4 May 2024

Şənbə, 14:31

ENERJİ DÖNÜŞÜ

Azərbaycanın enerji resurslarına – istər ənənəvi, istərsə də alternativ – maraq yenidən nümayiş olunur

Müəllif:

15.03.2024

Azərbaycan üçün yaz fəslinin ilk ayı Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları ilə başlayıb. Region üçün mühüm əhəmiyyət kəsb edən iki böyük tədbir bu dəfə 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin nümayəndələrini Bakıda bir araya gətirib.

Görüşlərin nəticələrini qısa şəkildə formalaşdırsaq söyləyə bilərik ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirmək niyyətini təsdiq etməklə yanaşı, bu tərəfdaşlığı genişləndirməyə də hazır olduğunu bəyan edib. Yəni 2027-ci ilə qədər Azərbaycan təbii qazının tədarük həcmini iki dəfə artırmaq planları qüvvədə qalır.

Bakı da öz növbəsində “mavi yanacaq” hasilatını və onun beynəlxalq bazarlara ixracını artırmaq niyyətini təsdiqləyib. Eyni zamanda o, bərpa olunan enerji mənbələrinin inkişafı üzrə işlərin miqyasını genişləndirməyə çalışır. Görüşlər zamanı imzalanan yeni sazişlər də məhz buna hesablanıb.

 

Daha çox dialoq

Hazırda Aİ ilə Rusiya arasında enerji sahəsində dialoq praktiki olaraq aparılmır. Ümumilikdə, 2021-ci ildən bəri Rusiyadan Aİ ölkələrinə təbii qaz idxalı 71% azalıb. Bu təşkilata daxil olan ölkələrin hazırkı məqsədi bu il Rusiyadan təbii qaz tədarükünü ötən illə nisbətdə daha da azaltmaqdır. Bu o deməkdir ki, Avropanın hələ də qısa və uzunmüddətli perspektivdə mümkün qədər çox alternativ mənbələrə ehtiyacı var. Məhz Avropa İttifaqının kiçik, lakin strateji əhəmiyyətli hissəsinin təbii qazla təmin edilməsi imkanları Azərbaycanı əməkdaşlıq üçün mühüm ölkəyə çevirib.

“Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. ... Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir”, - Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bildirib.

Azərbaycan lideri xüsusilə indiki geosiyasi reallıqlarda SGC-nin yaradılması qərarının nə dərəcədə düzgün olduğunu bir daha vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan qazının alıcılarının sayı da artır.

“Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir”, - İ.Əliyev vurğulayıb.

Azərbaycan lideri çıxışında bir daha Avropa maliyyə institutlarının karbon layihələrinə sərmayə qoyuluşu ilə bağlı mövqeyinə toxunub, onları heç olmasa bu layihənin maliyyələşdirilməsi, yəni Cənub Qaz Dəhlizinin iki dəfə genişləndirilməsi məsələsində realist olmağa çağırıb:

“O, ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir. ... Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz”.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson isə Bakı ilə Brüssel arasında əməkdaşlıqdan danışarkən qeyd edib: “Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var”.

“Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq”, - avropalı rəsmi vurğulayıb. Bununla da o, Aİ-nin Azərbaycanla qaz əməkdaşlığının mümkün dayandırılması ilə bağlı bütün söhbətlərə və spekulyasiyalara son qoyub.

“Bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq”, - K.Simson söyləyib.

 

Bazarın tələbi ilə

Bu arada, tədbir zamanı Albaniya Azərbaycan təbii qazını idxal etmək istəyini bir daha təsdiqləyib. Bu ölkənin Baş naziri Edi Rama vurğulayıb ki, Azərbaycan “mavi yanacağı” və Xəzər dənizi hövzəsi birgə gələcək üçün mühüm rol oynayır. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Avropaya Rusiyadan nəql edilən qaz 40 faizdən 8 faizə düşüb və bu göstərici tezliklə sıfra bərabər olacaq və “yaşıl gündəlik”, karbonsuzlaşma məsələləri olduqca aktualdır.

“Hazırda biz Albaniyanın qazlaşdırılması layihəsi üzərində işləyirik və Prezident Əliyevin dəstəyi sayəsində ənənələrin tarixən bizi məhrum etdiyi bir iş üzərində çalışırıq. ... Demək olar ki, bütün qaz və dəmir yolu sistemlərimiz ya mövcud olmayıb, ya da dünyadan təcrid vəziyyətdə olub”- E.Rama bildirib.

Bundan başqa, Albaniya hakimiyyəti tərəfdaşları ilə birlikdə ölkənin cənubunda maye qaz terminalları tikməyi planlaşdırır. Ölkə bu sahədə layihələrə sərmayə yatırmağa da böyük əhəmiyyət verir. Bununla əlaqədar olaraq, Tirana Cənub Qaz Dəhlizi ilə əlaqədar onun “yaşıl texnologiya”lar sahəsinə çevrilməsi və hidrogenin nəqli üçün istifadəsi perspektivlərini nəzərə alaraq “yaşıl hidrogen”ə dair dialoqa başlamağı zəruri hesab edir.

