17 May 2024

Cümə, 01:27

NATO QAPINI DÖYÜR

Şimali Atlantika Alyansının Cənubi Qafqaza marağı getdikcə artır

Müəllif:

01.04.2024

Davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi dünyanın müxtəlif qütblərindən olan oyunçuların maraqlarına bilavasitə təsir edir. Rusiya ilə Qərb arasındakı qlobal qarşıdurma bir çox dövlət və alyansı qonşularla, həmçinin uzaq regionlarla münasibətləri yenidən formalaşdırmağa vadar edir. Bu mənada, Rusiya və İranla həmsərhəd olan Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artmış NATO da istisna deyil. Alyansın baş katibi Yens Stoltenberqin Azərbaycan, Gürcüstan və Ermənistana son səfərləri bunu açıq şəkildə ortaya qoyub.

 

Əməkdaşlığın Azərbaycan üfüqləri: enerji və ekologiya

Baş katib Cənubi Qafqaz turnesi çərçivəsində ilk və ən uzun səfərini Azərbaycana edib. Strateji nöqteyi-nəzərdən Azərbaycan regionun hərbi sahədə fəal əməkdaşlıq edən hər iki ölkəsi – Rusiya və İranla həmsərhəd olan yeganə dövlətidir. Bakı Mərkəzi Asiya ölkələri ilə də kommunikasiyalara malikdir. Bu, NATO-nun Avropa ölkələrinin enerji resurslarına artan tələbatının ödənilməsi baxımından vacibdir. Bu mənada, Brüssel Bakının yürütdüyü siyasətin məntiqini anlamalı, Azərbaycanla elə münasibətlər qurmalıdır ki, öz maraqlarının reallaşmasına imkan versin, Bakının maraqları ilə isə ziddiyyət təşkil etməsin.

Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə enerji təhlükəsizliyi məsələsi prioritet mövzulardan olub. Bu, təsadüf deyil – bu gün Azərbaycanın təbii qaz ixrac etdiyi 8 ölkənin 6-sı NATO üzvü, 2-si isə Alynasın tərəfdaşıdır. Bakının NATO-nun şərq və cənub cinahlarının enerji təhlükəsizliyinin təminindəki rolu Alyans rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Nəzərə almaq lazımdır ki, Bakı gələcəkdə bu istiqamətdə tədarük həcmini daha da artırmağı düşünür.

NATO üçün ölkənin rolunu onun qlobal ekoloji gündəmin həyata keçirilməsinə təsirinin güclənməsi də artırır. Bakı Avropaya «yaşıl enerji» tədarükçüsü və tranzitçisi kimi də vacib əhəmiyyət qazanmaqdadır. «Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpa olunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə (SOR29) bizimlə birlikdə olsun», - deyə Azərbaycan Prezidenti bildirib.

Stoltenberq isə Norveçin energetika naziri kimi çalışdığı dövrü xatırladaraq, həmin vəzifədə Bakıya dəfələrlə səfər etdiyini bildirib, bununla da Azərbaycanın məhz enerji sahəsində tərəfdaş kimi, qiymətini yaxşı bildiyinə eyham vurub. Bakının geniş «yaşıl enerji» gündəminin olduğu nəzərə alınarsa, gələcəkdə ölkə bu qiymətini qətiyyən itirməyəcək.

Prezident İlham Əliyev tərəfindən ali qonağın şərəfinə verilən işgüzar şamda Azərbaycanın ekologiya naziri, COP29-un prezidenti Muxtar Babayev də iştirak edib. Bu, Azərbaycan paytaxtında keçiriləcək beynəlxalq ekoloji forumun və «yaşıl gündəm»in ikitərəfli münasibətlərdə hansı yeri tutduğunun göstəricisidir.

Səfər çərçivəsində Qarabağın bərpası mövzusuna xüsusi toxunulub. Məsələn, Bakı Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilmiş ərazilərinin minalardan təmizlənməsində NATO-nun təcrübəsindən, bəlkə də həm də yardımından istifadəyə böyük maraq göstərir.

 

Münaqişəsiz gündəm

Ermənistan-Azərbaycan danışıqları kontekstində bildirilib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılması məsələsini ilk dəfədir ki, NATO rəhbərliyi ilə müzakirələrdə prioritet saymır. Bununla yanaşı, Bakı ilə İrəvanın sıx əməkdaşlığında maraqlı olan Alyans üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda yeni imkanlar aça bilər.

