5 Yanvar 2025

Bazar, 03:17

TBİLİSİ BURULĞANI

Gürcüstanda daxili siyasi gərginlik Rusiya ilə Qərbin Cənubi Qafqazdakı qarşıdurmasının tərkib hissəsidir

Müəllif:

01.05.2024

Gürcüstan siyasi burulğanın növbəti mərhələsini yaşayır. Baş verənlərin səbəbləri arasında xarici amilin də ciddi rolu var. Parlamentin birinci oxunuşda qəbul etdiyi «Xarici təsirin şəffaflığı haqqında» qanunla əlaqədar başlamış etirazlar yalnız hakimiyyətlə müxalifət arasında mübarizənin qızışdığını yox, həm də Rusiya ilə Qərbin Cənubi Qafqaz uğrundakı qarşıdurmasının getdikcə qızışdığını göstərir.

 

Qanun layihəsinin coşdurduğu ehtiraslar

Aprelin əvvəlində hakim «Gürcü arzusu» partiyası bir il əvvəl Tbilisidə keçirilən kütləvi etiraz aksiyaları nəticəstində parlamentdən geri çağırılmış qanun layihəsinin yeni variantının səsverməyə çıxarılması planını açıqlayar-açıqlamaz, narazılıqlar yenidən baş qaldırıb. Nəticədə, sənədin ölkə parlamentində birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunduğu 17 aprel ərəfəsində və ondan sonra Tbilisini yeni etiraz aksiyaları bürüyüb. Az sonra aksiya iştirakçıları ilə polis arasında toqquşmalar da başlayıb.

Gürcü ictimaiyyətində belə çılğın və birmənalı olmayan reaksiya yaratmaq qanun layihəsi maliyyəsinin 20%-ni xarici mənbələrdən əldə edən KİV və qeyri-kommersiya hüquqi şəxslərdən (qeyri-hökumət təşkilatlarından) «xarici dövlətin maraqlarını təmsil edən təşkilat» kimi qeydiyyatdan keçmələrini tələb edir. Yeri gəlmişkən, sənədin ilkin variantında bu təşkilatlar konkret olaraq, «xarici agentlər» adlandırılırdı.

«Xarici dövlətin maraqlarını təmsil edən təşkilatlar» hər il maliyyə bəyannaməsi doldurmalı olacaqlar. Belə təşkilatları üzə çıxarılması üçün araşdırmanın aparılması səlahiyyəti isə Ədliyyə Nazirliyinə həvalə olunur. Qanunun pozulmasına görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası və cərimə (25 min lari və ya təxminən 9 min avro) nəzərdə tutulur.

Gürcüstanın qərbpərəst müxalifət qüvvələri hakim partiyanın bu qanun layihəsini sərt tənqid edir, onu Rusiyanın maraqlarına xidmətdə günahlandırır. Onlar Rusiyanın müvafiq normativ aktı ilə müqayisə etdikləri bu sənədi elə «xarici agentlər haqqında» qanun adlandırırlar.

Moskva isə Gürcüstanın hazırladığı qanun layihəsinə hər hansı aidiyyətinin olmadığını bildirir, Rusiyanın belə normativ-hüquqi aktların tətbiqində «pioner» olmadığını deyir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, «xarici agentlərlə mübarizə sistemi»ni düşünmüş və tətbiq etmiş ilk ölkə ABŞ-dır.

Bununla yanaşı, məlumdur ki, bənzər qanunların qəbulu və reallaşdırılması təcrübəsi yalnız ABŞ və Rusiyada deyil, məsələn, Avstraliya və İsraildə də var. Bundan başqa, «hərbi vəziyyət şəraiti»ndə eyni təcrübədən Aİ də istifadə etməyi nəzərdə tutur.

