11 Dekabr 2024

Çərşənbə, 23:23

VAXT BİTMƏK ÜZRƏDİR…

Azərbaycanın «ADEX 24» beynəlxalq müdafiə sərgisi Ermənistan ictimaiyyətində əməlli-başlı həyəcan yaradıb

Müəllif:

15.10.2024

Məlumdur ki, çətin siyasi proseslərə, demək olar ki, hər şey öz təsirini göstərə bilir. Məsələn, 1969-cu ildə Salvadorla Honduras arasında qısamüddətli, lakin şiddətli müharibəyə bir futbol matçı səbəb olmuşdu. Doğrudur, həmin vaxt onlar arasında münasibətlər, onsuz da, son dərəcə gərgin idi, amma savaşa yol açan «son damla» məhz futbol qarşılaşması olmuşdu. Nikaraquada baş vermiş zəlzələ, daha dəqiq desək, onun qurbanlarına ayrılmış yardımların oğurlanması Somosa klanının diktatura idarəçiliyinə son qoymuş, «Katrina» qasırğası və ABŞ federal hökumətinin ona anlaşılmaz reaksiyası oğul Corc Buşun təkrarən prezident seçilməsini əngəlləmişdi. Eyni zamanda Yunanıstanda baş vermiş zəlzələ zamanı Türkiyənin ona humanitar yardım göstərməsi Afina-Ankara münasibətlərindəki gərginliyin aradan qalxmasına, iki ölkənin yaxınlaşmasına o qədər ciddi təsir göstərib ki, dünyada «seysmik diplomatiya» haqda danışmağa başlanılıb.

Cənubi Qafqazda Bakı-İrəvan münasibətlərinin normallaşdırılması prosesində belə dönüş nöqtəsi Azərbaycan paytaxtında sentyabrın sonunda keçirilmiş «ADEX 24» yubiley silah sərgisi ola bilər.

 

«Silah emalatxanası»

Bəlkə də bu sərgi haqda söhbətə az qala 20 il əvvəl baş vermiş hadisədən başlamaq lazımdır. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. O zaman bu qərarı bir çoxu təəccüblə qarşılamışdı. Hərbi sənaye kompleksi yüksək texnologiyalı istehsalatı nəzərdə tutur və Azərbaycanın 2000-ci illərin əvvəllərində öz hərbi sənayesini inkişaf etdirmək gücündə olduğuna çoxları inanmırdı. O zaman ölkənin müdafiə sənayesinin olmadığını və ola bilməyəcəyini söyləməyə tələsən «ekspert»lər də var idi.

Həmin fikirlərin müəlliflərini bu gün – Azərbaycanın böyük çeşiddə yerli silah-sursat istehsal etdiyi bir vaxtda eşitmək maraqlı olardı. Maraqlıdır ki, «ADEX 24» sərgisində həm Müdafiə Sənayesi Nazirliyinin müəssisələri, həm də özəl firma və təşkilatlar iştirak edirdi. Üstəlik, onlar sərgi iştirakçılarına ən müxtəlif çeşiddə eksponatlar təqdim edirdilər: sursatlar, atıcı silahlar, lazer qurğuları, Sovet İttifaqı nümunəli zirehli texnikanın müasirləşdirilmiş versiyaları və s.

Mütəxəssislər şərhlərində Prezident İlham Əliyevin sözlərini də yada salırlar. Dövlət başçısı Azərbaycanın yeni çağırış Milli Məclisinin toplantısındakı çıxışında deyib: «...Biz yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılıb və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır, həm çeşidlərin sayına, həm də ki istehsal olunacaq məhsulların keyfiyyətinə görə». İlham Əliyev bildirib ki, «yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir». Bakının planları arasında bu sahədə xarici tədarükçülərdən asılılığın minimuma endirilməsi də var.

Bununla yanaşı, dövlət başçısı deyib ki, «bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatlarını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıb. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu, bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir - biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var».

«ADEX» sərgisi isə Azərbaycan hərbi sənaye kompleksinin real uğurlarını görmək imkanı yaradır. Bu, xüsusilə indi, Ukrayna müharibəsinin istər Rusiya, istərsə də Qərb dövlətlərinin əsas istehsal gücünü özünə cəlb etdiyi, silahlara, xüsusilə sursatlara ehtiyacın artdığı bir vaxtda xüsusilə vacibdir.