Azərbaycan hərbçilərinin özlərini NATO-nun Kosovo və Əfqanıstandakı əməliyyatlarında yaxşı tərəfdən göstərdikləri də unudulmamalıdır. Bu, onların NATO-nun sülhməramlı əməliyyatlar aparmaq təcrübəsinə yiyələnmələrinə, hərbi hazırlıq səviyyələrini yüksəltmələrinə kömək edib. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun müntəzəm təlimlərinə qatılması da buna xidmət edir. Hər iki tərəf bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə ümidlidir.

İlham Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində aparılmış islahatlar müsbət nəticələrini verib. «Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk», - deyə o, qeyd edib. Məlum olduğu kimi, Azərbaycan öz Silahlı Qüvvələrini NATO ordusunun aparıcı hissələrindən olan Türkiyə qoşunları modelində və nümunəsində qurur. Bu kontekstdə, o, NATO strukturunun lokal modeli sayıla bilər.

Ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpası haqda da danışan İlham Əliyev bildirib ki, «bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik». Bu sözləri mesaj kimi də qəbul etmək olar: NATO Ukraynanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməli olduğunu düşünürsə, niyə Alyansın Fransa kimi ayrı-ayrı üzvləri Azərbaycanın bu hüququnu hələ də mübahisələndirir?

Maraqlıdır ki, NATO-nun baş katibi Bakıda yalnız dövlət başçısı deyil, həm də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edilib. Ceyhun Bayramov ilə görüşdə diqqət mərkəzində Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesinin xüsusiyyətləri olub. NATO-da ümid edirlər ki, bu danışıqlar asan keçəcək və konkret razılaşmanın, məsələn, sülh müqaviləsinin imzalanması ilə bitəcək.

Zakir Həsənovla görüşdə isə Azərbaycan Ordusunda islahatların perspektivləri, Silahlı Qüvvələrlə NATO arasında əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub – birgə təlimlər, minaların təmizlənməsi prosesi, həmçinin NATO-Azərbaycan ümumi təhlükəsizlik sistemi elementlərinin yaradılması. Brüsseldə Azərbaycan Silahlı Qüvvələri ilə NATO-nun vacib üzvlərində olan Türkiyə Ordusu arasında əməkdaşlığın güclənməsində maraqlıdırlar. Bu əməkdaşlıq Alyansın regional təhlükəsizlik sisteminə qoşulmasına yol açır. Bu sistemdə Azərbaycan-Türkiyə tandeminin aparıcı rol oynadığı isə hər kəsə məlumdur.

 

Gürcüstan-NATO: addımların tutuşdurulması

NATO nümunəsinə uyğun ordu qursa da, Alyansa üzvlüyü düşünməyən Azərbaycandan fərqli olaraq, Gürcüstan Şimali Atlantika Alyansı rəhbərliyinin bütün təlimatlarına əməl etməyə çalışır ki, blokla mümkün qədər yaxınlaşa, sonda isə ona qoşula bilsin. Stoltenberq də Tbilisidə olarkən Gürcüstanı NATO üzvlüyünə yaxınlaşması üçün islahatları davam etdirməyə, müdafiə xərclərini artırmağa və Ukraynanı dəstəkləməyə çağırıb.

Məlumdur ki, Gürcüstanın siyasi rəhbərliyi Rusiya-Ukrayna münaqişəsindən uzaq dayanmağa çalışır. Bundan başqa, hazırda onların Ukrayna rəhbərliyi ilə aralarında qarşıdurma var. NATO bu vəziyyətdən razı olmadığını gizlətmir və Tbilisini Alyansın anti-Rusiya addımlarına daha aydın reaksiya verməyə çağırır. Ondan ən azı Moskvaya tətbiq olunan sanksiyalar qoşulması, yaxud Rusiyanın sanksiyalardan yayınmaq üçün Gürcüstan ərazisindən istifadə etməsinə imkan verilməməsi tələb olunur.

NATO rəhbərliyi Tbilisinin Avropaya inteqrasiya istiqamətində atdığı addımları alqışlayır və onları ölkənin Alyansa qoşulması üçün əlavə addımlar sayır.

