28 Aprel 2024

Bazar, 23:12

GÜLLƏLƏNƏN GƏNCLİK

Onların arzusu müstəqil Azərbaycan idi

Müəllif:

15.02.2024

Müharibə illərində Azərbaycanda müstəqillik arzusunda olanlar çox idi. Sovet İttifaqı olmasaydı, Vətənin taleyinin necə ola biləcəyi haqda sadəcə, söhbət edən gənclərin qanunsuz ittihamlarla üzləşdikləri vaxtdan 82 il keçir.

 

1942-ci il idi…

Hakimiyyəti ələ keçirmiş bolşeviklər dövləti hansı şüar altında idarə edəcəklərini bəyan etmişdilər: «Burjuaziya və mülkədarların ağ terroruna biz amansız qırmızı terrorla cavab verəcəyik!» Onlar «ağ terror» dedikdə nəinki hakimiyyətə silahlı müqavimət və ya dövlət siyasətilə razılaşmamanı, həm də istənilən fərqli fikir sahiblərini nəzərdə tuturdular. «Burjua» və ya «mülkədar» isə hər bir şəxs sayıla bilərdi – ziyalı, fəhlə, kolxozçu, tələbə. Bir sözlə, bolşeviklərin əməllərinin doğruluğuna şübhə edən hər kəs. Tarix göstərir ki, bolşeviklər hakimiyyətdə olduqları 70 ildə öz prinsiplərinə sadiq qalıblar. Sadəcə, qırmızı terror müxtəlif dövrlərdə müxtəlif çalarlar alıb…

Cəbhədə vəziyyət çox ağır idi, qanlı döyüşlər gedirdi. Sirr deyil ki, bəziləri öz respublikasının müstəqilliyinin bərpasını Almaniyanın qələbəsində görürdü. Belə bir vəziyyətdə Xalq Daxili İşlər Komissarlığı (XDİK) cəmiyyətdə məğlubiyyətçilik əhvali-ruhiyyəsinin kökünü kəsməli, antisovet qruplaşmaları və təşkilatlarını aşkarlamalı və məhv etməli idi.

 

Antisovetizm

2 may 1942-ci ildə bu imkan ASSR XDİK-in əlinə keçdi – onun əməkdaşı, kiçik leytenant Aruşanovun simasında. Həmin gün Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin «N» adlı tələbəsi komissarlığa müraciət edərək, vacib məlumat vermək istədiyini bildirir. Tələbə deyir ki, onunla eyni qrupda oxuyan və yataqxanada eyni otaqda yaşayan Rzayev Məmmədhəsən sabah Bakının bombalanacağını söyləyir. «N»in sözlərinə görə, mərmilərdən biri ordunun qərargahına atılacaqmış: «O, bacımın ordu qərargahının binasında yaşadığını bilir və deyir ki, bacım oranı tərk etsin».

«N» Aruşanova Rzayevin siyasi baxışları haqda da danışır: «Məmmədhəsən mənə Bakıda gənclər təşkilatının olduğunu deyir. Təşkilatın hədəfi Azərbaycanın SSRİ-dən ayrılması və Türkiyə meyilli müstəqil respublikanın qurulmasıdır. Rzayev məni də həmin təşkilata qoşulmağa dəvət etsə də, mən bundan imtina etdim».

Aruşanov baş verənləri rəisi Qriqoryana danışır və «N»ə təşkilata qoşulmasını, daha sonra onun heyəti və fəaliyyəti haqda XDİK-nı məlumatlandırmasını təklif edir.

 

Vətənin azadlığı uğrunda qurban edilən ömür

Artıq bir neçə gün sonra təşkilatın üzvlərinin siyahısı Aruşanovun masasında idi: İsgəndərov Süleyman, Rzayev Məmmədhəsən, Tağıyev Ələsgər, Ağayev Hüseynağa, Mustafayev Çingiz, Məmmədov Ələsgər, Rzayev Saleh, Mehdiyev Zaman. Bundan başqa, «N» təşkilat üzvlərinin M.Rzayevdən əldə etdiyi andiçmə mətnini də Aruşanova təqdim edir. S.İsgəndərovun yazdığı mətndə üzvlərin Vətənini azadlığı uğrunda canlarından keçməyə, «milli şərəf və ləyaqətin toxunulmazlığını pozmağa çalışan düşmənlə son damla qana qədər vuruşmağa hazır olduqları» bildirilirdi. Bu sənəd, həmçinin Rzayevin yaşadığı otaqda aparılan axtarış zamanı əldə edilmiş şeiri sonradan həmin şəxslərin dövlətçilik əleyhinə fəaliyyətləri ilə bağlı istintaq materiallarına «maddi sübut» kimi əlavə olunmuşdu.

Təşkilatın bəzi üzvləri hələ orta məktəbdən dostluq edirdilər – M.Rzayevlə Ə.Tağıyev 150 saylı məktəbdə oxumuş, S.İsgəndərov, Ç.Mustafayev, H.Ağayev 1940-cı ildə 1 saylı orta məktəbi bitirmişdilər.

