28 Aprel 2024

Bazar, 23:08

YAYIN HƏRƏKƏTİ İLƏ

Ceyla SEYİDOVA : “... zaldan yalnız insanların nəfəslərinin səsi gəlir... bu səssizlik üzündən yaranan daxili soyuqluğa baxmayaraq, bunun necə möhtəşəm olduğunu hiss edirsən!”

Müəllif:

15.02.2024

Bu yaxınlarda Bakının konsert “palitrası”na yüksək keyfiyyətli, yaxşı musiqiyə qiymət verənlərin güclü reaksiyasına səbəb olan musiqi tədbiri əlavə olunub. Söhbət şam işığında musiqi konsertindən gedir. Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının (Lüteran kilsəsi) səhnəsi sadəcə şamların sayrışan səsinə qərq olmamışdı. Məhz burada “RED EVENTS & Distribution ltd.”nin dünyaca məşhur layihəsi olan, müxtəlif ölkələrdə təşkil olunan konsertlərinin anşlaqlarla keçdiyi “Mystery Ensemble” əsl musiqi sehri yaradırdı.

Müasir musiqi eyni vaxtda mövcud olan müxtəlif üslublarla unikaldır, partituralar isə ifaçının qarşısında çox müxtəlif vəzifələr qoyur. Yeni musiqi ifaçıdan bəstəkarın niyyətini açmağa doğru addım-addım irəliləyən hər şeyi ilk dəfə kəşf edən şəxsin marağını tələb edir. Ümumiyyətlə, skripka və simli alətlər müasir bəstəkarlar üçün mövcud olan səs istehsalı nümunələrində əsl dəryadır.

Lakin bu mənada ən vacib məsələ dəyişməz olaraq qalır. Söhbət emosional zənginlikdən gedir. Azərbaycanın “Mystery Ensemble” ansamblının rəhbəri, respublikanın Əməkdar artisti, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Azərbaycan Akademik Konservatoriyasının Dövlət Kvartetinin birinci skripkaçısı Ceyla Seyidova peşəkarlığı və dürüstlüyü sayəsində bu emosional zənginliyi yaradır və publikaya təqdim edir. Onun skripkasının yayı ilə “hərəkət edən” ansamblın musiqiçiləri zalı ovsunlayır. Tamaşaçılar təkcə müasir dövrün bəstəkarlarının musiqilərini dinləmir, həm də səhnədə səslənən əsərlərlə vəhdət təşkil edərək onlarla nəfəs alırlar. Səhnədə skripkaların yayları sinxron şəkildə hərəkət edir və tamaşaçılar zaldan bunu asanlıqla görürlər. Buradakı sehrin gözəlliyi də məhz budur. Amma bunun arxasında uzun zaman ərzində davam edən zəhmətli iş dayanır. Lakin dinləyici üçün bu məsələ “notlardan kənar” olaraq qalır, çünki onlar üçün yeganə ölçü Əlahəzrət Musiqidir...

- Təcrübədə emosional “fon” baxımından solo, yoxsa kollektiv ifa daha maraqlıdır?

- Uşaqlıqdan kiçik qruplarda musiqi əsərləri ifa etmək mənim üçün daha cəlbedici olub. Doğrudur, solo ifaları daha çox sevirəm, lakin məhdud sayda musiqiçi olanda özümü kifayət qədər rahat hiss edirəm. Çünki musiqiçi karyeramda müxtəlif kollektivlərlə təcrübəm var. Məsələn, tərkibi müxtəlif olan həm xarici, həm də yerli simfonik orkestrlərlə çalışmışam. Amma bir musiqiçi kimi özümü eşidə biləcəyim, digər musiqi alətlərinin səslərində itməyəcəyim orkestrlərdə ifa etmək mənə maraqlıdır. Yəni “səs ünsiyyətcilliyi” baxımından mənim üçün daha yığcam qruplar rahatdır. Üstəlik, mənim üçün  maraqlı repertuar toplaya biləcəyim yaxşı musiqiçilərlə ifa etmək imkanı ön plana çıxır. Axı, hansı əsərləri ifa etdiyimiz çox vacibdir! Məsələn, sizə heç bir zövq verməyən və səhnədən çıxan kimi unudulan solo şəklində əsəri ifa edə bilərsiniz. Yaxud əksinə. Mənim “səhnə portfelimdə” belə bir hekayə baş verib. Belə ki, Almaniyanın Köln şəhərində buranın simfonik orkestri ilə birlikdə Çaykovskinin Beşinci Simfoniyasını ifa etdiyim konserti hələ də xatırlayıram. Bu, inanılmaz və möhtəşəm idi! Baxmayaraq ki, mən özüm bu orkestrin daxilində “itmişdim”, çünki möhtəşəm musiqi səslənirdi və bir musiqiçi kimi bundan zövq alırdım. Əslində, hansı qruplarda ifa etdiyimlə bağlı heç bir qlobal fərq hiss etmirəm. Əsas məsələ necə ifa etdiyimdir.

