17 May 2024

Cümə, 16:54

ƏLAMƏTDAR SEÇKİ

Vladimir Putinin 2030-cu ilədək davam edəcək prezidentliyi dünya düzəninə necə təsir göstərəcək?

Müəllif:

01.04.2024

Rusiyada martın 15-17-də keçirilən prezident seçkisi fəal seçkiqabağı kampaniya ilə yadda qalmayıb və nəticəsi ilə heç kimi təəccübləndirməyib. Lakin proses yekun rəqəmləri və qlobal geosiyasi düzən nöqteyi-nəzərindən ona göstərilən reaksiyalarla çox maraqlı və vacib olub. Səbəb məlumdur – mövcud beynəlxalq düzən dağılır və Rusiya bu prosesin tam mərkəzindədir.

 

Rekordlar

Prezident seçkisində hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28%-ni (76 227 708 nəfər) qazanaraq, müasir Rusiyanın tarixində rekorda imza atıb. Yerdə qalan üç namizəd birlikdə 10%-dən bir qədər çox səs yığıblar: ikinci yeri tutan Nikolay Xaritonov (RFKM) 4,31%, Vladislav Davankov («Yeni insanlar» partiyası) 3,85%, Leonid Slutski (RLDP) 3,2%. Parlamentdə təmsil olunmayan «Vətəndaş təşəbbüsü» partiyasının namizədi, özünü hazırkı prezidentin siyasətinin əsas müxalifi adlandıran Boris Nadyojdin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkiyə buraxılmayıb.

Seçici fəallığı 77,49% (87 576 075 nəfər) təşkil edib ki, bu da rekorddur (2018-ci illə müqayisədə səs verənlərin sayı 20 milyon nəfər artıb). Beləliklə, Vladimir Putin beşinci dəfə Rusiya prezidenti seçilib və güman ki, 2030-cu ilədək hakimiyyətdə qalacaq.

MSK sədri Ella Pamfilovanın sözlərinə görə, səsvermənin gedişində bir neçə nəfər bülleteni korlamağa çalışıb, seçki məntəqələrinin yandırılmasına da cəhd edilib, seçkinin elektron infrastrukturu isə hakerlərin 12,2 milyondan çox DOS-hücumuna məruz qalıb. Lakin ümumilikdə seçki prosesi nəticəyə təsir edə biləcək ciddi insidentlər yaşanmadan keçib.

Ümumilikdə seçki prosesini 22 Avropa, 38 Asiya və 2 Şimali Amerika ölkəsindən 1115 müşahidəçi izləyib. Seçki məntəqələrində əcnəbi jurnalistlər də daxil olmaqla, 14,7 min media təmsilçisi işləyib.

 

Bütün dünya üçün əlamət

Səsvermənin nəticələrinin elan olunmasından sonrakı ilk saatlarda təxminən 40 dövlətin lideri Vladimir Putini təbrik edib. «Sizin təkrar seçilməyiniz Rusiya xalqının dəstəyinin əksidir. İnanıram ki, Rusiya sizin rəhbərliyiniz altında milli inkişafda böyük uğurlar qazanacaq», - deyə Çin lideri Si Cinpin bildirib. «South China Morning Post» nəşrində dərc olunmuş məqalədə bildirilir ki, Putinin təkrar dövlət başçısı seçilməsi Moskva ilə Pekin arasında getdikcə güclənməkdə olan alyans üçün müsbət hadisədir.

Hindistanın baş naziri Neandra Modi də Putinə «atəşli təbriklər»ini göndərib, iki ölkə arasındakı xüsusi münasibətləri qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı ilə telefon danışığı zamanı onu «Rusiya Federasiyası Prezidenti seçkisindəki inamlı qələbəsi münasibətilə səmimiyyətlə təbrik edib, ona dövlətçilik fəaliyyətində Rusiya xalqının rifahı naminə yeni uğurlar arzulayıb». Misir Prezidenti Abdel Fəttah əs-Sisinin və İran lideri İbrahim Rəisinin təbrikləri də bənzər ruhda olub. Venesuelanın dövlət başçısı Nikolas Maduro isə bildirib ki, «böyük qardaşım Vladimir Putin qələbə qazanıb və bu, bütün dünya üçün yaxşı əlamətdir». Kuba Prezidenti Migel Dias-Kanel, Qərbi və Mərkəzi Afrikanın Mali, Niger kimi dövlətlərinin başçıları da Putinə eyni ruhda təbrik ünvanlayıblar.

