16 May 2024

Cümə axşamı, 12:11

GƏLƏCƏYİN SƏHİFƏLƏRİ

Ərdoğanın Qahirəyə səfəri Türkiyə-Misir münasibətlərində canlanmanın rəmzi sayıla bilər

Müəllif:

01.03.2024

Yaxın Şərq siyasətində son dövrlərin ən vacib hadisələrindən biri Ankara-Qahirə münasibətlərinin normallaşmasıdır. Tərəflər son illər ərzində davamlı olaraq, bu istiqamətdə irəliləyirdilər. Bu, şübhəsiz ki, bütünlükdə regionda siyasi proseslərə müsbət təsir göstərəcək.

Münasibətlərin normallaşmasının rəmzi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri sayıla bilər. Bu, 2013-cü ildə Misirdə Prezident Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə liderinin Qahirəyə ilk səfəridir. Misir «ərəb baharı»ndan sonra Türkiyənin münasibətlərini bərpa etdiyi son ərəb ölkəsidir. O zaman Ankara qiyamçı «Müsəlman qardaşlar» təşkilatını dəstəkləyir, qonşu dövlətlər isə bu təşkilata öz rejimlərinə əsas təhdid kimi baxırdılar.

 

«Nifaq qardaşlığı»

Bu gün Yaxın Şərqdə yeni müharibə şəraitində Türkiyə ilə Misir nəinki münasibətləri bərpa etmək, həm də Şərqi Aralıq dənizi bölgəsində regional təhlükəsizlik sisteminin yaradılmasına dair razılığa gəlməyə çalışırlar.

Qeyd edilməlidir ki, Ankara-Qahirə münasibətlərində uzun illər idi davam edən böhran Türkiyənin Yaxın Şərqin ərəb rejimlərinə təhdid sayılan qüvvələrin tərəfini tutması ilə başlamışdı. Nəzərə alsaq ki, bir sıra digər ölkələrdən fərqli olaraq, Misirdə «Müsəlman qardaşlar» hakimiyyəti ələ keçirə bilmişdi və status-kvonu yalnız sərt güc tətbiqi ilə bərpa etmək mümkün olmuşdu, general Abdul-Fəttah əs-Sisi hökuməti Türkiyəyə inamını tam itirmişdi. Ərdoğan isə həmin vaxt çevrilişi və müxalifətə qarşı repressiyaları açıq tənqid edir, bildirirdi ki, «Çevriliş… hər yerdə pisdir. Çevrilişlər demokratiyanın açıq düşmənidir. Silaha güvənənlər demokratiya qura bilməz… Demokratiyanı yalnız səs qutuları ilə qurmaq mümkündür».

Maraqlıdır ki, çevrilişdən dərhal sonra «Müsəlman qardaşlar»ın xilas olmağı bacaran üzvləri əsasən Türkiyəyə, həmçinin Qətər və Böyük Britaniyaya qaçmışdılar. Onlar özlərini məhz bu ölkələrdə təhlükəsizlikdə hiss edirdilər. Misir rəhbərliyi ilkin mərhələdə Ankara ilə münasibətləri normallaşdırmağa, onun heç olmasa neytrallıq göstərməsinə nail olmağa çalışırdı. Lakin Ərdoğanın 2013-cü il avqustun 14-də Qahirədə nümayişçilərin güllələnməsini «dinc etirazçıların qətliamı» adlandırmasından, Misir prokurorluğunu əs-Sisini məsuliyyətə cəlb etməyə çağırmasından sonra Qahirə mövqeyini dəyişib. Türkiyə ilə birgə keçirilməsi planlaşdırılan hərbi-dəniz təlimləri ləğv edilib, Misir XİN-i Ankaranı ölkənin daxili işlərinə müdaxilədə təqsirləndirib.

Bundan sonra Ankara Misirdəki səfirini geri çağırıb, ardınca eyni addımı Qahirə də atıb. Bu, 2013-cü ilin noyabrında Türkiyə səfirinin Misirə qayıtmasınadək belə davam edib. Amma bir müddət sonra Ərdoğan Qahirəni sabiq prezident Mursini dərhal azad etməyə çağırıb, bu isə Misiri Türkiyə ilə diplomatik əlaqələri yenidən məhdudlaşdırmağa vadar edib. Misir Türkiyənin səfirini ölkədən çıxarıb və persona non-qrata elan edib, ardınca isə eyni addımı Ankara atıb.

 

Bitmək bilməyən böhran

Vəziyyət 2014-cü ildə də dəyişməyib. Həmin ilin iyulunda İsrailin Qəzza zolağına hücumu ilə vəziyyət daha da qarışıb. O zaman Qahirə İsrail-Fələstin danışıqlarında vacib rol oynayırdı, Ərdoğan isə Sisini «etibar edilməsi mümkün olmayan qeyri-legitim tiran» adlandırırdı.

