloji versiyaların həvəskarları hətta deyirlər ki, Trampın fiziki olaraq aradan götürülməsi də mümkündür. Con Kennedi və sui-qəsdə məruz qalmış digər ABŞ prezidentlərini yada salsaq, bu, o qədər də absurd görünmür.

Trampın seçkidə iştirakının əngəllənməsinin daha bir yolu seçkinin təxirə salınması ola bilər. Bu mənada, eks-prezidentin çıxışında 9/11 terrorunu xatırlatması, üstəlik, hansı kontekstdə xatırlatması diqqəti çəkməyə bilməzdi! «2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzi qüllələrinə edilmiş hücum əslində, ictimaiyyətə təqdim olunan şəkildə olmayıb. Onlar 4 il mənim ağzımı qapayıblar. Lakin indi deyirəm: Ümumdünya Ticarət Mərkəzinə heç bir hücum olmayıb! Bizə göstərilən hücumlar olmayıb və bu işdə başqa dövlətlərin də iştirakı var», - deyə Donald Tramp Lakoniyada (Nyu-Hempşir ştatı) seçki kampaniyası çərçivəsində etdiyi çıxışında bildirib.

Eks-prezident deyib ki, bu terror aktının nəticəsi «yalnız milyonlarla insanın ölümü və nəhəng faydasız xərclər olub»: «Bizi Yaxın Şərqdə müharibəyə çəkdilər… 9 trilyon dollar xərclədik, milyonlarla insan öldürdük… Bəs nəyə nail olduq? Heç nəyə! Yalnız ölüm və qan qazandıq!».

Odur ki, ABŞ-da noyabra təyin olunmuş prezident seçkisinin ləğvi üçün nəzəri baxımdan istənilən fövqəladə vəziyyət, hərbi vəziyyətin elanı səbəb ola bilər. Eyni zamanda demokratlar seçkiyə qeyri-populyar Baydenin əvəzinə başqa namizədlə də qatıla bilərlər.

 

Ənənəvilər qlobalçılara qarşı

Bu gün ABŞ-da həqiqətən unikal vəziyyət yaranıb. İllər boyu bu ölkədə deyilib ki, mövcud ikipartiyalı sistem çox sabitdir və qalib gələn hər bir namizəd inauqurasiyadan sonra hər bir halda bütün amerikalıların liderinə çevrilir. Onlar arasında fərq yalnız vergi, səhiyyə, bütün amerikalıların sevimli mövzusu olan abort (qadağan edilib-edilməməsi), miqrasiya siyasəti və s. kimi məsələlərə yanaşmada olur.

Lakin indi hər şey fərqlidir. Çünki rəqiblər arasında fərq çox kəskin və dərindir. İndi söhbət ideoloji fərqdən, dəyərlərə fərqli yanaşmadan gedir. Görünən isə odur ki, indi bu, yalnız ABŞ-ı deyil, bütün dünyanı əhatə edir. Ənənəçilərlə qlobalçılar arasındakı savaşdan hər kəs danışır. Bu və ya digər tərəfin qələbəsinin nələrə yol aça biləcəyinə dair proqnozlar da öz yerində. Bu fərqi ortaya qoymağın ən asan yolu namizədlərin xarici siyasətə münasibətdir. Eyni zamanda Baydeni birmənalı olaraq «qaniçən», Trampı isə «sülhsevər» adlandırmaq da doğru olmazdı. Yeri gəlmişkən, xüsusilə Rusiya şərhçiləri bunu belə təqdim edir.

