4 May 2024

Şənbə, 09:55

QIZIL DƏYƏRİNDƏ

Azad edilmiş ərazilərdə yataqların işlənilməsi Azərbaycanda daha çox qiymətli metal hasilatına imkan verəcək

Müəllif:

01.03.2024

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, qızıla ümumi qlobal tələbat 2023-cü ildə 4,9 min tona yaxınlaşaraq tarixin ən yüksək göstəricisi olub. WGC bu tendensiyanın 2024-cü ildə geosiyasi qeyri-müəyyənliklər və mərkəzi banklar tərəfindən artan alışlar səbəbindən davam edəcəyini proqnozlaşdırır. Ötən ilin oktyabrında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda qızılın cəlbediciliyi artıb. Belə ki, 2023-cü il dekabrın əvvəlində onun qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 2100 dollar rekord həddinə çatıb. Aparıcı maliyyə institutlarının proqnozlarına görə, bu ilin sonuna qədər qızılın unsiyası 2200 dollara qədər bahalaşa bilər.

Azərbaycanda qızıl hasilatı “AzerGold” QSC dövlət müəssisəsi və Böyük Britaniyanın “Anglo-Asian Mining” (AAM) şirkəti tərəfindən həyata keçirilir. Ötən il “AzerGold” bu proses başlayandan bəri ən yüksək göstərici ilə fərqlənib. Ümumiyyətlə, hər iki istehsalçı bu illə bağlı kifayət qədər nikbindir.

 

Böyük hədəflər

Səhmlərinin 100 faizi dövlətə məxsus olan “AzerGold” QSC 2017-ci ildə Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağının işlənilməsi ilə fəaliyyətə başlayıb. Son 7 ildə “AzerGold” Daşkəsən və Göyçay rayonlarında, “Çovdar”ın cinahlarında yerləşən daha 3 qızıl yatağının - “Ağyoxuş”, “Mərəh” və “Tülallar” yataqlarının istismara verilməsinə nail olub. Qeyd edək ki, bu yataqların ümumi kommersiya ehtiyatları 778 min unsiya qiymətləndirilir. 2021-ci ildə “Ağyoxuş”un istismarı başa çatdırılıb, “Çovdar”, “Mərəh” və “Tülallar”da isə hasilat davam etdirilir.

Paralel olaraq, “AzerGold” Naxçıvan Muxtar Respublikasında, Balakən və Kəlbəcər rayonlarında qızıl, mis və digər əlvan metal yataqlarında kəşfiyyat və tədqiqat işlərini həyata keçirir.

Şirkətin rəhbəri Zakir İbrahimovun sözlərinə görə, 2023-cü ildə “AzerGold” 63,7 min unsiya qızıl hasil etməklə (2022-ci illə müqayisədə 3% çox) bütün fəaliyyəti dövründə ən yüksək illik göstəriciyə nail olub. 2023-cü ildə gümüş hasilatı isə 114,3 min unsiya təşkil edib.

2023-cü il dekabrın 28-də şirkət Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodunu sınaq rejimində işə salıb. “AzerGold” illik 1,1 milyon ton filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə qızılın 90%-dək hasilatının təmin ediləcəyini proqnozlaşdırır. Zavodun inşasına 380 milyon manat məbləğində sərmayə qoyuluşu tamamilə şirkətin daxili vəsaiti hesabına cəlb edilib.

2016-2023-cü illərdə “AzerGold”un qiymətli metalların (qızıl və gümüş) satışından əldə etdiyi ümumi gəliri 1,19 milyard manat təşkil edib. Eyni zamanda, şirkətin bütün fəaliyyət dövrü ərzində investisiyaları 550 milyon manat təşkil edib və bunun da yalnız 8%-i və ya 45 milyon manatı dövlət büdcəsindən ayrılıb.

2024-cü ildə şirkət qızıl hasilatını 70 min unsiyaya (2023-cü illə müqayisədə 9,9% çox), gümüşü 156,8 min unsiyaya (2023-cü illə müqayisədə 37,2% çox) çatdırmağı planlaşdırır. Görünən odur ki, bu hasilatlar adıçəkilən yataqlar vasitəsilə təmin ediləcək. Üstəlik, şirkət “Ağyoxuş-2” yatağının bu il işə salınacağını da istisna etmir. Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib, layihə ilə bağlı planlar bu ilin ortalarına qədər dəqiqləşdiriləcək.

