3 Dekabr 2024

Çərşənbə axşamı, 21:38

FIRILDAQÇI BUCAĞINDAN

İrəvanın sülh müqaviləsinin imzalanmasını uzatmaq hiyləsi

Müəllif:

01.10.2024

Azərbaycanın növbədənkənar seçki nəticəsində formalaşmış yeni çağırış parlamentinin payız sessiyası sentyabrın 23-də işinə başlayıb. Milli Məclisin ilk toplantısında Azərbaycan Prezidenti İlham Əliyev proqram çıxışı edib. Dövlət başçısı çıxışında bir çox aktual məsələyə, o cümlədən Ermənistanla çoxdan gözlənilən sülh müqaviləsi ilə bağlı aparılan danışıqların vəziyyətinə toxunub.

Azərbaycan Prezidentinin fikirləri bir çox informasiya agentliyində «Təcili!» başlığı altında verilib. «Bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərh mübadiləsi olub. Aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi», - deyə dövlət başçısı bildirib.

 

Tarixə nəzər

Bakı ilə İrəvan arasında sülh danışıqları Azərbaycanın təşəbbüsü ilə İkinci Qarabağ müharibəsindən sonra başlayıb. 2022-ci ildə sülh müqaviləsinin beş prinsipi müəyyənləşdirilib və açıqlanıb:

- bir-birinin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyinin tanınması;

- dövlətlərin bir-birinə ərazi iddiasının olmadığının qarşılıqlı şəkildə təsdiqi və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin götürülməsi;

- dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə təhdid törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsi;

- dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat yolları və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların qurulması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bunun ardından Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında uzun-uzadı və konfidensial yazışmalar başlayıb.

Nəzəri baxımdan bu, anlaşılan idi. 30 illik müharibədən sonra sülh müqaviləsi bir anda imzalanacaq sənəd deyil. Onun razılaşdırılmasına, ciddi-ciddi cilalanmasına ehtiyac var. Burada isə «üçtərəfli bəyanatın rekord müddətdə hazırlanaraq imzalanması» nümunəsi heç də həmişə işləmir.

Bununla yanaşı, Nikol Paşinyanı «sülh göyərçini» elan etməyə hazır olanların çoxunda rahat həzm olunan izah var idi: guya Ermənistanda ictimai rəy çox «kəskindir» və baş nazirin bir anda «Artsax»ın həmişəlik itirildiyini elan etməsi asan deyil. Bəzən müharibəni uduzmaq onun nəticələrinin təsdiqləndiyi sənədi imzalamaqdan daha asan olur. Əslində, əvvəlcə sanki bu da inandırıcı təsir bağışlayırdı – 44 günlük müharibənin sonunda Ermənistanın kapitulyasiyaya imza atması ilə ölkə parlamentinə edilmiş hücum, o vaxt vitse-spiker olan Ararat Mirzoyanın döyülməsi və s. yaddaşlardadır.

Amma İrəvanın sülh müqaviləsi üzərində işi bilərək uzatdığını, münaqişəyə birdəfəlik nöqtə qoymaq istəmədiyini göstərən əlamətlər də az deyildi. Səbəb isə heç də Qarabağa iddialardan sənəd üzərində imtinanın Paşinyan üçün çətin olması deyildi.

 

Revanş arzusunda olanlar kimlərdir?

Ermənistanda revanşist əhvalın olduğu çoxdan məlumdur. Azərbaycan Prezidenti yeni çağırış parlamentin ilk iclasındakı çıxışında Ermənistan hökumətini açıq şəkildə məhz bunda günahlandırıb. Rəsmi İrəvanın revanşist fikirlərdə olduğunu göstərən əlamətlərdən biri Ermənistanın yenidən hərbiləşdirilməsi istiqamətində aparılan kampaniyadır. Burada, əlbəttə ki, məsuliyyəti onun istər köhnə, istərsə də yeni dostları, silah sponsorları da daşıyır. Amma yekun qərarı, əlbəttə ki, Ermənistan qəbul edir.

Ermənistanın 44 günlük müharibə və 2023-cü ilin payızında həyata keçirilmiş antiterror əməliyyatı zamanı külli miqdarda hərbi texnika, ağır silah və s. itirdiyi haqda çox danışmaq olar. Yəni indi o, təcili olaraq arsenalını doldurmalıdır ki, sabah ordu kimi müdafiə alətindən tam məhrum olmasın. Bəs təcrübədə nə baş verir? Ekspertlər, ilk növbədə isə peşəkar hərbi kəşfiyyatçılar bildirirlər ki, ölkənin müdafiəyə, yoxsa hücuma hazırlaşdığını bir çox əlamətlərə əsasən müəyyənləşdirmək olur. Hər şey bir yana, İrəvan ATƏT-in Minsk qrupunu işlək vəziyyətdə saxlamağa çalışır. Xatırladaq ki, bu qurum «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi»ni həll etmək üçün yaradılmışdı. İndi İrəvan onun «sağ qalmasına» çalışırsa, demək, münaqişənin başa çatdığını düşünmür. Bu, öz-özlüyündə çox şeydən xəbər verir. Belə bir şəraitdə sülh müqaviləsinin imzalanmasını uzatmaq tam fərqli mənzərə yaradır. Bu gün İrəvan heç də yalnız daha əlverişli şərtlərlə sülhə nail olmağa çalışmır (halbuki, iki darmadağından sonra anlaşılmalı idi ki, diplomatik hiyləgərliklərlə məğlubiyyəti nəinki qələbəyə, heç-heçəyə də çevirmək mümkün deyil). Ermənistan sülh müqaviləsinin imzalanmasına bütün vasitələrlə ona görə mane olur ki, Qarabağa iddialardan sənəd üzərində imtina etməsin. O, bu taktikadan hələ 90-cı illərin birinci yarısında uğurla istifadə etmişdi. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi məhz Ermənistanın günahı ucbatından kağız üzərində qalmışdı.

