17 May 2024

Cümə, 11:52

SABAH ÜÇÜN HƏDƏF

Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri hakim partiya üçün gözlənilməz oldu

Müəllif:

15.04.2024

Son dövrlərdə regionda baş vermiş ən vacib hadisələrdən biri, yəqin ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkisidir. O, həm də ölkədə ötən ilin mayında prezident və parlament seçkiləri ilə başlamış böyük elektoral dövrün başa çatması ilə əlamətdardır. Ən əsası isə, seçkinin nəticələri çoxları üçün gözlənilməz olub.

 

«Başqa ölkə»də oyananlar

Son seçkinin nəticələrinə əsasən formalaşmış siyasi qüvvələr nisbəti Türkiyədə bundan sonrakı daxili siyasi proseslərə, bəlkə də növbəti prezident seçkisi ərəfəsində siyasi iqlimin formalaşmasına öz təsirini göstərəcək.

Bələdiyyə seçkisi hər şeydən öncə seçicilərin siyasi proseslərə ciddi marağını ortaya qoyub. Hər halda, Türkiyənin səsvermə hüququ olan 61 milyon vətəndaşının 78%-dən çoxu seçki məntəqələrinə üz tutub. Bu, həm də insanların seçki sisteminə inamının yüksək olduğunun göstəricisidir.

Nəzərə alsaq ki, seçkiyə hazırlıq son dərəcə sərt siyasi mübarizə şəraitində keçib, nəticələr ölkə daxilindəki real siyasi qüvvələr nisbətinin təzahürü sayıla bilər.

Türkiyə Ali Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) sədri Əhməd Enər bülletenlərin 99,99%-nin sayılmasından sonra deyib: Cümhuriyyət Xalq Partiyası (CXP) 35 şəhər bələdiyyəsində, Ədalət və İnkişaf Partiyası (ƏİP) 24, kürdpərəst «DEM Parti» isə 10 şəhər bələdiyyəsində çoxluğa yiyələnib. Yerdə qalan siyasi təşkilatlar – Millətçi Hərəkat Partiyası (MHP), Yenidən Rifah Partiyası (YRP), Böyük Birlik Partiyası və «İYİ Parti» müvafiq olaraq, 8, 2, 1 və 1 şəhərdə üstün olublar.

Ener bildirib ki, 30 iri şəhərin bələdiyyə sədrliyi uğrunda mübarizədə CXP 14, ƏİP 12 qələbə qazanıb. Müxalifətçi CXP-nin qalib olduğu ərazilərdə, ümumilikdə, Türkiyə əhalisinin 60%-i yaşayır. Ümumdaxili məhsulun təxminən üçdə ikisi də bu ərazinin payına düşür.

Bu seçkidə CXP İstanbul, Ankara, İzmir, Antalya kimi iri şəhərləri əlində saxlaya bilməklə yanaşı, 2019-cu ilin bələdiyyə seçkisi ilə müqayisədə daha 13 regional mərkəzi aktivinə yazıb. Bu, hakim partiya üçün açıq məğlubiyyətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son iki ayda partiyasından bələdiyyə sədrliyinə namizədləri, xüsusilə İstanbul, Ankara və İzmin bələdiyyəsinə iddialı partiyadaşlarını önə çıxarmaq üçün ciddi zəhmət çəkmişdi. O, ötən seçkidən CXP-də olan bu şəhərləri geri qaytarmağa çalışsa da, nəinki istəyinə nail olmayıb, hətta digər iri şəhərləri də uduzub. CXP-nin qələbəsinə gəlincə, bu, həm də ona görə inamlı zəfər sayılır ki, partiya 1977-ci ildən bu yana belə nəticə əldə edə bilməmişdi.

Hər zaman prezidentliyə tramplin sayılan İstanbul bələdiyyəsinin sədri postunu CXP-nin namizədi Əkrəm İmamoğlu əlində saxlamağı bacarıb. Üstəlik, bu dəfə o, ötən seçkidəki nəticəsini daha da yaxşılaşdırıb. İmamoğlu 2019-cu ildə 14 regionda qalib gəlmişdisə, bu dəfə bu cərgəyə daha 12 regionu əlavə edib. Beləliklə, Böyük İstanbulun 36 regionunun 26-sı – mütləq çoxluğu müxalifətin namizədini dəstəkləyib.

Paytaxt Ankarada da mənzərə oxşardır. CXP-dən olan bələdiyyə sədri Mənsur Yavaş səslərin 60%-ni qazanaraq, mövqeyini daha da gücləndirib. Onun rəqibi yalnız 37% səs qazanıb ki, bu da 70-ci illərdən bu yana görünməmiş haldır.

