17 May 2024

Cümə, 07:16

HƏR ŞEYİ BACARAN YAZIÇI

Aleksandr XAKİMOV: “...Bakını, demək olar ki, bütün povestlərim, hekayələrim və esselərimdə hadisələrin cərəyan etdiyi məkana çevirirəm”

Müəllif:

15.04.2024

Azərbaycanlı fantastika janrında yazıçı, jurnalist, publisist, elmi-populyar əsərlərin müəllifi Aleksandr Xakimovun bir arzusu var: qeyri-adi canlıların həyatını öyrənmək. Söhbət kosmik gəmilərin imkanlarından istifadə etmədən, Yer kürəsindəki okeanların dərinliklərindəki həyatdan gedir. Amma yazıçı hələ ki, öz fantaziyaları və zəngin təxəyyülünün köməyi ilə həyatı araşdırır. Tədqiqatının nəticəsi isə Aleksandr Şamileviçin xəyali obrazların köməyi ilə də olsa, ən vacib məsələlərdən bəhs olunan kitablardır.

- Yazıçıdan ən yaxşı kitabı haqda soruşanda o, belə cavab verir: sonuncu. Son kitabınız “Bağdadda hər şey sakitdir” əsəridir. Bizə onun haqqında məlumat verərdiniz.

- Bu suala bir az fərqli cavab vermək istərdim: ən yaxşı kitabım hələ yazmadığım kitabdır. Amma sonuncu kitabımdan söz düşmüşkən... Xatırladım ki, o, Sankt-Peterburqun “Dörd” adlı nəşriyyatında çap olunub. Bu kitab “avtofikşn” janrında yazılıb, müxtəlif vaxtlarda mənim və dostlarımın başıma gələn hekayələr haqqında topludur, bütün hekayələr reallıqda baş verib. Bəli, bu halda mən müvəqqəti olaraq fantastika yazıçısı olmağı dayandırdım. Kitabın ümumi ismarışı belədir: heç bir şəraitdə cəsarət, soyuqqanlılıq, insanlıq hissini itirmək olmaz. Nə olursa olsun, özünüzə belə deməlisiniz: “Bağdadda hər şey sakitdir”. Bununla dağıntılar altından çıxmalı və yaşamağa və irəliləməyə davam etməlisiniz. Üstəlik, bütün bunlar əsassız deyil. Öz tərcümeyi-halımdan misallar gətirirəm, çünki həyat məni hərtərəfli şəkildə əzib. Həm də insanları kitabımda əmin edirəm ki, təxəyyül hətta ən adi hərəkətləri, ən darıxdırıcı gündəlik həyatı belə işıqlandırmağa kömək edəcək. Sadəcə təxəyyülünüzü işə salmaq lazımdır. Bu baxımdan ən çox “Marslı üslubunda qəhvə” miniatürünü bəyənirəm. Bu miniatür qulaqlıq vasitəsilə Mars küləyinin vıyıltsına qulaq asa-asa qəhvə hazırlanması və onun qeyri-adi dada malik olması haqqındadır. Bu səs isə kosmik aparat tərəfindən yazılır və Yerə ötürülür. 

- Əsərləriniz Rusiyada, İsraildə çap olunur, amma siz Azərbaycanda yaşayırsınız. Nə vaxtsa sizin nəsil yaradıcı ziyalılarının bəzi nümayəndələri kimi başqa ölkəyə köçmək istəyiniz olubmu?

- Hətta belə bir fikir heç vaxt ağlıma gəlməyib. Mən Bakını sevirəm, bu mənim şəhərimdir, onu doğma, yaxın insan kimi qəbul edirəm. İnanın elə bir dövr olub ki, həyat məni boğazımdan tutub az qala əzəcəkdi, vəziyyət fəlakətli idi... Amma mən küsmədim və qaçmadım. Baxmayaraq ki, etiraf etməliyəm ki, xarakterimə görə xaricdə bir çox yerdə yaşaya bilərdim. Bununla belə, qalmağı seçdim. Üstəlik, Bakını, demək olar ki, bütün povestlərim, hekayələrim və esselərimdə hadisələrin cərəyan etdiyi məkana çevirirəm. Doğrudur, əvəzolunmaz düzəlişlə: mən istənilən Bakını təbliğ etməyə hazıram. Ancaq köhnə Bakını vəsf edirəm.

Köçənləri qınamıram. Mən kiməm ki, onları mühakimə edim? Bu dünyada hər kəs öz həyatını yaşayır, oyununu oynayır. Harada olsaq da, Allah hər birimizə kömək edir.