“Yaşıl hidrogen” yeni iqtisadi imkanlar açır, təmiz enerji sektorunda innovasiyanı, tədqiqatı və inkişafı təşviq edir. Nəhayət bu, dəhlizi (SGC – “R+”) karbonsuzlaşmanı hədəfləyən dünyanın dəyişməkdə olan tələblərinə cavab verən uzaqgörən layihə olaraq təqdim edir”, - E.Rama vurğulayıb.

Yeri gəlmişkən, Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu və SOCAR hidrogenin Avropa bazarına nəqli ilə bağlı tədqiqatlar aparır. Xüsusilə təbii qaz və hidrogen qarışığının boru kəməri ilə nəqli üçün zəruri avadanlıqların layihələndirilməsinə dair tələblər öyrənilir. Eyni zamanda BP və KBR (Böyük Britaniya), “Masdar” (BƏƏ) və “Equinor” (Norveç) beynəlxalq şirkətləri ilə əməkdaşlıqda perspektivli hidrogen istehsalı texnologiyaları ilə bağlı müzakirələr aparılır. Söhbət dənizdəki külək turbinlərinin elektrik enerjisindən istifadə etməklə dəniz suyunun elektrolizi yolu ilə “yaşıl hidrogen”in, həmçinin dənizdə hasil edilən təbii qazdan “mavi hidrogen”in əldə olunmasından gedir.

Qeyd edək ki, hidrogen qazı qarışığının nəqli kifayət qədər mürəkkəb texnoloji prosesdir, bu da bir sıra əməliyyat və kommersiya amilləri ilə əlaqələndirilir. Buna görə də SOCAR alternativ variantlardan biri kimi hidrogen layihələrinə birbaşa Avropadakı satış mənbələrindən investisiya yatırmaq imkanını nəzərdən keçirir.

Əgər Albaniyaya “yaşıl hidrogen”in tədarükü ilə bağlı perspektiv çox da yaxın olmasa da, təbii qaz təchizatında hər şey daha sadədir. Belə ki, Albaniya 2026-cı ildə TAP vasitəsilə ildə təxminən 200 milyon kubmetr həcmində Azərbaycan qazını almağa başlayacaq. Bu, 2024-2025-ci illər ərzində Trans-Adriatik Boru Kəmərinin 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi ilə mümkün olacaq.

Gözlənilir ki, 2025-ci ilin sonuna qədər TAP vasitəsilə Azərbaycandan əlavə 1,2 milyard kubmetr qaz ixrac olunacaq. Bunun da 1 milyard kubmetri İtaliyanın, qalanı isə Albaniyanın payına düşəcək. Beləliklə, Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycan “mavi yanacağı”nın Avropa ölkələri arasında doqquzuncu alıcısı olacaq.

SGC-nin genişləndirilməsi perspektivlərinə gəlincə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov açıqlamaları ilə bu məsələyə tam aydınlıq gətirib. Azərbaycan hesab edir ki, bu məsələnin həlli bazarın tələbatı və qazın alqı-satqısı üzrə uzunmüddətli (15 il və daha yuxarı) müqavilələrin bağlanması mexanizmindən uzaqlaşan Avropa ölkələrinin mövqeyi ilə bağlıdır.

“Şahdəniz” yatağının “Mərhələ-1” layihəsi (SGC üçün əsas mənbə - “R+”)  həyata keçirilərkən mexanizm bir az fərqli idi, uzunmüddətli müqavilələr, Avropa maliyyə institutları tərəfindən maliyyələşdirmə var idi. Lakin Avropanın siyasəti dəyişdi və Aİ-nin maliyyə institutlarının əksəriyyəti karbon layihələrinə dəstək vermir. Eyni zamanda uzunmüddətli müqavilələrin əvəzinə qaz satışı spot bazarında həyata keçirilir. Bu, bizim Cənub Qaz Dəhlizinin genişlənməsinə yanaşmalarımıza təsir edir. Bu səbəbdən biz bütün bu amilləri nəzərə alaraq, genişləndirmə işlərini aparırıq”, - P.Şahbazov qeyd edib.

 

“Yaşıl diplomatiya”

“Yaşıl enerji” mövzusu Aİ-nin iqtisadi diplomatiyasının mühüm alətlərindən birinə çevrilir. “Yaşıl hidrogen” istehsal edəcək zavodların inşası və onun Avropaya çatdırılması məsələlərinin işlənməsi üzrə Afrika ölkələri ilə əməkdaşlığın intensivləşdirilməsi ilə yanaşı, Avropa rəsmiləri və iş adamları “yaşıl gündəm” çərçivəsində ikitərəfli iqtisadi əlaqələrin qurulması baxımından diqqətlərini digər perspektivli ölkələrə yönəldirlər. “Yaşıl enerji” sahəsində istehsal potensialı nəzərə alınsa, Azərbaycanın diqqət mərkəzində olduğunu söyləyə bilərik.

