5 May 2024

Bazar, 11:39

“BÖYÜK DƏBİLQƏ”DƏ REKORDLAR

Cüdo üzrə Azərbaycan yığması ilk dəfə olaraq mötəbər yarışda birinci yeri tutub

Müəllif:

01.03.2024

Azərbaycan paytaxtı 10-cu dəfə cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” turnirinə ev sahibliyi etdi. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan mötəbər yarışda 62 ölkə təmsil olundu. Azərbaycan cüdo millisi ilk dəfə “Böyük Dəbilqə”də 8 medal qazanmaqla komanda hesabında birinci yeri tutdu.

2024 olimpiya ili olduğundan Yaponiya ənənəsinə sadiq qalaraq Bakı turnirində iştirak etmədi. Çünki yaponlar adəti üzrə idmançılarının vəziyyətini gizli saxlamağı üstün tuturlar. Bununla belə Azərbaycan cüdoçularının uğurunu kiçiltmək olmaz.

 

Çətin mübarizə

73 kq-da cüdoçuların yüksək performansı xüsusi qeyd olunmalıdır. Yarımfinalda bu çəkidə lider olan üçqat Avropa çempionu Hidayət Heydərov heç vaxt uduzmadığı həmyerlisi Rəşid Məmmədəliyevlə üz-üzə gəldi. Burnundan aldığı zədəyə baxmayaraq, Heydərov adını finala yazdırdı. Həlledici görüşdə isə cüdoçunun rəqibi Tacikistanın gənc idmançısı Abubakr Şerov oldu. Etiraf edək ki, Hidayət ilk dəfə mübarizə apardığı rəqibi çətinliklə üstələdi. Tacik idmançının azərbaycanlı rəqibə qarşı ciddi hazırlaşdığı aşkar göründü. Hidayət təcrübə hesabına Azərbaycana qızıl medal qazandırmaqla karyerasında altıncı dəfə “Böyük Dəbilqə” turnirinin qalibi oldu.

H.Heydərov “Region plus” jurnalına açıqlamasında çıxışı ilə bağlı fikirlərini bölüşüb: “Finalda qarşılaşdığım tacik idmançı böyüklərin yarışına yeni qədəm qoyub. Onunla ilk dəfə rəqib oldum, təbii ki, geniş məlumata sahib deyildim. Növbəti dəfə daha yaxşı hazır olacağam. Yaxşı idmançıdır, amma növbəti dəfə daha rahat udacağımı düşünürəm. Bakıdakı yarışda həmişə qızıl medal düşünürük. Fikrimcə, bu turnir həm də olimpiadaya hazırlığın bir hissəsidir. Bu il bütün idmançılarımız Paris Olimpiadasını düşünür. Məqsəd Parisdə Azərbaycan himnini səsləndirməkdir”.

 

Layiqli nəticə

Rəşid Məmmədəliyev medalsız qalsa da, onun gələcəkdə Azərbaycan millisinin əsas üzvünə çevrilə biləcəyini ehtimal etmək olar. 81 kq-da Zelim Tçkayevin rahat şəkildə çempion olması düzgün hazırlıqla əlaqələnləndirilməlidir. Z.Tçkayev doğru taktika seçimi ilə bütün rəqiblərindən üstün olaraq Azərbaycan himnini səsləndirdi. Bu çəkidə Ömər Rəcəblinin istedadını qeyd etməyə bilmərik. Tanınmış cüdo ailəsi - Rəcəbli nəslinin layiqli davamçısı finala qədər irəlilədi. Qızıl medal uğrunda görüşdə Ö.Rəcəbli komanda yoldaşı Z.Tçkayevə uduzmaqla gümüş medalla kifayətləndi. Qeyd etmək lazımdır ki, böyüklər arasında ilk dəfə çıxış edən Ömər Rəcəblidən medal gözləntisi yox idi.