- Müasirlərinizin yazdığı kitabların onun şah əsəri olub-olmadığını necə başa düşürsünüz? Hesab edilir ki, bunu anlamaq üçün müəyyən bir vaxtın keçməsi lazımdır. Məlum olduğu kimi, zaman ən yaxşı sınaqdır. Ümumiyyətlə, yazıçılıqla qrafomaniya arasında sərhəd haradadır?

- Bütün bu anlayışlar keçmişdə qalıb. Çünki hazırda bu anlayışlar silinib. Demək olar ki, hamının yazdığı, hamının çap olunduğu, publikanın “çiy”, savadla yazılmayan, vulqar və ifadəsiz mətnləri ideal sayaraq acgözlüklə oxuduğu indiki vəziyyətdə qrafomanla yazıçını necə ayırd etmək olar? Kitablar okeanında kompassız, sükansız üzdüyünüz, dünənki yazıçıların çoxunun bu gün xatırlanmadığı, bu günün yazıçılarının isə sabah xatırlanmayacağı dövrdə zamanın sınağı nə deməkdir? Hazırda istedadına şübhə edilməyən bəzi müasirlər tanınmırlar, çünki onları görən və təbliğ edən yoxdur. Amma böyük resurslardan istifadə edilərək o qədər də istedadlı olmayan digər müasirlərdən “layihə” hazırlayırlar. Bununla vəziyyətə görə çox vaxt həmin müəlliflərdən ictimai rəyin formalaşdırılması üçün istifadə edilir. Bəs belə bir dövrdə nə etmək olar? Bu gün şah əsərinin yaranması təsadüfdən asılıdır. Mənə deyə bilərlər ki, hazırda internet var, öz yaradıcılığını oraya yerləşdirə bilərsən. Amma internet sonsuz bir okeandır! Əsəri internetdə yerləşdirmək kifayət deyil, çünki o, hələ diqqət də çəkməlidir. Hər halda, bu problem yeni deyil. Cek Londonun “Martin İden” əsərini yenidən oxuyanda əmin olursan ki, roman yüz ildən çox əvvəl mövcud olub. Amma o vaxt internet və universal savad yox idi!

- Belə bir anlayış var: etika. Mən jurnalist etikasının nə olduğunu bilirəm. Bu mənada yazıçılar haqqında nə demək olar? Nəyi etmək olar və nəyi etmək olmaz?

- Fikrimcə, əvvəllər bütün yazıçılar üçün ortaq etika anlayışı yox idi. İndi isə ümumiyyətlə, bu, mifologiyadır... Nəyi etmək olar və nəyi etmək olmaz? Hazırda hər şeyi etmək olar! Reklam edilən müəlliflərin kitablarında zorakılıqdan, cilovsuz seksdən və fizioloji təfərrüatlardan necə bəhs edildiyini gördükcə mat qalıram. Bəzi kitablarda, üzr istəyirəm amma bunu deməliyəm, sözün əsl mənasında, kiminsə nəcisini yeyirlər, kiminsə atası qızını öldürür, daha sonra onu doğrayır, bişirir, yeyir. Oxucular isə bütün bunlardan dəlicəsinə zövq alırlar. Yaxşı, deyək ki, onlar sadəcə oxuculardır. “Stalker” filminin yazıçısı oxucularla bağlı deyib ki, onlara qəlbinizin bütün iyrəncliyini versəniz, onlar bunu da “yeyəcəklər”. Amma ədəbi tənqidçilərin bütün bunları “düşüncəli” şəkildə necə əsaslandırdığını görən zaman bu, məndə çox ağır təəssürat yaradır. Bir növ yazıçı etikası olsa belə, bu, formal deyil, hər müəllifin daxilindədir, müəlliflər isə fərqlidir.

- Süjet, təsvir, personajların psixoloji portreti, inkişafı... Bunların arasında əsas məsələ nədir? Orijinal süjet kitabı “qaldıra” bilərmi? Ümumiyyətlə, ədəbi yaradıcılığın uğurunun kökündə nə dayanır? Hansı şəraitdə kitabın “alındığını” qəti şəkildə deyə bilərsiniz?

- Buna konkret cavab verəcəyəm. Mən məşhur fantastika yazıçısı, mərhum Boris Struqatskinin tələbəsiyəm. O, bizə, ədəbi seminarının iştirakçılarına bunları aşılayıb. Yazıçı üçün təbii ki, süjet, fabula, obrazlar, dil və ideya son dərəcə vacibdir, lakin Boris Natanoviçin deyirdi: “Müəllif onun personajlarının oxucuda empatiya hissi oyadanda, tapşırığını yerinə yetirmiş hesab edə bilər”. Mən də belə düşünürəm və buna uyğun yazmağa çalışıram. Məncə, kitabı məhz özüm oxumağa maraq göstərirəmsə, demək o, uğurla yazılıb. 

