19 Dekabr 2024

Cümə axşamı, 11:00

«QƏRB ARZUSU»

Xarici hərbi yardım Ermənistana nə qədər üstünlük qazandırır?

Müəllif:

01.08.2024

İyulun 15-24-də Ermənistanda ABŞ ilə birgə «Eagle Partner 2024» adlı hərbi təlim keçirilib. Təlimə təntənəli mərasimlə start verilib. Mərasimdə Ermənistanın müdafiə naziri Suren Papikyan və Birləşmiş Ştatların İrəvandakı səfiri Kristina Kuinn də iştirak ediblər. Papikyan çıxışında «ABŞ Quru Qoşunları hərbçilərinin, Kanzas milli qvardiyasının Avropa və Afrikadakı işini» yüksək qiymətləndirib, onların iyirmi ildən artıqdır ki, Ermənistanın tərəfdaşı olduğunu deyib. Nazir «təlimin effektiv planlaşdırılması prosesində iştirak etmiş» Ermənistan Silahlı Qüvvələri sülhməramlı briqadasının hərbçilərinin, ABŞ səfirliyi əməkdaşlarının və Ermənistan Müdafiə Nazirliyi işçilərinin fəaliyyətini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq «sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölüklərin birgə fəaliyyət səviyyəsinin yüksəldilməsinə yönəlib».

Bundan bir neçə gün sonra ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları üzrə müavini Uzra Zeya erməni jurnalistlərin Amerika ordusu nümayəndələrinin Ermənistan Müdafiə Nazirliyində işləyəcəklərinə dair məlumatların nə qədər doğru olduğu haqda sualına belə cavab verib: «Bəli, mən bu məlumatı təsdiqləyirəm. Bu, çoxdan gözlənilən hadisədir. Detalları səfirimizdən və mətbuat xidmətindən öyrənə bilərsiniz. Biz ABŞ ilə Ermənistan arasında mülki və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, ABŞ-Ermənistan münasibətlərinin strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Bu, tarixi faktdır».

Təlimlərin bitdiyi gün isə məlum olub ki, Ermənistan Avropa Sülh Fondu xətti ilə hərbi yardım da alacaq – İrəvana 10 milyon avroluq çadır veriləcək.

 

«Qeyri-letal avadanlıqlar» yazılır, Ermənistanın yenidən hərbiləşdirilməsi oxunur

Bakı Ermənistana hərbi yardımın ayrılmasına artıq XİN səviyyəsində münasibət bildirib. Doğrudur, ABŞ ilə birgə hərbi təlimdə sülhməramlı əməliyyat taktikaları sınaqdan keçirilib. Lakin «bölüklərin əməkdaşlığı»ndan heç də yalnız sülhməramlı əməliyyatlarda istifadə olunmur. Ermənistan Müdafiə Nazirliyindəki ABŞ nümayəndəsi rəsmi olaraq «mülki şəxs» kimi təqdim olunur. Bəs reallıqda o hansı işləri görəcək? Bəli, çadır da öz-özlüyündə silah deyil. Lakin Bakını hiddətləndirən başqa məqamdır – Avropa İttifaqı Ermənistana Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını, yaxud heç olmasa, ermənilərin Azərbaycana ərazi iddialarından, hərbi revanş planlarından əl çəkməsini gözləmədən hərbi yardım göstərir. Üstəlik, hərbi yardımın bir gerçəkliyi də var: əgər siz tərəfdaşınıza hətta əsgərlərin alt paltarlarının yuyulmasında, yaxud «tam qeyri-letal» digər vasitələrlə kömək edirsinizsə belə, bu o deməkdir ki, siz ona letal istiqamət istifadə edilə biləcək resursları sərbəst buraxmağa imkan yaradırsınız.

Azərbaycan ekspertləri digər məqama da diqqət çəkirlər. Hərbi yardım çox nadir halda real yardım olur. Ukrayna nümunəsi istisnadır. Əksər vaxt belə yardım əslində siyasi dəstək jesti sayılır. Belə jestlərə isə ən gözlənilməz reaksiyalar verilə bilər. Xüsusilə söhbət erməni əsilli amerikalı tarixçi və diplomat Jirayr Libaridyanın məşhur müsahibəsində barəsində danışdığı Ermənistan kimi dövlətdən gedirsə: «Biz belə xoşlayırıq – biz xülyaları sevirik. Ədalətli, ideal qərarın mümkün qərar olduğunu düşünməkdən xoşumuz gəlir. Bizim həyat strategiyamız arzulamaqdır. Amma arzulamaq strategiya deyil <…> İnsanlar istədikləri ilə onlara verilməli olanı qarışdırırlar. Sizə heç kim heç nə verməli deyil. Sizə daşıya biləcəyinizi verirlər».

