5 May 2024

Bazar, 04:58

“QARABAĞ” AVROPANI FƏTH EDİR

Ağdam klubunun inamlı oyunu hətta Almaniya Bundesliqasının liderini də şoka salır

Müəllif:

15.03.2024

“Qarabağ” FK mövsümün yaz hissəsini Azərbaycan futbolu üçün tarixi etdi. Ağdam klubu ilk dəfə play-off finala çıxmağına baxmayaraq, uğuru bu mərhələdə də davam etdirib. Avropa Liqasında qrupda ikinci yeri tutan “Qarabağ” 1/16 finala vəsiqə qazandı. Bu mərhələdə Azərbaycan çempionuna Portuqaliyanın “Braqa” klubu rəqib oldu. Qurban Qurbanovun komandası bütün proqnozları alt-üst edərək “Braqa”nı mübarizədən kənarlaşdırdı.

 

Həlledici qol

Səfərdə 4-2 hesablı qələbədən sonra “Qarabağ” cavab matçına rahat çıxdı və ilk hissədə yaratdığı real qol vəziyyətlərindən istifadə etmədi. Fasilədən sonra oyun arzuolunmaz məcrada davam etdi. Əvvəlcə Elvin Cəfərquliyev ikinci sarı vərəqəni almaqla “Qarabağ”ı azlıqda qoydu. Ardınca Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov hakimə sərt şəkildə etiraz etdiyinə görə ehtiyat skamyadan göndərildi. Məhz bu məqamda “Braqa” vacib dəyişiklikləri edərək 2 qol vurdu. 90 dəqiqə 0-2 hesabıyla başa çatdı. İki oyunun nəticəsi cəmdə bərabər olduğundan (4-2, 0-2) komandalar əlavə yarım saat da mübarizə apardı. Burada əvvəlcə Mateus Silva Ağdam klubuna üstünlük qazandırdı. Az sonra rəqib penaltidən cavab qolunu reallaşdırdı və ümumi hesab yenə bərabər oldu.

Dramatik matçın kulminasiya anı son dəqiqələrə təsadüf etdi. Əlavə vaxtın son dəqiqələri Qurban Qurbanov meydana ilk oyunda əla qol şansını boşa verən Nəriman Axundzadəni buraxdı. 19 yaşlı futbolçu isə komanda yoldaşı Bədavi Hüseynovun ötürməsini qolla tamamlamaqla görüşün qəhrəmanı oldu. N.Axundzadənin son dəqiqələrdə vurduğu qol “Braqa”nı şoka saldı. “Qarabağ” iki oyunun nəticəsinə görə qalib gələrək 1/8 finala vəsiqə qazandı.

 

Rekordlar və şok

Şübhəsiz ki, Ağdam klubunun cari mövsümdə göstərdiyi nəticələr ölkə futbolunu Avropaya tanıtdı. Qurban Qurbanovun komandası 1/8 finalda da yüksək oyun sərgilədi. “Qarabağ”  uğursuz püşkdən çəkinmədi. Bundesliqanın lideri, “Bavariya” kimi komandanı 10 xal qabaqlayan Leverkuzen təmsilçisi Azərbaycana yeni rekordla gəldi. Ardıcıl 34 oyun məğlubiyyətsiz seriya!

Azərbaycan Premyer Liqası və Almaniya Bundesliqasının liderlərinin 1/8 finalda ilk görüşü 2-2 hesabı ilə başa çatdı. Təsəvvür edin ki, heyəti 550 milyon avro dəyərləndirilən “Bayer” Bakıda məğlubiyyətdən son dəqiqələrdə xilas oldu. İlk hissədə 2-0 hesablı üstünlük qazanan “Qarabağ” yüksək sürətli oyunun sonuna yaxın 2 səhvə yol verdi, “Bayer” fürsəti düzgün qiymətləndirməklə hesabı bərabərləşdirdi.

İki ölkə futbolu və çempionatları arasındakı fərq, “Bayer”in hazırda əla formada olması qonaqları həm cütün, həm də ayrı-ayrılıqda hər iki matçın favoriti sayılmasına əsas verirdi. Cari mövsümdə uduzmayan Leverkuzen klubu Avropa Liqasında, ümumiyyətlə, heç kimə rəhm etməyib. Keçirdiyi 6 matçın hamısında qələbələri sıralayan almanlar Bakıya da seriyanı davam etdirmək arzusu ilə gəlmişdilər. Lakin avrokuboklarda tarixi nəticələrə imza atan “Qarabağ” “Bayer”in qələbə seriyasını dayandırdı. Qrupda “Hakken”i 4:0 və 2:0, “Molde”ni 2:1 və 5:1, Ağdam klubunu 5:1 və 1:0 hesabı ilə məğlub edən Bundesliqa təmsilçisi ilk büdrəməsini Bakıda yaşadı.

İlk 45 dəqiqədə Yassin Benzia və Olavio Juninyonun vurduğu qollar Leverkuzen təmsilçisini “nokdaun”a saldı. “Bavariya”, “Borussiya” kimi nəhəng rəqiblərə qənim kəsilən “Bayer” bu qoldan sonra sanki şok yaşadı. Almaniyalılar yalnız ikinci hissənin ikinci yarısında özlərinə gəlməyə imkan tapdılar.

Əlbəttə ki, kimlərsə “Bayer”in ilk 45 dəqiqədə bəzi ulduzları olmadan oynadığını iddia edə bilər. Həmin heyətin 4 əsas üzvü ikinci hissədə meydana çıxmaqla matçda dönüş yaratdı. Amma unutmayaq ki, “Qarabağ”da da itkilər var idi. Cəzalı Julio Romao və Elvin Cəfərquliyevin xidmətindən məhrum olan “Qarabağ” rəqiblə müqayisədə daha zəifləmiş heyətlə idi. Digər tərəfdən Almaniya nəhəngində əvəzləyicilər də əsas heyət qədər təhlükəlidir.

1/8 finaldakı “Qarabağ”-“Bayer” matçı həm də iki məşqçinin dueli oldu. Qurbanov həmkarını taktiki cəhətdən üstələdi. Ağdam klubu rəqiblə müqayisədə daha çox real qol vəziyyəti yaratdı. İkinci hissdə Olavio Juninyo iki qol epizodundan birindən yararlansaydı, artq “Bayer” və məğlubiyyətsizlik seriyası adlı bir şey qalmayacaqdı. Belə güclü rəqiblə matçda bu qədər qol imkanı yaradılması isə düzgün seçilən taktika, rəqib məşqçini üstələməyin nəticəsi sayılmalıdır. Təbii ki, “Bayer”in meydana nisbətən arxayın çıxmaq ehtimalını da vurğulamaq olar.

Avropada baxımlı və gözəl oyunu ilə hamının rəğbətini qazanan “Qarabağ” məhsuldarlığı ilə də diqqət çəkir. Son 5 oyunda Qurbanovun komandası ən azı 2 qol vurub. “Molde” (2:2), “Hakken” (2:1) və “Braqa”nın (4:2, 2:3) ardından “Bayer” də Ağdam klubunun ön xətdə nəyə qadir olduğunu gördü. Əldə olunan nəticələr “Qarabağ”ı Avropa səhnəsində brend kluba çevirir. Stabil uğurlu nəticələr həm klubu, həm təmsil etdiyi Ağdam şəhəri dünyaya tanıdır. İnanırıq ki, “Qarabağ” uğurlu çıxışını davam etdirəcək.



MƏSLƏHƏT GÖR:

19