5 May 2024

Bazar, 02:31

İKİNCİ DALĞA

Rimas Kurtinaytis 18 ildən sonra yenidən Bakıda basketbol klubuna rəhbərlik edəcək

Müəllif:

15.02.2024

Azərbaycan basketbolunun üfüqündə yeni, daha doğrusu, tanınmış sima peyda olub. İllər öncə ölkə basketbolunda “Qala” adı ilə tanınan kluba rəhbərlik edən Rimas Kurtinaytis uzun fasilədən sonra Azərbaycana qayıdıb. Tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.

63 yaşlı litvalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Rimas Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub. Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Rimas Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var. Litvalı basketbol mütəxəssisi azərbaycanlı azarkeşlərə “Qala” klubundan tanışdır. O, 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.

“Region plus” jurnalı 18 ildən sonra Azərbaycana qayıdan “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytislə müsahibəni təqdim edir:

- Sizi yenidən Azərbaycanda görmək çox xoşdur. Son illər işləmirdiniz, hətta bəziləri Rimas Kurtinaytisin məşqçiliklə vidalaşdığını söyləyirdilər.

- Məşqçiliklə vidalaşmamışam. Sadəcə istirahət edirdim. İnsan işləyərkən rahat şəkildə dincəlmir. Ona görə fasilə götürdüm, son illər istirahətə daha çox diqqət ayırdım. Sevimli işimə qayıdacağım günü gözləyirdim.

- “Sabah” klubundan qəfil zəng gəldi?

- Bəzən ciddi qəbul etmədiyim təkliflər olub. Amma “Sabah” klubundan qəfil zəng çox maraqlı alındı. İlk növbədə, Azərbaycan mənə tanış ölkədir. Bakını hər zaman xoş xatirələrlə yadıma salıram. İkincisi, “Sabah” rəhbərliyi ölkədə basketbolun inkişafı üçün bütün şəraitin yaradıldığını bildirdi.

- Siz dərhal müsbət cavab verdiniz?

- Əlbəttə ki, yox. Ailəmlə məsləhətləşdim. Həyat yoldaşımla müzakirə etdik. Hər halda Bakıya birlikdə gəlməyi düşünürdüm. Ailəmizdə bu təklifə isti yanaşdılar və mən dəvəti qəbul etdim. Artıq “Sabah” klubunda işimin icrasına başlamışam. Azərbaycan çempionatında bir neçə oyun keçirmişik.

- Siz Azərbaycanda işləyəndə Fuad Niftəliyev, Zaur Paşayev, Aleksandr Rındin kimi yerli ulduz basketbolçular çıxış edirdi. Fuadla Zaur hələ də karyerasını davam etdirir. Bu, sizi təəccübləndirmədi?

- Bir qədər gözlənilməz oldu. Amma onlarla işləməkdən məmnunam. Fiziki formalarını qoruyurlarsa, niyə oynamasınlar. Mən özüm 41 yaşına qədər oynamışam. Gənclər təcrübəli basketbolçulardan çox şey öyrənə bilərlər.

- 2000-ci illərdə Azərbaycanda basketbol böyük inkişaf yolu keçdi. İndiki vəziyyəti necə qiymətləndirirsiniz?

- 15 gün ərzində gördüklərimə qiymət vermək düzgün deyil. Federasiya inkişaf üçün müəyyən işlər görür. Hər klubda legionerlər var, demək, komandaların maliyyə imkanı yaxşıdır. İnkişaf üçün maliyyə önəmli şərtlərdən biridir. 18 il əvvəl legionerlərlə vəziyyət belə deyildi. Azərbaycan basketbolunda müsbət amillər çoxdur. Amma çatışmazlıqlar üzərində işləmək lazımdır.

- Çatışmazlıqlar dedikdə nəyi nəzərdə tutursunuz?

- İdman insanlar üçün oynanılır. Ölkə çempionatında azarkeş sayının azlığını qeyd etməliyəm. “Qala” o vaxt oynayanda hər tur anşlaq olurdu. İndi azarkeş sayının azlığına görə heyifsiləndim. İnsanları basketbola qaytarmaq üçün işlər görməliyik. Basketbol azarkeşlərlə daha gözəldir.

- “Sabah” klubunda gələn təklifdən razısınız. Maraqlıdır, rəhbərliyin sizdən əsas tələbi nə olub?

- Böyük hədəflərimiz var. İlk növbədə, komandanı oyun baxımından vəziyyətini daha da yaxşılaşdırmalıyıq. Azərbaycan çempionatında birinci yeri tutmaq çox vacibdir. Avrokuboklarda yaxşı çıxış etmək istəyirik. Çempionlar Liqasında mübarizə aparmağı düşünürük. Azərbaycanı qitə yarışlarında ən yaxşı səviyyədə təmsil etmək niyyətindəyik. Bunun üçün böyük səylə çalışmaq lazımdır.

- 2006-cı ildə sizin Azərbaycandan gedişinizdən bir müddət sonra basketbolda problemlər üzə çıxdı. Sizcə, həmin inkişaf indiyə qədər davam etsəydi, hansı nəticələr əldə olunardı?

- 2000-ci illərdə Azərbaycan basketbolla yaşayırdı. Küçədə azarkeşlər basketbolçuları tanıyırdılar, onlara dəstək olurdular. Müəyyən səbəblərdən 2006-dan sonra vəziyyət dəyişdi. Məhz ona görə indiki durumu “ikinci dalğa” adlandırıram. Hər şeyi ən yaxşı vəziyyətə qaytarmaq üçün çalışırıq. Ümid edirəm bu dəfə uğurlu nəticələr davamlı olar.

- Ölkə çempionatındakı rəqiblər barədə nə deyə bilərsiniz?

- Yaxşı komandalar çoxdur. O vaxt cəmi 2 əsas komanda var idi. “Qala”nın əsas rəqibi demək olar “NTD” idi. İndi rəqabət yüksəkdir. Sualınıza daha ətraflı cavab vermək üçün vaxt lazımdır.

- Ölkəmizi burada olmadığınız müddətdə necə xatırlamısınız?

- Azərbaycanı həmişə qonaqpərvər ölkə kimi yada salıram. Milli mətbəxinizi unutmamışam (gülür). 18 il ərzində Bakı çox dəyişib. İlk gəldiyim gün yeni tikintilər gördüm. Şəhər daha da gözəlləşib. Bakının görkəmi müasirləşib.

- Basketbol həvəskarlarına arzularınız varmı?

- İlk növbədə, şəxsimə olan yüksək diqqətə görə təşəkkür edirəm. Azərbaycanda olmaqdan məmnunam. Burada məni unutmadıqları üçün hamıya “çox sağ ol” deyirəm. Azarkeşləri zala dəvət edirəm, komandalara yarışda dəstək olsunlar. Baskebtolun inkişafında azarkeşlərin rolu xüsusidir.



MƏSLƏHƏT GÖR:

26