«Aİ daha geniş anlayışdır, NATO-nun vəzifəsi isə təhlükəsizlikdir… Avropa İttifaqı ilə konkret meyarlar üzrə uzun-uzadı danışıqlar aparılır, NATO üçün isə əsas meyar ölkənin Avropa ölkəsi olmasıdır. Gürcüstan Avropa ölkəsidir», - deyə Stoltenberq bildirib. Bununla yanaşı, o, NATO üzvü olmağı hədəfləyən ölkənin demokratik ölkə olmasının, Alyansın demokratiya standarlarına cavab verməsinin vacibliyini də söyləyib.

Belə təəssürat yaranır ki, Şimali Atlantika Alyansının baş katibi Tbilisidə arzularını, yaxud hətta rəhbərlik etdiyi qurumun tapşırıqlarını dilə gətirib. Belə düşünən jurnalistlər bu sualı baş nazir İrakli Kobaxidzeyə kifayət qədər açıq şəkildə ünvanlayıblar.

«Gürcüstan müstəqil dövlətdir və ona heç kim tapşırıq verə bilməz. O cümlədən nə dost, nə tərəfdaş», - deyə hökumət başçısı suala cavabında bildirib. Gürcüstan rəhbərliyi əməllərində müstəqil olduğunu nümayiş etdirməyə çalışır və ölkə ictimaiyyətinin bunu məhz bu cür qəbul etməsini istəyir.

 

NATO ilə əməkdaşlığa erməni yanaşması

Stoltenberq Cənubi Qafqaza turnesinin sonunda Ermənistanda olub və baş nazir Nikol Paşinyanla görüşüb. Müzakirələr zamanı onlar regional vəziyyətdən danışıblar – Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, NATO-Ermənistan əməkdaşlığının perspektivləri və s. Bu prosesə münasibətini açıqlayan baş katib bildirib ki, Ermənistanla Azərbaycanın uzun illər davam etmiş qarşıdurmadan sonra dayanıqlı sülhə nail olmaq şansları var. O, tərəfləri «münasibətlərin normallaşmasına, iki xalq arasında dayanıqlı sülhə yol açacaq razılığa gəlməyə» çağırıb.

Stoltenberqin mövqeyindən aydın olur ki, Brüssel Qafqazda Alyansın diqqətini əsas müharibə meydanından – Ukraynadan yayındıra biləcək münaqişənin olmasında maraqlı deyil. Baş katibin sözləri bunu təsdiqləyir: «Biz Cənubi Qafqazda sülhün vacibliyindən danışdıq. Bu, Avro-Atlantik təhlükəsizlik üçün vacibdir, çünki biz getdikcə daha təhlükəli dünya ilə üz-üzə qalırıq».

Ermənistana reverans olaraq, Stoltenberq bildirib ki, NATO bu ölkənin suverenliyini və ərazi bütövlüyünü, həmçinin Paşinyanın sülh cəhdlərini dəstəkləyir. Nikol Paşinyan hökumətinin KTMT və Rusiya ilə gərgin münasibətləri fonunda NATO İrəvanın mümkün təhdid qarşısında tək qalmayacağını göstərməyə çalışır. Mümkün təhdidin yaranacağı təqdirdə, KTMT-dən fərqli olaraq, NATO onun maraqlarını açıq şəkildə müdafiə etməyə hazırdır.

Qeyd olunmalıdır ki, Bakıda Stoltenberqi Ermənistana hər hansı hücum planının olmadığına əmin ediblər. Onun nəzərinə çatdırılıb ki, bununla bağlı qaldırılmış səs-küydə məqsəd manipulyasiya etməkdir.

Maraqlıdır ki, Stoltenberqin İrəvana səfəri günü Nikol Paşinyan Vladimir Putinə yenidən Rusiya Prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Qeyd edək ki, Moskvanın bütün digər müttəfiqləri Rusiya liderini telefon vasitəsilə təbrik edib. Paşinyanın bu davranışı İrəvanın Qərbə meyilləndiyini bir daha açıq şəkildə ortaya qoyur.

Paşinyan-Stoltenberq danışıqlarına qayıdaraq qeyd edək ki, baş nazir ali qonaqla söhbətində özünü İranın mümkün mənfi reaksiyasından sığortalamağa çalışıb. «Ermənistan regionallaşma siyasətinə sadiqdir. Bizim Gürcüstan və İranla xüsusi münasibətlərimiz çox vacibdir və bizim əməkdaşlığımız regionumuza qarşı yönələ bilməz», - deyə Ermənistanın baş naziri bildirib.



MƏSLƏHƏT GÖR:

24