- RED EVENTS qlobal musiqi layihəsinin bir hissəsi olan “Mystery Ensemble” ansamblı üçün musiqiçilər necə seçilib?

- Bu məsələdə mənə uzun illərə uzanan musiqi təcrübəm yardım göstərib. Demək olar ki, bütün musiqiçilərimizlə işləmək təcrübəm var. Buna görə də mən ilk öncə qarşıma hər şeyin tez, aydın və səmərəli şəkildə həyata keçiriləcəyi həmkarları seçmək vəzifəsini qoydum. Bu məsələdə təkcə musiqi istedadı deyil, həm də insani keyfiyyətlər nəzərə alınıb. Mənim üçün hələ də ən vacib məsələlərdən biri həm özümün, həm də həmkarlarımın vaxtını qiymətləndirmək bacarığıdır. Üzrlü səbəb olmadan məşqə gecikməyi və ya gəlməməyi heç vaxt qəbul etməyəcəyəm. Atamdan mənə keçən, bəzən yersiz olan punktuallığıma görə özümü danlayıram. Digər əsas amil musiqiyə münasibətdir. Musiqiçiləri məhz bu kriterilərə əsasən seçmişəm. Sınaqlar və səhvlər üzərində işləmək yolu ilə “Mystery Ensemble”in onurğa sütunu yaradılıb. Ansamblın musiqçiləri ən güclü və təcrübəli ifaçılardır. Buna əsasən söyləyə bilərəm ki, komanda artıq formalaşıb və onun hər bir üzvü bu komandanı özününkü hesab edir. Onların hər biri işlərində musiqi baxımından peşəkarlığa və insana xas xaraketrik keyfiyyətlərə əsaslanırlar.

- Musiqiçi rahat olmalıdır, yoxsa “kirpik hərəkəti” səviyyəsində daha dərin qarşılıqlı anlaşma var?

- Bu məsələdə musiqiçinin istedadı danılmaz faktdır. Xüsusən də “Mystery Ensemble”in ifa etdiyi, ansamblın ifasının hiss olunmasının və sevilməsinin tələb olunduğu musiqilərdə. Axı, bizim repertuarımıza müəyyən bir yenilik daxil olub: filmlərin musiqilərini ifa edirik. Bununla biz sanki film kadrlarını musiqidə təcəssüm etdiririk. Bu zaman apriori olaraq, ifaçıların peşəkarlıqla dəstəklənən mənəvi keyfiyyətlərini nəzərdən qaçırmaq mümkün deyil. Təbii ki, əgər sizi üz ifadələriniz, baxışlarınızdan anlayırlarsa, bu, möhtəşəm verbal qarşılıqlı əlaqədir. Dostluq münasibətləri də çox vacibdir, lakin bu, bəzən fikirləri açıq şəkildə söyləməyə mane ola bilər, çünki qarşı tərəfin xətrinə dəyəcəyinlə bağlı narahatlıq olur. Məhz buna görə də biz bu əlaqələri iş münasibətlərindən kənarda saxlayırıq. Burada məsləhət və sağlam tənqid imkanları ilə birgə yaradıcılığın nəzərdə tutulduğu kollegiallıq var. Sağlam tənqid cəmiyyətimizdə çox çətin qəbul edilir. Amma bu, əgər işə töhfə verirsə, demək, mükəmməlliyə doğru ümumi səylərin bir hissəsinə çevrilir. Əslində, tənqid konstruktiv olduqda, onu qəbul etmək asandır. Axı, bəzən bir şey kənardan daha yaxşı görünür. Musiqidə isə hər zaman dəyişkənliyə yer var...