Vladimir Putini əksər qonşuları və «yaxın xaric» də təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarına ölkəsinin inkişafı və çiçəklənməsi naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

 

Tanınmayan seçki və reallıq

Lakin Avropa İttifaqı ölkələri ilə ABŞ-nin rəsmiləri Rusiyada keçirilmiş seçkini «qeyri-azad», «qeyri-şəffaf», «saxtalaşdırılmış» və «qondarma» adlandırıblar. Məsələn, nüfuzlu «The Guardian» qəzeti yazır: «O, Qırmızı meydana toplaşmış coşqun kütlə qarşısında qələbəsini qeyd edən zaman biz Vasili Blajennı kilsəsi fonunda yeni İvan Qroznını görürdük». NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyada keçirilmiş prezident seçkisinin «azad və təmiz keçmədiyini» bildirib.

Aİ-nin xarici siyasətinə rəhbərlik edən Jozep Borrel isə hesab edir ki, Rusiyada keçirilmiş seçkin nəticəsi Krım, Donbas, Zaporojye və Xersona «tətbiq oluna bilməz» («non-applicability»). Məsələyə Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano da münasibət bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın 2014 və 2022-ci il referendumları ilə öz ərazisi elan etdiyi bölgələrdə təşkil olunmuş seçkini və onun nəticəsini heç zaman tanımayacaq.

Almaniya rəsmiləri də Putini təbrik etmək niyyətində olmadıqlarını göstərib, hətta bu zaman Rusiya liderinin vəzifəsini vurğulamadan, yalnız soyadı ilə ifadə ediblər.

Avropa Şurası Parlament Assambleyasının bəyanatında isə «Putinin prezident kimi legitimliyinin tanınmaması» çağırışı yer alıb. Sənəddə onunla bütün əlaqələrin kəsilməsinin vacibliyi vurğulanır, bu təmasların istisna kimi, yalnız sülh çalışmaları və məsələn, əsirlərin mübadiləsi kimi humanitar məsələlərdə mümkün olduğu deyilir.

Rusiyada keçirilmiş seçkini Polşa da «qanunsuz» elan edib. Burada hesab edirlər ki, səsvermə «sərt repressiyalar, həmçinin Ukraynanın ələ keçirilmiş ərazilərində beynəlxalq hüququn pozulması ilə keçirilib».

ABŞ-də isə Vladimir Putinin vəzifəsini dilə gətiriblər. Məsələn, dövlət başçısının milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan deyib: «Bu seçkidə azad və ədalətli heç nə olmayıb. Nəticə əvvəlcədən bəlli idi. Lakin reallıq budur ki, prezident Putin Rusiyanın prezidentidir. Biz bu reallıqla işləməliyik və işləməyə davam edəcəyik». Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də eyni ruhda danışıb: «Aydındır ki, Putin, cənab Putin Rusiyanın lideridir. Əlavə edəcəyim heç nə yoxdur».

Politoloqların fikrincə, Vaşinqton öz qiymətləndirməsində həqiqətən də mövcud reallıqdan çıxış edir. Əlbəttə, hansısa «sürgündə Rusiya hökuməti» yaratmaq olar, amma o, heç bir halda Ukrayna problemini, nüvə təhlükəsizliyi məsələsini, Yaxın Şərqdə və digər vacib regionlarda vəziyyəti düzəldə bilməyəcək.

Qərb liderlərinin şərhləri Asiya, Afrika və Latın Amerikasından olan həmkarlarının fikirləri ilə kəskin təzad təşkil edir. Bəzi analitiklərin iddiasına görə, bu, fəal şəkildə çoxqütblü dünya düzəninin formalaşmaqda olduğunu göstərir. Onların fikrincə, Rusiya ilə Qərb arasındakı sərt çəkişmə fonunda neytrallıq nümayiş etdirənlər, öz marağını güdənlər kimi qruplar aydın görünməyə başlayır və onların əksəriyyəti «orta fövqəldövlət» təyininə daha çox uyğun gəlirlər. Rusiya isə bu yeni dünya düzənində mərkəzi yerlərdən birinə iddialıdır.

Bəziləri isə hesab edir ki, Moskva Qərblə qarşıdurmada öz «ideologiya»sını getdikcə daha uğurla önə çəkir. Bu, «ənənəvi dəyərlər»in qorunması və eyni zamanda, dünya düzənində ABŞ ilə Aİ-nin hökmranlığının rədd olunmasıdır. Rusiya Qərb fərdiyyətçiliyini, Qərbin anlayışındakı insan hüquqları konsepsiyasını və dünya tarixinə, bəşəriyyətin hansı istiqamətdə irəliləməli olduğuna Qərb baxışını «devirir».