“AzerGold” 2035-ci ilin sonuna kimi nəzərdə tutulan korporativ inkişaf strategiyası ilə qarşısına kifayət qədər iddialı məqsədlər qoyub və onlara nail olmaq yolunda inamla irəliləyir. Belə ki, şirkət 2036-cı ilə qədər 11 yatağı istismara verməyi planlaşdırır: 6 qızıl, 1 polimetal filiz, 3 mis və 1 dəmir filizi. Bunun sayəsində o, Azərbaycanın qeyri-neft sənayesinin ən böyük şirkəti olmağı və illik dövriyyəsi 1 milyard ABŞ dolları olan ən iri işəgötürənlərdən birinə çevrilməyi gözləyir.

Ümumiyyətlə, “AzerGold” 2036-cı ilə qədər ümumi gəlirini 18,5 milyard manata çatdırmağı planlaşdırır. Bu dövr ərzində ölkə ÜDM-sinə 24,5 milyard manat həcmində töhfənin verilməsi, 1,7 milyard manat məbləğində isə məcmu vergilərin ödənilməsi gözlənilir.

 

Keçmişin və gələcəyin metalı

1997-ci il avqust 21-də imzalanmış “Production Sharing Agreement” (PSA) tipli müqavilə əsasında fəaliyyət göstərən Britaniya qızıl mədən şirkəti “Anglo Asian Mining PLC” də özünün strateji inkişaf planını hazırlayıb. Hazırda o, Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Britaniya şirkəti2029-cu ilə qədər Azərbaycanda qiymətli metalların hasilatını artıracağını gözləyir. Eyni zamanda 2026-cı ildən etibarən şirkət əsas səylərini mis istehsalının artırılmasına yönəldəcək.

“2027-ci ilə qədər hasilatın artımı Azərbaycanda ardıcıl olaraq 4 yeni mədənin açılması hesabına təmin olunacaq. Misin enerjinin sıfır tullantılara keçməsi üçün ən vacib metal kimi 2026-cı ildən etibarən şirkətin əsas məhsulu olacağı gözlənilir. Bu strategiya ilə güman edilir ki, mis istehsalının 2026-cı ildən “Anglo Asian Mining”in gəlirlərinə töhfəsi qızıl hasilatından daha çox olacaq”, - şirkətin məlumatında qeyd edilib.

 

2026-cı ilin sonuna qədər şirkət həmçinin 3 yeni yatağın – “Zəfər”, “Gilar”, “Xarxar”, 2028-ci ildə isə “Qaradağ”ın istismara verilməsini planlaşdırır. “Zəfər” mis, qızıl və sink, “Gilar” mis və qızıl, “Xarxar” və “Qaradağ” isə mis yatağıdır. “Anglo Asian Mining”in məlumatına görə, “Qaradağ” yatağının 300 min tondan çox mis hasil etmək potensialı var.

Ümumiyyətlə, bu şirkət hesab edir ki, mis istehsalının ümumi dəyəri 2029-cu ilə qədər üç dəfə arta bilər.

Hazırda şirkət “Gədəbəy” və “Qoşa” müqavilə sahələrinin işlənməsini həyata keçirir. “Gədəbəy” yatağından ilk qızıl 2009-cu ildə, gümüş isə 2010-cu ildə hasil edilib.

2023-cü ildə “Anglo Asian Mining” 21,758 min unsiya qızıl (2022-ci illə müqayisədə 49,5% az), 2,138 min ton mis (15% az), 53,226 min unsiya gümüş (70,8% az) əldə edib. Göstəricilərdə azalma “Gədəbəy” yatağında ekoloji monitorinqlə əlaqədardır. Monitorinqə görə bu yataqda işlər dayandırılıb.

Hazırda şirkət “Gədəbəy”də hasilatı artırmağa, “Gilar” və “Zəfər” yataqlarında isə hasilata başlamağa çalışır.