- Konsertin keçirildiyi yerlər arasında fərq varmı? Proqram seçimində onlar hansı rolu oynayır?

- Bizim üçün vacib meyar, ilk növbədə, akustikadır. Təəssüf ki, bir çox səhnələrdə bununla bağlı çatışmazlıqlar var. Baxırsan ki, zal gözəldir, səhnə çox möhtəşəmdir, amma burada “səsin yaşaması” mümkün deyil. Belə səhnələrdə musiqiçilər üçün partituradakı nüansları təqdim etmək çətindir: pianissimoya keçid, kreşendo etmək... Zalın “ağır” olduğunu və səsin “getmədiyi”ni hiss edəndə müqavimət üzərində işləyirsiniz. Qaydalardan biri odur ki, səs geri qayıtmalıdır, amma təəssüf ki, bəzən məkanlar buna imkan vermir. Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı Bakıda ən çox sevdiyim zallardan birinə çevrilib. Onun ilkin olaraq hansı məqsədlə yaradıldığını nəzərə alsaq, mənim seçimimin məntiqli olduğunu görmək olar. Məkanlarla bağlı digər amil əlavə texniki vasitələrin olub-olmaması ilə bağlıdır. Məsələn, mənə hər zaman yaxın olan Filarmoniyada həyata keçirilən “Harri Potter” proqramında mikrofonlardan istifadə olunub. Çünki planlaşdırılan məsələrin icrası üçün səsin bütün gözəlliyini göstərməkdən tutmuş musiqiçilərin kompozisiyasının şərti olaraq genişləndirilməsinə qədər hər şey tələb olunurdu: daha çox səssizliyə qərq olmaq üçün pianoya keçid etmək və forteyə daha parlaq şəkildə çıxmaq üçün . Əsas məsələ odur ki, məkan akustik çatışmazlıqları aradan qaldırmağa imkan versin. Məkanlar baxımından üçüncü favorit yerim özünəməxsus zalı və forması ilə Heydər Əliyev Mərkəzidir.

- Bəs proqramı tərtib etmək bacarığı nə dərəcədə vacibdir?

- Bu, ən vacib məqam, fundamental məsələdir! Mənim üçün harada və kiminlə çıxış etməyimdən asılı olmayaraq, bu cəhət hər zaman böyük rol oynayır. Mən proqramı elə tərtib edirəm ki, bu, ictimaiyyətin marağını cəlb etsin, çünki tamaşaçı dincəlməyə gəlir. Onlar konsertə oturmaq, hər şeyin nə vaxt bitəcəyi düşüncəsi ilə saata baxmaq üçün deyil, müəyyən emosiyalar əldə etmək üçün gəlirlər. Mən proqramı elə tərtib edirəm ki, onlarda belə bir sual yaranmasın: “axşamı bu konsertə sərf etməyə, insanı yükləyən musiqiləri dinləməyə dəyərdimi?” Görünən odur ki, indi təqdim etdiyimiz musiqi proqramlarını uyğunlaşdırmaq cəhdləri uğurla nəticələnir. Üstəlik, əsərlərin ardıcıllığı da təsadüfi deyil. Bu, dinləyicilərə emosional baxımdan “nəfəs alıb-verməyə” imkan verir. Proqramı hazırlayarkən tamaşaçıların diqqətini yaxşı mənada gərginlikdə saxlamağa imkan verən tarazlığı da nəzərdən qaçırmamaq lazımdır.

- Musiqiçilərin tərkibinə görə partituranı “yerbəyer etmək” nə deməkdir?

- Bu, mənim üçün yeni bir şey idi! Çaykovskinin əsərini misal kimi göstərmək istərdim. İstifadə etdiyimiz partituranı kimin yazdığını söyləyə bilmərəm. Bu, ustalıqla edilib. Pianoçu arfa, biz isə fleyta partiyasını ifa edirdik. Musiqi alətlərinin dəyişdirilməsinə baxmayaraq, həmin an ağlımızda orijinal səs var idi. Üstəlik, “Mystery Ensemble”in musiqiçiləri də səs istehsalını ona mümkün qədər yaxın təsvir etməyə çalışırdılar. Bu, çox çətindir. Təsəvvür edin ki, tam simfonik orkestrin tərkibini cəmi bir neçə nəfər əvəz edir! Eyni zamanda, bəstəkarın musiqi palitrası itkisiz qorunub saxlanılır. “Mystery Ensemble” musiqiçiləri hər konsertdə həmişə əllərindən gələni edirlər. Bu, ilkin proqramdır - tam səslə birgə solo ifadır. Əlbəttə ki, partitutra dəyişməz deyil. Proses zamanı bununla bağlı düzəlişlərimizi edirik. Yeri gəlmişkən, biz hətta partitura ilə nəzərdə tutulmyan musiqi alətindən istifadə edə bilərik. Bu, çox doğru həll yoludur! Bununla musiqi daha da dolğunluq qazanıb...