Gürcüstanın «xarici agentlər qanunu»na etiraz edən müxalifətçiləri ölkə prezidenti Salome Zurabişvili də dəstəkləyir. O, bununla hökumətlə qarşıdurmanı davam etdirmək əzmində olduğunu göstərir. Xatırladaq ki, Zurabişvili əvvəllər müxalifətə aid olmayıb, hətta «Gürcü arzusu»nun yaradıcısı, milyarder, Bidzina İvanişvilinin adamı sayılıb. Lakin sonradan o, «Gürcü arzusu»ndan uzaqlaşmağa, ölkənin Aİ-yə üzvlüyü kursunun davamçısı qismində çıxış etməyə başlayıb. Hazırda Gürcüstan Prezidenti özünü Tbilisinin Avropaya inteqrasiyasının qatı tərəfdarı, Rusiyanın nüfuzu ilə mübarizə aparan lider kimi təqdim edir.

«Biz Avropa İttifaqına üzvlüyə namizəd statusu ilə gələn ilin dekabrında üzvlüklə bağlı danışıqlara başlanılması gözləntisinin arasındayıq. Bu mərhələdə Rusiya üçün Gürcüstanın yolunu kəsmək, onun Avropaya inteqrasiyasına mane olmaq vacibdir», - deyə Zurabişvili bildirib. Hakim partiyanın səsverməyə çıxardığı qanun layihəsini «Rusiyanın qanunu», Moskvanın «yumşaq güc» nümunəsi, Tbilisinin Avropaya inteqrasiya kursuna qarşı aparılan «hibrid müharibə» adlandıran prezident bildirib ki, layihə parlamentdə ikinci və üçüncü oxunuşda qəbul edilərsə, o, sənədə veto hüququndan mütləq istifadə edəcək.

Lakin qanuna prezidentin veto qoymaq hüququna rəğmən, onun parlament tərəfindən təsdiqlənməsi güman ki, yeni kütləvi etiraz aksiyaları ilə müşayiət ediləcək. Yəni qarşıdakı günlərdə Gürcüstanda nümayişçilərlə polis arasında yeni toqquşmalar istisna edilmir. Bundan başqa, «Gürcü arzusu» tərəfdarlarının da küçələrə axışa biləcəyi də gözlənilir ki, bu da ölkədə ciddi vətəndaş qarşıdurmasınadək gedib çıxa bilər.

 

Qərb, «arzuçu»lar, milli suverenlik

Gürcüstanda daxili siyasi vəziyyətin gərginləşməsi fonunda «Gürcü arzusu»nun sözügedən qanun layihəsi ABŞ və Avropa İttifaqı tərəfindən də sərt tənqid olunur. Məsələn, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, «xarici agentlər qanunu»nun qəbulu Gürcüstanı Aİ-yə üzvlükdən uzaqlaşdıracaq. Bu, Qərbin rəsmi Tbilisiyə açıq təzyiqinin göstəricisidir. Ümumiyyətlə, Avr-Atlantika mərkəzlərində hesab edirlər ki, Qərb həm Gürcüstanın Aİ-yə inteqrasiya kursunun tempindən, həm də «Gürcü arzusu» hökumətinin Rusiyaya münasibətdə çox ehtiyatlı siyasət yürütməsindən narazıdır. Sonuncu məqam xüsusilə Gürcüstan hökumətinin Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunmuş sanksiyalara dəstək verməməsindən irəli gəlir.

Bununla yanaşı, Gürcüstanın hakim partiyası Qərbi ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. «Gürcü arzusu»nun baş katibi Kaxa Kaladze Aİ ilə ABŞ-ni vaxtilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin razılığı olmadan heç bir addım ata bilməyən SSRİ ilə belə, müqayisə edib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə qeyd olunan qanunun qəbulu zərurətini qeyri-hökumət təşkilatlarının «radikalizmin, Gürcüstanın siyasi həyatında qütbləşmənin əsas mənbələrindən birinə çevrilmələri» ilə əsaslandırıb. Qanun layihəsinin əsas hədəfinin Gürcüstan mediasını maliyyələşdirən Qərb fondları olduğuna dair ittihamlara cavabında baş nazir deyib: «Şəffaflıq bərabər səviyyədə hər kəsə aiddir: dostlara da, düşmənlərə də».