Ümumiyyətlə, Strateji İnkişaf Planının əsas məqsədi “Anglo Asian Mining”i orta səviyyəli mədənçıxarma şirkətinə çevirməkdir. Bu prosesin uğurlu olmasını əsasən yeni yataqlar təmin etməlidir.

 

Qarabağ və Şərqi Zəngəzurun perspektivləri

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi “AzerGold” və “Anglo Asian Mining PLC” şirkətlərinin fəaliyyətini genişləndirmək üçün yeni imkanlar açıb.

Bir tərəfdən “AzeGold” Ermənistan və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Qarabağda və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarını araşdırır. Vətən müharibəsindən əvvəl başlayan bu proses ərazilərimiz işğaldan azad edildikdən sonra daha da genişlənib.

Eyni zamanda 2022-ci ildən etibarən Kəlbəcər rayonunda yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarış-kəşfiyyat işlərinə başlanılıb. İndiyədək bu tədqiqatlar yalnız minalardan təmizlənmiş 57 kvadrat kilometr sahədə aparılıb. İlkin nəticələr qənaətbəxşdir. Bu il geoloji kəşfiyyat işləri üçün daha 32 kvadrat kilometr ərazi ayrılacaq. Agentliyin minatəmizləmə mütəxəssisləri hazırda ərazini mina və digər partlamamış hərbi sursatlardan təmizləyir.

“Anglo Asian Mining” isə Şərqi Zəngəzur iqtisadi rayonunda, həmçinin “Dəmirli” mis-molibden yatağında və “Qızılbulaq” mis-qızıl yatağında (Qarabağ) qızıl hasilatına hazırlıq işlərinə başlamaq imkanı əldə edib.

“Anglo Asian Mining”in məlumatına görə, 462 kvadrat kilometrlik “Qızılbulaq” ərazisi bir neçə şaxtadan ibarətdir və çox yaxşı kəşfiyyat potensialına malikdir. Bunu regionda çoxsaylı faydalı qazıntı yataqlarının və məlum obyektlərin olması sübuta yetirir.

“Qızılbulaq” mis-qızıl mədənində bir neçə il əvvələ, yəni bu yataq bağlanana qədər ildə 35 min unsiyaya qədər qızıl hasil etdiyinə dair sübutlar var və bu da qızılın mineralizasiya sisteminin mövcudluğundan xəbər verir”, - şirkətin məlumatında vurğulanıb.

“Dəmirli” sahəsi isə “Qızılbulağ”a bitişikdir və bu da hasilat sahəsini şimal-şərqə doğru genişləndirməyə imkan verir. Təsdiqlənməmiş məlumatlara görə, yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden var.

“Yeni müqavilə sahəsində artıq “Dəmirli” adlı dağ-mədən kompleksi var. Buna görə də bu sahədə əməliyyatların inkişafı sürətlənəcək”, - şirkətin məlumatında qeyd olunub.

“Anglo Asian Mining” həmçinin əmindir ki, “Vejnəli” müqavilə sahəsində (Şərqi Zəngəzur) əhəmiyyətli geoloji kəşfiyyat potensialı mövcuddur. Burada da Ermənistanın işğalı dövründə qeyri-qanuni qızıl hasilatı həyata keçirilib. Hazırda şirkət yeraltı mədənin istismarının iqtisadi məqsədəuyğunluğunu qiymətləndirmək üçün araşdırmalar aparır.

 

Qiymətlər artıb

Misin enerji sektoru üçün əhəmiyyətini nəzərə alsaq, Britaniya şirkətinin gələcəkdə bu metalın istehsalının artırılacağını vurğulamasının təəccüblü olmadığını söyləyə bilərik.  

Mis məftil və kabellərin istehsalında, maşınqayırmada istifadə olunur. Üstəlik, bu metal günəş və külək elektrik stansiyalarının inşası üçün lazımdır. Yüksək elektrik keçiriciliyi onu elektroenergetika sahəsinin əsas metalı adlandırmağa imkan verir. Mis akkumulyatorlarda, rulonlarda, elektrik nəqliyyat vasitələrinin naqillərində, eləcə də yanacaqdoldurma məntəqələrində istifadə olunur. Buna görə də, ona tələbat artır və bu metalın “yeni nəsil neft” olmaq şansı var, çünki o, artıq tanış olan enerji mənbələrini böyük ölçüdə əvəz edəcək. Analitiklər 2035-ci ilə qədər misə tələbatın iki dəfə artacağını və bu vaxta qədər illik defisitin təxminən 10 milyon ton olacağını gözləyirlər.