- Əsərin son notu necə qəbul edilir?

- Bilirsiniz, konsert proqramında yəqin ki, son not ən önəmli məqamlardan biridir. Bununla bağlı tələsməyə heç vaxt ehtiyac yoxdur! Bu məsələyə “tez bitirdin və alqışlar üçün ayağa qalxdın” üslubunda yanaşmaq yolverilməzdir. Heç bir halda! Bu səs yüksəlməli və bir müddət orada “yaşamalı”dır. Buna görə də biz skripkaların yaylarını bir neçə saniyə ərzində aşağı salmırıq. Zaldakı tamaşaçılar da bizimlə birlikdə səssiz olur. Üstəlik, nədənsə, partituralarda son ştrixlər nadir hallarda rast gəlinir. Əsasən yaylar aşağıya doğru yönəlir. Buna görə də bunu dəyişdirir, son nota fərqli emosional rəng verirəm. Bununla bəzən “Mystery Ensemble”in musiqiçilərini “mədəni şoka” salıram. Belə ki, onlar üçün partiturada kodaya çıxışda pik nöqtəyə qədər yayın hərəkətini yerləşdirirəm. Bununla bir anlıq dayanmalı, nəfəs almalı və yalnız bundan sonra yayı alətin üzərindən götürmək lazımdır. Çünki məhz son notda elə emosiyalar var ki, onları sadəcə olaraq zala çatdırmaq lazımdır!!!

- Ansamblın adı onu göstərir ki, dinləyicilər nəinki təqdim olunan musiqi əsərlərində, həm də onların yaratmalı olacağı ab-havada müəyyən bir misteriya gözləyəcəklər. Bununla bağlı hər hansı ilkin “yük” varmı?

- Əvvəlki konsertlərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, tamaşaçılar belə proqramları gözləyir. Zalların doluluq səviyyəsi və sonrakı rəylərdən belə nəticəyə gəlmək olar ki, “Mystery Ensemble”in ab-havasını səssizlik səviyyəsi və tamaşaçıların musiqiyə nə qədər diqqətlə qulaq asması yaradır. Mənə elə gəlir ki, onlar bunun təsiri altında bir növ sehrli vəziyyətə düşürlər. Taktlarda nəfəslərin alınıb verilməsinin üst-üstə düşməsinə görə “Mystery Ensemble” ilə tamaşaçıların vəhdət təşkil etdiyi ilə bağlı hiss yaranır. Fikrimcə, biz qarşılıqlı təsirin incə xəttini tuta bilmişik. Etiraf etmək istərdim ki, bəzən zaldakı səssizlik məndə bir qədər irrasional qorxu yaradır. Xüsusən də qeyri-vibrato olan məqamlarda pianissimoya keçid edən zaman sanki musiqiçilər ifa etmədən ifa edirlər. Zaldan isə ancaq tamaşaçıların nəfəslərinin səsi gəlir... Bu səssizlik üzündən meydana gələn daxili soyuqluğa baxmayaraq, bunun necə möhtəşəm olduğunu hiss edirsən!

- Bəs səssizlik nədir?

- Mənim üçün səssizlik səsin sakitliyidir. Axı, o da səsdir! Ümumiyyətlə, musiqiçi üçün səssizlikdə qalmaq çox çətindir. Çünki beynimizdə hər zaman səslər olur. Hər zaman ətrafdakı səsləri dinləyirik. Liftin elementar hərəkəti istər-istəməz not frazası kimi səslənir. Yalnız gecələr səssizlikdə qalmaq mümkün olur. Məhz həmin an sakitliyə qərq olursunuz: həyatın ən gözəl laylası olan ürək döyüntülərini eşidirsiniz.



MƏSLƏHƏT GÖR:

36