 

Silahlar hələ atəş açmasa da, artıq qorxudur

«ADEX» sərgisinin Ermənistanda detallarına qədər təhlil olunacağı, əlbəttə ki, gözlənilən idi. Ötən illərdə İrəvan Azərbaycanın öz hərbi sənaye kompleksini inkişaf etdirə bilmədiyini iddia edirdisə, bu gün orada əməlli-başlı təşviş yaşanır. Doğrudur, ermənilər bunu büruzə verməməyə çalışırlar, amma görünən odur ki, bu, onlarda alınmır. Rəsmi şəxslər mümkün qədər susmağa üstünlük verirlərsə, erməni «Telegram» kanallarında həyəcanı hiss etməmək mümkün deyil. Qərbpərəst düşərgəni təmsil edənlər birağızdan bəyan edirlər ki, «KTMT-də Ermənistanın müttəfiqi olan Qazaxıstan hərbi sahədə düşmən Azərbaycanla əməkdaşlıq edəcək».

Azərbaycan hərbçiləri Mərkəzi Asiya ölkələrindən olan həmkarları ilə dəfələrlə birgə təlimlərdə iştirak ediblər. Yeni müstəqillik qazanmış dövlətlər təhlükəsizlik məsələsində son illərədək yalnız Rusiyaya arxalanıblar. Lakin Ukrayna müharibəsi onları oriyentirləri dəyişməyə vadar edir. Ən yaxşı halda, bu gün Rusiya «keçmiş SSRİ-nin müsəlman bölümü»nə diqqət göstərəcək halda deyil. Amma təhlükəsizlik məsələsi uzun müddət təxirə salınacaq iş deyil. Azərbaycan isə postsovet məkanının, həqiqətən, döyüş qabiliyyətli ordu yaratmağa, hətta onun gücünü real müharibədə – Qarabağın azadlığı uğrunda savaşda nümayiş etdirməyə macal tapmış azsaylı ölkələrdəndir.

Ermənistanın Rusiyapərəst «Telegram» kanalları isə diqqəti başqa məqama çəkir. Onların bu kontekstdə əsas müzakirə mövzusu sərgidə nümayiş etdirilmiş «Guardian 30» artilleriya qurğusudur. Qeyd edək ki, bu qurğu Azərbaycanla İspaniyanın birgə istehsalıdır. Həmin kanallar sözün əsl mənasında həyəcan təbili çalmaqdadır: «Avropa İttifaqı ölkələri Azərbaycanla hərbi əməkdaşlığı genişləndirir». Erməni ekspertlər təşviş içərisində xatırladırlar ki, «Azərbaycan bundan əvvəl də Aİ-nin İtaliya, Bolqarıstan, Macarıstan və digər ölkələri ilə çoxsaylı silah-sursat tədarükü müqavilələri imzalayıb». Bununla yanaşı, «avropalı bürokratların sözlərinə görə, öldürücü silahlar Ermənistana satılmayacaq. Yeganə istisna Fransadır. Fransa mətbuatının məlumatına görə, Paris istifadədən çıxarılan texnikasını İrəvana tədarük etmək haqda qərar qəbul edib».

Bu mənada, Aİ ölkələri ilə Bakı arasında birgə silah istehsalına dair bir sıra razılaşmaların olduğunu da yada salmaq yerinə düşər. Üstəlik, bu kontekstdə Aİ-nin hərbi məhsul ixracına qoyduğu məhdudiyyətlər o qədər də sərt deyil.

Amma İrəvan strateqləri üçün ən xoşagəlməzi bu deyil. Birincisi, onların Aİ-ni «Azərbaycana qarşı qoymaq» ideyası iflasa uğrayır. Məlum olub ki, Aİ-də Parisin yolu ilə getmək fikrində olanlar yumşaq desək, çox deyil. İkincisi, sərgi Azərbaycanın Ermənistan ordusunun artıq iki dəfə hiss etdiyi real hərbi gücünü bir daha ortaya qoyur.

