17 May 2024

Cümə, 13:20

AFRİKA YAXIN OLARSA

Azərbaycan uzaq qitə ölkələri ilə münasibətlər qurur

Müəllif:

15.04.2024

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri tam haqlı olaraq, tarixi səfər sayıla bilər. Çünki bu, tarixdə Bakıya «Qara Afrika»nı təmsil edən ilk ölkə başçısının səfəri idi.

Son illər beynəlxalq arenada, xüsusilə Qoşulmama Hərəkatı ölkələri arasında Bakının nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu, həm də onun beynəlxalq məsələlərdə fəal mövqe nümayiş etdirməsi, üçüncü dünya ölkələrinin maraqlarının reallaşdırılmasında onlara dəstək ifadə etməsilə bağlıdır.

Bundan başqa, Bakının region ölkələri ilə dialoqunun güclənməsinə Azərbaycan rəhbərliyinin Fransa əleyhinə ritorikası da öz təsirini göstərir. Keçmiş «Fransa Afrikası» ölkələrinin bir çoxunun Beşinci Respublikanın hazırkı rəhbəri ilə münasibəti yumşaq desək, yaxşı deyil. Konqonun da daxil olduğu bir qrup dövlət isə sadəcə, Parisdən uzaq durmağa çalışır.

 

Makron yaxınlaşdırır?

Fransa Prezidenti Emmanuel Makron Burkina-Faso paytaxtı Uaqaduquda hələ 2017-ci ildə etdiyi çıxışında Parisin Afrika ilə bağlı siyasətinin dəyişməli olduğunu ilk dəfə dilə gətirmişdi. 2023-cü ilin fevralında isə o, yerli səviyyədə asimmetriya və paternalizm kimi qiymətləndirilən münasibətlərə son qoyulması üçün, qitə ilə əməkdaşlıqda «dərin dəyişikliklər»ə gedildiyini bəyan edib. Amma ötən dövrdə dəyişən heç nə yoxdur.

Fransa rəhbərliyi ilə «xüsusi münasibətlər»i olan liderlər arasında Konqo Prezidenti Deni Sassu-Nqesso da var. Qitənin ən yaşlı lideri sayılan (79 yaş) dövlət başçısı 39 ildir hakimiyyətdədir.

Makron Mərkəzi və Cənubi Afrikaya ötənilki turnesi zamanı Konqo Prezidenti ilə görüşündə onu dolayısı ilə demokratik seçilmiş lider meyarlarına uyğun gəlməməkdə ittiham edib. Konqo Prezidenti isə Makrona onun ölkəsinə hörmətlə yanaşmağı, tərəfdaş kimi baxmağı, «paternalist baxışlardan əl çəkməyi» tövsiyə edib.

Ola bilsin ki, Azərbaycan Deni Sassu-Nqesso üçün müəyyən mənada imperiya keçmişi ilə mübarizə ənənəsini davam etdirən dövlətdir. Sovet İttifaqı illərində Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunda konqolu tələbələr də təhsil alır və öz ölkələrinin neft sənayesində çalışırdılar. Bununla yanaşı, azərbaycanlı mütəxəssislər də Konqoda çalışır, yerli həmkarlarının neft sahəsini öyrənməsinə köməklik göstərirdilər.

 

Enerji və digər məsələlər

Odur ki, Konqonun dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə həm neft sahəsində əməkdaşlığın inkişafı, həm də konqolu tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları ilə bağlı məsələləri müzakirə edib.

Azərbaycan üçün Konqo ilə münasibətlərin inkişafı Afrika ölkələrində iqtisadi mövcudluğunu təmin etmək, qitənin perspektivli bazarlarına investisiya yatırmaq, bölgənin zəngin resursları uğrunda rəqabətə girmək imkanı yaradır. Bu mənada, «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında «Congolaise de Raffinage» neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı» xüsusi əhəmiyyət daşıyır. İstismara 1982-ci ildə verilmiş «Congolaise de Raffinage» («Coraf») Konqonun yeganə neft emalı zavodudur. Onun illik rəsmi istehsal gücü 1,2 milyon tondur və bu, yerli bazarın 70%-ni hazır neft məhsulları ilə təmin edir. Zavodun təkmilləşdirilməsi və istehsal gücünün artırılması ölkənin iqtisadi siyasətinin strateji istiqamətidir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Konqo hökuməti Çin investisiyasının köməyi ilə Puent-Nuar şəhəri yaxınlığında daha bir neft emalı zavodunun inşasına başlayıb.

2021-ci ildə Konqoda rəsmi olaraq, sutkada 344 min barel neft hasil olunub. Hazırda ölkə neft hasilatının həcminə görə Afrikada dördüncü yerdədir. Onun kəşf olunmuş neft ehtiyatı 1,6 milyard barel (dünyada 38-ci yer), təbii və səmt qazı ehtiyatı isə 90,61 milyon kubmetr qiymətləndirilir.

Azərbaycanda olan Konqo Prezidenti Deni Sassu-Nqesso və digər rəsmilər aprelin 5-də Səngəçal terminalına baş çəkib, terminalın işi ilə tanış olublar. Terminalın modeli və ya onun ayrı-ayrı elementləri Konqonun neft emalı zavodunun fəaliyyətinin genişləndirilməsi layihəsi üçün əsas götürülə bilər.

Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştiraka maraq göstərir. Bərpa olunan enerji, energetika, mədənçıxarma sənayesi və s. kimi sahələrdə yaxşı əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb. Yaxın aylarda biznes xətti ilə təmasların gücləndiriləcəyi gözlənilir.

İkitərəfli münasibətlərin inkişafı üçün siyasi-hüquqi bazanı isə səfər çərçivəsində imzalanmış «Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə» oynayacaq.

Azərbaycan Afrikada «yumşaq güc» olaraq «ASAN xidmət» modelindən istifadə edə bilər. Qitə ölkələrinin bu modelə maraq göstərdikləri çoxdan məlumdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin («ASAN xidmət») rəhbəri Ülvi Mehdiyev layihəni təqdim etmək, onun təşkili təcrübəsini yerli hökumətlərlə bölüşmək üçün dəfələrlə Afrika ölkələrində olub.

Deni Sassu-Nqessonun Bakıya səfəri çərçivəsində 7 saylı «ASAN xidmət» mərkəzinin işi ilə tanış olması da təsadüf deyildi. O, ölkənin müvafiq dövlət qurumlarının nümayəndələrini bu xidmətin konsepsiyası ilə tanış olmaları, qarşılıqlı əlaqə qurmaları üçün Azərbaycana göndərəcəyini bildirib.

 

Bənzər mövqe: «Yaşıl gündəm» və Qoşulmama Hərəkatı

Deni Sassu-Nqessonun Bakıya səfəri zamanı «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu» da imzalanıb. Bu sənəd tərəflərin «yaşıl gündəm» çərçivəsində, məsələn, Azərbaycanın COP29 qlobal sammitinə hazırlığı işində əməkdaşlığına imkan yaradır.

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq etmək niyyətlərini də dilə gətiriblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində neomüstəmləkəçiliklə mübarizə əsas prioritetlər sırasında olub. O, bu istiqamətin, ümumiyyətlə, Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu söyləyib. «Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir», - deyə İ.Əliyev qeyd edib.

Bu mövzunun müzakirəsi Deni Sassu-Nqessonun Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşündə də davam etdirilib. Bildirilib ki, 2021-ci ildə İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın 70-dən çox ölkənin təmsil olunduğu Parlament Şəbəkəsi yaradılıb və Bakı istər Milli Məclisin, istərsə də Konqo Senatı deputatlarının bu qurumda fəal iştirakının tərəfdarıdır.

 

Regiona qapı açan səfər

Qeyd olunmalıdır ki, Konqo mütəmadi olaraq insan hüquqları və demokratik azadlıqların pozulması ilə bağlı tənqidlərə məruz qalan dövlətlər sırasındadır. Bununla yanaşı, ölkə beynəlxalq humanitar təşkilatların diqqətindən kənarda qalıb və o, bir çox sosial problemin öhdəsindən təkbaşına gəlməli olur.

2023-cü ilin sentyabrında Afrika ölkələrində bir-birinin ardınca baş verən dövlət çevrilişləri fonunda Qərb mətbuatı Konqoda hərbi çevrilişin başladığına dair xəbərlər yayırdı. Lakin bu məlumatlar aşkar təxribat xarakteri daşıyırdı. Çünki həmin vaxt Prezident Sassu-Nqesso Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edirdi. Nəticədə, az sonra məlumat Konqo hökuməti tərəfindən təkzib olundu.

Konqo kimi ölkələrin informasiya təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq dəstəyə ehtiyacı investisiyalara olan ehtiyacından heç də az deyil. Odur ki, səfər çərçivəsində siyasi əməkdaşlıq məsələsinə də xüsusi diqqət ayrılıb.

Konqo Prezidenti Afrikanın ən təcrübəli rəhbərlərindən olmaqla yanaşı, həm də ən nüfuzlu liderlərindən biridir. Bu səbəbdən, onun Azərbaycana səfərlə bağlı təəssüratları Bakının qitə ölkələri ilə münasibətlərini inkişaf etdirməsi baxımından çox vacibdir. Beynəlxalq və regional məsələlərin əksəriyyətinə yanaşmanın bənzər olması isə tərəflərin məhsuldar dialoq qurmasına imkan yaradır. Azərbaycan «fransız Afrikası»ndan, Parisin keçmiş «malikanə»sində mövcudluğunu gücləndirir, Konqo isə özü üçün bu gün uzaq, lakin gələcəkdə ola bilsin ki, yaxın olacaq Xəzər dənizi və Cənubi Qafqaz regionunda maraqlarını önə çəkmək imkanı qazanır.

Belə bir vəziyyətdə digər Afrika ölkələri liderlərinin Sassu-Nqessodan nümunə götürəcəkləri istisna deyil. Baş verənlərə orta və kiçik fövqəldövlətlərin öz regionlarından kənarda da fəal siyasət yürütməyə başlaması baxımından, beynəlxalq münasibətlər sistemində ciddi tərpəniş kimi baxmaq olar.



MƏSLƏHƏT GÖR:

22