- Gəlin, üstünlük verdiyinizin janrlardan danışaq. Ədəbiyyatın hansı janrını sevirsiniz və hansı janrda heç vaxt yazmamısınız?

- Təbii ki, gənc yaşlarımdan bu günə qədər ən çox sevdiyim janr elmi fantastikadır. Bəs heç bir şəraitdə heç vaxt hansı janrda yazmazdım? Bununla bağlı mənfi fikirdə deyiləm və müəyyən şərtlər altında istənilən janrda işləməyi öhdəmə götürərdim, xüsusən də mənim kredom belədir: yazıçı hər şeyi bacarmalıdır. Təkcə onu deyə bilərəm ki, “horror” (qorxu) janrında və fentezi alt janrında işləmək istəməzdim. Qorxu janrı insanın “vəhşi” ehtiraslarını istismar edir. Fentezi hekayələri isə eyni tipdir və təxmin ediləndir. Mən isə son dövrlərdə bir vaxtlar sovet yazıçısı Valentin Katayevin fikirləşdiyi süjetsiz, sərbəst assosiativ - “movizm” (zəif yazı) üslubunda yazmağı sevirəm.  

- İndi yarışların, həyatın müxtəlif sahələrində yaxşı perspektivli müsabiqələrin vaxtıdır. Yazıçılar da bundan kənarda qalmayıblar. Yaradıcı insanlar belə deyək, istedad baxımından yarışa bilərlərmi? Bu, “hər şeyi ürəyinə alan” yazıçılar üçün yaxşıdır, yoxsa bir növ zərərlidir?

- Əlbəttə ki, yaradıcı insanlar müxtəlif müsabiqələrdə iştirak etməlidirlər. Bu, çoxları üçün yaxşı şansdır, lakin hər şey hər bir fərdi iştirakçıdan asılıdır. Heç kəsə sirr deyil ki, bir çox hallarda belə yarışlarda hakimlik mükəmməllikdən çox uzaqdır. Vaiz kitabındakı bu sözləri xatırlatmaq yerinə düşər: “Yarışı həmişə bərk qaçanlar udmur, müharibədə hər zaman igidlər qalib gəlmir, çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, təhsilli insanlar hər zaman xeyirxah olmur, çünki hər şey vaxtdan və şəraitdən asılıdır”.

Bəs “hər şeyi ürəyinə alan” yazıçılar uğursuzluğun öhdəsindən necə gələcək? Güclü qalacaq, yoxsa “sınacaq”? Haqsızlıq onun özünə inamını sarsıdacaqmı? O, bütün dünyaya qəzəblənməyəcəkmi? İstedadını kənara atmayacaqmı? Demək, burada hər kəs öz mülahizəsinə uyğun və bacardığı qədər hərəkət etməlidir. Mənə gəlincə, mən artıq yarışlar üçün qocayam. Üstəlik, mənim heç bir müqabiqələrdə iştirak etmədən uğurlarımın nəticələrindən istifadə etməli olduğum vaxtımdır.

- Tanınmaq, titullar, orden sizin üçün önəmlidirmi? Yoxsa “məşhur olmaq yaxşı deyil”?

- Bu, bəlkə də ən çətin sualdır... Ədəbiyyat kommersiya məsələsi olduğu üçün məşhur olmaq təkcə yaxşı deyil, həm də həyati əhəmiyyət kəsb edir. SSRİ-də “naz etmək” mümkün idi, çünki orada bazar yox idi, məşhur olsanız da, olmasanız da, ciddi zəmanət var idi. Amma bazar başqa məsələdir. Əgər məşhursansa, kitablarını sata biləcəksən. Razılaşın ki, Stiven Kinq və ya Viktor Pelevinin kitabı az tanınan adi, məsələn, Bob Smit və ya Pyotr İvanovun kitabından qat-qat həvəslə alınacaq... Demək, bütün PR əslində şöhrət yaratmaq, onu saxlamaq və inkişaf etdirmək məqsədi daşıyır.