Aruşanov «N» ilə yanaşı, təhdid və şantaj yolu ilə Filalogiya fakültəsinin daha bir tələbəsini «əməkdaşlığ»a cəlb etməyə çalışır. Amma o, ümidləri doğrultmur, bu azmış kimi, dostu H.Ağayevi mümkün xoşagəlməzliklərdən sığortalanması üçün XDİK-nın diqqətində olan Rzayevdən uzaq durmağa da çağırır. Bu, gənc oğlana baha başa gəlir: o, ASSR XDİK Ordusu Hərbi Tribunalının qərarı ilə «əks-inqilabçı millətçi təşkilatın fəal üzvü, hazırda həbsdə olan Ağayevə sirr verməkdə» və «əks-inqilabçı» təşkilatın fəaliyyətində iştirakda təqsirli bilinərək, 8 il azadlıqdan məhrum olunur.

 

Sadəlöhv gənclik

Təşkilatın üzvləri XDİK-nın onlarla maraqlandığını bildikdən sonra fəaliyyətlərini məhdudlaşdırır, bir yerə toplanmır və andiçmə mətnini yandırırlar. Əslində, onlar onsuz da hansısa praktik iş görmürdülər. Təşkilatın fəaliyyət proqramı belə, yox idi. Gənclər sadəcə üzvlərdən birinin evində toplanır, Azərbaycanın gələcəyi ilə bağlı söhbət edirdilər. Onlar respublikanın reallıqda müstəqil olmadığını düşünür, Kommunist Partiyasının milli məsələlərlə bağlı siyasətini tənqid edirdilər. Gənclər hesab edirlər ki, Azərbaycan əsl müstəqilliyə nail olmaq üçün SSRİ-dən ayrılmalıdır. Yəni onların «fəaliyyət»i söhbətdən o tərəfə keçmir, praktik addımlar atılmırdı. Amma 19-21 yaşlı gənclərin həbsi üçün bu, kifayət idi. 1942-ci il iyulun 7-də Mustafayev Çingiz və Ağayev Hüseynağa, səhəri gün Rzayev Məmmədhəsən həbs olunurlar. Sentyabrın ortalarında isə təşkilatın 8 üzvünün hamısı saxlanılır. Onlarla yanaşı, barələrində ayrıca istintaq aparılan daha bir neçə gənc həbs edilir. Təşkilat üzvləri müharibə dövrünün qanunları ilə mühakimə olunurlar. İşə ASSR XDİK Ordusunun Hərbi Tribunalı baxır. Proses cəmi bir gün çəkir, o da ittiham tərəfinin, şahidlərin iştirakı olmadan, müttəhimlərin müdafiəsi təşkil edilmədən, qapalı keçirilir. 8 nəfərin hər biri ittihamla razılaşır. Söhbət Sovet hakimiyyətinə qarşı mübarizə məqsədli əks-inqilabçı millətçi təşkilata üzvlükdən gedir.

 

Hökm

1942-ci il oktyabrın 31-də tribunal hökmü elan edir – İsgəndərov Süleyman, Tabıyev Ələsgər və Rzayev Məmmədhəsən güllələnsin, Mustafayev Çingiz, Ağayev Hüseynağa, Məmmədov Ələsgər, Rzayev Saleh və Mehdiyev Zaman hər biri əmlakları müsadirə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilsinlər! Ölüm hökmü 1942-ci il dekabrın 24-də icra olunur.

Təşkilatın azadlıqdan məhrum edilmiş üzvlərinə gəldikdə, cəza müddətləri başa çatdıqdan sonra onların uzun illər vətənə qayıtmalarına icazə verilmir. Məsələn, Rzayev Saleh cəzasını Komi Muxtar Sovet Sosialist Respublikasında çəkib. Cəzası başa çatdıqdan sonra xüsusi mühacir kimi İnta qəsəbəsində yaşayıb, ocaqçı işləyib. Salehin anası 1954-cü ildə oğlunun Azərbaycana qayıtmasına icazə verilməsi üçün SSRİ Nazirlər Sovetinin sədri Malenkova müraciət etsə də, müsbət cavab almayıb. Məmmədov Ələsgəri isə düşərgə məhkəməsi daha 25 il müddətinə azadlıqdan məhrum edib.

1957-ci ildə SSRİ Baş Hərbi Prokurorluğu ASSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsindən gənclər təşkilatının arxiv istintaq materialları ilə bağlı əlavə araşdırma aparılmasını istəyib. Bundan sonra məhkumların dindirilməsinə başlanılıb və məlum olub ki, istintaq qanunvericiliyin kobud şəkildə pozulması ilə aparılıb. Aydın olub ki, istintaq altında olan şəxslərə təzyiq, o cümlədən fiziki təzyiq göstərilib, ifadələr saxtalaşdırılıb, gənclərin dindirilmə protokolları ilə tanış olmalarına imkan verilməyib. Onların bəraət ala biləcəkləri ilə bağlı gözlənti yaransa da, DTK-nın İstintaq şöbəsinin böyük müstəntiqi hökmün qanuni olduğu qənaətinə gəlib.

Gənclərə bəraət yalnız 1960-cı ildə verilib. Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı 5 yanvar tarixli qərarı ilə 1942-ci il oktyabrın 31-də çıxarılmış hökmlər ləğv edilib, işə cinayət tərkibi olmadığı üçün xitam verilib. Aruşanova gəldikdə, o, artıq Moldova DTK-sında işləyirdi. Tribunal onun 1942-ci ildə istintaqı «sərt və təxribatçı» formada apardığını bəyan edib.



MƏSLƏHƏT GÖR:

29