Parlamentdəki çoxluğun lideri Mamuka Mdinaradze isə qanunun qəbulu zərurətini əsaslandırarkən bildirib ki, «qeyri-hökumət təşkilatları ölkənin təhlükəsizliyini pozur». O, belə təşkilatların Gürcüstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışdıqlarını, məqsədlərinin isə Rusiyaya qarşı «ikinci cəbhənin açılması» olduğunu deyib. Beləliklə, səs-küyə səbəb olmuş qanun layihəsinin zəruriliyini əsaslandırmağa çalışan hakimiyyət təmsilçilərinin arqumentində ölkənin «yeni Ukraynaya çevrilə biləcəyi»ndən narahatlıq xüsusi yer tutur.

Baş nazir Kobaxidze bildirib ki, QHT-lər 2020-2022-ci illərdə ölkədə hakimiyyət dəyişikliyinə nail olsaydılar, «bu gün Gürcüstan Ukraynadan ağır vəziyyətdə idi». Bununla yanaşı, o, qanunun qəbulunun Gürcüstanın Avropaya inteqrasiyasına mane olmayacağı qənaətindədir. «Biz dövlətimizin suverenliyini qorumuruqsa, Ukraynada yaşananlar bizim də başımıza gələcək. Bu halda sülh və Avropaya inteqrasiya keçmişdə qalacaq. Müvafiq olaraq, bu qanun layihəsi elə bizim Avropaya inteqrasiyamıza xidmət edir. Suverenlik olmadan Avropaya qoşulmaq mümkün deyil», - deyə hökumət başçısı vurğulayıb.

«Gürcü arzusu»nun sədri, sabiq baş nazir İrakli Qaribaşvili də düşünür ki, qeyd olunan qanunun qəbulu ölkənin Aİ-yə inteqrasiyası tempinə təsir göstərə bilməz. O, hesab edir ki, bu prosesdə ləngimələr Brüsselin özünün genişlənməyə hazır olmaması ilə bağlıdır. Sabiq hökumət başçısı deyib ki, Gürcüstana «sabah» Aİ-yə üzv olacağı deyilərsə, o, qanunu ləğv edə də bilər.

Qaribaşvilinin bəyanatında Aİ ilə sövdələşmək istəyinin, yoxsa Gürcüstanın tezliklə bu birliyə qoşulacağına skeptik yanaşmanın çox olduğunu söyləmək çətindir. Onun fikirlərinin məntiqi ondadır ki, Aİ heç bir halda Tbilisini sıralarına qəbul etmək niyyətində deyilsə, qanun layihəsinin Avropaya inteqrasiyaya mane olacağından çəkinməyin mənası yoxdur. Bununla yanaşı, Gürcüstan hökuməti təmsilçilərinin əsas səyləri Qərbin getdikcə artan təzyiqi ilə qarşı-qarşıya qalmış ölkənin suverenliyinin gücləndirilməsinə yönəlib. Qərb Gürcüstanda Avropaya inteqrasiyasının radikal tərəfdarlarına dəstəyini zərrə qədər də gizlətmir.