Hazırda bərpa olunan enerji mənbələri sahəsində Azərbaycan və Gürcüstan Rumıniya və Macarıstanla birlikdə Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı üçün enerji dəhlizinin yaradılması layihəsinin icrası üzərində işləyirlər. Söhbət 1000 MVt gücündə və uzunluğu 1195 kilometr olan “Black Sea Energy” dənizaltı elektrik kabelinin çəkilməsindən gedir. Bu layihə vasitəsilə Azərbaycanda istehsal olunacaq “yaşıl elektrik enerji” Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, buradan isə Macarıstan və Avropanın digər ölkələrinə nəql olunacaq.

Yeri gəlmişkən, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında fəaliyyətlərin əlaqələndirilməsi üçün 4 ölkənin ötürücü sistem operatorları arasında birgə müəssisə yaradılması məqsədilə hüquqi konsaltinq şirkətinin seçilməsi üçün tenderin keçirilməsi qərara alınıb. Bundan başqa, bu ilin əvvəlindən CESI layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması işinə start verib.

Xatırladaq ki, Bolqarıstan da ötən il layihəyə qoşulmaq qərarını açıqlamışdı.

Avropa Komissiyası isə dünyada ən uzun kabelə çevriləcək bu layihənin həyata keçirilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır.

Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı görüşü zamanı Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası arasında daha bir mühüm sənəd - əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Nazirlərin görüşündə memorandumun imzalanması çox mühüm addımdır. Bərpa olunan enerjiyə dair bu öhdəlik həm də Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır”, - K.Simson bildirib.

Bu əməkdaşlıq vasitəsilə tərəflər 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması üzrə qlobal məqsədə töhfə verməklə, regionda quruda və dənizdə külək enerjisinin böyük potensialından istifadə etmək niyyətindədirlər.

“WindEurope”un hesablamalarına görə, Avropada və qonşu ölkələrdə inşa edilən hər yeni külək turbinindən orta hesabla 13 milyon avro gəlir əldə edilir. Bunlar Avropada turbinlər və komponentlər istehsal edən fabriklər, həmçinin planlaşdırma, tikinti, logistika və tədqiqatla məşğul olan hər kəs arasında paylanılır. Beləliklə, çoxlu sayda külək elektrik stansiyaları Azərbaycanın elektrik enerjisi təchizatını ekoloji cəhətdən təmiz enerji ilə təmin etməklə yanaşı, həm də əhəmiyyətli iqtisadi səmərə verə bilər. Aİ üçün bu, təmiz elektrik enerjisinin daha bir sabit mənbəyi olacaq.

“WindEurope” və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında imzalanan sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.

“WindEurope” həm quruda, həm də Xəzər dənizində külək enerjisinin inkişafına kömək etmək üçün Azərbaycanla bu Anlaşma Memorandumunu imzalamaqdan məmnundur. Çox gözəl haldır ki, Azərbaycan bu sahə ilə bağlı bu qədər inşa işləri aparmaq və Qara dənizin dibi ilə keçəcək kabel xətti vasitəsilə Avropaya enerji ixrac etmək istəyir. Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır”, - “WindEurope”un baş direktoru Giles Dickson qeyd edib.

Bundan əlavə, nazirlərin görüşü zamanı Azərbaycanda günəş və külək elektrik stansiyaları ilə bağlı memorandumlar imzalanıb.

Belə ki, Energetika Nazirliyinin “Nobel Energy Management” MMC ilə imzaladığı sənədlə Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inşası, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Layihə iki mərhələdə həyata keçiriləcək: birincidə 50 MVt gücündə günəş elektrik stansiyasının tikintisi, ikincidə 100 MVt-a qədər genişləndirmə işləri aparılacaq.

İspaniyanın “Elecnor Servicios Y Proyectos S.A.U” şirkəti ilə əldə olunan razılaşmaya əsasən, Bakının Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası tikiləcək.

Bir sözlə, imzalanan sənədlər göstərir ki, 2030-cu ilə qədər Azərbaycan ümumilikdə 5 GVt-a qədər günəş və külək enerjisi istehsal etmək niyyətindədir.

Alternativ enerji dünyanın bir çox ölkəsində kifayət qədər uğurla istifadə olunur. 2022-ci ildə qlobal enerji kompleksində bərpa olunan enerji mənbələrinin payı 30%-ə yüksəlib. Bu göstərici Avropada 2010-cu ildən bəri 18% artaraq 43%-ə çatıb. Fərdi yaşayış evləri, korporasiyalar və hətta bütün ölkələr bu enerji mənbələrinə böyük miqdarda pul yatırırlar. Ölkəmiz, hələ ki, bu səviyyəyə çatmaqdan bir az uzaqda olsa da, bununla bağlı proses başlayıb. Bu isə yaxın gələcəkdə Azərbaycanda alternativ enerjinin gündəlik reallığının ayrılmaz hissəsinə çevriləcəyinə ümid bəsləməyə əsas verir.



MƏSLƏHƏT GÖR:

17