Mənə gəlincə, çox yaxşı başa düşürəm ki, bizim dövrümüzdə orden və titullar xeyli dəyərsizləşib və artıq keçmişdəki kimi güc və təsirə malik deyil. Amma onu nəzərə almağa məcburam ki, cəmiyyətimizdə istər sovet, istərsə də şərq mentaliteti hələ tam aradan qalxmayıb, bu çərçivədə kütlə şüuraltı olaraq titul və orden daşıyıcılarına hörmət bəsləyir. Buna uyğun olaraq, bir çoxlarının gözündə bir növ orden və ya nüfuzlu mükafata sahib olan Aleksandr Xakimov, ordensiz və mükafatsız Aleksandr Xakimovdan daha çox çəkiyə sahib olacaq. Bəli, mükafat, orden almasam da, mənə hörmət edəcək çox sayda oxucu var, lakin belə insanlar, bir qayda olaraq, müəllifin karyerasında az çəkiyə sahib olurlar. Baxmayaraq ki, onlar yazıçı üçün ən vacib, ən dürüst mükafatdır. Üstəlik, fransız yazıçısı və ədəbiyyatşünas Anatol Frans ordenlərə həvəsinə görə qınandıqda belə cavab vermişdi: “Orden mənə yaradıcılığımı müdafiə etməyə yardım göstərir”.

- Doğrudur, bu suala açıq cavab verəcəyinizə əmin deyiləm... Amma onu sizə ünvanlamaq istərdim. Yazıçı Aleksandr Xakimovdan yaxın gələcəkdə nə gözləmək olar?

- Müəllimim Boris Natanoviç Struqatskinin bizə - öz seminaristlərinə belə bir nəsihəti var idi: “Heç vaxt “edirəm” və ya “edəcəyəm” deməyin. Yalnız “Mən etdim” deyin. Başqa sözlə, planları səsləndirməyin, yalnız nəticələri göstərin”. Mən onunla razıyam.

Digər tərəfdən sizi məyus etmək istəməzdim və buna görə də arzumu sizinlə paylaşacağam. Yəni nə vaxtsa həyata keçməmiş arzum haqqında kitab yazmaq istərdim. Baxın, elmi fantastikaya olan həvəsim sayəsində, hətta uşaq vaxtı, yəni yarım əsr bundan əvvəl mən ekzobioloq ­– Yer kürəsindən kənardakı həyatı öyrənən alim olmaq istəyirdim. O vaxt astronavtikanın uğurları o qədər ümidverici idi ki, düşünürdük ki, sanki bir az daha cəhd göstərsək, Marsda və ya Venerada canlılar tapacağıq. Ancaq əslində hər şey daha mürəkkəb oldu. Amma vaxt gedirdi. Mən yeniyetmə dövrümdə həyatımı Dünya okeanını öyrənməyə həsr etmək qərarına gəldim.

Həqiqətən də, okeanların dərinlikləri insanlara kosmos qədər düşmən münasibət bəsləyir. Astronavtlar kimi okeanavtlar da skafandrlar, idarə olunan nəqliyyat vasitələri, robotlardan istifadə etməlidirlər. Üstəlik, okeanların qaranlıq dərinliklərində çox sayda inanılmaz canlı məskunlaşıb. Onlar fantastikdən da fantastikdir! Bura kosmosda deyil, düz yanımızda olan əsl sirli başqa bir planetdir! Özümü okeanoloq olmaq üçün hazırlamağa başladım. Maneələrə baxmayaraq, israrla öz məqsədimə doğru gedirdim və hətta bu istiqamətdə uğur qazandığımı söyləyə bilərəm. Amma yenidənqurma və SSRİ-nin dağılması bütün planlarımı alt-üst etdi. Bununla bağlı yalnız arzum qaldı. Üstəlik, yaxın gələcəkdə Yupiter və Saturnun peyklərinin buzaltı okeanlarında həyatın aşkarlanması ehtimalı var. Hətta bu maraqlı hadisəni görəcəyimə ümid edirəm. Yazmaq istədiyim kitaba gəlincə, keçmiş və indiki Bakının, doğma həyət və məktəbin, dostlar və düşmənlərin, valideynlər və uşaqların, sevimli kitablar və televiziya verilişlərinin, sevincli və kədərli günlərin, sülh və müharibənin, kosmos və okeanın, insanlar və heyvanların xatırlandığı süjetsiz əsər ərsəyə gətirmək istərdim. Bütün bunların qarışıqlıq deyil, planların, xatirələrin və düşüncələrin mozaikası olmasını istərdim. Mənim kifayət qədər materialım var, axı, mən iki əsrdə yaşamışam və çox şeylər görmüşəm. Amma belə bir kitabi, süjetin olmamasına baxmayaraq, asan və tez yazmaq mümkün deyil.



MƏSLƏHƏT GÖR:

14