ƏİP, MHP və «İYİ Parti»ni əvvəlki seçki ilə müqayisədə daha az insan dəstəkləyib. Kürdpərəst «DEM Parti» isə seçicilərinin 4%-ni itirərək, cəmi 6% səs yığıb.

 

Seçkinin verdiyi dərslər

Hakim partiya üçün uğursuz alınan bələdiyyə seçkisindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçki qutuları vasitəsi ilə xalqın mesajını aldıqlarını deyib və bildirib ki, 31 mart o və tərəfdarları üçün dönüş anıdır. «Təəssüf ki, yerli seçkilərdə sınaqdan çıxa bilmədik və gözlədiyimiz nəticəni qazanmadıq. Seçkinin nəticələrini qiymətləndiririk və cəsarətli şəkildə özünütənqidlə məşğuluq», - deyə o, qeyd edib.

Qeyd olunmalıdır ki, son onillik ərzində Türkiyədə müxalifət ənənəvi olaraq, yalnız iqtisadi deyil, həm də turizm, humanitar mərkəzlər olan iri şəhərlərin yerləşdiyi sahilyanı bölgələrdə liderlik edir. Türkiyənin siyasi gündəmi isə məhz bu şəhərlərdə formalaşır, seçicilər ölkənin daxili və xarici siyasətdə hansı istiqamətdə getməli olduğunu məhz bu şəhərlərdə verdikləri səslə ortaya qoyur.

Ötən seçki ilə müqayisədə görürük ki, bu dəfə müxalifət nüfuz dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, hakim partiya üsün kritik sayılacaq həddə çatdırıb. İndi ölkə əyalətlərinin yarısından çoxunda bələdiyyələr məhz müxalifətin nəzarətindədir. Hakimiyyətpərəst siyasi təşkilatlar isə yalnız regionlarda üstünlük qazanıblar. Amma burada da hər şey birmənalı deyil. Söhbət əsasən əhalisi çox olmayan, az inkişaf etmiş rayonlardan gedir.

Məlum olduğu kimi, Türkiyə 7 nəhəng vilayətdən ibarətdir. Hakim «Cümhur İttifaqı»nda yer alan siyasi partiyalar bu vilayətlərin heç birində çoxluq qazanmayıb. Müxalifət isə Egey dənizi regionuna tam nəzarət edir, Mərmərə və Aralıq dənizi regionlarında isə (Türkiyənin aparıcı sənaye bölgələri sayılır) ciddi üstünlüyə malikdir.

 

Ərdoğan üçün dilemma

Bu, müxalifətə birmənalı üstünlük, əhəmiyyətli nüfuz resursu verir. Türkiyə ƏİP-in hakimiyyətə gəlişindən bu yana belə vəziyyətlə üzləşməmişdi. Son seçkinin nəticəsi bir yandan aparıcı müxalifət partiyasında 2028-ci ildə başlayacaq növbəti elektoral dövrdə qələbə üçün ciddi ümidlər yaradır, digər tərəfdən bu vəziyyət Prezident Ərdoğanın xarici siyasi kursuna da təsir göstərə bilər. Çünki yeni şəraitdə o, daxili problemlərin həllinə, Türkiyə ictimaiyyətinin tələbatının qarşılanmasına daha çox diqqət ayırmalı olacaq. Bu halda isə daha əvvəl irəli sürülmüş miqyaslı geosiyasi layihələr bir qədər arxa plana keçə bilər.

Ərdoğan üçün bu, güman ki, son seçki idi və indi o, hakimiyyətin ötürülməsini təmin etmək haqda düşünəcək. İndiki şəraitdə isə onun siyasi varisi effektiv siyasi institutlara arxalanmalıdır. Bələdiyyə seçkisi hökumətin zəiflədiyini, yerlərdə əvvəlki siyasi idarəçilik üsullarının artıq effektiv olmadığını göstərib.

Maraqlıdır ki, bələdiyyə seçkisinə bir gün qalmış «The Wall Street Journal» nəşri «Bayraktar» dronları istehsal edən şirkətin rəhbəri, Ərdoğanın kürəkəni Səlcuk Bayraktarın növbəti seçkidə ölkənin başına keçə biləcəyini yazıb. Doğrudur, Bayraktar siyasətçi deyil, lakin o, istər Türkiyədə, istərsə də ölkəsindən kənarda çox populyardır. Bununla yanaşı, hakim partiya seçkidə yol verdiyi yanlışlıqları nəzərə almazsa, Bayraktar belə, ciddi risklə üz-üzə qala bilər.