İstedadlı cüdoçularımız  Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafatla yadda qaldı. Yarışda ən çox iştirakçı məhz 60 və 66 kq çəki dərəcəsində idi. Gərgin rəqabətdə hər ikisinin bürünc medal qazanması zəif nəticə sayılmamalıdır. Amma daha mötəbər yarışlara ciddi hazırlaşmağı unutmaq olmaz. Hər ikisi fiziki hazırlığa diqqət etməlidir.

Yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə etdi. Yarımfinalda kubalı İvan Moralisi üstələyən cüdoçu Murad Fətiyev finalda təcrübəli Kristian Tota rəqib oldu. Taktiki savaşda Fətiyev uğur qazandı. Əlavə vaxtda “qızıl xal” qazanan idmançı qızıl medala layiq görüldü.

Böyüklər arasında ilk mövsümü keçirən Vüqar Talıbov Fransa millisinin iki üzvünü məğlub etdi. Aksel Klerje və Aleksis Mattye üzərində qələbə qazanan Talıbov fəxri kürsüdə olmağı haqq etdiyini göstərdi. Təsəlliverici görüşdə niderlandlı Van Tendi sıradan çıxaran Vüqar Talıbovun yeni millinin əsas üzvlərindən olacağına şübhə etməyə dəyməz.

Digər cüdoçulardan Camal Qamzatxanov qeyd olunmalıdır (100+ kq). İkiqat olimpiya mükafatçısı Rafael Silvanı məğlub edən C.Qamzatxanov finalda uduzaraq ikinci oldu. Xanım cüdoçulardan Aydan Vəliyeva və Leyla Əliyevanı qeyd etmək lazımdır. A.Vəliyeva bürünc medal uğrunda görüşdə uduzmasına baxmayaraq, əzmkar mübarizə sərgilədi. Leyla Əliyeva isə yarışı yeddinci sırada başa vurdu.

 

Tarixi nailiyyət

Gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Bakıda təşkil olunan yarışın nəticəsini yüksək qiymətləndirib: “Böyük Dəbilqə”də 8 medal qazanmaq tarixi və yüksək nəticədir. Lisenziyalı yarışda bu cür çıxış millimizin performansından xəbər verir. Demək olar ki, cüdoçularımızın əksəriyyəti ümidləri doğrultdular. Elcan Hacıyev və Zelim Kotsoyevdən də mükafat gözləyirdik. Zelim dünyada aparıcı idmançılarımızdandır. Sadəcə, bu cüdodur, idmanda isə hər şey mümkündür. Əminəm ki, o daha güclü qayıdacaq. Gənclər arasında Dünya və Avropa çempionu olan Ömər Rəcəbli, Vüqar Talıbov və Camal Qamzatxanovun qazandığı nəticələr bizi sevindirdi. Onlar böyüklər kateqoriyasına yenicə qədəm qoyub. İnanıram ki, komandamız Paris-2024 Yay Olimpiya Oyunlarında medallar uğrunda mübarizə aparacaq”.

“Böyük Dəbilqə” turnirində Azərbaycan komandasında Elcan Hacıyev, Səid Mollayi və Zelim Kotsoyevin medalsız qalması gözlənilməz oldu. Xüsusilə Z.Kotsoyevin mükafatçılar sırasında yer almaması məşqçiləri ciddi düşündürməlidir. Fikrimcə, zəif çıxışa görə Səid Mollayi hətta olimpiadadan kənarda qala bilər. Çünki onun çəkisində Zelim Tçkayev kifayət qədər inamlı təsir bağışlayır. 90 kq-da da iki güclü cüdoçu çıxış edir: Elcan Hacıyev və Murad Fətiyev arasında seçim edilməlidir. Bu yarışda Murad Fətiyev daha hazırlıqlı görünürdü. 60 kq-da da məşqçilər Balabəy Ağayevlə Turan Bayramov arasında Paris Olimpiadasına kimin yollanacağını müəyyənləşdirməlidir.

Cüdoçular sıx qrafik səbəbindən “Böyük Dəbilqə” yarışlarından sonra Qusarda təlim-məşq toplanışında olurlar.



MƏSLƏHƏT GÖR:

24