Belə vəziyyətdə Ermənistanın siyasi mentalitetinin xüsusiyyətləri fərqli şəkil alır. ABŞ, Fransa və Avropa İttifaqı tərəfindən göstərilən istənilən diqqət, istənilən tərif və «hərbi yardım» adlandırıla biləcək istənilən addım İrəvanda revanş, Azərbaycan ərazilərinin təkrar işğalı üçün kart-blanş kimi qiymətləndirilir.

Amma Qərbin hərbi yardımı, hələ ki, Ermənistanda nailiyyətə ümid etməyə imkan vermir və bu, artıq başqa məsələdir. Bu, xüsusilə İrəvanın Rusiyadan aldıqları ilə müqayisədə belədir. Realist olaq: artıq demək olar ki, istifadəyə yararsız «Bastion» zirehli maşınları, «CAESAR» özüyeriyən artilleriya qurğuları, xüsusilə də çadırlar Rusiyadan alınmış milyonlarla dollar dəyərində silah hədiyyəsi deyil. Söhbət 44 günlük müharibə ərəfəsində Ermənistana döyüş sursatları daşıyan nəqliyyat təyyarələrindən, paradda nümayiş etdirilməklə kifayətlənməyərək Şuşaya atılmış «İsgəndər» operativ-taktiki raketindən və s. gedir. Amma Bakı məlum səbəblərdən Ermənistana hərbi yardım faktına, onun Azərbaycanla əməkdaşlıqla balanslaşdırılmadığına diqqət çəkir.

 

Eyforiyadan məyusluğa?

Ermənistan isteblişmentinin bir hissəsi Qərbə heyrandır. Amma tam haqlı olaraq İrəvanın Qərbdən aldığı yardımın onun problemlərini həll etmədiyini düşünənlər də var. Məğlubiyyətlə nəticələnmiş iki hərbi kampaniyadan və 5 milyard dollarlıq silah itkisindən sonra Fransanın köhnə zirehli maşınları və özüyeriyən artilleriya qurğuları Ermənistana Bakı üzərində hər hansı üstünlük qazandıra bilməz. Üstəlik, Azərbaycan da «yerində addımlamır» və Silahlı Qüvvələrini davamlı olaraq müasirləşdirir. Başqa sözlə, belə bir şəraitdə Ermənistan hərbi gücünü 26 sentyabr 2020-ci iləqədərki vəziyyətinə yaxınlaşdıra da bilməz. Amma onun hələ də Qərbin hərbi yardımı artıracağına ümidi var.

Amma burada da çətinliklərə rast gəlinir. İlk növbədə, Ermənistanın ən böyük dostu olan Fransa prezidenti Emmanuel Makronun durumu birmənalı deyil. Onun partiyası Avropa Parlamentinə, həmçinin ölkənin öz parlamentinə keçirilən seçkilərdə məğlub olub. Makron istefaya getməsə də, artıq onun əl-qolu əvvəlkitək açıq deyil. Parisdə deyirlər ki, Ermənistanla münasibətlərə yenidən baxılmayacaq, lakin belə bəyanatların səsləndirilməsi faktının özü bunun baş vermə ehtimalının yüksək olduğunu göstərir.

ABŞ-yə gəlincə, Ağ Evdə «ən ermənipərəst administrasiya»nı qurmuş, 1915-ci il hadisələrini «erməni soyqırımı» adlandıran ilk Amerika Prezidenti olan Co Bayden dövlət başçısı postu uğrunda yarışdan çəkilib. İndi seçkidə Kamala Harris qələbə qazanarsa belə, Vaşinqtonun siyasətində, o cümlədən Ermənistan trekində, yəqin ki, hansısa dəyişikliklər olacaq.

Avropa İttifaqında da rəhbərlik dəyişir. Lakin Ermənistanın hiddətinə rəğmən Bakıya gələrək Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığa dair memorandum imzalamış Ursula fon der Lyayen Avropa Komissiyasının sədri vəzifəsini qoruyub saxlayıb. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel isə vəzifədən gedir. Bütün bu kadr dəyişiklikləri İrəvandakı «qərbpərəstlər»i ciddi şəkildə narahat edir: sonra? Qərb Ermənistana dəstəyi artıracaq, yoxsa əksinə?

