5 May 2024

Bazar, 10:06

İLK DƏFƏ QARABAĞDA

Xankəndi-Bakı ultra marafonunun iştirakçıları 380 km məsafə qət edəcəklər

Müəllif:

15.02.2024

Azərbaycanın əzəmətli şəhəri – Xankəndi gözlənildiyi kimi 2024-cü ildə bir sıra idman yarışlarına ev sahibliyi edəcək. Ötən ilin dekabrında futbol üzrə Azərbaycan Kubokunun təşkil olunduğu Xankəndi bu dəfə atletika yarışının mərkəzinə çevriləcək.

 

Qarabağdan Bakıya

Fevralın son günündə ilk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək. Fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 380 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutacaq. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər. “Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə biləcək.

 

Açıq havada

Belə yarışlar son illərdə bütün dünyada məşhurlaşıb. Əsasən ultra marafon adi marafondan daha uzun məsafəyə qaçışa deyilir. Adi marafon 42.2 km  məsafəni əhatə edir. Tarixi 1984-cü ildən başlayan yarış növünü Beynəlxalq Ultra Marafon Assosiasiyası tənzimləyir. 19-cu əsrdə oxşar yarışlar qapalı məkanlarda təşkil olunurdu. 1987-ci ildən etibarən isə iştirakçılara rahatlıq yaratmaq üçün təbiət qoynunda – açıq havada marafonların keçirilməsinə başlanıldı.

Ultra marafon yarışlarında həvəskarlar daha çox iştirak etdiyinə görə məsafənin uzunluğü müxtəlif olur. Amma Beynəlxalq Atletika Federasiyası daha çox 50, 80, 100 və 160 km məsafədə yarışların təşkilini tövsiyyə edir. Qaydalara əsasən, bəzi yarışlarda finişə birinci çatan, digərlərində isə ən çox məsafə qət edən iştirakçılar qalib elan olunur. Ultra marafon zamanı idmançılara istirahət üçün zaman ayrılır. Adətən 3 və ya günlük marafonlarda iştirakçılara gecə yatmaqla itirilən enerjini bərpa edir və növbəti yarış gününə hazırlaşır.

 

Beyinlə qaçmaq

Ultra marafonun özəlliyi barədə Azərbaycanı ultra marafon yarışlarında təmsil edən Emin Əsgərovla söhbət etmək qərarına gəldik. E.Əsgərov bu tip yarışın özünəməxsus cəhətlərini açıqlayıb.

“Ultra marafon yarışı çox maraqlıdı. Vaxtla yarışlar var ki, məsələn, 6 saatlıq yarışda start verilir və sizə 6 saat vaxt verilir. İstəyirsiniz 1, istəyirsiniz 10 dəqiqə qaçın, istəyirsiniz də 6 saatın hamısını qaçın. Bu, sizdən asılıdır. Ultra marafonçuların psixologiyası fərqlidir. Biz beynimizlə qaçırıq. Ağrını düşünmürük. Ayaqqabı seçimi də çox önəmlidir. Yanlış seçim olarsa, ciddi narahatlıq yaranır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda marafon yarışları son vaxtlar çox populyarlaşıb: “İllər öncə ancaq “Bakı Marafonu” təşkil olunurdu. Sonradan yarışların sayı artdı. Belə yarışlar həm sağlam həyat tərzini təbliğ edir, eyni zamanda insanları birləşdirir. Fikrimcə Xankəndi-Bakı ultra marafonu çox maraqlı olacaq. Belə yarışlarda həm peşəkarlar, həm də həvəskar idmançılar iştirak edir. Həvəskarların çoxu üçün marafon həyat tərzinə çevrilir. Xankəndi möhtəşəm təbiətə malikdir. Orada qaçmaq unudulmaz anlar yaşadacaq”.

Marafon Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində başa çatacaq və Xankəndində keçirilən ikinci idman tədbiri kimi tarixə düşəcək.

Qeyd edək ki, 18 yaşdan yuxarı istənilən şəxs marafonda iştirak edə bilər. Bunun üçün Gənclər və İdman Nazirliyinin saytında müvafiq bölmədə qeydiyyatdan keçmək vacibdir.



MƏSLƏHƏT GÖR:

29