Bu xəbərlər irəvanlı strateqləri artıq revanş planını da yenidən nəzərdən keçirməyə vadar edir. İkinci Qarabağ müharibəsinin Azərbaycanın gücünü tam tükəndirdiyinə olan ümidlər özünü doğrultmayıb. Onun hərbi büdcəsi bu gün Ermənistanınkından iki dəfə çoxdur. Bakı xaricdən fəal şəkildə hərbi texnika alır, «ADEX» sərgisinin iştirakçılarının sayı isə Azərbaycanın tədarükçü çatışmazlığından əziyyət çəkmədiyini göstərir. Dayanıqlı iqtisadiyyat və silaha görə nağd ödəniş etmək imkanı vacib «kozır»lardır. Ən əsası isə silah istehsalı sahəsində kooperasiya müttəfiq olan ölkələrlə inkişaf etdirilir. Demək, Azərbaycanla İspaniyanın birgə istehsal etdiyi artilleriya qurğusu artıq Ermənistan isteblişmentinin Qərbə olan ümidlərini «məhv edib».

 

Revanş olmayacaq, məsuliyyət isə qaçılmazdır

Azərbaycan Ermənistana diplomatik təzyiqləri artırır. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Bakıda «İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi» mövzusunda beynəlxalq konfrans keçiriblər. Konfrans iştirakçıları Qarabağa, işğaldan azad olunmuş torpaqlara səfər edib, orada qonaqlara dinc azərbaycanlıların kütləvi dəfn olunduqları və bu yaxınlarda aşkarlanmış qəbiristanlıq nümayiş etdirilib. Qeyd edək ki, münaqişə nəticəsində itkin düşmüş hesab olunan təxminən 4 min Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil. Onların sağ tapılması şansı yoxdur. Lakin ailələr, heç olmasa, doğmalarını layiqincə dəfn etmək hüququna malikdirlər.

Bununla yanaşı, ermənilərin əsir düşmüş insanlarla son dərəcə amansız davrandıqlarını – işgəncələrdən tutmuş, qətllərədək – göstərən çox sayda sübut var.

Bu gün Ermənistanı qıcıqlandıran daha bir məqam budur. Bakı artıq İrəvanın yol verdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıması məsələsini qaldırmaqdadır. O, bunu ölkənin baş prokuroru səviyyəsində bəyan edir. Ermənistanda isə yaxşı bilirlər ki, Bakı nəyisə vəd edirsə, həyata da keçirir.

Bu, üzərindən 100 ildən də artıq vaxtın keçdiyi Şərqi Anadolu hadisələri deyil. Birinci Qarabağ müharibəsi cəmi 30 il əvvəl, İkinci Qarabağ müharibəsi isə 4 il öncə baş verib. Başqa sözlə, insanlıq əleyhinə və hərbi cinayətlərdə ittiham olunanların əksəriyyəti sağ-salamatdır və demək, məhkəmə qarşısına çıxarıla bilərlər.

Belə qəbul olunur ki, Birinci Qarabağ müharibəsi zamanı yol verilmiş hərbi cinayətlərin məsuliyyətini əsasən «Qarabağ klanı» daşıyır. Lakin bununla yanaşı, İrəvanda anlayırlar ki, həmin vaxt hakimiyyətdə Erməni Ümumxalq Hərəkatı olub, prezident kürsüsünü isə Levon Ter-Petrosyan tutub. Nikol Paşinyan da bu düşərgənin nümayəndəsidir. Odur ki, Ermənistanın hazırkı hakimiyyəti həmin hadisələrə görə birbaşa məsuliyyət daşıyır. Üstəlik, söhbət yalnız işğalın məsuliyyətindən yox, həm də Azərbaycanın Gəncə, Tərtər, Bərdə, Qəbələ kimi yaşayış məntəqələrinin məqsədli şəkildə atəşə tutulmasının məsuliyyətindən gedir… Azərbaycana məxsus mülki təyyarənin vurulması, Mirgəçevir Su Elektrik Stansiyası bəndinin dağıdılması cəhdləri də öz yerində.

Odur ki, İrəvanın əsəb keçirməsi əbəs deyil.



MƏSLƏHƏT GÖR:

52