Elə həmin ilin dekabrında Qahirənin Rabaa meydanında baş vermiş hadisədən sonra Misir Prezidentinin «terrorçu» adlandırdığı «Müsəlman qardaşlar» təşkilatı və çevrilişə qarşı çıxan digər qruplaşmalara qarşı repressiyalar başlayan zaman Türkiyə rəhbərliyi buna da sərt etirazını bildirmişdi.

2016-cı ilin aprelində Misirlə Türkiyəni barışdırmağa çalışan Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz Qahirəyə, ardından isə Ankaraya səfər edib. Səudiyyə kralının səyləri nəticəsində Misirin xarici işlər naziri Sameh Şukri İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13-cü sammitinə qatılıb və orada ölkəsinin başçısı əs-Sisini təmsil edib. Bu, çevrilişdən sonra misirli nazirin Türkiyəyə ilk səfəri olub.

2016-cı il iyulun 11-də Türkiyənin ozamankı baş naziri Binəli Yıldırım Ankaranın Misirlə əlaqələrin bərpasına hazır olduğuna eyham vurub, iki ölkənin «mübahisə etməsi» üçün əsasın olmadığını bildirib. Lakin bu dəfə Ankaranın çağırışına Misirdən qarşılıq gəlməyib. Misirin Xarici İşlər Nazirliyinin bir müddət sonra yaydığı bəyanatda deyilirdi ki, Ankara ilə Qahirə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı üçün ilkin şərt «30 iyun inqilabının legitimliyinin tanınmasıdır».

Bu ölkələr arasında növbəti gərginlik dalğası Qətərlə bağlı diplomatik böhran olub. Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Dohanı «terrorçuluq»da günahlandıraraq, Qətərlə diplomatik əlaqələri kəsən zaman Ankara onu dəstəkləyən azsaylı region dövlətlərindən biri idi.

Bundan bir müddət sonra isə Misir Türkiyəyə casusluqda şübhəli bilinən 29 nəfəri saxlayıb, Ankaranın dəstəklədiyi Beynəlxalq Müsəlman Alimləri Birliyini «terror təşkilatı» elan edib, Türkiyə XİN-i isə bunu Qahirənin əsassız iddiası kimi qiymətləndirib.

 

İllərdir sürən böhranın aşılması

Türkiyə-Misir münasibətlərinin sürətlə bərpa olunmasına yalnız Qətərlə bağlı diplomatik böhrana son qoyulmasından, Dohanın Yaxın Şərq dövlətləri ilə münasibətlərini bərpa etməsindən, üstəlik, böhrandan nəinki güzəştlərə getmədən, hətta beynəlxalq nüfuzunu daha da artıraraq çıxmasından sonra start verilib. Üstəlik, bu münasibətlərin bərpasında vasitəçi rolunu elə Qətərin özü oynayıb.

Bu, 2022-ci ilin noyabrında futbol üzrə Dünya Çempionatının keçirildiyi vaxt Dohada baş verib. Türkiyə və Misir Prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Abdul-Fəttah əs-Sisi əmir Tamim ben Hamad bin Xəlifə Əl Taninin çempionatın açılışı münasibətilə təşkil etdiyi qəbulda ilk dəfə qarşılaşıblar. O vaxtdan ölkələr arasında müxtəlif qurumlar vasitəsilə əlaqələr davam edir.

Ötən dövrdə Türkiyədə Misir müxalifətinə məxsus bir neçə iri televiziya kanalı qapadılıb ki, bu, Misirin münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü şərtlərdən biri idi. 2023-cü ilin iyulunda isə ölkələr səfir mübadiləsi həyata keçiriblər. Artıq Türkiyə ilə Misir arasında ticarət də inkişaf etməkdədir. Onların arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dolları ötüb, Misir iqtisadiyyatına yatırılan Türkiyə investisiyası təxminən 3 milyard dollara çatıb. Həmin investisiyalar hesabına açılan iş yerlərində təxminən 70 min nəfər bilavasitə, 100 min insan isə dolayısı ilə işləyir, bu şirkətlərin illik dövriyyəsi 1,5 milyard dollardır.

Bundan başqa, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son illərdə Türkiyə Misirin əsas ixrac istiqamətlərindən birinə çevrilib.