Səsvermənin səhəri gün «Hürriyyet» qəzeti seçkidəki məğlubiyyətin nəticəsi olaraq, Nazirlər Kabinetində ciddi dəyişikliklərin olacağını yazıb. Hesab edilir ki, məğlubiyyətin əsas səbəbi iqtisadi vəziyyətin çətinliyi və hökumətin böhranlı vəziyyətlərin öhdəsindən effektiv şəkildə gələ bilməməsidir. Türkiyənin statistika xidməti – «TurkStat» bildirir ki, mart ayında ölkədə istehlak qiymətlərinin artımı yenidən sürətlənib və 2022-ci ilin noyabrında qeydə alınmış maksimal həddi keçib. Fevral ayında 67,07% təşkil etmiş inflyasiya 68,5%-ə yüksəlib.

Bütün bunların mənfi nəticələrini ilk növbədə, bahalaşmanın daha ciddi olduğu iri şəhərlərin əhalisi hiss edir. Proqnozlara görə isə ölkədə inflyasiyanın piki mayda qeydə alınacaq – illik 75%. Bu, son 23 ilin, yəni ƏİP-in hakimiyyətdə olduğu dövrün ən yüksək həddi olacaq.

Son seçkidən sonra Türkiyə lirəsi 0,2% də ucuzlaşaraq, 32,4 dollara bərabər olub. Bu, indiyədək qeydə alınmış ən aşağı həddir. Beləliklə, Türkiyə lirəsi sürətlə ucuzlaşması nəticəsində dəyərinə görə Çili pesosundan sonra ikinci pillədə yer alır.

 

Hökumətin cavabı nə vaxt və necə olacaq?

Müxalifət bələdiyyələrdə üstünlükdə olduqları şəhərlərdə bu çətinliklərdən məharətlə yaralanır. Bundan başqa, İstanbul, İzmir, Adana kimi iri sahilyanı şəhərlərdə xeyli sayda suriyalı qaçqın yaşayır və bu, sosial infrastruktura əlavə yükdür. Rəsmi statistikaya görə, bir il əvvəl ölkədə 5,4 milyon əcnəbi var idi və onun təxminən 1,3 milyonu İstanbulda yaşayırdı. Bu, əhalinin təxminən 8%-i deməkdir. Həmin insanların 500 mindən çoxu məhz Suriya vətəndaşıdır. Suriya qaçqınlarının əksəriyyətinin sosial vəziyyəti yaxşı deyil və onların bir çoxu tez-tez qanunsuz əməllərə əl atır. Bu özü də yalnız İstanbulda deyil, digər şəhərlərdə də yerli əhalini qıcıqlandıran amillərdəndir. Müxalifət hökuməti qaçqınların sosial problemlərini həll etməməkdə, ən əsası isə onların gəldikləri ölkələrə qaytarılacaqlarına dair vədini yerinə yetirməməkdə günahlandırır. Halbuki Türkiyə hökuməti hələ ötən il bildirirdi ki, bu insanlar tədricən öz vətənlərinə qaytarılacaqlar. Lakin ölkədə baş vermiş dəhşətli zəlzələ, Yaxın Şərqdəki çətin siyasi proseslər, o cümlədən Kürd Fəhlə Partiyasına qarşı davam edən antiterror əməliyyatları bu planın icrasına mane olub.

Hökumətin arqumentləri də az deyil. Məsələn, son zamanlar Türkiyədə işsizlik səviyyəsinin xeyli azaldığı müşahidə olunur. O, 2023-cü ilin son rübündə ən aşağı həddə çatıb. Rəsmi statistikaya görə, hazırda ölkədə işsizlik səviyyəsi 8,8%-dək azalıb ki, bu da son 42 rübün ən aşağı göstəricisidir. Amma inflyasiya bu uğurun üzərinə kölgə salır.

Bütün bunlarla yanaşı, ölkədə kürdpərəst «DEM Parti»nin populyarlığının davam etməsi də müəyyən narahatlıqlar yaradır. Üstəlik, onun əhatə dairəsi getdikcə artır, bu isə separatçı əhvalı gücləndirir. Eyni zamanda Türkiyədə kürd separatçılarına qarşı tədbirlər gücləndirilir. Bələdiyyə seçkisindən dörd gün sonra Suriyanın şimalında «Fərat qalxanı» əməliyyatının aparıldığı zonada 4 YPG/PKK terrorçusu zərərsizləşdirilib. Ankara prinsipinə sadiqdir: kürd separatçılığı ilə vahid türk xalqı çərçivəsində kürdlərə siyasi hüquqların verilməsi eyni şey deyil. İstənilən halda, Türkiyə ərazisinin kürdlərin sıx yaşadığı bölgələrinin əksəriyyətində ƏİP hələ də aparıcı qüvvə olaraq qalsa da, vəziyyət birmənalı deyil.

İstənilən halda, hakim partiyanın məğlubiyyətə cavabının nə qədər effektiv və adekvat olacağını zaman göstərəcək. Aydın olan odur ki, onun effektiv həll yolları tapılması üçün o qədər də çox vaxtı yoxdur.



MƏSLƏHƏT GÖR:

20