Nəhayət, Qərbdə Ermənistan rəhbərliyindən Rusiyadan uzaqlaşma istiqamətində daha real addımlar gözləyirlər. Belə addımlar isə yoxdur.

 

Harada olmağımızdan asılı olmayaraq, Rusiya bizimlədir!

Nikol Paşinyanın ölkəsini Rusiyanın nüfuz dairəsindən çıxararaq Qərbə tərəf yönəldəcəyi haqda hələ 2018-ci ilin payızında, «kabab inqilabı»nın qələbə qazandığı ilk vaxtlarda danışırdılar. Lakin 2018-ci ildən 2022-ci ilədək Paşinyan və komandası Rusiya əleyhinə heç bir real addım atmayıb. Bündan başqa, həmin dövrdə Ermənistanda Rusiyanın daha bir hərbi bazası yaradılıb – Zəngəzurda, erməni istehkamçıları Rusiyanın hərbi missiyasının tərkibində Suriyaya yollanıb, Berd şəhərində Rusiya bazasının tikintisinə dair danışıqlara başlanılıb…

İrəvanda, daha doğrusu, Baqramyan 26 ünvanında Rusiyadan narazılıq Moskvanın Ermənistana vəd etdiyi sursat tədarükünü ləngitməsi ilə başlayıb. 2021-ci ilin ikinci yarısından Moskva Ukrayna ilə müharibəyə hazırlaşmağa başladığı üçün silahlarına «qənaət» etmək qərarı vermişdi. Üstəlik, Ermənistana heç kim, ilk növbədə isə nə Azərbaycan, nə Türkiyə hücum etməyə hazırlaşmırdı ki, bunu Rusiyada da yaxşı bilirdilər.

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Ermənistan «Kremlin forpostu» rolunda özünü yaxşı hiss etmir və bu üzdən, Qərb komandasının oyunçusu olmağa üstünlük verməyə başlayıb. Bu, ən azı indi belədir, çünki Rusiyanın sanksiyalardan yayınmasına fəal yardım göstərən İrəvanın özü də sanksiyalarla üzləşə bilər.

Amma İrəvan hələ də Rusiyaya qarşı radikal addımlar atmağa tələsmir. Məsələn, o, hələ də KTMT-ni tərk etmək niyyətində deyil. İrəvan hazırda sədrlik etdiyi Aİİ-ni tərk etmək haqda da danışmır. Rusiya ilə birgə quru qoşunları, həmçinin hava hücumundan müdafiə qoşunları da buraxılmayıb. Gümrüdəki hərbi baza, onun «Erebuni» aeroportundakı «əlavə lokasiyası» da yerindədir. Rusiyanın sorğusu əsasında bu ölkənin Ermənistana üz tutmuş vətəndaşlarının saxlanılması faizi də hələ yüksək olaraq qalır. Söhbət heç də yalnız fərarilərdən, səfərbərlikdən yayınanlardan getmir. Buraya «Rusiya ordusu haqda yalan məlumat» yaydığı üçün axtarışa verilmiş müəllimə də aiddir.

Ermənistanın iqtisadi cəhətdən Rusiyadan çox asılı olduğunu da unutmaq olmaz. Bu ölkənin dəmir yolları, qaz və enerji şəbəkələri, mobil rabitəsi, aparıcı müəssisələri Rusiyanın dövlət korporasiyaları və oliqarxlarına məxsusdur… Ermənistan neft və qazı, həmçinin emal olunmamış almazı Rusiyadan daxili qiymətlərlə alır ki, bu da onun büdcəyə milyardlarla qənaət etməsinə imkan verir.

Bütün bu amillər Moskva ilə İrəvan arasında yaşananların fərqli qiymətləndirilməsini zəruri edir. Bəli, bu gün Zaxarova və ya Qaluzin səviyyəli Rusiya diplomatları Ermənistanın ünvanına sərt bəyanatlar səsləndirirlər. Amma Kreml hələ də İrəvana ciddi təzyiq mərhələsinə keçməyib. Səbəb isə Ermənistanın açıq şəkildə qərbpərəst şou göstərməsinə rəğmən, «qırmızı xətt»ə yaxınlaşmamasıdır.

Bütün bunların fonunda Nikol Paşinyanın artıq payızda Qərblə «flirt»ə son qoyacağı, yenidən Rusiyanın qucağına qayıdacağı haqda söz-söhbətlər tamamilə gözlənilən idi. Çünki nə Paşinyanın, nə də «Ermənistan» adlı dövlətin gedəcəyi başqa yer var.



MƏSLƏHƏT GÖR:

78