Bununla yanaşı, qeyd olunmalıdır ki, Avropa və Amerika modellərindən müxtəlif səbəblərdən müxtəlif dərəcədə məyus olan yalnız ruslar deyil. Eyni hissi dünyanın bir çox ölkəsinin vətəndaşları da yaşayır. Sırf seçki prosesindən danışırıqsa, məsələn, Qərb ölkələri elektoral sistemlərinin o qədər də demokratik olmamasında ittiham edilirlər. Məsələn, ABŞ-də seçicilər yalnız iki partiya arasında seçim edə bilər və bu şablon heç zaman pozulmayıb.

 

Harada daha asan və daha təhlükəsizdir?

Maraqlıdır ki, çoxları, o cümlədən Qərbdə belə düşünürlər ki, Putin son iki ildə ölkəsində vəziyyətə nəzarət etmək iqtidarında olduğunu hər kəsə sübut edib. Rusiya sanksiyalar təzyiqinə, demək olar ki, sinə gərir və hətta 2023-cü ildə ölkə iqtisadiyyatı 3,6%-lik artım göstərib. Beynəlxalq Valyuta Fondu 2024-cü ildə bu rəqəmin 2,6% olacağını proqnozlaşdırır. Üstəlik, görünən odur ki, Rusiya hərbi qüdrətini də artırır.

Xüsusi diqqət çəkilməli olan daha bir məqam var. Rusiyanın media məkanında son zamanlar Qərbdə yaşayışın Rusiyadakından heç də daha asan və təhlükəsiz olmadığına, əksinə bəzən daha ağır olduğuna dair fikirlər dolaşır. Məsələn, Nyu-York ilə Moskva metroları müqayisə olunur (yeri gəlmişkən, elə həmin amerikalı jurnalist Taker Karlsonun «ötürmə»si ilə) və nəticə heç də birincinin xeyrinə deyil. Yaxud Nyu-Yorkun (Parisin və s.) miqrantlarla dolub-daşan, hətta polislərin belə, zorakılığa məruz qaldığı məhəllələrinə diqqət çəkilir. Yəni cəmiyyətə fəal şəkildə bu fikir aşılanır ki, Rusiyada Putin sabitlik və təhlükəsizliyi təmin edən güclü liderdir. Odur ki, «Krokus Siti Holl»da seçkidən dərhal sonra törədilmiş terror aktı birbaşa Putinin vədlərinə zərbədir və hər kəsə faktiki olaraq, dövlətin iflası təsirini bağışlayır. Görünür, terror aktının təşkilində məqsədlərdən biri Rusiya ictimaiyyəti arasında qorxu və təşviş yaratmaq olub. Hər halda, həmin hadisədən sonrakı bir neçə gündə davamlı olaraq ticarət mərkəzlərinin minalandığına dair yalan şayiələr yayılmaqda idi. Kremlin bu yeni çağırışa necə reaksiya göstərəcəyi isə yaxın vaxtlarda məlum olacaq.

Bütün bunlardan hansı nəticələrə gəlmək olar? Bəli, Vladimir Putinin beşinci müddətə prezident seçilməsinin alternativi yox idi, çünki bu gün ölkədə ona nə layiqli rəqib var, nə də layiqli varis. Bununla yanaşı, Rusiya əhalisinin böyük əksəriyyətinin məhz bunu istədiyini inkar etmək də mümkün deyil. Hələlik Putin dövlətin başında olmaqla, sabaha əminlik yaradır.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyada kollektiv şüur, sobornost hər zaman, istənilən formalı hakimiyyət dövründə xüsusi əhəmiyyət daşıyıb. “Sobornost” sözünün başqa dillərdə alternativinin olmaması təsadüf deyil və çoxəsrlik Rusiya tarixi haqda təsəvvürü az olan şəxslərə onun mənasını izah etmək çox çətindir.

Bu gün 71 yaşlı Rusiya Prezidenti yəqin ki, hakimiyyətinin ən pik dövrünü yaşayır. Onun və hakimyyət resurslarının gələcəyinin necə olacağını proqnozlaşdırmaq çətindir, çünki bu, bir çox amildən asılıdır. Bir şeyə şübhə yoxdur ki, Putin yeni prezidentlik müddətində istər sanksiyalar, istər daxili vəziyyətlə bağlı saysız-hesabsız problemlə üzləşəcək. Seçkidən sonrakı ilk günlərdə bəlli olub ki, indi buraya təhlükəsizliklə bağlı problemlər də əlavə olunacaq. Əlbəttə ki, Moskvanın və şəxsən Putinin beynəlxalq arenadakı vəziyyəti həm də Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq.


MƏSLƏHƏT GÖR:

21