Yalnız onu xatırlatmaq kifayətdir ki, Tramp son dərəcə gözlənilməz gedişlər etməyə qadirdir, məqsədi ilə ölkəsini beynəlxalq arenada yenə də ən qüdrətli fövqəldövlətə çevirməkdir. Bəli, o, digər güc mərkəzləri, hətta Çinlə dialoq istəmir. Onun Pekinlə amansız iqtisadi savaş aparacağına şübhə yoxdur. Bu cür «dialoqun» (xüsusən də Rusiya, İran, Çinlə) hansısa mərhələdə nələrə gətirib çıxara biləcəyini təsəvvür etmək belə çətindir…

Daha bir vacib məqamı anlamaq lazımdır – bəli, Tramp ənənəvi dövlətin, bizim total tolerant senzuranın tətbiqinədək köhnə Hollivud filmlərində görməyə vərdiş etdiyimiz Amerikanın tərəfdarıdır. Lakin bu gün adi insanlar yox, dünyanın maliyyə, texnologiyalar və ideologiya ilə idarə olunması rıçaqlarını əlində cəmləmiş güclər üçün bu, nə qədər mümkün və aktualdır? Üstəlik, indi Amerikada «oyanmışlar» nəsli («woke» - sosial, irqi, cinsi ədalət məsələlərinə xüsusi diqqət yetirənlər) də kifayət qədər güclənib. Onlar qəflətən qarşılarında açılmış bütün bonusların, imkanların dadını hiss ediblər və buna heç də zəhmətləri, istedadları, yaxud lotereya udduqları və ya Las-Veqasa uğurlu səyahət etdikləri üçün nail olmayıblar. Bu, sadəcə onların şəxsiyyətinin hansısa əlaməti üzündən baş verib – dəri rəngi, seksual oriyentasiya və s. Bu, əslində Trampın müdafiə etdiyi köhnə «amerikan arzusu» qarşısında yeni «amerikan arzusu»dur.

Onlar arasında, həqiqətən də, ciddi savaş başlamasını hamı arzulayırmı?

 

Popkorn alaq?

Bu il Amerikanın hansı istiqaməti seçəcəyi bütün dünyaya öz təsirini göstərəcək. Müşahidəçilərin bildirdikləri kimi, ən yüksək səviyyədə bir çox geosiyasi qərarlar bu gözlənti üzündən qəbul olunmur, çünki hadisələrin necə inkişaf edəcəyini heç kim bilmir. Tezliklə Tramp hər şeyi kökündən dəyişə bilərsə – ABŞ-ın NATO və bir sıra digər beynəlxalq qurumlardan çıxması, ticarət razılaşmalarından imtina etməsi və s. – Bayden administrasiyası ilə hansısa məsələlərdə razılığa gəlməyin, ondan zəmanət almağın nə mənası var?

Seçki Tramp və ya Baydendən birinin qələbəsi ilə bitəcəksə, burada daha bir vacib məqam var. Bu, onların yaşıdır. Milyarder Tramp o qədər gümrah görünür ki, 2017-ci ildə onun ABŞ tarixinə ən yaşlı prezident kimi düşdüyünü hər kəs unudur. Bayden isə onun bu rekordunu yeniləyib. Hazırda Donald Trampın 77 yaşı var, seçkidən sonra 78 olacaq. Bayden isə 81 yaşındadır və qarşıdan gələn seçkidə qələbə qazanarsa, postu ilə vidalaşdıqda 86 yaşında olacaq. Onun artıq indi Ağ Ev sahibinin həyatının tempi ilə tam ayaqlaşa bilmədiyi çoxlarına aydındır. Amma Tramp da cavan deyil…

Beləliklə, Birləşmiş Ştatların tarixinin 60-cı prezident seçkisi hələ çox sürprizlər gətirə bilər – istər səsverməyədək, istər seçki vaxtı, istərsə də ondan sonra. Amerikalıların özlərinin dediyi kimi, «popkorn almaq vaxtıdır».

ABŞ-da yaşananlar ona nüfuz qazandırmamaqla yanaşı, beynəlxalq arena üçün qətiyyən sabitləşdirici amil deyil. Halbuki bu gün bütün dünyanın ən çox ehtiyac duyduğu məhz budur.



MƏSLƏHƏT GÖR:

29