Qəzzadakı savaşın yalnız Misirin iqtisadi vəziyyətini pisləşdirmədiyi, həm də Türkiyə iqtisadiyyatına öz mənfi təsirini göstərdiyi yeni şəraitdə tərəflər regional siyasətlə bağlı mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb. Qəzzada fələstinlilərin ağır vəziyyətdə olması və Misirlə sərhədin humanitar məqsədlərlə açılması ehtimalı Qahirəni mümkün qaçqınların həyatını yüngülləşdirmək üçün bütün maraqlı tərəflərlə razılığa gəlməyə vadar edir. Ankara isə öz növbəsində, bu məsələdə həm Misirə, həm də Qəzzanın fələstinli əhalisinə yardım etmək niyyətini ortaya qoyur.

Misir «Müsəlman qardaşlar»ı əvvəlkitək siyasi sabitliyə təhdid sayır. Bununla yanaşı, Qəzzada yaşayan fələstinlilərin əhəmiyyətli hissəsinin bu təşkilatın ideyalarının daşıyıcısı olduğu məlumdur. Odur ki, hazırkı şəraitdə Qəzzadakı fələstinli qruplaşmaların rəhbərliyinə təsir imkanı olan Ankara ilə dialoqa onların Misir ictimaiyyətinə təsir imkanlarının məhdudlaşdırılması cəhdi kimi də yanaşmaq olar. Misirdə sabitliyin pozulması, çətin ki, Türkiyənin marağına cavab versin. Çünki bu halda o, yeni qaçqın axını ilə üz-üzə qala bilər. Odur ki, regional sabitliyin pozulması riskinin azaldılmasına yönəlmiş dialoqda həm Ankara, həm də Qahirə maraqlı olmalıdır. Türkiyə Prezidentinin Misirə səfəri də bunun təsdiqidir.

 

Gələcəklə bağlı planlar

Misir limanları kimi, Türkiyə limanlarının da iqtisadi göstəriciləri pisləşib. Səbəb Qırmızı dənizdə gəmiçiliyə təhlükəsizliklə bağlı problemlərin yaranmasıdır. Belə bir vəziyyətdə tərəflər digər regional problemlərin həllində də əməkdaşlığı gücləndirməkdə maraqlıdır və buraya birgə layihələrin stimullaşdırılması ilə qarşılıqlı ticarətin artırılması da daxildir.

Beləliklə, hədəf müəyyən edilib – yaxın bir neçə ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ən azı 10 milyard dollara çatdırılmalıdır. Üstəlik, indi tərəflər arasında ənənəvi əməkdaşlıq istiqamətlərinə hərbi sahə də əlavə olunur. Ərdoğanın Misirə səfərindən cəmi bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Ankaranın Qahirəyə hərbi təyyarələr satacağını və bunun gələcək hərbi əməkdaşlığın yalnız başlanğıcı olduğunu bəyan edib.

Türkiyə ilə Misir istər Yaxın Şərq, istərsə də Şərqi Aralıq dənizi regionunun ən nəhəng regional fövqəldövlətləridirlər. Bu, onları vahid regional təhlükəsizlik sisteminin formalaşdırılması məsələsində də yaxınlaşdırır və hər iki ölkə belə bir sistemin yaradılmasında maraqlıdır.

Son illər Türkiyə qonşuları ilə münasibətlərindəki gərginlik üzündən çoxtərəfli regional əməkdaşlıqdan kənar qalıb. Məsələn, Şərqi Aralıq dənizi regionu ölkələri bölgədə iki fəal inkişaf edən üçtərəfli format yaradıblar (Misir-Yunanıstan-Kipr və Yunanıstan-Kipr-İsrail). Bir sıra hallarda bu əməkdaşlığa BƏƏ və Fransa kimi ölkələr də qoşulur. Misirlə Türkiyənin barışması siyasi vəziyyəti dəyişə, regional proseslərə dekabrın sonunda Afina ilə də münasibətlərini normallaşdırmış Ankaranı da cəlb edə bilər. Türkiyə Qaz forumuna qoşulmağa dair danışıqlarda, oraya daxil olan ölkələr arasında fikir ayrılıqlarına son qoyulmasında Misirin dəstəyinə ümid edir. Bundan başqa, o, Qahirə ilə dəniz sərhədləri haqqında razılaşma imzalamağı da düşünür.

Ankarada ümid edirlər ki, Misir Aralıq dənizi regionunda demarkasiyanın yunan yox, türk versiyasını dəstəkləməkdə davam edəcək. 2021-ci ildə Misirin Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı tender elan etdiyini, o zaman dəniz sərhədlərinin demarkasiyası ilə bağlı məhz Türkiyənin versiyasını dəstəklədiyini çoxları xatırlayır. Demək, onların arasında ziddiyyət daha da azalacaq.


MƏSLƏHƏT GÖR:

33