Görünən odur ki, «Gürcü arzusu» hökuməti ölkənin Aİ və digər Avro-Atlantik strukturlara inteqrasiyası kursunu gürcü eyniliyi, ənənəvi dəyərlərlə birləşdirməkdə israrlıdır. Hakim partiyanın ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi, Konstitusiya qanununun qəbulu təşəbbüsü də bundan irəli gəlir. Dəyişikliyə əsasən ölkədə LGBT təbliğatının aparılması, cins dəyişikliyi, eyni cinsli insanların nikahı kimi hallara dəstək aksiyalarının keçirilməsi qadağan edilməlidir. Məsələn, Gürcüstan Konstitusiyasının 30-cu maddəsinə belə bir fikrin əlavə edilməsi təklif olunur: «Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi Gürcüstanın Konstitusiyasının ayrılmaz hissəsi olan Konstitusiya qanunu ilə təmin olunur». «Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında» Konstitusiya qanununun layihəsində isə bildirilir ki, nikah yalnız yaşı azı 18 olan bir kişi ilə bir qanının ittifaqı hesab olunur. Yetkinlik yaşına çatmamış uşağın övladlığa götürülməsi və ya qəyyumluq isə yalnız nikahda olan heteroseksual insanlar üçün mümkün olacaq. Bundan başqa, ölkədə cins dəyişikliyi ilə bağlı hər hansı tibbi müdaxilə də qadağan ediləcək.

Qərb isə öz növbəsində, Gürcüstan hökumətinin milli suverenliyin müdafiəsinə yönəlmiş cəhdlərini bəyənmədiyini göstərir.

 

Aydınlaşma ərəfəsində

Avro-Atlantik mərkəzlərin Gürcüstana təzyiqi Cənubi Qafqazda geosiyasi qarşıdurmanın tərkib hissəsidir. Məsələn, ABŞ və Aİ-nin Gürcüstanın Avropaya inteqrasiya cəhdindən regiondakı konkret hədəflərinə nail olmaq üçün istifadə cəhdləri bunu təsdiqləyir. Bu, xüsusilə 2023-cü ilin dekabrında Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsindən sonra hiss olunmağa başlayıb. Qərbdə ümid edirlər ki, bu statusu əldə etmiş Tbilisi, ilk növbədə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması planının icrasına əlindən gələn köməkliyi göstərəcək. Lakin bununla yanaşı, Gürcüstanın digər regional dövlətlərlə münasibətlərdə xarici güclərin maraqlarının təminində alətə çevrilməsi təhlükəsi də var. Söhbət, əlbəttə ki, ilk növbədə Gürcüstanın ən yaxın strateji tərəfdaşı və mehriban qonşusu olan Azərbaycandan gedir.

Müstəqil siyasət yürüdən Azərbaycana münasibətdə rıçaq kimi, Qərbin fəal şəkildə öz nüfuz dairəsinə daxil etməyə çalışdığı Ermənistandan istifadə olunur. Gürcüstana isə bu prosesə yardımçı rolu verilir. Bu, özünü, məsələn, Ermənistana Qərb silah-sursatı və hərbi texnikasının daşınmasında Gürcüstan ərazisindən istifadə olunması ilə göstərir.

Lakin bütün Avrasiya məkanını bürümüş sərt, amansız geosiyasi təlatümlər fonunda Azərbaycanla Gürcüstan üçün bundan sonra da birgə təhlükəsizlik sisteminin qurulması, çoxtərəfli əməkdaşlıq edilməsi həyati əhəmiyyət daşıyır. Bu, Avrasiya miqyasında inteqrasiya prosesləri üçün də çox əhəmiyyətlidir. Gürcüstanın baş nazirinin Azərbaycana bir müddət əvvəl etdiyi səfər bunu rəsmi Tbilisinin də yaxşı anladığını göstərib.

İstənilən halda, Gürcüstan siyasətinin perspektiv konfiqurasiyası və müvafiq olaraq, Tbilisiyə xarici siyasi təzyiqlərin effektivlik dərəcəsi bu ölkədə 2024-cü ilin payızında keçiriləcək parlament seçkisində aydın olacaq. Bu mənada, daxili siyasi mübarizə, o cümlədən müxalifətin mitinqləri seçkiyə hazırlıq da sayıla bilər. «Gürcü arzusu» ilə radikal qərbpərəst siyasi qüvvələr arasında mübarizə davam edir. Rusiya ilə Qərbin Cənubi Qafqazda nüfuz mübarizəsi kimi.



MƏSLƏHƏT GÖR:

85