 

İrəvanın yeni hiyləsi

Ermənistan XİN-i 2 aydan artıq düşündükdən sonra öz sülh müqaviləsi variantını Bakıya göndərib. Məlum olub ki, Azərbaycanla konsensusun əldə edilmədiyi maddələr sənəddən çıxarılıb. İrəvan məhz bundan sonra müqavilənin «mümkün qədər tez» imzalanmasında israr edir.

Amma yəqin ki, sülh müqaviləsini «mümkün qədər tez» imzalamaq istəyən ölkə sənədlə bağlı təkliflər üzərində 70 gün düşünmür, məsələni razılaşmanın əldə olunmadığı maddələri mətndən çıxarmaqla həll etmir. Bəli, diplomatiyada belə fəndlər olur – mübahisə yaradan fikirlər sənəddən çıxarılır, orada yalnız tərəflərdən birini qane edən maddələr saxlanılır. Amma buna görüşlərin yekununa dair kommünikelərin, böyük forumların sonunda qəbul olunan bəyannamələrin və s. hazırlanması zamanı gedilir. Söhbət sülh müqaviləsindən gedirsə, mübahisəli məqamlardan yan keçmək yox, razılığa gəlmək zəruridir. Əks təqdirdə, həmin sənəd, sadəcə, xoş arzular toplusuna çevriləcək.

Bununla yanaşı, Konstitusiya məsələsi də var. Ermənistan Konstitusiyasında deyilir: «Erməni xalqı Ermənistan dövlətçiliyinin fundamental prinsiplərini və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərini əsas götürərək, öz azadlıqsevər əcdadlarının suveren dövlətçiliyi bərpa etmək vəsiyyətini yerinə yetirərək, nəsillərin azadlığının, ümumi rifahının, vətəndaş harmoniyasının təmin edilməsi naminə onun möhkəmlənməsinə və inkişafına sadiq qalaraq, onun ümumbəşəri dəyərlərə sadiqliyini təsdiq edərək, Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edir».

Ermənistanın Müstəqillik Bəyannaməsində isə bu fikirlər yer alır: «Ermənistan SSR Ali Soveti Ümumdünya Bəyannaməsinin prinsiplərinə əsaslanaraq bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, Ermənistan xalqının vahid iradəsini ifadə edərək, xalqların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirən insan hüquqları və ümumən tanınmış beynəlxalq hüququn normalarına, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə Qərarına əsaslanaraq xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək...”

Yəni Ermənistanda belə «konstitusion norma»nın mövcud olduğu halda onunla sülh müqaviləsinin imzalanmasının, sadəcə, mənası yoxdur. Ən yaxşı halda o, Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən rədd ediləcək. Məlum Sürix protokolları ilə analogiya aparsaq, Ermənistan Konstitusiya Məhkəməsinin belə bir qərar çıxaracağı istisna deyil: biz sülh müqaviləsini imzaladıq, lakin «ermənilərin Qarabağa qaytarılması», «onların öz müqəddəratlarını təyin etməsinin təmini» kimi tələbləri irəli sürmək hüququmuzu özümüzdə saxlayırıq.

İrəvan onu da bəyan edə bilər ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaqla, az qala onun mifik «Qarabağ haqqı»nı tanıyıb.

Azərbaycanlı ekspertlər (həmçinin bir sıra xarici ekspertlər) bildirirlər ki, Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini pozmaq cəhdləri İrəvan üçün ənənəvi üsuldur. Qarabağla bağlı 30 il davam etmiş münaqişə zamanı dəfələrlə Azərbaycana elə razılaşmanı qəbul etdirməyə çalışıblar ki, Bakının əl-qolu bağlansın, İrəvan üçün isə geniş manevr imkanları olsun. Daha dəqiq desək, hər dəfə Ermənistan üçün Azərbaycana yenidən ərazi iddiaları irəli sürməsi üçün «nəfəslik» saxlamağa çalışılıb. Üstəlik, İrəvan buna ötən illərdə, hələ «kabab inqilabı»ndan əvvəl dəfələrlə cəhd edib. İrəvan Bakının bu «çiy» sənədi imzalamağa məcbur edilməsi işinə köhnə və yeni dostlarını da qoşmağa çalışıb. Amma bu, işə yaramayıb. Bakı bu cür sənədə imza atmaqdan imtina edir. Birincisi, Azərbaycan tərəfi Paşinyanın qurduğu bu oyunu yaxşı anlayır (onu anlamaq elə də çətin deyil). İkincisi, söhbət o qədər vacib və prinsipial məsələlərdən gedir ki, Bakı onları «mötərizə içərisinə sala», yaxud sonraya saxlaya bilməz. Azərbaycana kağız üzərində gözəl sözlər yox, əsl işlək sülh müqaviləsi lazımdır. Ən əsası isə Azərbaycan xarici oyunçuların alqışını almaq üçün köklü maraqlarından imtina etməyəcək. İrəvan bunu nəzərə almayıbsa, bu, onun problemidir.



MƏSLƏHƏT GÖR:

58