Görünən odur ki, “Anglo Asian Mining” səylərini misə yönəltməklə uzaqgörən qərar verib. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və təmiz enerjiyə keçid kimi qlobal vəzifənin həllinə növbəti töhfəsi olacaq.

Bu arada, mis qiymətləri 2024-cü ilin əvvəlində 1 ton üçün 8200 dolları ötüb. “Goldman Sachs” ekspertlərinin fikrincə, 2024-cü ildə bu metalın dəyəri 1 ton üçün 10 min dollara çata bilər. Müsbət tendensiya 2025-ci ildə də davam edəcək və misin qiyməti 1 ton üçün 15 min dollara qədər yüksələ bilər. Odur ki, indi bu aktiv xüsusi diqqətəlayiqdir.

Qızıla gəlincə, onun tarixi maksimum qiyməti 1 unsiya üçün 2152,3 dollardır. Bu rekord səviyyə 2023-cü il dekabrın 4-də keçirilən hərracda qeydə alınıb.

“Qazprombank”ın baş analitiki Vladimir Pantyuşin hesab edir ki, 2024-cü ilin sonuna qədər qızılın qiymətləri yeni tarixi maksimuma çatacaq və 1 unsiyası üçün 2300 dollara qədər yüksələcək. O cümlədən qlobal rifahın illik təxminən 3% artacağı ilə bağlı gözləntilər fonunda ortamüddətli perspektivdə bu metalın bahalaşacağı proqnozlaşdırılır.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaldacağı ilə bağlı proqnozlar fonunda qızıl və gümüş qiymətlərinin daha da artacağı gözlənilir.

“FED-in pul-kredit siyasətini yumşaltmasının qızıl qiymətlərinin artmasına səbəb olacağını gözləyirik”, - bankın qiymətli metallar üzrə analitiki Coni Teves bildirib. O, dolların zəifləməsinin də buna səbəb olacağını qeyd edib.

Uçot dərəcəsi aşağı düşdükcə qızıl istiqrazlar daxil olmaqla, alternativ investisiyalarla müqayisədə daha cəlbedici olur. Eyni zamanda aşağı uçot dərəcəsi dolları zəiflədir, beynəlxalq alıcılar üçün qızılı ucuzlaşdırır və ona tələbatın artmasına səbəb olur.

Qızılın “təhlükəsiz qala” kimi əhəmiyyəti ötən ilin oktyabrında Yaxın Şərqdə geosiyasi vəziyyətin pisləşməsi fonunda artıb.

“İnvestorların ciddi makroiqtisadi qeyri-müəyyənlik və geosiyasi risklər mühitində qızıla sərmayə qoyacağını düşünürük. Onun “kasıb əmisi oğlu” – gümüşlə bağlı nikbin perspektivlər var. Gümüş də “həqiqətən parlayacaq”, - C.Teves vurğulayıb.  

“Silver Institute”un məlumatına əsasən, gümüşə olan qlobal tələbat 2024-cü ildə 1% artaraq 1,2 milyard unsiyaya çatacaq. Əgər gözləntilər özünü doğruldarsa, bu, tarixdə ikinci ən yüksək göstərici olacaq.

“Artan sənaye tələbatı qlobal metal tələbatının artımının əsas katalizatorudur”, - İsveçrənin UBS maliyyə holdinqinin bəyanatında qeyd olunub.

Qlobal gümüş tədarükünün 1,02 milyard unsiyaya yüksələcəyi gözlənilir və bu da son 8 ilin ən yüksək göstəricisi ola bilər.

Beləliklə, qızıl bazarında mövcud vəziyyət bu sahə ilə məşğul olan şirkətlər üçün müsbətdir. Qiymətli metalların qiymətlərinə dair nikbin proqnozlar hasilat həcmlərinin və yerli qızıl satışından gəlirlərin, o cümlədən dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə artacağını gözləməyə əsas verir.



MƏSLƏHƏT GÖR:

25